Londonda Azərbaycan
Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi
ilə mübarizə üsulları müzakirə edilib
Oktyabrın 10-da Milli Onkologiya Mərkəzinin
baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş
nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə
Ticarət elçisi Baronessa Nikolson Vinterbornun vasitəçiliyi
və iştirakı ilə Britaniyanın Oksford Universitetinin
professoru, xərçəng araşdırmaları üzrə
məşhur britaniyalı alim Deyvid Kerr ilə
görüşüb.
Görüş zamanı Baronessa
Nikolson Prezident İlham Əliyevin və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın ölkədə tibbin inkişafına
ayırdıqları xüsusi diqqət və
qayğını alqışlayaraq, onlara dərin
ehtiramını və səmimi salamlarını
çatdırıb.
Deyvid Kerrin sorğusu əsasında
akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin
profilaktikası və tətbiq olunan müalicə
üsulları, xərçənglə mübarizədə
Milli Onkologiya Mərkəzində görülən tədbirlər,
o cümlədən mərkəzin xərçəng xəstəliyindən
əziyyət çəkən şəxslərin
ömrünün uzadılmasında və sağalma həddinin
artırılmasındakı rolu, istifadə edilən avadanlıqlar
və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə
və sairə) barədə ətraflı məlumat verilib. Bu
xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin
müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində
də fikir mübadiləsi aparılıb.
Öz növbəsində D.Kerr,
Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə
otaqlarının olmasının, hər bir tibbi avadanlıqla
təchiz olunan səyyar müalicə
maşınlarının bölgələrdə xərçəngdən
əziyyət çəkən əhalinin müayinə və
müalicəsi üçün göndərilməsi təcrübəsinin,
eləcə də mərkəzdə test və müayinədən
keçən şəxslərin 70 faizinin xərçəngdən
əziyyət çəkən deyil, sadəcə, yüksək
diaqnostikadan istifadə edən sadə xəstələr
olması faktının təqdirəlayiq olduğunu nəzərə
çatdırıb.
Görüşdə Azərbaycanda
xərçəng xəstəliyi üzrə mütəxəssis
və həkimlərin hazırlığı, təlimi məsələsi
də müzakirə edilib. D.Kerr bu məsələyə
xüsusi maraq göstərərək gələcəkdə
bu sahədə Oksford Universitetinin müvafiq tibbi
strukturları çərçivəsində əməkdaşlıq
perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik
C.Əliyev ikitərəfli əməkdaşlıq
imkanlarının yerində müzakirə edilməsi və
Milli Onkologiya Mərkəzini ziyarət etməsi
üçün D.Kerrini Azərbaycana səfərə dəvət
edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə
qəbul olunub.
Görüşün sonunda Oksford
Universiteti və Milli Onkologiya Mərkəzi arasında tibbi əməkdaşlıq
üzrə anlaşma Memorandumunun imzalanması barədə
razılıq əldə edilib.
Yaxın Şərqdə xeyriyyəçiliklə
məşğul olan AMAR Beynəlxalq Xeyriyyə Fondunun
Londondakı iqamətgahı və Britaniyanın Lordlar
Palatasında keçirilən görüşdə AMAR-ın
Aparat rəhbəri Endryu Metfen və Azərbaycanın
Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də
iştirak edib. Akademik Cəmil Əliyev və AMAR-ın rəhbərliyi
arasında bu qurumun İraqda həyata keçirdiyi proqramlar və
Azərbaycanın həmin proqramlara mümkün töhfəsi
barədə fikir mübadiləsi aparılıb.
Akademik Cəmil Əliyev Baronessa
Nikolsona sonuncunun Bakıya səfərləri zamanı
görüşdüyü azərbaycanlı həkim və
tibbi personalın dərin rəğbət və
ehtiramını çatdırıb.
Azərbaycan.- 2018.- 12 oktyabr.- S.7.