"Made in Azerbaijan" brendinin təşviqində kiçik ailə təsərrüfatları da iştirak edir

 

Oktyabrın 11-də "Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.

Sonra dövlətimizin başçısı zavodu işə saldı.

İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, "QubaekoaqrarMMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzümalça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.

Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, "Made in Azerbaijanbrendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.

Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.

 

Azərbaycan.- 2018.- 12 oktyabr.- S.4.