İlham Əliyevin 15 illik “hücumçu
diplomatiyası”nın Ermənistan üçün nəticələri:
Sosial-iqtisadi böhran, siyasi xaos və hərbi məğlubiyyət
Azərbaycan Prezidentinin düşünülmüş,
prinsipial, ardıcıl siyasəti Ermənistanın təcridini
tam başa çatdırıb və onun dövlətçiliyini
əsaslı şəkildə zəiflədib
Cari ilin ötən dövrünə nəzər saldıqda işğalçı Ermənistanda müşahidə olunan əsas məqamlar ictimai-siyasi müstəvidə gərginliyin daha da artması, sosial-iqtisadi sahədə vəziyyətin əvvəlki dövrlərə nisbətən xeyli pisləşməsidir.
Bütün bunlar bu ilin may ayında Ermənistanda separatçı rejimin hakimiyyətdən devrilməsi, kənar qüvvələrin əlində sadəcə vasitə olan Nikol Paşinyanın iqtidara gəlməsinə səbəb oldu. Lakin bu hakimiyyət dəyişiklyi də Ermənistanda gərgin ictimai-siyasi, ağır sosial-iqtisadi vəziyyətin sona çatmasına səbəb olmadı.
Bunun ümdə səbəbi Ermənistanın işğal siyasətini davam etdirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı işğalçı dövləti təcrid vəziyyətinə salmasıdır. Əslində Ermənistanda hərbi xuntanın devrilməsinin başlıca səbəbi də məhz Azərbaycanın bu ölkəyə qarşı atdığı addımlardan qaynaqlanır.
Xalq hərbi xuntanı devirdi
Xatırladaq ki, cari ilin aprelində Ermənistanda günlərlə davam edən xalq üsyanı, nəhayət, öz nəticəsini verdi. Əvvəllər hakimiyyət kürsüsündən bərk yapışan, buna görə hətta ölkənin konstitusiyasını dəyişən Serj Sarkisyan sonda yaşanan etirazlara davam gətirməyərək vəzifəsini tərk etdi.
Öncə etirazların az müddət keçdikdən sonra səngiyəcəyini, repressiv metodlarla rəqiblərini sıradan çıxaracağını düşünsə də, Sarkisyan bu dəfə yanlışlığa yol verdi. Xalq bu canidən yaxasını qurtardı. Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu.
Bunun reseptini Prezident İlham Əliyev həmişə söyləyirdi. Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.
İlham Əliyevin diplomatik gedişləri
qarşısında Sarkisyan tab gətirə bilmədi
Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, onun sabiq baş naziri Serj Sarkisyanı, şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Prezident İlham Əliyevin siyasəti sayəsində Sarkisyan və onun hazırkı sələfi Paşinyan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir.
İşğalçı ölkədə açıq bəyan edilirdi ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında Serj Sarkisyan iqtidarı duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində erməni tərəfi getdikcə daha zəif duruma düşürdü. Elə bu səbəbdəndir ki, Ermənistanda Prezident İlham Əliyevin siyasi və diplomatik gedişlərinin rəsmi Yerevanı daha çıxılmaz vəziyyətə saldığına dair etiraflara indi daha çox rast gəlmək mümkündür.
Ermənilər həm də onu gördülər ki, Azərbaycanda vəziyyət tamam fərqlidir və bu ölkənin lideri güclü mövqe sahibi kimi Dağlıq Qarabağ danışıqlarında şərtləri diktə edən əsas tərəfdir. Bu da ermənilərdə o fikri möhkəmləndirdi ki, Prezident İlham Əliyevin yaratdığı güclü dövlət, uğurlu siyasəti Serj Sarkisyanı daha çətin vəziyyətdə qoyub. Bu durum həm də liderlərin siyasətinə qiymət vermək baxımından da çox önəmlidir. Digər tərəfdən, bir həqiqət də aydın şəkildə anlaşılır ki, Ermənistanın danışıqlar prosesində illərdir nümayiş etdirdiyi destruktiv mövqenin sonu yoxdur. Çünki bu hal müharibəni yenidən alovlandıra bilər.
Müharibənin nə ilə nəticələnəcəyini isə ermənilər, o cümlədən də Serj Sarkisyan Aprel döyüşlərində çox yaxşı gördü. Bilindi ki, Azərbaycan Prezidenti ötən illər ərzində müasir, döyüş qabiliyyəti yüksək olan ordu yarada bilib, Ermənistanda isə bunun tam əksi baş verib, bu ölkədə silahlı qüvvələr adına heç nə qalmayıb.
Ermənistanın xilası Azərbaycanın əlindədir
Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqisi Azərbaycanı artıq siyasi, iqtisadi cəhətdən nəinki regionda, daha böyük məkanda aparıcı ölkəyə çevirib.
Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Bütün bunların əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasi kurs dayanır. Elə bundan irəli gəlir ki, qarşıdakı dövr ərzində də Azərbaycanı daha böyük uğurların gözləməsinə ekspertlər tam əminliklə yanaşırlar.
Ölkəmizdə əldə
edilən bu uğurlar fonunda isə işğalçı Ermənistana
nəzər saldıqda tamam əks mənzərə
müşahidə olunur. Bunun ümdə səbəblərindən
biri isə işğal siyasətinə görə Azərbaycanın
Ermənistanı təcrid vəziyyətinə
salmasıdır. Məsələnin bu tərəfinə
toxunan Prezident İlham Əliyev qeyd edib: "Bu müsbət
fonda baxın görün Ermənistanda nələr baş
verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən,
oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim
dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə
dəfə ən mötəbər kürsülərdən,
BMT kürsüsündən Ermənistanın əvvəlki
hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir,
indi bunu erməni xalqı deyir. Demişdim ki, bu,
korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni
xalqı deyir. Demişdim ki, bu rejim öz
xalqının qanını içir. Bu
gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan
rejimi, əslində, Ermənistanın dövlətçiliyinin
iflasıdır. Çünki əgər müstəqilliyinin
26 ilində, onun 20 ili bu hakimiyyət
altında keçmişdisə, onda bu dövlətin hansı
müsbət cəhətləri var?! Ermənistan
uğursuz dövlətdir. Ermənistan
dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların
generalları oğrulardır, onların ordusu oğru ordusudur.
Bunu indi Ermənistan xalqı görür və
Ermənistan hakimiyyəti deyir”.
Dövlət başçısı
bildirib ki, haqq-ədalət öz yerini tapıb və 20 il Ermənistana rəhbərlik etmiş
oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən
qovulub: "Deyə bilərəm ki, bu rejimin çökməsində
bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm,
bunu biz, necə deyərlər, öz adımıza
çıxmaq istəmirik. Ancaq o da həqiqətdir
ki, bizim apardığımız siyasət nəticəsində
Ermənistan onlara gəlir gətirə biləcək
bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi
uğurla aparmışıq və heç kimdən çəkinmədən
mən bu barədə dəfələrlə Azərbaycan
ictimaiyyətinə və xarici tərəfdaşlarıma
demişəm. Nə qədər ki
torpaqlarımız işğal altındadır, biz Ermənistana
qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi
iflasa uğradı. Ermənistanın
iqtisadi perspektivləri, demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən
çətin ki tapılsın. Bu ölkənin
demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə
demişəm ki, Ermənistandan hər il
minimum 50-60 min insan köç edir. İndi bunu
yeni hökumət təsdiqləyir. Yəni
bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı
bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə
inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhvali-ruhiyyəsi
də yaxşı səviyyədə olmaz”.
Aydındır ki,
işğal siyasətinə son qoymayacağı təqdirdə
qarşıdakı dövr ərzində Ermənistanı daha
böyük problemlər gözləyir. Azərbaycan həm
iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən
Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində
yeni qlobal enerji və nəqliyyat layihələrinə start
verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə
bilib.
Bu fonda, Prezident
İlham Əliyevin də dediyi kimi, Ermənistanı tərk
edənlərin sayı sürətlə artır. İndi bu ölkədə görülən
bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin
sayı sürətlə azalmaqda davam edir, xaricə
köçənlər durmadan artır. Əhalinin
artım səviyyəsinin get-gedə aşağı
düşməsi isə erməni sosioloqlarının hakimiyyətə
ünvanlanmış xəbərdarlıqlarının
çoxalmasına səbəb olub. Ancaq
real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik
böhran yaşadığını, bu problemin həlli
perspektivinin olmadığını göstərir.
Ermənistanda bu sahədə
araşdırma aparan yerli və beynəlxalq təşkilatlar
da hesab edirlər ki, proseslərin real gedişi sözügedən
ölkədə insan resursunun sürətlə tükəndiyini
meydana çıxarır. Bununla yanaşı,
Ermənistan iqtisadiyyatında miqyası hər gün
genişlənməkdə olan tənəzzül ölkənin
xaricdən asılılığını daha da
artırır. Eyni zamanda, Ermənistanın
xaricdən götürdüyü borcların miqdarı
sürətlə artır. Bunun nəticəsində
işğalçı ölkənin xaricdən maliyyə,
iqtisadi, siyasi asılılığı getdikcə daha da
güclənir. Belə şəraitdə
Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi
böyük sual altındadır.
Ekspertlər qeyd edir ki,
hazırda Ermənistanda baş verənlər ölkənin
sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam
edən tənəzzülün nəticəsidir. Faktiki olaraq
işğalçı ölkədə yaranmış iqtisadi
böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik,
baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi
bu ölkəni sürətlə çökdürür.
İstər köhnə, istərsə də
yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və
reallıqdan uzaq işğalçılıq siyasətinə
görədir ki, ölkənin qonşu dövlətlərlə,
xüsusilə Azərbaycan və Türkiyə ilə
münasibətlərinin
yaxşılaşdırılmasında heç bir irəliləyiş
hiss olunmur.
Halbuki Ermənistanın bir
dövlət kimi var olması birbaşa işğal siyasətinə
son qoyulmasından asılıdır. Əks təqdirdə
Ermənistanın tənəzzülü daha sürətli
xarakter alacaq.
İşğala
son qoyulmasa, Ermənistanın iflası qaçılmazdır
Deyilənlərdən
çox aydın görünür ki, bu gün
işğalçı Ermənistanın dövlət olaraq
mövcudluğunu davam etdirməsi, inkişafı onun Azərbaycanla
normal münasibətlər qurmasından keçir. Düşmən bilir ki, Azərbaycan
ərazilərinin işğalına son qoyulmayana qədər
düşdüyü iflas bataqlığından xilas ola bilməyəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti
İlham Əliyev göstərilən xüsusda bildirib:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi yalnız beynəlxalq norma
və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi
torpağımızdır, biz bunu, bu həqiqətləri
bütün dünyaya çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan
xalqına məxsus olması artıq heç kimdə
şübhə doğurmur. Hüquqi
nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın
ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda
mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm
ki, tanımayacaq. Bu amillər, həm tarixi
faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq
təşkilatların qərar və qətnamələri nəinki
bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin
həli üçün əsas yaradır, hüquqi baza
yaradır və biz yorulmaz fəaliyyət nəticəsində
buna nail olmuşuq. Əminəm ki, biz
ardıcıl siyasət aparmaqla istədiyimizə nail
olacağıq, ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”.
Dövlət
başçısının bildirdiyi kimi, münaqişənin
yeganə həlli yolu Azərbaycanın işğal altında
olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi
bütövlüyünün bərpası, qaçqın və
məcburi köçkünlərimizin öz yurd-yuvalarına
qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və
tarixi ədalətə söykənən bu mövqeyi
bütün dünya ictimaiyyəti tərəfindən qəbul
olunur və dəstəklənir.
Ermənilərin isə buna
müqavimət imkanları getdikcə daha zəif hala gəlir. Digər tərəfdən,
düşmən görür ki, Azərbaycanın artan hərbi-siyasi
gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi
yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə
ölkəmizin xeyrinə dəyişib. Bu
isə Qarabağ probleminin həllində şərtləri məhz
Azərbaycanın diktə etməsinə şərait
yaradır.
Aclıq və səfalət
içərisində yaşayan Ermənistan cəmiyyəti
görür ki, bu durumda Azərbaycanın torpaqlarını
uzun müddət işğal altında saxlaya bilməz. Prezident
İlham Əliyev məhz bu reallıqlardan
çıxış edərək Ermənistanın yeni
hakimiyyətinə çağırış edib.
Ermənilər görür
ki, işğal faktoru üzərindən yürüdülən
militarist siyasət, qonşu dövlətlərə
qarşı ərazi iddialarının təşviqi və
yarıtmaz idarəçilik Yerevanı regionda həyata
keçirilən bütün layihələrdən kənarda
qoyub. Bu isə ölkənin
çöküşünü sürətləndirir, əhalinin
ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli
sosial şərtlər altında yaşamasına səbəb
olur. Bu durumda Azərbaycanın öz təbii
resurslarına, insan potensialına söykənərək
yürütdüyü sabit və uzaqgörən siyasət
Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına
çevirib.
Bu dalandan yeganə
çıxış yolu isə işğala son qoyulması,
dinc birgəyaşayışdır. Əks təqdirdə
Azərbaycan düşməni başqa yolla ərazisindən
çıxmağa vadar edəcək.
İndi Ermənistanın
yeni hakimiyyəti üçün də yeganə
çıxış yolu işğal siyasətinə son
qoymaqdır. Yoxsa Azərbaycan Ermənistanın
çöküşünü davam etdirəcək. Onsuz da Ermənistanda son hakimiyyət dəyişikliyindən
sonra ölkədə hansısa ciddi dəyişikliklərin
olacağına dair ümidlər yavaş-yavaş yerini bədbinliyə
verir. Çünki dəyişən heç nə
yoxdur,
Baş nazir vəzifəsini
tutduqdan sonra Nikol Paşinyan da sadəcə quru vədlər
verməklə kifayətlənir və reallıqda müsbətə
doğru hansısa addımlar atmır. Halbuki Nikol
Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi
ki, ölkədə normal həyat tərzi başlayacaq və
rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə
qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət
göstərəcək.
Lakin siyasi istiqaməti məlum
olmayan və ümumiyyətlə dövlətçilikdə
naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə
hansısa yenilik vəd etmir. Əksinə, ermənilər
daha aydın görürlər ki, onların rifahı,
ümumiyyətlə xalq olaraq varlıqları Azərbaycanla
normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal
faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın
dövlət olaraq çöküşünü davam etdirəcək.
Elçin CƏFƏROV
Azərbaycan.-
2018.- 14 oktyabr.- S.1; 11.