Lənkəran İstisu və Sağlamlıq Mərkəzi
182 yerlik hotel
binası, 2 mərtəbəli tibb mərkəzi, 12 aktiv su mənbəyi
Oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana
səfəri çərçivəsində İstisu və Sağlamlıq
Mərkəzinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış oldular.
Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.
Bildirildi ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
Dövlətimizin başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.
Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev istisu vannaları ilə tanış oldu.
Hazırda Lənkəran
İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi,
o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr
istilik dərəcəsinə əsasən izotermal, termal və
hipertermal sular olaraq quruplaşdırılıb. Termal su
yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular
üstünlük təşkil edərək karbon və azot
qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində
sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular
və mineral sular qrupuna aid edilir.
Bildirildi ki, Lənkəran İstisu və
Sağlamlıq Mərkəzində qan dövranı, sinir,
sümük-əzələ sistemləri, birləşdirici
toxumanın, tənəffüs orqanlarının, həzm
sisteminin xəstəlikləri, maddələr mübadiləsi
və qidalanma pozuntuları, dəri və dərialtı
toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin
müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə
başlaması əksəriyyəti yerli işçilər
olmaqla təqribən 250 nəfər üçün iş
yerinin yaranmasına səbəb olacaq.
Burada 46 avtomobil yerlik
qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da
yaradılıb. Ölkə vətəndaşlarının
və xarici qonaqların xidmətinə verilən bu müasir
kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə
də müalicəvi turizmin inkişafına mühüm
töhfə verəcək. Beləliklə,
Lənkəran İstisu və Sağlamlıq Mərkəzi
ölkəmizin turizm və müalicəvi turizm sektorunda
özünəməxsus yer tutacaq. Bütün
bunlar bir daha sübut edir ki, regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları çərçivəsində
görülən kompleks işlər nəticəsində
ölkənin iqtisadi qüdrəti yüksəlib,
işgüzar fəallıq artıb, bölgələrdə
sahibkarlıq fəaliyyəti daha da genişlənib. Prezident İlham Əliyevin tövsiyələrinə
uyğun olaraq, son illər ölkəmizin turizm
potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun
yaradılması, mövcud turizm potensialının beynəlxalq
aləmdə tanıdılması, turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsi istiqamətlərində
çoxsaylı tədbirlər davam etdirilir və daha da
genişləndirilir.
Komplekslə
tanışlıqdan sonra Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri
və müəssisənin kollektivi ilə
görüşdülər.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Sizi ürəkdən
salamlayıram, Lənkəran rayonunda yenidən
olmağımdan çox şadam. Bu, mənim Lənkərana
Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə
yeni obyektlərin açılışında iştirak edirəm
və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin
sayı çoxalır. Bu gün Lənkəranda
yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə
tanış oluram. Tanışlıq
çox gözəl təəssürat
bağışlayır, çox gözəl istirahət
zonasıdır, gözəl oteldir. Siz
bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O
sanatoriyanın görüntüləri bu stenddə göstərilir,
tamamilə yararsız vəziyyətə
düşmüşdü və əlbəttə ki,
müasir tələblərə cavab vermirdi. Şadam
ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi
dünyanın ən yüksək standartlarına cavab verir.
Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər,
müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa
edəcəklər. Bu gözəl turizm
obyektinin açılışı bir daha onu göstərir
ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar
sürətlə inkişaf edir və bölgələrdə
dünya səviyyəli çox gözəl obyektlər, o
cümlədən turizm obyektləri yaradılır.
Lənkəran rayonunda
turizmin inkişafı sürətlə gedir. Keçən il mən burada olarkən dəniz sahilində
yerləşən otelin açılışında
iştirak etmişəm. Mənə indi məlumat
verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların
yüz faizi qonaqlar tərəfindən
götürülüb, istifadə olunur. Hazırda
Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana
gələn turistlərin sayı daha da artır və
artacaqdır. Bu gün biz yeni gözəl
otelin açılışını qeyd edirik.
Bildiyiniz kimi,
bütövlükdə turizmin inkişafı ölkəmizdə
sürətlə gedir. Bu, prioritet məsələdir və son
illər ərzində görülmüş tədbirlər nəticəsində
ölkəmizə gələn qonaqların sayı kəskin
şəkildə artmışdır. Gələn turistlərin
sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin
9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda
ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində
pul xərcləyiblər. Ancaq bank
kartları ilə xərclənən bu məbləğ ilin
sonuna qədər daha da artacaq. Əlbəttə
ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə
iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə
göstərilən diqqət öz nəticəsini verir.
Turizmin inkişafını
şərtləndirən bir çox amillər var və
onların hamısı Azərbaycanda mövcuddur. İlk
növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə
6 beynəlxalq aeroport fəaliyyət göstərir.
Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə
hələ 10 il bundan əvvəl əsaslı
şəkildə təmir olunub, demək olar ki, yenidən
qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq
reyslər təşkil edilir. İndi mənə
məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət
göstərir. Bu, həm rayon sakinlərinin,
həm cənub zonasında yaşayan vətəndaşların
rahatlığını, həm də turistlərin gəlişini
təmin edir.
Dəmir yolu nəqliyyatı
Azərbaycanda yenilənir, yeni xətlər çəkilir. O cümlədən təbii
ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən
keçəcək. Yəqin eşitmisiniz, mən
çıxışlarımın birində demişəm ki,
Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək,
sahilboyu ilə gedən dəmir yolu xətti
köçürüləcək ki, həm daha da rahat olsun, həm
sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm
infrastrukturuna cəlb edək.
Avtomobil yolları çəkilir. Mən
keçən ay Bakı-Astara avtomobil yolunun
açılışını etdim, gözəl tədbir
keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi
təxminən 40 kilometr qısalıb və bu gün dünya
miqyasında ən gözəl yollardan biridir. Mən
Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm,
adam zövq alır, gözəl, hamar, mənzərəli
bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə,
Bakıdan Lənkərana, Astaraya gəlmək
üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.
Bizim tarixi abidələrimiz
turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin
tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici
qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub
zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm
ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə
gələn turistlər xalqımızın qonaqpərvərliyi
sayəsində özlərini evlərindəki kimi hiss edirlər.
Ölkəmizin ümumi inkişafı əlbəttə
ki, turistləri cəlb edir. Əgər Azərbaycan
inkişafda olan ölkə olmasaydı, əlbəttə,
ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də
gəlməzdi. Bu gün dünyada baş
verən hadisələr göz qabağındadır, risklər,
təhlükələr artır və turistlər daha əmniyyətli
yerləri seçirlər, ona görə təsadüfi deyil
ki, məhz Azərbaycana üz tuturlar. Bütün
bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir.
Əlbəttə ki, belə gözəl istirahət
mərkəzlərinin, otellərin tikintisi turistləri daha da
cəlb edəcək. Biz gərək indi
dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat
nəticəsində xaricdə yaşayan insanlar bizi daha da
çox tanısınlar.
O cümlədən ölkəmizdə
müalicəvi turizm inkişaf edir və İstisu
Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə
önəmli addımdır. Bu vaxta qədər
Naftalan şəhərində bir neçə beşulduzlu
otel istifadəyə verilib. Biz Naftalanın
turizm mərkəzi, müalicəvi mərkəz kimi
şöhrətini bərpa etdik. Orada oynaq
xəstəlikləri, daxili orqanların xəstəlikləri
müalicə olunur. Qalaaltı, o da sovet
vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi
idi. İndi biz bunu beynəlxalq mərkəzə
çevirdik, orada daha çox böyrək xəstəlikləri
müalicə olunur. Naxçıvanda
Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri
üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı
suları da insanların sağlamlığını təmin
edəcək.
Yəni, müalicəvi
turizm istiqamətində işlər gedir, idman turizmi
inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli
bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək
mərkəzidir. Beləliklə, turizm Azərbaycanda
inkişaf edəcək, turizm sahəsində 10 minlərlə
iş yeri yaradılır. İndi mənə verilən məlumata
görə, təkcə bu sanatoriyada ən yaxşı
mövsümdə 250-yə qədər yeni iş yeri
açılacaq və burada yerli vətəndaşlar işlə
təmin olunacaqlar. Ölkə iqtisadiyyatına
daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq
və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran
rayonunda belə gözəl turizm mərkəzi
yaradılır. Bu, Lənkəranın
iqtisadi potensialına növbəti bir töhfədir.
Bütövlükdə son
illərdə Lənkəran rayonunda çox böyük
işlər görülüb. İlk növbədə,
biz infrastruktur layihələrinə böyük diqqət
göstərmişik. Mənim
yadımdadır, ilk dəfə prezident kimi mən Lənkərana
gələndə Lənkəran şəhərində demək
olar ki, təbii qaz yox idi. Bu gün nəinki
Lənkəran şəhərində, Lənkəran rayonunda
qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll
etmişik. Elektrik enerjisi ilə həmişə
problemlər var idi. 2005-ci ildə Astarada
tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti
nəticəsində bu problem də indi öz həllini
tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16
meqavat gücündə elektrik stansiyalarının tikintisi
başa çatıb. Bunlar bütün
bölgəyə xidmət göstərən elektrik
stansiyalarıdır.
Beş il bundan əvvəl
Lənkəranın içməli su problemi həll olundu. Yadımdadır, o günü də biz birlikdə
qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən
quruldu və bu proses davam etdirilir, gələn il
əlavə vəsait ayrılacaq. Yəni,
infrastrukturla bağlı olan bütün məsələlər
həll olunur, görülən işlər göz
qabağındadır, 40-dan çox məktəb tikilib və
ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi
tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik.
2003-cü ildə birinci Olimpiya kompleksi
yaradılmışdır. Ancaq əfsuslar
olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı
deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində
mütləq ən gözəl Olimpiya mərkəzi
yaradılsın, biz bu gün onun
açılışını qeyd edəcəyik. Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika
mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası
əsaslı bərpa edilmişdir. Bu
gün "Azərxalça” İstehsalat Birliyinin
filialının açılışını qeyd edəcəyik.
Orada da 100-dən çox insan işlə təmin
ediləcək. Yəni, biz bu məsələlərə
kompleks şəkildə yanaşırıq ki, Lənkəran
rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə
görüləcək işlər haqqında da biz indidən
düşünürük. Gələn
ilin əvvəlində regionların sosial-iqtisadi
inkişafı üzrə dördüncü Dövlət
Proqramı qəbul ediləcək. Qalan
bütün məsələlər o proqramda öz əksini
tapacaq. Bilirəm ki, binaların dam
örtükləri ilə bağlı problemlər var, biz
onları həll edəcəyik. Proqramımızda
hələ kənd yollarının çəkilişi, məktəblərin
tikintisi var. Biz bütün bunları həll edəcəyik
ki, Lənkəran rayonunda bir dənə də olsun problem
qalmasın. Sizi bir daha salamlayıram, təbrik
edirəm və yeni uğurlar arzulayıram.
-Sakin: Cənab Prezident, biz də Sizi
təbrik edirik. Bu gün ilk dəfə Prezident seçilməyinizin
15 ili tamam olur. Siz bu 15 ildə Lənkəranda
gördüyünüz işləri sadaladınız,
hamısına görə çox sağ olun. Təşəkkür
edirəm. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun.
***
Sakinlər göstərdiyi
yüksək diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirdilər.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2018.- 16 oktyabr.- S.1-2.