Əsrə bərabər 15 il
Çingiz Aytmatovun əsərlərini çox sevirəm. Onun yaradıcılığına həmişə heyran qalmışam...
Həyat xatiratımın ən şərəfli, unudulmaz məqamlarından biri də ümumdünya ədəbiyyatının fəxri sayılan bu ədiblə olan dostluq münasibətlərim, şəxsi və yaradıcılıq əlaqələrimdir...
Türk dünyasının bu böyük övladının titullarını özüm qəsdən sadalamadım. Çünki Çingiz Aytmatov adının başqa bir xatırlatmaya ehtiyacı yoxdur. Bu ünlü qırğız yazıçısının bütün titulları, ədəbiyyat tarixindəki ali statusu onun əsərləridir...
O əsərlər ki, onlarda bizi düşündürüb narahat edən çox mətləbləri tapmaq olur...
"Gün var əsrə bərabər” romanı isə bu əzəmətli qələm adamının ən kamil mətnlərindəndir. Romanda ən kiçik detaldan tutmuş adi bir eyhama, xırdaca işarələrə qədər hər şey əvvəldən düşünülüb, yerbəyer edilib...
İlk səhifələrdə o qədər də diqqəti çəkməyən, bəlkə də əhəmiyyətsiz görünən hansısa detalın o biri səhifələrdəki zəruri düşüncə akkordu ilə nöqtəsinin qoyulduğunu görürsən. Və yalnız onda anlamağa başlayırsan ki, ilk oxuduğunda o qədər də fərqinə varmadığın o balaca işarətin nə qədər böyük mənası varmış.
Bu əsrdə müəllif bir günün içində əsrə bərabər tarix yaşayan müdrik adamların taleyini məhək daşına vurur...
Onları zamanın dolanbaclarından keçirib hamımızı düşündürən bəşəri suallara cavab axtarır...
***
Tarixdə bir gün...
Bir gündən başlanan tarix...
Əsrə bərabər gün...
Çingiz Aytmatov romanına
bu möhtəşəm adı sırf bədii təxəyyül
məhsulu olaraq qoymayıb. Burada gün sözü, hər nə
qədər şərti səciyyə daşısa da, yəni
gün adı altında ayları, illəri, dövrləri də
ümumiləşdirmək mümkün olsa da, iş
orasındadır kı, ayrı-ayrı ölkələrin,
xalqların tarixində həqiqətən bütöv əsrlərin
mənzərəsini müəyyənləşdirən
konkret günlər yaşanıb.
Cəmi bircə gün içində
yaşananlar, o gün ərzində cərəyan edən hadisələr,
qərarlar əsrlərin vaxt axarını dəyişib,
yüzillər sonranın reallıqlarına təsir göstərib...
Və əziz oxucum, yəqin, hər
dəfə bu barədə düşüncələrə
qapılarkən onu da xəyalına gətirmisən ki, həmin
gün o hadisə, o qərar elə yox, belə olsaydı, onda
mövcud reallıqlar tamam fərqli görünərdi...
Viktor Hüqonun "Səfillər” əsərində
də hər dəfə oxuyanda düşüncələrimi
alıb uzaqlara götürən misilsiz bir cümlə var.
Orada Vaterleoo döyüşünə
hazırlığın son gecəsi təsvir edilir və
yazılır ki, əgər 1815-ci ilin 17 iyunundan 18 iyununa
keçən gecə Vaterleoo düzünə
yağış yağmasaydı, Avropanın gələcəyi
tamam başqa cür olacaqdı.
Təsəvvür edirsinizmi, adi bir
yağış!..
Hər gün dünyanın müxtəlif
yerlərində baş verən sıradan təbiət hadisəsi...
Amma konkret bir vaxtda, konkret bir yerdə
baş verən bu təbiət hadisəsinin tarix
üçün doğurduğu nəticəyə bir
baxın...
Həmin gecə əraziyə
yağan yağış torpağı isladıb
palçığa döndərmişdi. Bu da Napoleon
Bonaparta öz toplarını döyüş mövqelərinə
gətirməyə mane olmuşdu.
Nəticə - İngiltərə və
Prussiya ordularına ağır məğlubiyyət, o gündən
gərdişi dəyişən Avropa tarixi...
***
Əsrlərin tale mənzərəsini
cızan bu cür günlərə öz tariximizdə də
yetərincə rast gələ bilərik.
Şah İsmayıl Xətai
Çaldıran döyüşündə məğlub
olmasaydı...
Nadir şahı süquta aparan
günlərin hadisələri tamam başqa cür cərəyan
etsəydi...
Əvvəlcə
"Gülüstan”, ardınca "Türkmənçay”
müqavilələri ilə bir xalq iki fərqli coğrafiyaya,
iki fərqli taleyə bölünməsəydi...
Ya Azərbaycan Xalq Cümhuriyyətinin
ömrünə nöqtə qoyan məşum 27 aprel
günü tarixdə heç yaşanmasaydı...
O gündən başlanan 70 illik
laübalı zaman sovet tarixi kimi yox, elə 28 Mayın
işığında cümhuriyyətimizin tarixi kimi
yazılsaydı...
30-cu illərin repressiyalarında ən
işıqlı insanlarımızın ömrünə
nöqtə qoyan uzun gecələr heç düşməsəydi...
Yaxud 1941-ci ilin 22 iyununda Hitler ordusu
SSRİ-yə qarşı hücuma keçməsəydi...
Yüz minlərlə insanımız bu davada həyatını
itirməsəydi...
Xalqımıza qarşı 20 Yanvar qətliamı,
26 fevral Xocalı soyqırımı törədilməsəydi,
təqvimdə torpaqlarımızın işğalı
günü kimi qəmli notlarla,
ağrı-acılarımızla simvollaşan günlər
tamam başqa əlamətdar hadisələrlə
xatırlansaydı...
Azərbaycanın taleyini təsadüfi
əllərə keçirən günlərin hadisələri
baş verməsəydi...
Keşkə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə siyasi
hakimiyyətə qayıdışı 1993-cü ilin 15
iyununda yox, daha tez - ermənilərin torpaqlarımıza
qarşı separatçı hərəkətlərə
başladıqları ilk günlərdən, Dağlıq
Qarabağ münaqişəsinin alovlanmasından,
Şuşanın, Laçının, başqa rayonlarımızın
işğalından əvvəl baş tutsaydı...
***
Bunlar cümlə olaraq qrammatik
baxımdan nə qədər asan yazılsa da, əfsus ki,
zaman felin şərt şəklində
danışmağı sevmir!..
Bunların hər biri tarixdir...
Onun axarını geri
çevirmək mümkün deyil. Təsəllimizsə
odur ki, bu tarixin içində taleyimizə əzablar yazan,
hansısa yanlışlıqların ağrılarını
yaşadan günlər qədər xalq olaraq bizə
böyük nailiyyətlər qazandırmış, həyatımızda
yeni səhifələr açmış yaxşı günlərimiz
də var.
Azərbaycan Xalq Cümhuriyyətinin
23 aylıq mövcudluğunun hər günü bir nailiyyətdir...
Xalqımızın ümummilli lideri
Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri
seçilməsi, 1991-ci ilin 18 oktyabrında ölkəmizin
öz dövlət müstəqilliyinə qovuşması,
1993-cü ilin 15 iyununda ulu öndərin siyasi hakimiyyətə
qayıdışı, dünyanın aparıcı şirkətləri
ilə "Əsrin müqaviləsi”nin imzalandığı
1994-cü ilin 20 sentyabr günü...
Bunların hər biri tale günlərimizdir...
Taleyimizi, tariximizi yaxşıya
doğru dəyişən anlardır...
Əsrə bərabər günlərdir...
***
Tarixdə yanlış
günlərimiz, bəli, olub. Amma düzgün qərarlarla,
dürüst seçimlərlə xatırlanan, şanslı,
doğru günlərimiz də çoxdur...
Doğrularımız
yanlışlarımızdan başlanıb əslində...
Yanlışlar bizə ibrət dərsi
verib, tarixi yanlışlarımızdan yola çıxaraq
düzgün səmtlə tarixi doğrularımıza
yetişə bilmişik...
Zaman bütün
yanlışları, doğruları, faciə və
uğurları, yaxşı və pis günləri ilə birgə
bizi yetişdirib, yolumuzu aydınladıb, pisi yaxşıdan,
doğrunu yanlışdan ayırmağı öyrənmişik...
Və doğru qərarlarımız
Azərbaycanı indiki - milli dövlətçilik tarixinin ən
qüdrətli çağlarına yetirib...
Həyatımızın ən
mükəmməl həqiqəti budur. Müasir Azərbaycan
dövlətidir...
***
Hərdən düşünürəm
ki, birdən 1993-cü ilin o çətin və təlatümlü
günlərində Azərbaycan xalqı müstəqillik
tariximizin ilk ən doğru qərarını verməsəydi...
Heydər Əliyevin
qayıdışı mümkün olmasaydı...
Yaxud Azərbaycan dövlətçiliyinə
qarşı yönəlmiş qüvvələrin
"Əsrin müqaviləsi”nin imzalanmasından cəmi bir
neçə gün sonra daha da fəallaşdığı,
siyasi qətllərin törədildiyi, 1994-cü ilin 3-4
oktyabrında dövlət çevrilişinə cəhd
edildiyi o məşum günlər...
Ulu öndərin oktyabrın 4-də
televiziyadan xalqa bircə çağırışı ilə
on minlərlə vətəndaşımızın Prezident
Administrasiyasının qarşısına axın edib Heydər
Əliyevə dəstək olduğu, milli dövlətçiliyimizi
el gücünün sarsılmazlığı ilə
qoruduğu o gecə hadisələr tamam başqa cür
yaşansaydı, milli istiqlalımıza uzanmış qara əllər
öz məqsədinə çatsaydı, Azərbaycanın
taleyi indi kim bilir necə olardı...
***
Dövlətçilik
tariximizdə bir əlamətdar gün də var ki, həmin
günlə tariximizdə tamam yeni bir səhifə
açılır. Bu gün, Azərbaycan həyatında yeni
başlanğıcdır. Cəmiyyətimizin çətin
sınaqlar, məhrumiyyətlər və Heydər Əliyev
müdrikliyinin qazandırdığı ilk mühüm
dövlətçilik uğurları ilə zəngin
böyük bir dönəmi başa vurub, daha böyük
milli hədəflərinə doğru istiqamətləndiyi
möhtəşəm andır...
Bu gün həm də cəmiyyətdə
dövlətçilik təfəkkürünün xaosa,
qanunçuluğun anarxiyaya, siyasi mədəniyyətin
qaragüruha, inkişaf və tərəqqi meyillərinin
dağıdıcı ehtiraslara qalib gəldiyi gündür...
Həmin gün xalqın onun
üçün müstəqil, hüquqi dövlət
qurmuş, bu dövləti zamanın sərt zərbələrindən
qorumuş, onun hər bir vətəndaşının
hürriyyətini, hüquq və azadlıqlarını təmin
etmiş öz ümummilli liderinə inamının daha bir təcəssümü
anıdır...
"...Üzümü Sizə
- həmvətənlərimə tutaraq, qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd, mənim
siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I
müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında
sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”...
15 il əvvəl, 2003-cü ilin 15
oktyabr prezident seçkiləri ərəfəsində
ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına
ünvanladığı bu tarixi müraciət, əslində,
təkcə ulu öndərin deyil, bütövlükdə Azərbaycan
xalqının cənab İlham Əliyevə olan böyük
ümidlərinin ifadəsi kimi ortaya çıxmışdı.
O dövrdəki proseslər - ölkədə
iqtisadi, siyasi, hüquqi islahatların
davamlılığı, ardıcıllığı Heydər
Əliyev siyasi kursunun dönmədən davam etdirilməsini,
hakimiyyət estafetinin xalqın iradəsi ilə bu xətti dəstəkləyən
və uğurla başa çatdırmağa qadir yeni Liderə
- cənab İlham Əliyevə ötürülməsini
tarixi zərurət kimi diktə edirdi...
Azərbaycan insanı ölkənin,
xalqın gələcəyinə görə məsuliyyəti
Heydər Əliyev məktəbində yetişmiş liderin
öz üzərinə götürməsini
arzulayırdı...
Ölkə vətəndaşlarının
mütləq əksəriyyəti hakimiyyət sükanı
arxasında məhz sınanmış komanda və lideri
görməyə can atırdı...
Sadəcə, hər zaman olduğu
kimi yenə də ümummilli liderin sözünü gözləyirdi...
Ən doğru olanı ondan duymaq istəyirdi...
Və ulu öndər
insanlarımızın gözlədiyi bu sözü dedi...
Seçki ərəfəsindəki
tarixi müraciəti ilə xalqa onun əsasını
qoyduğu siyasəti davam etdirə biləcək dəqiq
ünvanı, dürüst lideri nişan
verdi...
Və Azərbaycan xalqı 2003-cü
ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevi öz rəhbəri seçərək
milli dövlətçilik tarixinin daha bir ən doğru qərarını
verdi.
15 oktyabr gününü tale
gününə, əsrə bərabər gününə
çevirdi!..
Respublikanın ictimai-siyasi, iqtisadi və
mənəvi həyatında yeni intibah mərhələsinin əsasını
qoymuş 2003-cü ilin 15 oktyabr seçkisi xalqın strateji
seçiminin alternativsizliyini sübuta yetirdi!..
***
Azərbaycan Prezidenti
seçilərkən cənab İlham Əliyevin cəmi 42
yaşı vardı və o, bu yaşda dünyanın ən gənc
dövlət başçılarından sayılırdı.
O gündən düz 15 il keçib...
Və əslində lider
böhranının yaşandığı müasir
dünyamızda İlham Əliyev öz şəxsi nümunəsi
ilə yeni dövrün əsl liderinin, kamil dövlət
adamının mükəmməl obrazını yaradıb...
O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı
mətinliklə, inamla irəli aparır.
İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərin hər günü bu dövlətə, bu cəmiyyətə
qazandırdığı nailiyyətlərlə, mahiyyətcə
əsrə bərabərdir...
Çünki Azərbaycanın cəmi
15 il ərzində əldə etdiyi nəticələr
bir ilin, iki ilin içində qazanılası nailiyyətlər
deyil. Bir çox ölkələr bu nəticələrə
gəlib çıxmaqdan ötrü əsrlərini sərf
edib...
***
Cənab İlham Əliyevin
15 illik hakimiyyət dövrü Azərbaycanın dinamik
inkişaf, sürətli modernləşmə mənzərəsidir.
Dövlətimizin rəhbəri
kifayət qədər gərgin və mürəkkəb
coğrafiyada, geopolitik güclərin maraqlarının
toqquşma nöqtəsində yerləşən, müstəqilliyini
yenicə əldə etmiş kiçik bir ölkəni öz
qətiyyətinin, diplomatiyasının gücü ilə
bütün dünyada böyük nüfuz və söz
sahibinə çevirə bilib.
Onun dünyanın ən mötəbər
tribunalarında, - BMT-nin, NATO-nun, ATƏT-in xitabət
kürsülərindəki inamlı, cəsarətli, məntiqi
çıxışları hər zaman dünyanın diqqətini
cəlb edir...
Beynəlxalq güclər cənab
İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Fərqindədirlər
ki, hər hansısa təzyiq üsulları ilə onu Azərbaycanın
milli maraqlarından çəkindirmək əsla
mümkün deyil. 15 illik tarixi təcrübə
bunu təkrar-təkrar sübuta yetirib.
İlham Əliyev ölkəmizin
milli mənafelərini, hər zaman, hər yerdə,
bütün səviyyələrdə qətiyyətlə
qoruyur, müstəqil xarici siyasət yürüdür...
Bütün məsələlərlə
bağlı Azərbaycan Prezidentinin öz fikri, öz
sözü, öz mövqeyi var!
Bu, Azərbaycan xalqının
fikridir, sözüdür, mövqeyidir!
Bütün qərarlarında o,
xalqın rəyini ifadə edir, vətəndaşlarımızın
dəstəyinə güvənir...
Qlobal böhranlardan
çıxış yolları axtarışında Azərbaycan
Prezidentinin şəxsində təcrübəli dövlət
adamının, qlobal trendləri çox gözəl bilən
peşəkar dövlət idarəçisinin rəylərinə,
təşəbbüslərinə və onun şəxsində
ümumən xalqımızın maraqlarına hörmətlə
yanaşılır.
Bu 15 ildə cənab İlham
Əliyevin düşünülmüş islahatları,
müdrik qərarları həyatımıza yeni nəfəs
gətirib, cəmiyyətin inkişafında yeni səhifələr
açıb, Azərbaycanı dünyanın öncül
ölkələrindən birinə çevirib!..
"Biz istəyirik ki, bizim
rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha
çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan
daha çox məsələlər asılı olsun və
buna nail oluruq”...
Bu, Azərbaycan Prezidentinin milli hədəfləridir...
Və o, Azərbaycanı
addım-addım bu hədəflərə aparır...
Müstəqilliyimizin
dayaqlarını möhkəmləndirir...
Xarici siyasət kursunda tətbiq etdiyi
tarazlaşdırılmış konsepsiya ilə Azərbaycanın
beynəlxalq nüfuzunu ildən-ilə gücləndirir...
Ölkəmizin dostlarının
sayı çoxalır...
Bizimlə tərəfdaşlıq
etmək, Azərbaycanın yaratdığı geniş
imkanlardan barınmaq istəyən ölkələrin
sırasına yeniləri əlavə olunur. Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi rəğbət
doğurur.
Azərbaycan bu illər ərzində
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir
yolu xətti kimi əfsanələri reallığa çevirməyə
müyəssər oldu. Azərbaycan qlobal enerji-kommunikasiya layihələri
ilə Asiya və Avropanı bir-birinə qovuşdurdu.
Regionun gələcək inkişafına geniş qapı
açdı...
Ölkəmiz bütün
regional məsələlərdə əsas oyunçuya,
Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrildi. Azərbaycanla Türkiyə arasında
dünyanın ən böyük enerji layihələrindən
olan TANAP layihəsinin icrasına başlanıldı.
XXI əsrin qlobal enerji layihəsi
adlandırılan "Cənub qaz dəhlizi”nin təməli
qoyuldu və bu layihələr hazırda uğurla icra edilməkdədir.
1994-cü ildə imzalanmış
"Əsrin müqaviləsi”nin müddətinin
ötən il 2050-ci ilə qədər uzadılması da Azərbaycanın
bu günü və gələcəyinə olan inamın təntənəsidir.
Bir neçə il
əvvəl isə Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvü seçildi. Müstəqillik
tariximizin ən böyük nailiyyətlərindən olan bu
hadisə Azərbaycanda yürüdülən siyasətə
və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə
verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür.
Bu məqamda türk
dünyasının fəxri Çingiz Aytmatovun ruhunu hörmətlə
anaraq, onun dəyərli bir fikrini xatırlayıram:
"İlham Əliyev qloballaşan dünyanın müasir
lider etalonudur”.
Necə deyərlər, əlavə
şərhə ehtiyac yoxdur...
***
İlham Əliyevin müəyyənləşdirdiyi
hücum diplomatiyası erməni təbliğatının illərlə
yaratdığı mifi havaya uçurdu. Dünya
Dağlıq Qarabağ probleminin mahiyyətinə varmağa
başladı, Azərbaycan haqqında həqiqətlərə
diqqət kəsildi. Beləliklə, beynəlxalq
ictimai rəy Azərbaycanın xeyrinə dəyişməyə
başladı. Bu siyasət ümumən bəşəriyyətə
qarşı Xocalı soyqırımı kimi dəhşətli
bir cinayəti törətmiş Ermənistanın cəllad rəhbərliyinə
Yer üzündəki vicdanlı insanların lənətini
qazandırdı.
İlham Əliyev Azərbaycanda
dünyanın 50 ən güclü ordusundan birini qurdu. Və bu ordu
işğalçıların təxribatlarına
qarşı əks-hücum həmlələri ilə
düşmənə öz gücünü layiqincə
göstərdi.
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində
işğalçı Ermənistana verdiyi dərsin
ağrısı o qədər acı oldu ki, bu ölkənin
vətəndaşları nəhayət ayılıb onları
illərdir zillətdə saxlayan, yalan miflərlə
başlarını qatıb özlərinə xaniman quran cəlladları
hakimiyyətdən devirdilər. Bu adamları
siyasi meyit kimi tarixin arxivinə göndərdilər.
Ermənistan cəmiyyəti nəhayət
anlamağa başladı ki, torpaqlarımızın 20 faizini
işğal altında saxlasalar da, bu münaqişədə hər
gün uduzan, öz gələcəklərini, inkişaf
imkanlarını itirən və bir dövlət olaraq
bütün mövcudluqları ilə başqa bir ölkənin
hərbi-mənəvi işğalı altına düşən
tərəf məhz onlar özləridir.
***
Prezident İlham Əliyev Azərbaycanı
fərqli mədəniyyətlərin dialoqu məkanına,
tolerantlıq, multikulturalizm ünvanına çevirdi. Milli-mənəvi
dəyərlərə, müxtəlif dinlərə və
sivilizasiyalara hörmət ruhu ilə parlaq bir nümunə
yaratdı. Tolerantlığın Azərbaycan
modeli dünyada ən mükəmməl örnək kimi qəbul
olunmağa başladı.
Prezident İlham Əliyevin
bu istiqamətlərdə həyata keçirdiyi konsepsiyalar,
ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin
inkişafı istiqamətində gördüyü tədbirlər
Heydər Əliyev Fondunun layihələri ilə daha da
dolğunlaşdı.
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın irəli sürdüyü təşəbbüslər
bu siyasətə dəyərli töhfələr verdi.
Azərbaycan "Eurovision” beynəlxalq
mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, 42-ci Dünya Şahmat Olimpiadası, Formula-1 Avropa
qran-prisi kimi tarixi tədbirlərə evsahibliyi edən ölkə
oldu.
İlham Əliyev Azərbaycanı
idman ölkəsinə çevirdi. Bütün ölkə
ərazisində Olimpiya mərkəzləri, müasir idman
infrastrukturu yaradıldı, idman, sağlam həyat tərzi
insanlarımız arasında xoş bir meyil kimi
populyarlaşdı.
***
Onun üçün
dünyanın ən qiymətli sərvəti insandır, hər
şey insanın mütərəqqi arzularının
gerçəkləşməsinə, insan xoşbəxtliyinə
xidmət etməlidir.
İlham Əliyevin
yürütdüyü siyasətin əsas məzmunu da məhz
insandır...
Bu siyasətin amalı
qurub-yaratmaq, vətəndaşlar üçün xoş həyat
şərtləri təmin etmək, ümumilikdə isə gələcək
nəsillərdən ötrü daha gözəl bir
dünyanın qurulması naminə bəşəri
ideyaları gündəmə gətirərək onların
icrasına çalışmaqdır.
"Mən hər bir Azərbaycan vətəndaşının
prezidenti olacağam”...
Azərbaycan
Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimində
cənab İlham Əliyevin ölkə vətəndaşları
qarşısındakı əsas sözü bu olmuşdu. O, 15 ilin hər
günündə bu sözünü tutdu...
Nəinki hər bir vətəndaşımızın,
özünü Azərbaycana bağlı sanan hər kəsin
ümid yerinə çevrildi...
İnsanlarımızın təhlükəsizliyi,
firavan həyatı, inkişafı məramı ilə
gördüyü işlərdən, atdığı
ardıcıl addımlardan cəmiyyətimizin hər bir
üzvü bəhrələnə bildi və bəhrələnməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul olunan dövlət proqramları şəhərlə
kənd arasında fərqi aradan qaldırdı. Azərbaycanın
ən ucqar kəndlərinə abad yollar, qaz, içməli su
xətləri çəkildi. Sosial
infrastruktur sistemi yeniləndi. Vaxtilə
bölgələrimizdə olan bir çox problemlər öz
həllini tapdı. Bu gün Azərbaycanın
regionları bütün zəruri şəraitlə təmin
olunub və Avropanın şəhər və kəndlərindən
əsla geri qalmır.
Cənab İlham Əliyevin regionlara
mütəmadi səfərləri, ictimaiyyətlə
görüşləri, yerlərdə inşa olunan müasir
ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin
açılışlarında şəxsən
iştirakı verilmiş tapşırıqların
icrasına vəziyyətin nəzarətdə saxlanmasına,
insanların rəy və təkliflərinin öyrənilməsinə,
onları narahat edən məqamların üzə
çıxarılmasına, ictimai nəzarətin gücləndirilməsinə
çox böyük kömək göstərir.
Prezidentin çox
böyük rəğbətlə qarşılanan təşəbbüslərindən
biri də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin
bölgələrdə keçirdikləri qəbullardır. Nazirlər,
komitə sədrləri və digər dövlət
strukturlarının rəhbərləri yerlərdə əhali
ilə görüşür, sakinlərin müraciət və
təkliflərini dinləyir, vətəndaşların
qayğılarına həssaslıqla yanaşmağa,
onların problemlərinin həllinə kömək göstərməyə
çalışırlar.
Zatən dövlət rəhbərimizin
məmurlar qarşısında qoyduğu əsas tələblərdən
biri də budur. Vətəndaşlara layiqincə xidmət
göstərməkdir. Onların hökumətə
göstərdiyi yüksək etimada layiq
çalışmaqdır.
***
İlham Əliyev insanların
arzularından gəlmiş liderdir...
Onun səsləndirdiyi
bütün bəyanatlar, verdiyi hər bir söz
insanlarımızın arzularını nəzərdə
tutur, real əmələ əsaslanır.
Azərbaycan Prezidenti müasir
dünyamızda sözü ilə əməli üst-üstə
düşən, publikanın diqqətini çəkməyə
hesablanmış qeyri-real, populist fikirləri əsla
özünə rəva bilməyən, amma dilə gətirdiyi
sözləri də əmələ çevirməyi bacaran
çox az sayda liderlərdəndir!
Dövlət rəhbərimiz
məhz real əməlləri,
düşünülmüş və uzaqgörən siyasəti
nəticəsində inkişafın Azərbaycan modelini
formalaşdırdı. Ölkə iqtisadiyyatının dinamik,
ardıcıl inkişafını təmin etdi.
Bu, hamının
yaxşı yadındadır. Cənab İlham Əliyev ilk dəfə
prezident seçilərkən deyəndə ki, yaxın illərdə
ölkədə 600 min yeni iş yeri açılacaq,
çoxları bunu xəyal zənn edirdi. Amma belələri
unudurdular ki, bu proqnoz qlobal siyasət, diplomatiya, idarəetmə
qədər iş həyatının incəliklərini də
dəqiq bilən, ölkənin malik olduğu inkişaf
resurslarını real qiymətləndirməyi bacaran,
mövcud potensialı və ondan istifadə yollarını
aydın görən səriştəli menecerin peşəkar
təhlillərinə, proqnozlarına, vizyonuna əsaslanır...
Gün gəldi, bir zaman xəyal hesab
edilənlərin hamısı reallığa çevrildi...
Ötən 15 ildə Azərbaycanda
milyondan artıq iş yeri yaradıldı...
Yoxsulluq həddi 50 faizdən 5 faizə
düşdü...
Ölkədə güclü
sahibkarlar sinfi, cəmiyyətin inkişafının hərəkətverici
qüvvəsi kimi çıxış edən orta təbəqə
formalaşdı...
İlham Əliyevin
yaratdığı inkişaf mühiti insanlarımızın
sosiallaşmasına şərait yaratdı. Cəmiyyət
üzvləri başlıca məişət
qayğılarını həll edib, birgəyaşayış
qaydalarına daha yüksək səviyyədə riayət, mənəvi
tərəqqi, qlobal inkişafa açılmaq barədə
düşünməyə başladılar.
Bu 15 il
insanların yaxşı mənada maraqlarını,
qayğılarını, problemlərini dəyişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində
gündəlik ruzusinin, bir parça çörəyinin
sıxıntısını çəkən həmvətənlərimiz
indi daha keyfiyyətli təhsil, səhiyyə xidmətləri
almaq, daha çox ölkələrə səyahət edə
bilmək, daha səviyyəli yerlərdə istirahət və
başqa bu kimi qayğıları aktuallaşdırmağa
başladılar.
Bütün bunlar, ilk
baxışda, bəlkə də heç fərqinə
varmadığımız inkişaf trendləridir. Bütün
qabaqcıl cəmiyyətlər inkişafa məhz bu cür
çatır. Cəmiyyətin sosial-iqtisadi təkamülü
bu minvalla baş verir...
***
Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar kursu həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, - deyən cənab İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - "ASAN”-ı yaratmaqla eyni inkişaf yoluni keçən bir çox ölkələr, cəmiyyətlər üçün parlaq örnək formalaşdırdı.
Bu təcrübənin dövlət strukturlarının fəaliyyətini təkmilləşdirməsi, şəffaflığı təmin etməsi, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələri aradan qaldırması öz yerində...
"ASAN xidmət” təcrübəsi Azərbaycanda həm də yeni vətəndaş nəsli formalaşdırdı...
Xidmət ofislərində dövlətin təmiz, şəffaf, səliqəli, gülər üzünü görən, onun həssas, çevik, peşəkar, qayğıkeş münasibətindən qəlbi isinən bu vətəndaş nəslinin ictimai davranışları, belə bir dövlətə mənsubluq duyğusunun qüruru, öz dövləti qarşısında daşıdığı məsuliyyət hissi də indi tamam başqadır.
Təfəkkürlərdə baş verən bu dəyişiklik bir cəmiyyət üçün onu yüzillərlə irəli aparan çox möhtəşəm uğurdur...
Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanı vicdanlı, yorulmaq bilməyən, zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insanın timsalında bəşəriyyətin taleyinə nəzər salır. Müasir dövrün problemlərini, dünyanın sabahını canlandırmağa çalışır. Və Yer üzünün də, onun bitib-tükənməyən problemlərinin də fövqündən bəşəriyyətə belə bir ismarıc göndərir ki, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsi ən böyük qələbədir...
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti də bu həqiqətin qalibidir...
Və təkcə Azərbaycan xalqının, dövlətinin deyil, Yer üzündə eyni ali dəyərlərə can atan bütün insanların bu qələbəsini formalaşdırmış 15 illik zaman, əslində, elə əsrlərə bərabərdir...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-publisist
Azərbaycan.-
2018.- 13 oktyabr.- S.1; 3.