Cavidlər
ocağının son yadigarı
Turan Cavid - 95
Böyük Azərbaycan şairi
Hüseyn Cavidin qızı Turan Cavidi ilk dəfə 1985-ci ilin
may ayında Nizami adına Ədəbiyyat və İncəsənət
Muzeyində görmüşəm. Hüseyn Cavidi
özünün müəllimi hesab edən Əhməd
Cavadın ustadı ilə bağlı xatirələrini,
görüşlərini Turan xanımla bölüşmək
istəyirdim. Ədəbi ictimaiyyətə yaxşı məlumdur
ki, hər iki klassik şair çox yaxın dost olublar.
Söhbətimiz çox səmimi və maraqlı
alındı. O günü indi də böyük
şükranlıqla xatırlayıram. Turan xanımın
babası (ailədə Hüseyn Cavidə baba deyə
müraciət edirdilər - red.) və babasının dostu
Əhməd Cavadla bağlı səmimi, bir az da ürəkdağlayıcı
xatirələrdən və zəmanənin
haqsızlığından, məhv edilən ədiblərdən
söhbət açdıqca, hərdən qara haşiyəli
eynəyinin arxasından baxışları haradasa bir nöqtəyə
zillənirdi. Elə bil ki, uşaqlığını,
doğmalarını göz önündən keçirirdi.
Hüseyn Cavid irsinin qorunub
saxlanılmasında qızı Turan Cavidin böyük əməyi
olub. Təkcə Hüseyn Cavidin yox, anası Müşkinaz
xanımın, qardaşı Ərtoğrulun
ağlı-qaralı ömür yolunun bugünkü nəsillərə
bələdçiliyində Turan xanım bir neçə
alimin, ədəbiyyatşünasın görəcəyi
işi təkbaşına yerinə yetirib.
Vaxtilə Turan xanımın
ikiotaqlı evində bir dənə də olsun xal-xalça
olmayıb. Evində uzun illər qoruyub saxladığı
fotoşəkillər, ayrı-ayrı adamlardan əldə
etdiyi əlyazmalar, o dövrün itib-batmaqda olan qəzet və
məcmuələrindən götürülmüş
şeirləri, məqalələri toplayıb səliqə ilə
qoruyub saxlaması həm də ondan xəbər verirdi ki, Turan
xanım mənəviyyat adamıdır.
Turan xanımın qardaşı
Ərtoğrulun yaradıcılığını kirpiyi ilə
od götürə-götürə toplamış və
qorumuşdur. Onun gərgin zəhməti hesabına
Ərtoğrul Cavidin bu günümüzə gəlib
çatmış yaradıcılıq məhsulları -
şeirləri, rəsmi, tərcüməsi, simfoniyası, bəstəsi,
folklor yaradıcılığı və s. insanı heyrətə
salır. O, sanki atasının heyfini ağrılı taleyin
acığına öz coşqun və məhsuldar
yaradıcılığı ilə almaq istəyib. 24
yaşlı bir gənc... möcüzəli istedad... şair,
rəssam, musiqişünas, bəstəkar, folklorşünas,
etnoqraf, dramaturq, ssenarist.
"Babam Hüseyn Cavid bir Günəş
idi, yüksəldi, parladı, yarasaların gözünü
kor etdi” - deyən Ərtoğrul da bir Günəş kimi
parlamaq gücünə sahib olub, ancaq zamanın qara pəncəsi,
amansız işgəncələri onu da atası kimi yarı
yolda qoydu, bütün arzularını alt-üst etdi. Xalq
şairi Zəlimxan Yaqub müsahibələrinin birində
demişdi: "Ərtoğrul bəyin bütün
yaradıcılıq məhsullarını bir kənara qoysaq,
təkcə folklor araşdırıcısı kimi də ədəbiyyat
tarixində qalmağa tam haqqı və hüququ olar”.
Bir ailənin faciəsini uzun illər
təkbaşına yaşayan bu xanımın gəlimli-gedimli
dünyadan umacağı bir şey var idisə, o da Cavidlər
üçün nə isə etmək istəyi olub. Deyirlər,
insanın taleyi dünyanın, dünyanın taleyi
insanların taleyinə bənzəyir. Bu mənada çox
susub az danışan, qayğılı
görünüşlü, gözlərinin dərinliklərində
əzizlərinin həsrətini, yanğısını
daşıyan Turan xanım dövrün, zəmanənin həyatını
yaşayıb. İkiotaqlı mənzilində sürgün
olunanla sürgünə gedib, göz dustağı olanlarla həbsxana
həyatını yaşayıb, xəstə və köməksiz
qardaşının olum, ya ölüm
qayğılarının xiffətini çəkib.
Yaşadığı o faciəli repressiya illərinin əzabına
dözüb, əziyyətinə tab gətirib, amma
sınmayıb, zəmanənin gədaları
qarşısında əyilməyib, o dövrana baş əyməyib.
Ləyaqətini, mənliyini qoruyub, sabaha ümidini,
inamını itirməyib.
Deyirlər ki, insan zamana
qarışaraq dəyişir, dəyişməyən
yalnız təsəlli, inam, ümid və səbirdir.
Makedoniyalı İsgəndər atasından sonra taxta
oturmuş və atasından qalma var-dövlətin çoxunu ətrafına
paylamışdı. Bunu görənlər ondan heyrətlə
soruşmuşlar: "Özünüzə nə qaldı?” O
da cavab vermişdi ki, "Ümidlərim!”
Turan Cavidin böyüklüyü
həm də ondadır ki, gələcəyə ümidini
heç vaxt itirməyib. Bu ümidlə haqqın-ədalətin
zəfər çalacağı, qaranlıq gecənin
sabahını, İlahi bir qüvvənin nə vaxtsa Cavidlər
ocağının qapısını xoş məramla
açacağı günün ümidi ilə yaşayıb.
Nə xoş ki, Turan xanımın
arzuları, ümidləri 1969-cu ildə xalqımızın
böyük oğlu Heydər Əliyev respublikaya rəhbər
seçiləndən sonra reallığa çevrildi. Şeirə,
sənətə, sənətkar şəxsiyyətinə dəyər
verən, Cavid sənətinə böyük maraq göstərən
Heydər Əliyev ötən əsrin 70-ci illərində
çıxışlarının birində Hüseyn Cavidin
adını Azərbaycan ədəbiyyatı xəzinəsini
zənginləşdirənlər sırasında çəkdi.
Repressiya qurbanı böyük
filosof-şair, dramaturq Hüseyn Cavidin əsərləri uzun
illər qadağan edilmişdi. Ancaq Heydər Əliyevin
respublikaya rəhbərliyi illərində tarix hər şeyi
öz yerinə qoydu. Ulu öndərin qayğısı sayəsində
Turan xanımın arzuladığı - babasının halal
haqqı özünə qaytarıldı. 1981-ci ildə
Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar
qəbul edildi. Mədəniyyət və elm ocaqlarında bir
sıra tədbirlər keçirildi. Hüseyn Cavidin nəşi
Sibirdən öz vətəninə gətirildi.
Cavid Sibirə sürgün olunanda
heç kəs onu yola salmamışdı. Nəşi Sibirdən
Vətənə gətiriləndə isə Azərbaycan onun
pişvazına, onu qarşılamağa
çıxmışdı. Çünki bu
qayıdışda Azərbaycanın Heydər Əliyev kimi
dövlət xadiminin, dünya şöhrətli siyasətçinin
Hüseyn Cavidə tükənməz məhəbbəti, xalq
sevgisi var idi. Cavid əfəndi Naxçıvanda dəfn
olunandan sonra dastanlaşdı, heykəlləşdi, türbələşdi.
Heykəlinin ətrafı şeir-sənət meydanına,
türbəsi əbədi ziyarətgaha döndü.
Zamanın buzu sındı, haqqında qiymətli əsərlər
yazıldı.
1982-ci ildə Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olandan sonra
bu işlər zəiflədi. 1990-cı ilin əvvəllərində
sovet hakimiyyətinin çöküşündən sonra
Naxçıvana qayıdan ümummilli lider ilk növbədə
Cavidin məzarı üstə getmiş və gördüklərindən
heyrətə gəlmişdi. Bundan təsirlənən Heydər
Əliyev keçirdiyi müşavirədə demişdir:
"Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç
olmasa, sənətkarın qəbrinin üstü
götürülüb. Ancaq gedib oradakı vəziyyəti
gördüm, təəssüfləndim, çox narahat oldum”.
Müşavirədə Heydər
Əliyev Cavid məqbərəsinin, ev-muzeyinin və abidəsinin
açılışını bir nömrəli vəzifə
kimi əlaqədar təşkilatların üzərinə
qoydu. Yalnız bundan sonra qısa bir müddət ərzində
Heydər Əliyevin şəxsi nəzarəti və
qayğısı ilə nəhəng işlər
görülmüş və özünün müəyyənləşdirdiyi
kimi, böyük şairin anadan olmasının
ildönümündə - 1996-cı ilin oktyabrında
Naxçıvanda gözəlliyi və əzəməti ilə
seçilən Hüseyn Cavid məqbərəsinin
açılışı olmuşdur. Məqbərənin təntənəli
açılış mərasimində ulu öndər
demişdir: "Hüseyn Cavidin bütün
yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan
xalqının mədəniyyətini yüksəklərə
qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən
ibarət olubdur. Onun bütün yaradıcılığı
Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə
çağırıbdır. O, həmişə öz iradəsi
ilə yaşamış, öz iradəsinə, millətinə
sadiq olmuşdur, millətini, xalqını həddindən
artıq sevmiş və millətinə həddindən
artıq xidmət edən bir insan olmuşdur”.
Bu abidələrdən biri də
dahi filosof-şairin anadan olmasının 120 illik yubileyi ərəfəsində
açılışında ümummilli lider Heydər
Əliyevin iştirak etdiyi Hüseyn Cavidin ev-muzeyidir ki, indi
ictimaiyyətin ən çox ziyarət etdiyi ünvanlardan
birinə çevrilib.
İllərlə xəyallarında
düzüb-qoşduğu, ürəyində
arzuladığı bu əlamətdar hadisələrin,
xoş anların şahidi və iştirakçısı
olan Cavidlər ocağının son yadigarı Turan Cavid Rəsizadə
95 il bundan əvvəl - 1923-cü ildə Bakı şəhərində
anadan olmuşdur. 1940-cı ildə 189 saylı məktəbi,
1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə
diplomu ilə bitirmişdir. Müharibə illərində -
1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri
Komitəsində arxiv işçisi, 1943-1944-cü illərdə
həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə
Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi
işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət
Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində
baş laborant, 1950-1953-cü illərdə müəllim
(1983-cü ilə kimi), 1953-1967-ci illərdə C.Cabbarlı
adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi
işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində
çalışmışdır. Hüseyn Cavidin ev-muzeyi
yarandığı gündən ömrünün sonuna kimi həmin
muzeyə rəhbərlik etmişdir. Muzeyin
yaradılmasında, eksponatların toplanıb sərgiyə
hazırlanmasında, onların tədqiqi və təbliğ
edilməsində çox böyük xidmətləri
olmuşdur. Turan Cavidin əməyi sayəsində bu gün
muzeyin əsas fondunda 5000, elmi köməkçi fondlarında
300-dən artıq eksponat toplanmışdır. Turan xanım bu
muzeyin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə
aid yeni audio və videoyazılarla zənginləşdirmişdir.
Turan xanım Hüseyn Cavidin 120
illik yubileyi ərəfəsində böyük şairin əsərlərini
öz qələmindən çıxan kimi, onun üslubunda
latın qrafikası ilə nəşr edilməsində
böyük zəhmət çəkmişdi.
Keşməkeşli ömür
yolu yaşamış Turan Cavidin əməyi, zəhməti
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib:
"Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görülüb, "Əmək rəşadətinə
görə” medalı, Azərbaycan Milli Elmlər
Akademiyasının "Fəxri fərmanı” ilə dəfələrlə
təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü olmuşdur.
Cavidlər ocağının son
yadigarı Turan Cavid 2004-cü il sentyabrın 12-də
ömrünün 81-ci ilində əbədiyyətə
qovuşdu. Bu fədakar insan cismən bu dünyadan ayrılsa
da, mənən bütün cavidsevərlərin qəlbində
yaşayır.
Rəhman
SALMANLI
Azərbaycan. - 2018.- 11 oktyabr.- S.6.