“Lənkəran-2” yarımstansiyası işə
salınıb
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində "Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq "Lənkəran-2” yarımstansiyasının açılışı olub.
AZƏRTACxəbər verir ki, 1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan "Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.
Qeyd edək ki,
Masallıda da yenidən qurulan
"Tüklə” yarımstansiyasının gücü
32 meqavolt amperə
çatdırılıb. 110 kilovoltluq
"Tüklə” və "Lənkəran-1”
yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran
rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu
da Lənkəran rayonunda,
o cümlədən Liman
şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik
təchizatının dayanıqlılığının
artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və
10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika
sistemləri ilə təchiz edilib və məsafədən
idarə olunan SCADA dispetçer
sisteminə qoşulub. Yeni
yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.
Azərbaycan.- 2018.- 16 oktyabr.- S.3.