Hər bir azərbaycanlının Prezidenti
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan möhtəşəm inkişaf və quruculuq dövrünün 15-ci ili tamam olur. 2003-cü ilin prezident seçkilərində xalqımız ulu öndərin ən layiqli siyasi davamçısı cənab İlham Əliyevə etimad göstərməklə etibarlı gələcəyinə, daha güclü Azərbaycana və yüksəlişə səs verdi.
Ümummilli etimad
ünvanı
Səttar
MÖHBALIYEV,
Milli Məclisin
deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri:
- 15 oktyabr 2003-cü il.
Bu təqvim həm Cənubi Qafqazın ən
böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasının, həm də müasir Azərbaycanın
dövlətçilik tarixinin şanlı səhifələrindən
biri kimi yaddaşlara yazılıb. Həmin gün
ölkədə Prezident postuna azad, ədalətli və şəffaf
şəkildə keçirilən 5-ci rəsmi seçkilərdə
YAP-ın namizədi cənab
İlham Əliyev
seçicilərin 2 milyon 438 min 787 nəfərinin
etimadını qazanaraq Azərbaycanın dövlət
başçısı seçilib.
Bu, ilk növbədə,
xalqın müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli
lider Heydər Əliyevə olan inamının göstəricisi
idi. Çünki dahi şəxsiyyət seçkilərdən
öncə xalqa müraciət edərək "O, yüksək
intellektli, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” dedikdə,
özünün alternativsiz siyasi kursunu davam etdirə biləcək
ünvanı göstərmişdi. Ulu
öndər tam əmin idi ki, müstəqil Azərbaycanın
işıqlı gələcəyi üçün məyyənləşdirdiyi
inkişaf konsepsiyasını məhz cənab İlham
Əliyev uğurla davam etdirərək reallığa
çevirə bilər.
Belə bir şəxsiyyətin
respublikamıza rəhbər seçilməsi dünyanın tərəqqipərvər,
sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində
yaşamağa üstünlük verən bütün mütərəqqi
qüvvələri tərəfindən həm Azərbaycanda,
həm də regionda ictimai-siyasi proseslərin məntiqindən
doğan labüd hadisə kimi qarşılandı.
Bu gün Azərbaycan
xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət
özünün qurub-yaratdığı şah əsəri
olan müstəqil respublikamızın taleyini öz məktəbinin
layiqli davamçısı cənab İlham Əliyevə əmanət
edib. Heydər Əliyev dühasından bəhrələnərək
onun siyasi kursunu 15 ildir ki, ləyaqətlə davam etdirən cənab
İlham Əliyevin dövlətçilik bacarığı və
rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil
Azərbaycan dünyada qüdrətli dövlət kimi
tanınır. Möhtərəm Prezident İlham
Əliyev 15 il ərzində ulu öndərin
müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla
icra edərək Azərbaycanı tarixinin ən qüdrətli
dövlətinə çevirib.
Ötən dövr Azərbaycanda
bütün istiqamətlərdə böyük
inkişafın müşahidə edilməsi, ölkəmizin
bölgədə və dünyada mövqelərini gücləndirməsi
ilə müşahidə olunur. Müstəqilliyimizin
və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin,
vətəndaş həmrəyliyinin bərqərar
olmasının təməlində isə Azərbaycan dövlətinin
milli maraqlarının qorunması dayanır.
Son 15 il ərzində
Prezident İlham Əliyevin yürütdüyü siyasət
Azərbaycanın müttəfiqlərinin və
dostlarının sayını artırıb, ölkəmizin
beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.
Bu gün regional təşəbbüslər Azərbaycanın
möhkəmlənməsinə, həm də bölgədəki
əməkdaşlığın inkişafına xidmət
edir.
Azərbaycan Prezidentinin
yürütdüyü uğurlu xarici siyasət nəticəsində
ölkəmiz BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçildi, dünyada nüfuzu artdı,
beynəlxalq təşkilatlar Ermənistanı
işğalçı dövlət kimi tanıdı. Azərbaycan
Prezidentinin bu məsələdəki birmənalı
mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan
ayrılmaq mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində Ermənistanın
apardığı etnik təmizləmə və işğal
siyasəti nəticəsində doğma torpaqlarından qovulan
bir milyon insanın həyat şəraitinin
yaxşılaşdırılması, yeni qəsəbələrin
salınması diqqətdə saxlanıldı.
Azərbaycanda ordu
quruculuğu istiqamətində həyata keçirilən tədbirlər,
Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin
artırılması ilə bağlı görülən
işlər Dağlıq Qarabağın Azərbaycandan
qoparılması ilə bağlı bəzi dairələrdə
yaranan əminliyi darmadağın etdi, xalqımızı
ordumuzun etibarına inandırdı. Azərbaycanda
güclü müdafiə sənayesi quruldu.
Bu dövrdə Azərbaycanın
iqtisadi uğurları daha da böyüdü. İqtisadi
nailiyyətləri ilə hər zaman diqqət mərkəzində
olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana
qoyulan sərmayələrin həcmi artdı, güclü
sahibkarlıq sinfi yarandı. 2003-cü ildə
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi
1,8 milyard dollar valyuta ehtiyatlarına sahib
idi. Ancaq bu gün həmin rəqəm 26,6
faiz artaraq 45 milyard dollara yüksəlib. Azərbaycan
iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb.
Bunun böyük hissəsi xarici sərmayədir.
Yəni, Azərbaycanda yaradılan biznes və
investisiya mühiti hər zaman xarici sərmayədarların
diqqətini cəlb edib.
Son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artması isə dövlət
başçısının söylədiyi kimi rekord göstəricidir.
Bu, onu təsdiq edir ki, son 15 ildə iqtisadi cəhətdən
Azərbaycan qədər inkişaf edən ikinci ölkə
yoxdur. Bütün bunların sayəsində
respublikanın bölgələrində inkişaf prosesləri
sürətləndi, kənd təsərrüfatının
müxtəlif sahələri ilə bağlı konkret
proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi
aşağı düşdü, Azərbaycanda 1 milyon 600 mindən
çox yeni iş yeri açıldı.
Ölkədə qeyri-neft
sektorunun inkişafı neft strategiyasının məntiqi
davamı oldu.
Güclü iqtisadiyyatın hər bir ölkənin
inkişafında mühüm amil olduğunu bəyan edən
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında
qeyri-neft sektorunun çəkisinin artırılması ilə
bağlı tədbirlər gördü. Yüzlərlə
səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin
inşası səhiyyə sisteminin inkişafını
göstərdi. Ölkədə minlərlə
məktəb tikildi, təhsil müəssisələrinin
maddi-texniki bazası gücləndirildi. Azərbaycanda
nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin
dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə
uğurlu enerji siyasəti dayandı.
Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub
qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının fəaliyyətə başlaması,
"Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri,
ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin
icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə
də logistik mərkəzinə çevirdi.
Əgər 1994-cü ildə ulu
öndər Heydər Əliyev Azərbaycanın iqtisadi
inkişafının təməl daşı hesab olunan
"Əsrin müqaviləsi”ni
reallaşdırdısa, 23 il sonra, 2017-ci ilin sentyabrın 14-də
cənab İlham Əliyev bu müqavilənin 2049-cu ilə
kimi uzadılması ilə bağlı yeni "Əsrin
müqaviləsi”nin imzalanmasına nail oldu.
Əgər 1971-ci ildə ölkəmizdə
1 milyard ton neft hasil olunması ilə bağlı tədbiri
ulu öndər Heydər Əliyev keçirmişdirsə, 46 il sonra 2017-ci ildə 2 milyard ton neftin
hasilatı ilə əlaqədar mərasimi Prezident İlham
Əliyev təşkil etdi.
Bu tarixi reallıqlar bir daha təsdiq
edir ki, dövlət başçısı 15 il
müddətində yürütdüyü tam müstəqil
siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli
dövlətinə çevirib.
Liderlik rəmzi
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı
- Azərbaycanın yüksəlişini,
beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən
ulu öndər Heydər Əliyevin xalqımız və
dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri
hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən
böyük işlərin, onun həyata keçirdiyi
xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir
ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə
yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi
üçün bütün təminatları
yaratmışdır. Azərbaycanın
indiki sürətli yüksəlişinin təməlində məhz
Heydər Əliyevin müəyyən etdiyi inkişaf
strategiyası dayanır.
Dahi şəxsiyyət
yalnız Azərbaycanın davamlı inkişaf
strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənmədi,
bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatik və
rasional təfəkkürlü, xalqını, dövlətini
sevən, yüksək idarəçilik keyfiyyətlərinə
malik siyasi davamçı və lider yetişdirdi. Ölkəmizin strateji
inkişaf kursunu yeni dövrün tələblərinə
uyğun şəkildə, yüksək dinamizmlə həyata
keçirən Prezident İlham Əliyev fəaliyyəti və
verdiyi vədləri əməli işi ilə doğrultmaqla
ulu öndər Heydər Əliyevin ən layiqli siyasi
davamçısı olduğunu sübuta yetirdi, milli ideyalara
sadiqliyin mükəmməl nümunəsini yaratdı.
Azərbaycan xalqı ilk dəfə
2003-cü ildə cənab İlham Əliyevə səs verməklə
Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və
firavan yaşayışının etibarlı şəkildə
təmin edilməsinə dəstək verdi.
Cənab İlham Əliyevin ölkəmizə ilk dəfə
prezident seçilməsindən 15 il
ötür.
15 il dövlət
üçün elə də uzun zaman kəsiyi deyil. Amma Azərbaycanın bu dövrdə
qazandığı möhtəşəm nailiyyətlər,
sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin
artması, regionun lider dövlətinə və
dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilməsi ölkəmizin sanki onilliklərə
bərabər inkişaf yolu keçdiyini düşünməyə
əsas verir. Və bunların
hamısı ilk növbədə, onu təsdiqləyir ki,
müasir Azərbaycanın qurucusu ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan ölkəmizin
inkişafına və modernləşdirilməsinə hədəflənmiş
siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə
layiqincə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən
düşünülmüş, təmkinli, lakin çevik və
qətiyyətli, uzaqgörən siyasət nəticəsində
ölkəmiz olduqca mühüm iqtisadi və sosial uğurlara
nail olub. Azərbaycan
hələ 9 il əvvəl keçid
dövrünü uğurla başa vurub, qlobal maliyyə
böhranlarını qısa müddətdə inkişafla əvəzləyib.
Bu mənada Prezident İlham Əliyev çox
qısa müddətdə ölkənin inkişafı istiqamətində
çoxşaxəli islahatlar həyata keçirməklə
Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə
yazılan uğurların müəllifidir. Belə ki, respublikamız müsbət iqtisadi
göstəriciləri ilə yanaşı, həm də siyasi
baxımdan sabit ölkə, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında etibarlı tərəfdaş, qlobal
enerji və nəqliyyat layihələrinin
iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən
başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin,
"Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə
qədər bütün möhtəşəm uğurlarımızın
müəllifi Prezident İlham Əliyevdir.
Dövlət
başçısının düşünülmüş,
məqsədyönlü fəaliyyəti ölkəmizdə
milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın
regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına
gətirib çıxarıb. Bu siyasət həm də
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsini, kosmik klubun üzvünə və
beynəlxalq tədbirlərin məkanına çevrilməsini
təmin edib. Beləliklə, Prezident
İlham Əliyev ölkəmizin inkişafı ilə
yanaşı, həm də dünya birliyində onun mövqelərini
davamlı şəkildə gücləndirib. Odur ki, fəaliyyəti
ilə cəmiyyətimizdən daim dəstək alan, müasir qloballaşma dövründə
istənilən məsələ üzrə Azərbaycanın
milli maraqlarının sadiq təminatçısı kimi
çıxış edən Prezident İlham Əliyev ulu
öndərin layiqli davamçısı olaraq beynəlxalq
miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Bu mənada fəxarət doğuran məqamlardan biri
də Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə
və məqsədyönlü,
düşünülmüş siyasi iradəyə malik lider
kimi qəbul olunmasıdır. Qətiyyəti,
diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri
cərgəsinə çıxarıb. Ona
görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu
gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur.
Təsadüfi deyil ki, dövlət
başçısının hadisələrə
baxışı, münasibəti hər bir beynəlxalq tədbirin
diqqətlə izlənilən məqamlarındandır.
2003-2018-ci illərin reallıqları
həm də onu deməyə əsas verir ki, Prezident İlham
Əliyev hər bir mərhələdə hökumətin
qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin
durduğunu aydın təsəvvür edir və onların həlli
üçün konkret planlara, proqramlara, mobil, peşəkar,
yüksək iş qabiliyyətli komandaya malikdir.
Ölkəmizdə əldə
edilən hər bir uğur vətəndaşların Prezident
İlham Əliyevə olan etimadını daha da
artırıb, milli həmrəyliyi daha sıx edib. İndiyədək
keçirilmiş bütün yerli və xarici rəy
sorğularının nəticələri Prezident İlham
Əliyevin yüksək reytinqini sübuta yetirib. Bunun da əsas səbəbi cənab Prezidentin məqsədyönlü
fəaliyyəti və bu fəaliyyətin xalq tərəfindən
böyük razılıq və minnətdarlıqla
qarşılanmasıdır. Təsadüfi
deyil ki, ötən hər prezident seçkisi seçicilərin
mütləq əksəriyyətinin öz səslərini cənab
İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı
olmasını arzulayan Azərbaycan xalqı hər dəfə
seçkilərdə İlham Əliyevə dəstəyini
nümayiş etdirib. Bu dəstək Azərbaycan
cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin
əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin
istək və arzusunu özündə əks etdirib. Bundan irəli gələrək bütün parlament
seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri
üstünlük qazanıblar.
Azərbaycan dövləti və
xalqımız Prezident İlham Əliyevin rəhbərliyi
altında gələcəyə, inkişafa doğru məhz
Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla
irəliləməkdədir. Ötən 15 ilin
siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan
Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi kursunun
varisliyini təmin edə biləcək alternativsiz siyasi
liderdir. Prezident İlham Əliyev ulu öndərin
siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın
inkişaf strategiyasını uğurla həyata keçirməklə,
müstəqilliyimizi möhkəmləndirməklə,
dövlətçiliyimizi qüdrətləndirməklə
Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf
etdirir, ölkəmizi əzm və inamla aydın sabahlara
aparır.
Azərbaycanın
iqtisadi müstəqilliyini təmin edən rəhbər
Tahir
MİRKİŞİLİ,
Milli Məclisin
deputatı:
- Prezident İlham Əliyevin Azərbaycana
rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm
iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu
dövrdə ümumi daxili məhsul 3,2 dəfə,
büdcə gəlirləri 13,5 dəfə
artmışdır. Ölkənin strateji valyuta
ehtiyatları 26.6 dəfə artmış, maliyyə
imkanlarımız əsaslı şəkildə
yaxşılaşmışdır. Müqayisə edilən
illərdə xarici ticarət dövriyyəsi 4,6
dəfə, ixracın həcmi 6 dəfə
artmışdır. Regionlarda ümumi məhsul
buraxılışının artımı 3,6
dəfəyə bərabər olmuşdur.
Əldə olunan nailiyyətlər
ölkədə sistemli şəkildə həyata
keçirilən islahatlar nəticəsində iqtisadi
inkişaf modelinin təkmilləşdirilməsi, biznes və
investisiya mühitinin yaxşılaşdırılması,
kiçik və orta sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi sayəsində
mümkün olmuşdur.
Azərbaycan vətəndaşı,
onun sosial qayğıları, rifahı,
sağlamlığı və təhlükəsizliyinin təmin
olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial
rifah halının yaxşılaşdırılması və
həyat səviyyəsinin yüksəldilməsi, əmək
məhsuldarlığının artırılması və məşğulluğunun
təmin edilməsi, yoxsulluq dərəcəsinin
aşağı salınması istiqamətlərində əhatəli
kompleks tədbirlər həyata keçirilmişdir. Əhalinin nominal gəlirləri
8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə
səfər edən vətəndaşların sayı 2,2 dəfə,
əhalinin banklardakı əmanəti 30 dəfə
artmışdır. Hər 100 ailəyə 53 avtomobil
düşür, 1 958 400 yeni iş yeri
açılmış, 326.6 min nəfərə
ünvanlı dövlət sosial yardımı verilmişdir.
İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə,
yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə
enmiş, 245 min nəfər məcburi köçkün mənzillə
təmin olunmuşdur.
Əhalinin sosial müdafiəsinin
güclənməsinə səbəb olan mühüm sosial
layihələr reallaşdırılmış, yeni sosial
obyektlərin tikintisi istiqamətində əhəmiyyətli
işlər görülmüşdür.
Güclü sosial siyasətin
həyata keçirilməsi əhalinin keyfiyyətli və
etibarlı sosial qayğı ilə əhatə olunmasına
imkan yaratmış, sosial müdafiəyə daha çox
ehtiyacı olan hissəsinə xüsusi diqqət gücləndirilmişdir.
Paytaxtdakı və regionlardakı
iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin
və iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin
xeyli aşağı salınmasına, insanların layiqli
yaşayışının təmin edilməsinə səbəb
olmuşdur.
Azərbaycanda həyata
keçirilən dövlət siyasətinin ən mühüm
üstünlüklərindən biri ölkəmizdə həyata
keçirilən çoxşaxəli islahatların dərin
konseptual əsaslar və hər sahədə dinamik
inkişafı təmin edən konkret proqramlarla dəstəklənməsidir. "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”
və "Azərbaycan 2020: gələcəyə
baxış inkişaf konsepsiysı”nın postneft
dövrünün yeni çağırışlarına
uyğun hədəflərin reallaşdırılmasında,
informasiya-kommunikasiya sektorunun inkişafında, müasir
innovasiyaların tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsində
İKT-nin rolunun əsaslı şəkildə
artırılmasında mühüm rolu olmuşdur.
15 il ərzində
Azərbaycan qlobal rəqabətlilik indeksində
dünyadakı mövqeyini xeyli gücləndirmiş,
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda 35-ci pillədə qərarlaşmış və
MDB məkanında liderliyini qoruyub saxlamışdır. Azərbaycan dünyada ən çox islahat aparan 10
ölkədən biri kimi tanınmışdır. Həmçinin ölkəmiz innovasiya potensialına
görə dünyada 44-cü, dövlət orqanlarında
İKT-nin tətbiqi üzrə 14-cü olmuşdur. Ölkə ərazisində internetin tətbiqi
genişləndirilmiş və internet istifadəçiləri
əhalinin 78 faizini təşkil etmişdir. İKT
sektorunun iqtisadiyyatda payı 3,7 dəfə
artmışdır. Azərbaycan kosmik ölkələr
sırasına daxil olmuşdur.
Bu uğurlu missiya bu gün də
davam edir. Dərin iqtisadi islahatlar nəticəsində Azərbaycan
müasir dünyanın çağırışlarına
daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir.
Dövlət başçısının Azərbaycan vətəndaşlarının
təhlükəsizliyinin, rifah halının daim
yaxşılaşmasına yönələn yorulmaz fəaliyyəti
hər keçən il öz müsbət
nəticələrini daha çox göstərir.
Azərbaycan.- 2018.- 14 oktyabr.- S.7.