XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb
Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2018”) oktyabrın 13-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə 12 ölkədən 130-dan çox iştirakçı qatılıb. Tədbirdə ayrı-ayrı ölkələri təmsil edən universitetlər haqqında ətraflı məlumat verilib, şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıqlar təqdim ediblər.
Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunub. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil - sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz-Təhsil TV” və digər stendlər təqdim edilib.
Sərgidə ölkəmizin ali təhsil müəssisələri uğurla iştirak ediblər. Tədbirdə ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti və digər ali məktəblərimiz öz stendləri ilə təmsil olunublar. “Education 2018” sərgisinin “Xaricdə təhsil” sektorunda Rusiya, Türkiyə, Gürcüstan, Latviya və digər ölkələrin təmsilçiləri öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim ediblər.
Beynəlxalq sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr təşkil olunub. Habelə “Rusiya Federasiyasında xarici vətəndaşların təhsil imkanları və üstünlükləri" və digər mövzularda seminarlar keçirilib, hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkanlar yaradılıb.
Qeyd edək
ki, sərgi Təhsil Nazirliyinin
dəstəyi, “Caspian Event
Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı
ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib
Azərbaycan.-
2018.-14 oktyabr.- S.9.