Bakıda XII Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

 

"Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi 12 ölkədən 130-dan çox iştirakçını bir araya gətirib

 

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers” ("CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin ("Education 2018”) açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində aliorta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, "Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrinə aid istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.

Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlardan 2090-ı müəllimlik ixtisasını seçib.

"Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, iştirakçılar sərgi ilə tanış olublar.

Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə iştirakçılara "Məktəbəhazırlıq”, "Olimpiadalara hazırlıq mərkəzi”, "Peşə Təhsili üzrə Dövlət Agentliyi”, "Təhsil” Respublika İdman Mərkəzi”, "Uşaq-Gənclər İnkişaf Mərkəzi”, "SABAH qrupları”, "İçərişəhər ənənəvi incəsənət mərkəzi”, "Sağlam təhsil-sağlam millət”, "Maarifçi” Tələbə Kredit Fondu”, "Məktəblinin dostu”, "Modul tipli məktəblər”, "İT STEP”, "Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

"Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Üç gün davam edəcək XII Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.

 

Azərbaycan.- 2018.-13 oktyabr.- S.6.