Sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyası

 

Tarixən seçki hüququ insan haqları uğrunda mübarizənin əsas hədəflərindən olmuş, insanlar gələcək müqəddəratları baxımından bu prosesə son dərəcə məsuliyyətlə yanaşmışlar.

Yaranmış əlverişli tarixi şəraitdə gələcək baxımından daha xeyirli olanı seçən xalqlar bununla həm də dünya miqyasında özünütəsdiq şansı qazanmış, etnos kimi nəyə qadir olduqlarını nümayiş etdirmişlər. Azərbaycan xalqının milli düşüncəsində də seçim anlayışı hər zaman məsuliyyətli, həyati əhəmiyyət kəsb edən məsələ kimi qərarlaşmışdır.

Siyasi varisliyin hüquqi əsasda təminatı məsələsi sabahına biganə olmayan hər bir dövlət, cəmiyyət üçün aktuallıq kəsb edir. Məsələnin mahiyyəti ölkənin və dövlətin sabit, dinamik inkişafının, siyasi, hüquqi və mənəvi varisliyin, dünya inkişafının müsbət tendensiyalarına uyğun proseslərin təkamül yolu ilə davam etdirilməsi xəttinin qorunmasından ibarətdir. Siyasi varisliyin uğurlu formulu, əslində, reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsi prinsipinə söykənir.

Müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirmişdir. 15 il əvvəl məhz həmin seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi tarixiləşmişdir.

Tarix sübuta yetirmişdir ki, hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini daim hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Azərbaycanın çağdaş siyasi tarixində yeni mərhələnin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkiləri xalqın öz taleyini hər zaman qəlbən inandığı, etibar etdiyi, sınaqdan çıxardığı siyasi qüvvəyə etibar etdiyini bir daha təsdiqləmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat olmuşdur. Məhz belə bir mərhələdə İlham Əliyev fenomeni bir tərəfdən ölkədə gedən ictimai-siyasi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyevin siyasi kursunun varisliyi axtarışında olan cəmiyyətin sosial sifarişi kimi Azərbaycan və dünya siyasətində önə çıxmışdır.

Həmin dövrdə ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin demokratik seçkilər yolu ilə bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni praqmatik liderə - cənab İlham Əliyevə ötürülməsini diktə edirdi. Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət ulu öndərin layiqli siyasi varisi olmaq üçün ilk növbədə xalqın dəstəyinə güvənirdi.

Azərbaycan cəmiyyətində son nəticə həmişə illüziyaları deyil, real göstəriciləri qiymətləndirir: ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Ulu öndərin zəngin dövlətçilik ənənələrini davam etdirmək üçün cənab İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynayırdı.

Ümummilli liderin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi müasir lider imicinə malik olması İlham Əliyevin ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında idi. ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri statusunda göstərdiyi əzmkar fəaliyyət cənab İlham Əliyevi cəmiyyətin nəzərində daha da ucaltmışdı.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, bir neçə xarici dildə sərbəst danışmaq vərdişinə yiyənməsi, elitar siyasi dairələrlə sıx təmasları, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı kimi yetişməsi, çağdaş Qərb liderlərinə xas imici İlham Əliyev fenomeninin cəmiyyət üçün cəlbediciliyini artıran əsas amillərdən idi.

Gənc liderin xarici siyasətin bütün sahələrində, o cümlədən cəmiyyət həyatı üçün mühüm əhəmiyyətə malik digər sferalarda üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməsi, siyasi proseslərə realist yanaşma tərzi, analitik təfəkkürə əsaslanan çıxışları ölkə hüdudlarından kənarda da böyük maraq doğururdu. Bütün bunların fonunda cənab İlham Əliyevin dövlətə rəhbərlik missiyasını üzərinə götürməsi obyektiv reallığın diktə etdiyi zərurət idi.

2003-cü ilin 4 avqustunda cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin yekdil razılığı ilə Baş nazir vəzifəsinə təyin edilməsi xalqın ona göstərdiyi böyük etimadın əyani təcəssümünə çevrildi. Baş nazir kimi hökumət üzvləri ilə keçirdiyi ilk iclasda cənab İlham Əliyev ilk növbədə insan amilini önə çəkərək bildirirdi ki, vətəndaşa həssas münasibət ölkədə həyata keçirilən siyasətin ən vacib istiqaməti olmalıdır. Cənab İlham Əliyev hökumət başçısı kimi 3 aylıq fəaliyyəti müddətində bu prinsipə sadiq qalaraq yüksək idarəçilik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqlədi.

İctimai maraqlardan çıxış edən ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində məhz bu meyarları əsas götürərək cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirir, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inamını ifadə edirdi. Müraciətin əvvəlində Azərbaycana rəhbərliyinin 34, müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin isə 10 ilinin tamam olduğunu nəzərə çatdıran ümummilli lider bu dövrün bütün varlığı qədər sevdiyi xalqına, dövlətinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmətdən ibarət olduğunu vurğulayırdı. Böyük öndər müraciətində əlavə edirdi ki, müstəqil dövlətimiz dünya ölkələrinin ən qabaqcıl təcrübəsindən və dəyərlərindən bəhrələnərək inkişaf edir.

Bütün bunların heç də asan başa gəlmədiyi müraciətdə xüsusi vurğulanır, ötən dövrdə həm daxildən, həm də xaricdən qaynaqlanan çoxsaylı təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının qarşısının alınması, çətinliklərin dəf edilməsi faktları nəzərə çatdırılırdı. Ulu öndər tarixi müraciətinin sonunda xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü ilin prezident seçkilərində qəti sözünü dedi. Xalqın xeyir-duası ilə prezident seçilən cənab İlham Əliyevin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” deməsi onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirirdi. Bu mərasimdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti beş il üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!

Statusundan, ictimai mövqeyindən asılı olmayaraq, hər bir insanın hansı ideyanın daşıyıcısı, hansı əməl sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada cənab İlham Əliyevin ötən 15 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən dövlət başçısı ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuş, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübut etmişdir.

Ötən dövrün reallıqları deməyə əsas verir ki, cənab İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.

2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı beşilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının "Niyə məhz İlham Əliyevə səs verməliyik” sualına cavabı da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr, 2013-cü ilin 9 oktyabr və nəhayət, 2018-ci ilin 11 aprel seçkilərində də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir.

Əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Vəd vermək mümkündür, lakin onu reallaşdırmamaq ən cəlbedici ideyaları da insanların gözündən salmaq demək olar. Bu mənada cənab İlham Əliyev ötən illərdə hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olduğunu təsdiqləmişdir. Dövlət başçısının müdrik rəhbərliyi ilə cəmi 15 ildə həyata keçirilən islahatların - miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Fəqət öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Ötən 15 ilin bəzi mühüm yenilikləri fonunda bunu aydın görmək mümkündür. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum, TANAP qaz kəmərləri istifadəyə verilmiş, "Ümid”, "Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılmış, respublikamız orbitə 3 peyk buraxmış, ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir.

Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmiş, respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 15 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 15 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Son illlər bu məqsədlə cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - Quba-Şamaxı yolunun inşasına başlanılmışdır. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgini və rəğbətini daha da artırır.

Ötən 15 ildə vəzifəli şəxslərə etimadı onların xalqa xidmətinə nəzərən müəyyənləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev eyni zamanda dövlət-vətəndaş münasibətlərindəki ziddiyyətləri, psixoloji səddi aradan götürməyi bacarmışdır. Müntəzəm olaraq yerlərdə sıravi vətənlaşlarla görüşmüş, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxmışdır.

Hər bir dövlətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Şübhəsiz, sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün deyildir. Bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycanın dövlət siyasətinin strateji hədəflərindəndir. Ölkədə və regionda, ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı komandasının bu çağırışlara hazır olmasını vacib sayır.

Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını təmin etmək və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir. Eyni zamanda son prezident seçkilərindən dərhal sonra dövlət başçısının həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Hazırkı məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir.

Son prezident seçkilərində xalqımızın böyük dəstəyi ilə növbəti dəfə inamlı qələbə qazanmış cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimində demişdir: "Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”.

Ötən 15 ildə əldə olunan uğurları ilk növbədə ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqramlar qəbul edilmişdir.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir: ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 45 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 225 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Son 3 ildə iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, onların mülkiyyət və digər konstitusion hüquqlarının qorunması, ölkədəki investisiya mühitinin sağlamlaşdırılması, əsassız yoxlamalara, inhisarçılıq meyillərinə qarşı mübarizənin gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, habelə sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu mərhələdə imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır. Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir.

Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş 2015-ci il 20 oktyabr tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılmışdır. Bu addım qlobal böhran dövründə sahibkarların üzləşdiyi problemlərin həlli, onların fəaliyyətinin dəstəklənməsi baxımından prinsipial siyasi iradə nümayişi hesab olunur.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında 2017-ci ilin dekabrında Milli Məclisdə qəbul olunmuş qanunla sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilədək uzadılmışdır. Bu müddətdə yalnız vergi yoxlamalarının, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən yoxlamaların aparılması mümkündür. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

Xarici ticarətdə müsbət saldonun təmin edilməsi ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri ilə də sıx şəkildə bağlıdır. "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geriödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulmuşdur.

Ölkə rəhbərinin 1 mart 2016-cı il tarixli "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illər institusional baxımdan torpaq və aqrar islahatların uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvidir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin, baramaçılığın və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır.

Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədilə "Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş iqtisadi siyasət - quşçuluq və heyvandarlıq komplekslərinin, bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticələrini verir, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olur.

Bütün bunlar Azərbaycanın dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrdə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir. Dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında neft amilindən asılılığın tamamilə azaldılmasının ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu vurğulamışdır: "Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə ciddi təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin”.

Nazirlər Kabinetinin dövlət başçısının iştirakı ilə 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası deməyə əsas verir ki, Azərbaycan böhran mərhələsini adlayaraq dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır. Ötən 9 ayda iqtisadi sahədə islahatların dərinləşdirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artmışdır.

Bütün bunların nəticəsi olaraq "Doing Business” hesabatına əsasən Azərbaycan 2018-ci ildə 190 ölkə arasında 57-ci pillədə, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətədavamlılıq” hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. Eyni zamanda respublikamız "Siyasətçilərə ictimai etimad” adlanan indikator üzrə dünyada 20-ci pilləyə yüksəlmişdir və bu da xalqın iqtidara böyük etimadını səciyyələndirən mühüm göstəricidir.

Ötən illərdə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın layiqli vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi ölkədə milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Milli birliyə yönəlmiş bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.

Bu gün Azərbaycan demokratiyanı həm də tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək milli inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

2003-cü ilin 15 oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda həmin fikrin qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyənləşdirdiyi strategiyanı ötən 15 ildə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. İnanırıq ki, cəmiyyətdə mütləq çoxluğun alternativsiz lider olaraq qəbul etdiyi cənab İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri bundan sonra da inamla gerçəkləşdirəcək, Azərbaycan yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevriləcəkdir.

 

Qüdrət KƏRİMOV,

"Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2018.- 13 oktyabr.- S.1; 4.