Qızlarımızın günü

 

Bu gün onların günüdür...

Dünyanın dörd bir yanında əksərən eyni taleyi yaşayırlar...

Doğulmadan ölümə məhkum edilən, gəlinciyinin saçlarını sığallayan bapbalaca əllərinə xına yaxılaraq ər evinə göndərilən, döyülən, zorakılığa məruz qalan, məktəb çantası əvəzinə çiynində cəmiyyətin ağır yükünü daşıyan qızların günü...

- Yeddi ildir ailəliyəm, amma övladım olmur. Özümü elə yarım hiss edirəm ki… Yuxularımda bir körpənin beşiyini yelləyirəm, amma nəfəsim yetmir ki, ona lay-lay deyim… Tanrım, bu anı bircə dəfə də olsun real həyatda yaşamaq üçün nələrimdən keçməzdim… Dəfələrlə həyat yoldaşımla bütün tibbi prosedurlardan keçmişik, amma nəticə məni sonsuzluğa, o tükənmişliyə bir addım daha yaxınlaşdırıb…

Sevil adlı xanım acılı həyat hekayəsini bizimlə bölüşür…

 

Biri ana olmaq istəyir, digəri ...

 

Həkim otağının qarşısında iki qadın intizarla var-gəl edir, hər ikisi çox nigarandır və eşitmək istədikləri o xəbəri gözləyirlər...

Biri ana olmaq istəyir, digəri isə seçim qarşısındadır - övladının cinsini öyrənəcək və qızı olacağı təqdirdə, ondan canını qurtarmağa tələsəcək...

Acınacaqlı təzaddır, deyilmi?! Körpə qığıltısı üçün, ömrünü fəda etməyə hazır olan qadın... Və abort stollarında gözünü qırpmadan övladının canına qıyan ana...

O qadın ki, çox duyğusaldır, həssasdır... Adicə bir film, musiqi parçası, anasını haraylayan bir sərçənin civiltisi ürəyini parçalayar, ağladar onu...

Bəs o zaman bu qadını körpəsinin qatili olmağa hansı qüvvə vadar edə bilər?

Varmı belə bir qüvvə? Var... Cəmiyyət, qəlibləşmiş stereotiplər, psixoloji basqılar və daha nələr, nələr...

 

Acınacaqlı statistika...

 

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub. Ölkəmizdə son illərin statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir.

Bu isə təbii ki selektiv abortların - yəni, dölün cinsinə görə hamiləliyə xitam verilməsinin nəticəsidir. Qanunla ana bətnindəki dölü 12-ci həftədən sonra abort etdirmək qadağandır. Buna baxmayaraq hələ də bu məsələnin tam həllinə nail olunmayıb...

 

Qızlarımızı qorumağın ən yaxşı yolu...

 

11 oktyabr Qız Uşaqları Günü kimi qeyd olunur. 2012-ci ildən etibarən ölkəmizdə də bu gün əlamətdar tarixə çevrilib, BMT-nin Uşaq Fondu tərəfindən hazırlanan hesabatlar dinlənilir və problemin qarşısının alınması üçün müəyyən tövsiyələr, bəyannamələr qəbul edilir.

Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqəti cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları” olub. 2013-cü ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil” kimi müəyyənləşdirilib.

Qız uşaqlarının həyatı üçün ən böyük ağırlaşdırıcı hallardan biri erkən evliliklərdir. Qlobal miqyasda 20-24 yaş qrupunda qadınların təxminən üçdə biri, yəni, təxminən 70 milyon qadın 18 yaşa qədər ailə qurur. Bu problem təəssüf ki, bu gün də belədir

Ümumi olaraq, qız uşaqları səhiyyə və təhsil xidmətlərindən daha az faydalanırlar. İntihar halları oğlan uşaqlarında 7,3 faiz, qız uşaqlarında isə 17,6 faizdir.

15-19 yaş arası hər 4 qızdan biri şiddət görür, hər 10 qızdan biri cinsi istismara məruz qalır.

Belə bir vəziyyətdə qız uşaqlarını qorumağın ən yaxşı yolu təhsildən keçir. Qız uşaqları təhsil almadıqda cəmiyyətlər çox istiqamətli eroziyaya məruz qalır. Bu vəziyyət ictimai ədalət və bərabərliyin pozulması, cəmiyyətlərin sağlam bir şəkildə gələcəyə köçməməsi, iqtisadiyyatın pozulması, sülh və rifah şəraitinin azalmasına səbəb olur. Bu səbəbdən qız uşaqlarımızın təhsil almalarının önündəki bütün maneələr aradan qaldırılmalıdır.

 

"Qız uşağı böyütmə qorxusu”nun cahilliyi

 

Ayrıca olaraq Dünya Qızlar Gününün qeyd olunması da onu göstərir ki, qızlara qarşı cinsi ayrı-seçkilik problemi bütün dünyada mövcuddur və XXI əsrdə yaşamağımıza baxmayaraq, cəmiyyət hələ də patriarxal ab-havadadır.

Bəs problemin kökünü, özəyini təşkil edən psixoloji məqamlar hansılardır?

Psixoloq Səbinə Bayramova deyir ki, bəzi qadınların oğlan uşağı dünyaya gətirmə istəkləri daha çox həyat yoldaşlarının fikrinə üstünlük vermələrindən doğur. Keçmişdən bu günümüzə gələn əsas səbəblərdən biri isə nəsildə soyadın davam etdirilməsi məsələsidir: "Burada həm də qız uşağı böyütmə qorxusu da var. Elə kişilər var ki, tutaq ki, nə zamansa həyatında bir neçə qadın olub, onlara qarşılıqlı sevgi ilə yanaşmayıb, onun duyğularından istifadə edib. Buna görə də onlarda şüuraltı qorxu yaranır ki, birdən mənim övladımın da qabağına belə hallar çıxar. Bu, qız uşağı böyütmə qorxusudur və buna görə də qız uşağının olmasına bir az qarşı olurlar”.

"Elə qadınlar da var ki, öz istəyi ilə məhz oğlan uşağı dünyaya gətirmək istəyir və bunun da öz səbəbləri var” - deyən Səbinə Bayramova düşünür ki, o qadın ehtiyac duyduğu kişi sevgisini həyatında olan heç bir kişidən düzgün şəkildə görməyib: "Məsələn, uşaqlıqda atasından övlad sevgisi, ailə quranda həyat yoldaşından o eyni sevgini ala bilməyib. Bu zaman xəyallar qurur və düşünür ki, mən bir oğlan uşağı dünyaya gətirəcəm və o mənim ən qiymətlim olacaq, onu sevgi ilə böyüdəcəm, gözlədiyim sevgini də ondan alacam. Demək olar ki, bütün ehtiyaclarını və gözləntilərini də oğlunun üzərinə köçürür”.

 

Qız övladlarının psixoloji həssaslığı

 

Psixoloq deyir ki, son dövrlər xəbər portallarında, sosial şəbəkələrdə uşaqlara, xüsusilə də qız uşaqlarına qarşı təcavüz hallarının, şiddətin daha da qabardılıb cəmiyyətə təqdim olunması insanlarda bir qorxu yaradır: "Burada əsas məsələ tərbiyəni düzgün verə bilməmə qorxusudur. Əslində, ailədə doğulan uşağa lazım olan tərbiyə, hər bir yaş dövründə lazımi məlumatlar verilsə, daim qayğı, diqqətlə əhatə olunsa, cəmiyyətdə nə kimi problemlər olursa-olsun, övladları ona hazır böyüyər. Burada təhsil çox önəmlidir, uşaqlar məlumatlı, savadlı, bilikli böyüməlidir. Bəzi regionlarda qız uşaqlarını oxumaqdan saxlayırlar, təhsilində büdrəmələr olur. Qız uşaqlarını daha çox məişət, ev işlərinə alışdırmağa çalışırlar. Bu da yanlış yanaşmadır”.

Səbinə Bayramova hesab edir ki, ümumiyyətlə, oğlan uşaqları analarına, qız uşaqları isə daha çox atalarına bağlı olur, yəni, cəmiyyətin, valideynlərinin standartlaşmış fikirləri ilə ata qız uşaqlarını istəməyə bilər, amma doğulandan sonra bu psixoloji bağ ortaya çıxır: "Atanın qız övladına qarşı soyuq yanaşması, qız uşaqlarında bir travma yaradır və hətta gələcəkdə onlarda ümumiyyətlə, evlənməmə, evlənsələr belə, qız uşağı dünyaya gətirməmə kimi hallara yol açır. Onlar oğlan uşağı dünyaya gətirmək istəyir ki, gələcəkdə qızları da bu kimi şiddətlərə məruz qalmasın”.

 

Ölkəmizdə də "uşaq nikah”ları termini formalaşıb

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verir ki, müsbət bir hal olmasa da, artıq ölkəmizdə də "uşaq nikahlar”ı termini formalaşıb.

Azərbaycanda 1999-2011-ci illər ərzində nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar ən çox 1999-cu ildə (7,1 faiz) olub. 2016-cı ildə isə azalaraq 312 fakt qeydə alınıb. 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2016-cı ildə isə 2809 olub.

Erkən nikahın qarşısının alınması məqsədi ilə dövlət strukturları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən geniş kampaniyalar aparılır. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın, habelə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının monitorinq mexanizminin yaradılması nəzərdə tutulub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şəhər və kənd yerlərində "Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Hər iki təhlilin əsasında Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunmuşdur. Məhz bunun nəticəsi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün evlənməyə minimum yaş həddi 17-dən 18 -ə qaldırılmışdır.

 

Atalar və qızlar...

 

Həmçinin 2017-ci ildən BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanılıb. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilib, sosial çarxlar hazırlanıb. 11 oktyabr Beynəlxalq Qızlar Günü ilə bağlı " Atalar və Qızlar” foto sərgi, festival keçirilib, "Qız yükü” tamaşasının ictimai baxışı olub...

Azərbaycan qadın və qızların, uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş çoxlu sayda beynəlxalq konvensiyalara qoşulub. "Nikaha Daxil olmağa Razılıq Verilməsi, Minimal Nikah yaşı və Nikahın Qeydiyyatı haqqında”, "İnsanlarla Ticarət və Üçüncü Şəxslər Tərəfindən Fahişəliyin İstismarına Qarşı Mübarizə” "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” konvensiyalarına, Pekin Bəyannaməsinə qoşulmuşdur. Bu sənədlərdə qadınlarla yanaşı, qızların da hüquqlarının müdafiəsi məsələsi xüsusi önəm daşıyır. Eləcə də "Uşaq hüquqları haqqında” Konvensiyanı və iki fakültativ protokolu ratifikasiya edib. Bu gün Azərbaycanda ayrıca olaraq, uşaq hüquqları ilə bağlı müasir qanunvericilik bazası formalaşıb. Dövlət tərəfindən uşaqlarla bağlı 80-dən çox qanun və 30-dan artıq dövlət proqramının uğurla icra olunması bu sahəyə dövlət qayğısının nümunəsidir. Bu sənədlər vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir.

Aynur Veysəlova onu da qeyd etdi ki, ilk növbədə qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da intensiv aparılması vacibdir.

 

Yeddi keçəl qız...

 

"Oğul, kaş ki, sənin yerinə yeddi keçəl qızım olaydı...”

Bəli, təəssüf ki, cəmiyyətdə bu cür qarğışvari arzuda olan insanlar hələ də var.

Və artıq şərhə ehtiyac yoxdur... Görünür, ictimai təfəkkürdə inqilab olmayınca, günahsız körpələr ana bətnində məhv ediləcək, körpə qızlar cinsi istismara, şiddətə, zorakılığa məruz qalacaq...

Ən ümdəsi isə bu tendensiya belə davam etsə, bir neçə 10 illikdən sonra kişilər evlənməyə və oğul sahibi olmağa qadın tapmayacaqlar...

 

Bu gün onların günüdür...

Həyatımıza gəlmələri ilə ömrümüzə məna qatan, burma saçlı, şən, dəcəl və bir o qədər də sevimli qızlarımızın...

Mənim, sənin, onun qızlarının günü...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2018.- 11 oktyabr.- S.6.