Bölgələrdə
ən modern səviyyəli sosial infrastruktur obyektlərinin
sayı artır
Oktyabrın 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Quba şəhərində
salınan Gənclər Parkında yaradılan şəraitlə
tanış olublar.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısına parkda görülən
işlər barədə məlumat verildi.
Bildirildi ki, parkın
inşasına bu ilin fevralında başlanılıb.
Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən
ibarətdir. Burada yaşlı insanlar üçün hissə,
idman zonası, gənclər və uşaqlar üçün
guşələr yaradılıb. Bundan başqa, Gənclər
Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli
restoran da fəaliyyət göstərəcək. Parkda
söhbətgahlar quraşdırılıb, uşaqların
vaxtlarını səmərəli keçirmələri
üçün attraksionlar qoyulub, geniş yaşıllıq
zonaları salınıb, müxtəlif dekorativ ağac və
gül kolları əkilib, işıqlandırma sistemi
yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və
qonaqların istirahəti üçün hərtərəfli
şərait var.
Qeyd edək ki, ölkəmizdə
gənclər siyasətinin formalaşdırılması
istiqamətində çoxşaxəli tədbirlər
görülür. Ümummilli lider Heydər Əliyevin adı
ilə bağlı olan dövlət gənclər siyasəti
uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri
əhatə edən "Azərbaycan Gəncliyi Dövlət
Proqramı” bu prosesdə çox mühüm rol oynayıb.
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı da bu tədbirlərin məntiqi davamı kimi
çıxış edib. Bu gün ölkəmizdə gənclərin
vətənpərvərlik, dövlətçilik prinsiplərinə,
həmçinin tarixi-mədəni keçmişimizə,
milli-mənəvi dəyərlərə rəğbət
ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir.
Əsas məqsəd təbii ki, onların cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında
yaxından iştirakına stimul verməkdir. Prezident İlham
Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq gənclərin intellektual və yaradıcı
potensialının üzə çıxarılması,
xüsusilə regionlarda yaşayan gənclərin fəallığının
artırılması istiqamətində məqsədyönlü
layihə və proqramlar həyata keçirilir. Ölkəmizin
bölgələrində müasir tələblərə
cavab verən sosial infrastruktur obyektləri tikilir. Qubada
salınan Gənclər Parkı da bu məqsədə xidmət
edir.
Azərbaycan.- 2018.- 12 oktyabr.- S.4.