“Məmməd Araz poeziya
günü”nə yekun vurulub
III "Məmməd Araz poeziya
günü” çərçivəsində şairin anadan
olmasının 85 illiyinə və respublika üzrə
şeir müsabiqəsi qaliblərinin
mükafatlandırılmasına həsr edilən mərasim
keçirilib. Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və
Xəzər Universitetinin birgə təşkilatçılığı
ilə reallaşan yekun tədbirdə respublikanın görkəmli
mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd
Araz şeirinin pərəstişkarları, şairin ailə
üzvləri, yaxınları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir
ənənəvi olaraq unudulmaz sənətkarın ifasında
lentə alınmış şeirin səsləndirilməsi ilə
başlanıb. "Məmməd Araz poeziya günü” layihəsinin
rəhbəri Qardaşxan Əzizxanlı il boyu şairə həsr
olunmuş silsilə tədbirlər barədə məlumat
verib. Bildirib ki, layihə çərçivəsində aprel
ayında Qazax rayonundan başlanan ədəbi
görüşlər İsmayıllıda, Neftçalada,
Bakının Xətai rayonundakı "Zəkalar” liseyində
davam etdirilib. Tədbirin əsas məqsədi ustad şairin
xatirəsinə həsr olunmuş şeir müsabiqəsi
qaliblərinin adlarının açıqlanmasıdır.
Qardaşxan Əzizxanlı
vurğulayıb ki, şeir müsabiqəsində məktəblilərdən
təqaüdçülərədək bir neçə nəslin
nümayəndələri iştirak ediblər. Ən
kiçik yaşlı iştirakçılar Mingəçevirdən
20 nömrəli məktəbin III sinif şagirdləri Məhəmməd
Məlikzadə və Ayşən Əhmədova olub.
Müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən
çox şeir göndərib.
Sonra filologiya elmləri
doktorları Cavanşir Yusifli, Rüstəm Kamal, filologiya
üzrə fəlsəfə doktoru Azər Turan, Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmidən
ibarət münsiflər heyətini təmsil edən,
respublikanın ən gənc elmlər doktoru Elnarə Akimova
şeir müsabiqəsi qaliblərinin adlarını
açıqlayıb.
Şairlər Xalid Mahmud I, Mina Rəşid
II, İbrahimxəlil III yerə layiq görülüblər.
Şairlərdən Ağasəfaya, Mayis Səlimə və
"Məmməd Araza yazılmış ən yaxşı
şeir” nominasiyasının qalibi Əlizadə Nuriyə, həmçinin
ustad şairin şeirlərinin ifası üzrə seçim
turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri
Aytən Əsgərova, Aytac Həsənova və Pinar Məmmədzadəyə,
"Zəkalar” liseyinin şagirdləri Nəzrin Ağazadə,
Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər
Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm
Haşımlıya Bilik Fondunun və Azərbaycan
Yazıçılar Birliyinin təsis etdiyi diplomlar, təşəkkürnamələr,
habelə hədiyyələr təqdim olunub.
Mükafatları Xəzər
Universitetinin təsisçisi, Qəyyumlar və Direktorlar
Şurasının sədri Hamlet İsaxanlı, Milli Məclisin
deputatı, yazıçı Aqil Abbas, şairin qızı,
"Ədalət” qəzetinin baş redaktoru İradə
Tuncay, şair Dilsuz, Bilik Fondunun təmsilçisi Hacı
Abdulla Nərimanoğlu təqdim ediblər.
Daha sonra 2017-ci ilin Məmməd
Araz adına "Qartal” mükafatının laureatı, Nizami
rayonu 12 nömrəli tam orta məktəbin V sinif şagirdi
İbrahim Əhmədov şeir söyləyib. Onun məharətli
ifası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin qədim musiqi alətləri ansamblının solisti, əməkdar
artist Nuriyyə Hüseynovanın, Xəzər Universitetinin
musiqi və incəsənət kafedrasının müdiri, əməkdar
müəllim Zülfiyyə Sadıqovanın,
tanınmış aşıq-müğənni Solmaz
Kosayevanın, müğənnilərdən İlham Əsgəroğlu
və Məhsəti Cabbarovanın
çıxışları alqışlarla
qarşılanıb. Moskva "Dərviş” Teatrının
aktyoru Şirzad Pirallahının ifasında Məmməd
Arazın "Ayağa dur, Azərbaycan” şeirini bütün
salon ayaq üstə alqışlayıb. III "Məmməd
Araz Poeziya günü” professor Hamlet İsaxanlının
çıxışı ilə başa çatıb.
Azərbaycan.- 2018.- 11 oktyabr.- S.5.