Cənubi
Qafqazın ən böyük külək elektrik parkı
Xızıda yerləşir
“Yeni Yaşma”nın istismara verilməsi
Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 2.5 dəfə
artacaq
Oktyabrın 11-də Xızı
rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin
ərazisindəki 50 MVt-luq "Yeni Yaşma” Külək
Elektrik Parkının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində
açılışda iştirak ediblər.
Dövlətimizin
başçısı və xanımı Külək Elektrik
Parkının rəmzi açılışını bildirən
lenti kəsdilər.
"Azərenerji” ASC-nin prezidenti
Baba Rzayev məlumat verdi ki, "Yeni Yaşma” Külək
Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni
Yaşma və Şuraabad qəsəbələrində yerləşən
Külək Elektrik Stansiyasında yenidənqurma işlərini
Almaniyanın "Berlin Wind” şirkəti aparıb. Yanvar
ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi
200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20
külək turbini tam gücü ilə işləyir və
elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata
yaxındır. Parkın ərazisində inzibati bina inşa
edilib, burada idarəetmə mərkəzi, işçi heyəti
üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların
quraşdırılması üçün 20 kV-luq bölmə
və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə
mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti,
texniki parametrləri, küləyin sürəti, növbəti
günlər üçün külək proqnozu və enerji
istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli
fəaliyyətini təmin etmək üçün müasir
tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi
yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi
enerji sisteminə ötürülməsi üçün
"Yaşma” hava xəttinə qoşulmaqla "Sitalçay”
yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir
sıra xarici şirkətlər tərəfindən yerli
mütəxəssislər üçün treninqlər təşkil
edilib, həmçinin xarici ölkələrdə
keçirilən müxtəlif
sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin
iştirakı təmin olunub.
Hazırda stansiyanın idarə
edilməsi, servis və istismar işləri tamamilə yerli
mütəxəssislər tərəfindən icra olunur. Parkda
alternativ və bərpaolunan enerji mənbələri üzrə
kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris
Mərkəzi fəaliyyət göstərir. Parkın
ümumi ərazisi 540 hektardır. Burada 9800 poqonmetr
uzunluğunda qəfəsli çəpər çəkilib,
ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib,
gübrə və yağ depoları, zəhərli maddələrin
saxlanılması üçün xüsusi otaq və xidməti
bölmələr yaradılıb. Ərazidən səmərəli
istifadə olunması üçün torpaq nümunələri
İtaliyada laborator müayinədən keçirilib və nəticələrə
əsasən 450 hektar sahədə zeytun və badam
bağları salınıb. Bağların suvarılması məqsədilə
Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində
suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti
çəkilib, su anbarı və nasos stansiyası inşa
edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil
yolu çəkilib.
"Yeni Yaşma” Külək
Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək
elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində
Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7
faizdən 1,8 faizədək artacaq.
Dövlətimizin
başçısına 3,6 MVt gücündə Yaşma
Bağları Külək Elektrik Parkı və 1,7 MVt
gücündə Şuraabad Külək Elektrik Parkı barədə
də məlumat verildi. Prezident İlham Əliyevin Sərəncamına
uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində
yerləşən Yaşma Bağları ərazisindəki 4
turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib.
Elektrik enerjisinin şəbəkəyə ötürülməsi
üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8
kilometr uzunluğunda hava xətti çəkilib. Şuraabad
Külək Elektrik Parkında da 1,7 MVt gücündə 2
turbinlə bağlı təftiş işləri
aparılıb, stansiyaya məxsus 35 kV-luq yarımstansiya
elektrik enerjisinin şəbəkəyə ötürülməsi
üçün yenidən qurularaq istismara verilib. Turbinlərin
idarə edilməsi SCADA sisteminə inteqrasiya olunub.
Sonda Külək Elektrik
Parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2018.- 12 oktyabr.- S.1-2.