Almaniyadan Ermənistana sərt zərbə: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və separatçıları tanımırıq”

 

A.Merkelin səfərindən sonra rəsmi Berlin Azərbaycanın maraqlarına daha böyük ehtiramla yanaşır

 

Uğurla həyata keçrilən xarici siyasət fonunda bu gün Azərbaycanla əməkdaşlığını dərinləşdirən, onunla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə can atan ölkələrin sayında dinamik artım müşahidə olunur. Qeyd olunan xüsusda Azərbaycanla əlaqələrini genişləndirən Avropa dövlətlərinin sayının çoxalması da ölkəmizin milli maraqları ilə tam uzlaşır. Çünki bu gün Avropa dünyanın əsas iqtisadi, siyasi güc mərkəzlərindən biridir.

Avropada həlledici söz sahibləri olan dövlətlər, o cümlədən Almaniya ilə genişlənən münasibətlər öz növbəsində Azərbaycanın avroatlantika məkanına inteqrasiya istiqamətində siyasətinin istənilən nəticəni verməsinin real göstəricisidir. Bu məqam bir müddət əvvəl Almaniyanın Federal Kansleri xanım Angela Merkelin ölkəmizə səfəri fonunda da özünü qabarıq büruzə verdi.

Xatırladaq ki, həmin səfər zamanı Merkelin Prezident İlham Əliyevlə apardığı müzakirələr, adamları ilə görüş, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin daha da möhkəmləndirilməsinə yeni töhfə verdi.

Azərbaycan ilə Almaniya arasında kifayət qədər yaxşı əlaqələrin mövcudluğu bir daha təsdiqini tapdı. Azərbaycan üçün burada önəmli məqamlardan biri həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın sərgilədiyi mövqedir.

Qeyd edək ki, Dağlıq Qarabağ məsələsində Almaniya kifayət qədər ədalətli mövqe sərgiləyir. Belə ki, Almaniya parlament səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən Qərb ölkələrindən biridir.

Xatırladaq ki, bu məsələ Merkelin ölkəmizə səfəri zamanı da xüsusi diqqət mərkəzində olub. Xanım Merkel ölkəmizdə olarkən Dağlıq Qarabağ məsələsi ilə bağlı bildirib: "Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Məndə səfərimlə məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”.

Merkelin bu sözləri Dağlıq Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidləri bir qədər də artırır. Bütün bunlar fonunda isə Almaniyadan Qarabağ məsələsində Ermənistana növbəti zərbə vurulub. Belə ki, Almaniya Bundestaqının sağçı radikal AFD fraksiyasının AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri” mövzusunda göndərdiyi sorğu və aldığı cavab diqqətçəkiciliyi ilə seçilib.

Almaniya mediası sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi sualların yer aldığını yazıb. Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində xüsusi qeyd olunub: "AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir”. Cavabda konkret olaraq bildirilib ki, "AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionuyeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımır”.

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Bütün bunlar bir daha təsdiq edir ki, Almanyia Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı işğalçı ölkə olaraq qəbul edir. Təbii ki, bu da Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qəbul olunur.

İndilikdə isə Azərbaycan Almaniya və digər ölkələrin yardımı ilə münaqişənin sülh yolu ilə həllinə və Ermənistanda mövcud hakimiyyətin bu xüsusda konstruktiv mövqe sərgiləyəcəyinə ümid edir. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı Prezident İlham Əliyev bildirib: "Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gündeyilheç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.

O da birmənalı həqiqətdir ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirməsə, onda Azərbaycan güc yolu ilə ərazilərini işğaldan tam azad edəcək. Bu xüsusda beynəlxalq ictimaiyyət də ölkəmizin mövqeyini tam şəkildə dəstəkləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 11 oktyabr.- S.1-2.