Mükəmməl hüquqi varislik
XX əsrin əvvəllərində Azərbaycan xalqının həyatında çox mühüm bir hadisə baş verdi. 1918-ci il may ayının 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı elan olundu və daxili, xarici siyasətin başlıca prinsiplərini özündə ehtiva edən "İstiqlal Bəyannaməsi” qəbul edildi. Bu hüquqi və siyasi sənəddə hakimiyyətin xalqa mənsub olması, vətəndaşların milki və siyasi hüquqlarının təmin olunması, hər bir kəsin milli, dini, siyasi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, dövlət fəaliyyətinin əsası kimi hakimiyyətin bölünməsi prinsipinin bəyan edilməsi Azərbaycan xalqının demokratik və hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirirdi.
Həmin Bəyannamədə Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun-parlamentli respublikanın yaradıldığı edan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamış, həmçinin 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən 230-a yaxın qanun qəbul edilmiş, demokratik prinsiplərə uyğun dövlət qurumları formalaşdırılmış, respublikanın himni və bayrağı təsdiq edilmiş, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilmiş, Azərbaycan dili dövlət dili elan olunmuş və milli dövlətçiliyin möhkəmləndirilməsinə yönələn tədbirlər görülmüşdür.
Cümhuriyyət dövründə məhkəmə və hüquq sisteminin yenidən qurulmasına böyük önəm verilirdi. Ədalət məhkəməsi qarşısında hamının bərabərliyi, ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi, hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olmaları təqsirsizlik prezumpsiyası, məhkəmələrin xalqa daha yaxın olmaları və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin qurulması nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyətində məhkəmə sistemi andlı məhkəmələrə, ədalət məhkəmələrinə və ümumi məhkəmələr - dairə və məhkəmə palatalarına bölünürdü. Həmçinin hərbi alaylarda yaradılmış hərbi məhkəmələr də məhkəmə sisteminin tərkibinə daxil edilmişdir. 1918-ci il noyabr ayının 14-də hökumət Azərbaycan Respublikasının Məhkəmə Palatası haqqında Əsasnaməni təsdiq etdi. Həmin Əsasnamə ilə Məhkəmə Palatasının daxili quruluşu və səlahiyyət dairəsi müəyyən edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hüququn mənbəyi kimi - Milli Şuranın qərarları, Azərbaycan Parlamentinin qanunları, Nazirlər Kabinetinin qanun qüvvəli aktları, qərar və sərəncamları, əvvəlki dövrlərdə qəbul edilmiş qanunvericilik aktları olmuşdur ki, dövlət qurumları, o cümlədən məhkəmələr öz fəaliyyətlərində həmin qanunvericilik aktlarına istinad etmişlər. Lakin həmin dövrdə məhkəmə sistemi çox çətin şəraitdə fəaliyyət göstərirdi. Hüquqşünas kadrlar, xüsusilə hakimlər çatışmırdı. Bununla yanaşı həmin dövrdə müstəqil olaraq mülki, cinayət, inzibati prosessual və konstitusiya quruculuğu sahələrində qarşıya qoyulan vəzifələr başa çatdırıla bilmədi. Ölkə daxilindəki və xaricdə olan hərbi-siyasi vəziyyət, gərginlik, sovet bolşevik təcavüzü, cümhuriyyətin süqutu buna imkan vermədi. Buna baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hüquq sisteminin inkişafı, milli qanunvericilik bazasının yaradılması, məhkəmə orqanlarının yenidən qurulması sahəsində müəyyən işlər görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin hüquq sisteminin inkişafı, qanunvericilik bazasının formalaşdırılması sahəsində həyata keçirə bilmədiyi vəzifələri 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası həyata keçirir.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 2-ci maddəsində deyilirdi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən aprelin 28-dək mövcud olmuş respublikanın varisidir. Konstitusiya aktı ilə müəyyən edilirdi ki, dövlət müstəqilliyin bərpası elan edilənədək qüvvədə olmuş respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır. Azərbaycan dövləti hüquqi dövlət quruculuğunu, insan hüquq və azadlıqlarının qorunmasını, cəmiyyətdə qanunun aliliyinin təmin olunmasını dövlət müstəqilliyinin ilk mərhələsindən özünün əsas məqsədlərindən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycanda hüquqi dövlət quruculuğunun başlanması, qarşıya qoyulan məqsədlərə nail olunması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik təmin olunmalı, respublikanın yenicə qazandığı müstəqilliyini təhdid edən dağıdıcı meyillərin qarşısı alınmalı idi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə ictimai-siyasi sabitlik təmin olunmuş və hüquqi islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. 1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm addım kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında xalqın əsas niyyətləri bəyan edilərək göstərilir ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək xalqın əsas vəzifəsidir.
Konstitusiyanın 7-ci maddəsinin I hissəsində Azərbaycan dövləti demokratik, hüquqi, unitar respublika kimi təsbit edilmişdir. Konstitusiya hakimiyyətin bölünməsi prinsipinə əsaslanaraq qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisinin, icra hakimiyyətini Azərbaycan Respublikasının Prezidentinin, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələrinin həyata keçirdiyini müəyyən edir.
Konstitusiya təsbit edir ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir.
Hakimlərin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsində ən mühüm prinsiplərdən biri olmaqla hakimlərin yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olmalarını, məhkəmələrin qəbul etdiyi qərarlar üzərində hər hansı nəzarətin mümkünsüzlüyünü, habelə məhkəmələrin fəaliyyətinə qanunvericilik və icra hakimiyyəti orqanlarının müdaxilələrinin yolverilməzliyini özündə etiva edir.
Konstitusiyada təsbit olunmuşdur ki, hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər, səlahiyyət müddətində dəyilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan sonra ölkədə hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyinin təmin edilməsi, sistemləşdirilmiş qanunvericilik aktlarının hazırlanması, qanunvericilik, icra və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 1996-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası yaradıldı. Həmin komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Azərbaycan Respublikasının Prokurorluğu haqqında”, "Polis haqqında”, "Əməliyyat-axtarış fəaliyyəti haqqında”, "Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunlar, həmçinin Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, İnzibati-Prosessual, Əmək, Ailə, Torpaq Məcəllələri və digər normativ hüquqi aktlar insanların hüquq və azadlıqlarının qorunmasında, onların məhkəmədə təminatının möhkəmləndirilməsində və məhkəmələr tərəfindən ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində mühüm rol oynayır. Hüquqi İslahat Komissiyasının hazırladığı ilk qanun layihələrindən biri də "Məhkəmələr və Hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunudur. Həmin qanun Konstitusiyaya uyğun olaraq ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə yönələn yeni üçpilləli məhkəmə sistemini yaratmaqala müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına yönəlmişdir. Qanunun 3-cü maddəsində göstərilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilaşların siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir.
Həmçinin qanun müəyyən edir ki, məhkəmələr işlərə birinci, apelyasiya və kassasiya instansiyaları üzrə baxırlar. Onu da qeyd etmək lazımdır ki, işlərə üçpilləli məhkəmə sistemi qaydasında baxılması birinci instansiya məhkəməsinin buraxdığı bu və ya digər səhvlərin və qanun pozuntularının yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, bununla da işlərin mahiyyətcə düzgün və obyektiv həllinə şərait yaradır.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı, 10 fevral 1998-ci il tarixdə Azərbaycanda ölüm cəzasının ləğv edilməsi, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun qəbulu insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsidir.
Ədalət mühakiməsinin səmərəliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə görülən tədbirlər fonunda bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması mühüm əhəmiyyət daşıyırdı. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi, bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanı bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılmasını nəzərdə tuturdu. Dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli digər fərmanları ilə respublikanın əlavə dörd bölgəsində regional ağır cinayət məhkəmələrinin təsis edilməsi, yeddi bölgədə isə inzibati-iqtisadi məhkəmələrinin yaradılması, hərbi məhkəmə sisteminin yenilənməsi məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquqlarının səmərəli hüquqi təminatına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir. Sərəncamda qeyd edilir ki, cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir.
İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.
Bu sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Sərəncamda cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılması cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasifa-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədi ilə elektron nəzarət vasitələrinin tətbiqi nəzərdə tutulmuşdur. Göstərilən sərəncamda məhkəmələrə tövsiyə edilmişdir ki;
həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar;
həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar;
cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar;
cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.
Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılmış, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına yönələn Cinayət, Cinayat-Prosessual, Cəzaların İcrası Məcəllələrinə və digər normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilmişdir.
Məhkəmə hüquq islahatları çərçivəsində yeni qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi, eyni zamanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni məhkəmə binalarının tikilməsi və təmiri, məhkəmələrin maddi-texniki, maliyyə-təsərrüfat fəaliyyətinin möhkəmləndirilməsi, "Elektron məhkəmə informasiya sistemi”nin yaradılması, hakim korpusunun şəffaf, demokratik əsaslarla seçilməsi, onların sosial maddi vəziyyətinin yaxşılaşdırılması və görülən digər tədbirlər həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsidir. Görülən bu tədbirlər məhkəmələrdə keyfiyyətli hakim korpusunun formalaşdırılmasına, qanuna və ədalətə söykənən məhkəmə qərarlarının qəbuluna öz müsbət təsirini göstərmişdir.
Şəki Məhkəmə Kompleksinin inzibati binasında açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, "ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.
Beynəlxalq miqyasda da təqdir olunan məhkəmə hüquq islahatları nəticəsində məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmiş, qanunçuluğun və müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına səbəb olmuş və bu uğurlu islahatlar bu gün də davam etdirilir.
Çingiz MƏMMƏDOV,
Gəncə Apelyasiya Məhkəməsinin
hakimi
Azərbaycan.- 2018.- 16 oktyabr.- S.10.