Nə yeyiriksə, oyuq
16 oktyabr
Dünya Qida Günüdür
Bəzi qidalar artıq
yaşamağa yox, ölümə də xidmət edir
"Keyfiyyətsiz ərzaq böyük təhlükədir və mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir Bəzi televiziya kanallarında mətbəxlə bağlı verilişlər hazırlayıb göstəririlər... Mən etiraz etmirəm, olsun, bir şərtlə ki orada göstərilən reseptlər, yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən bəzi hallarda çox ürək ağrısı ilə həmin verilişlərə baxıram və görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı, bu olmaz, bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Biz sağlam həyat tərzini təbliğ edirik, insanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik. Siqaret çəkənlərə müsbət münasibət ola bilməz, alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda bəzi kanalların insanlara verdikləri təkliflər çox məyusedicidir”.
Hələ 6 il öncə, 2012-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu fikirləri səsləndirərkən sağlam qidalanmağın insan həyatı üçün nə qədər zəruri olduğuna diqqət çəkirdi.
İnsanı öldürən qocalıq deyil, pis vərdişlərdir
Böyük Hippokrat deyirdi: "Biz nə yeyiriksə oyuq”. Bir neçə sözdən ibarət bu kəlam qida mədəniyyətinin insan yaşamının, insan varlığının bir parçasını, lap elə özəyini təşkil etməsi barədə o qədər böyük məna əxz edir ki...
İnsanın bütün fəaliyyəti birbaşa, ya da dolayı yolla qidanın axtarışı, yetişdirilməsi, hazırlığı, qəbulu ilə bağlıdır. Çünki yalnız qidanı və sevgini təmin etməklə insan bioloji fərd kimi var ola bilər, yaşayar, yaradar.
Amerikanın məşhur naturopat alimi, professor Pol Breqq insanı qocalığın deyil, pis vərdişlərin öldürdüyünü, yapon alimi Katsudzo Nişi isə "ölü qida”ların olduğunu təkidlə cəmiyyətə anlatmağa çalışırdı. Qəribədir ki, hər iki alimə uşaqlığında xəstəlik səbəbindən ölüm diaqnozu qoyulmuş, yaşamlarının bir il belə çəkməyəcəyi bildirilmişdi, amma onlar bütün bu diaqnozlara inad göstərərək 70-80 yaşa qədər həyat sürmüşdülər. Bəs nə idi uğurlu həyat hekayəsinin arxasında duran sirr? Əlbəttə ki, sadəcə, düzgün qidalanma...
821 milyon insan aclıqla mübarizə aparır
Hazırda dünyada hər
9 insandan biri, bütövlükdə isə 821 milyon insan
aclıqla mübarizə aparır və bu rəqəm durmadan
artmaqdadır. Digər tərəfdən, təxminən 1,4
milyard insan düzgün qidalanmama səbəbindən artıq
piylənmədən və bir çox xəstəliklərdən
əziyyət çəkir. Dünyada beş yaşa qədərki
hər dörd uşaqdan biri lazımi səviyyədə
inkişaf etmir ki, bu da 165 milyon uşağın öz fiziki
potensiallarına heç bir zaman çatmayacaqları mənasını
daşıyır. Təxminən 2 milyard insan sağlam olmaq
üçün lazım olan vitamin və mineralları qəbul
etmir. Həmçinin kifayət qədər qida qəbul
etməyən qadınların fiziki əngəlli uşaq
doğmaq riskini daha da artırır.
Ana bətnindəki körpənin
lazımi qədər qidalana bilməməsi yoxsulluğun nəsildən-nəslə
ötürülməsinə səbəb olan ən ciddi
faktorlardan biridir. Ümümdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatına görə, dünyada ana südü
ilə qidalanma 38 faizdir. UNİCEF-in məlumatına
görə bu hal Azərbaycanda 12 faiz təşkil edir.
"Doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2
yaşınadək ana südü verməklə dünyada 800
min uşağın həyatı xilas olunur” deyən pediatr
Vaqif Qarayev bildirir ki, ana südünün tərkibindəki
bioloji aktiv maddələr erkən yaşlı uşaqların
ölümünə səbəb olan problemlərdən -
pnevmoniya və diareyadan qoruyur: "Döşlə əmizdirən
analarda isə döş vəzi və yumurtalıq xərçənginin
yaranma ehtimalı azalır. Nə qədər tərkibi
zəngin süni qarışımlar hazırlansa da, ana
südünü əvəz edə bilməz. Ana südü əmən uşaqların həm
fiziki, həm də psixi inkişafı daha normal məcrada
gedir”.
Rejimsiz və
keyfiyyətsiz qidalanma mədə xəstəliklərini
artırır
Azərbaycan xalqı həmişə
öz mətbəxi, qonaqpərvərliyi ilə fərqlənib,
dünyada şöhrət qazanıb. Milli xörəklərimizin isə
demək olar ki, tam əksəriyyəti çox kalorilidir:
yağlı plov, toyuq çığırtması, quzu
kababı, xaş, piti... Mütəxəssislər
bu cür qidaları qəbul etməyin insan orqanizminə həddindən
çox zərərli olduğunu deyirlər. "Bu bizim ata- baba xörəyimizdir və hər
zaman yemişik” - deyənlərin arqumentinə isə belə
cavab verirlər ki, indi zaman həmin zaman deyil, insanlar daha
çox hərəkətsiz həyat tərzi keçirdikləri
üçün bu cür kalorili yeməklərdən uzaq
durmaq, getdikcə ögeyləşdiyimiz ana təbiətə
yönəlməyə çalışmalıyıq.
"Son vaxtlar əhali
arasında mədə xəstəlikləri artıb. Hər 2-3 nəfərdən
biri bundan şikayət edir, əsas səbəblərindən
biri isə rejimsiz və keyfiyyətsiz qidalanmadır”. Bu fikri isə terapevt-qastroenteroloq Mətanət Cəfərova
söyləyir. Onun fikrincə, gün ərzində 2-3 dəfə
qidalanmaq və yeməklər arasında böyük fasilələr
vermək mədədə fəsadlara yol açır:
"Normal halda mədə turşuluğu hər 2-3 saatdan bir
pik nöqtəyə çatır, bu o deməkdir ki, hər
2-3 saatdan bir qida qəbul etməliyik. Bu da 3 əsas, 2 ara yeməyə bərabərdir. Çox təəssüf ki, insanların çoxu
buna əməl etmir və cəmi iki dəfə
qidalanırlar ki, bu da yemək arasındakı fasiləni
uzadır. Nəticədə mədə
turşuluğu yüksəlir, hətta turşu geriyə qida
borusuna qayıdaraq reflüksün yaranmasına gətirib
çıxarır. Həmçinin bəzən
həkimlərin 5 dəfə qidalanma məsləhətini, hər
dəfə məhz xörək yeyilməlidir kimi başa
düşürlər. Xeyr, elə deyil, əslində,
əsas yeməklər arasında çərəzlər, meyvə
qəbul etmək lazımdır ki, onlar mədə
turşusunu neytral saxlayaraq gələcəkdə mədə
problemlərindən qorusun”.
Doymadan süfrədən
qalxmağı vərdiş halına gətirmək
lazımdır
Mətanət Cəfərova
vurğulayır ki, birdən-birə çox yemək yeyib, mədəni
doldururlar, həmçinin yeməkdən dərhal sonra
çay içməyə meyil göstərirlər ki, bunlar
yolverilməz səhvdir: "Çayın tərkibindəki
tanin həzmsizlik yaradır, buna görə də o, qida qəbulundan
minimum 2 saat sonra içilməlidir. Təəssüf
ki, adətən, axşam işdən qayıdandan sonra
çox yeyir, üstündən də maye qəbul edib,
uzanırıq. Dolmuş mədə
diafraqmal pərdəyə təzyiq göstərir və nəticədə
yırtıq yaranır. Bu da gəyirmə
və qıcqırmaların daha çox artmasına, sonda qida
borusu xərçənginin yaranmasına gətirib
çıxarır”.
Həkim məsləhət
görür ki, doymadan süfrədən qalxmağı bir vərdiş
halına gətirmək lazımdır. Bunun üçün əvvəlcə
boşqabın ölçüsünü kiçiltmək və
xörəyin miqdarını azaltmaq lazımdır: "Az və
tez-tez qidalanmağa çalışın. İnsanın
birdən-birə çox yemək istəyinin səbəbi mədə
turşuluğunun pik səviyyəyə çatmasıdır
ki, insan çox acmış formada süfrə arxasına
oturur, nəticədə həddindən çox yemək
yeyir. Amma çox acmadan, 3-4 saatdan bir az-az
qidalansaq, birdən-birə çox yeməyə ehtiyac
olmayacaq. Burada su qəbulu da çox önəmlidir.
Bəzən acmaqla susamaq hissini
qarışdırırıq. Yeməkdən yarım sat
əvvəl su içmək önəmlidir ki, aclıq hissini
də xeyli azaltsın”.
"Sıfır
aclıq”
1945-ci il
oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
FAO təsis olunur və həmin tarix "Ümumdünya Qida
Günü” kimi qeyd edilir. Təşkilat hər il kənd təsərrüfatı, ərzaq
çatışmazlığı və başqa mövzular
barədə ictimaiyyəti maarifləndirmək məqsədilə
müxtəlif tədbirlər həyata keçirir. Bu il FAO daha qlobal bir məsələni diqqətə
çatdırmaq üçün "Ümumdünya Qida
Günü”nün şüarını "Sıfır
aclıq” ("Zero Hunger”) olaraq təyin edib. Təşkilat
hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsələr,
2030-cu ilə qədər aclığı tamamilə aradan
qaldırmaq mümkündür.
Lakin dünyada qida təhlükəsizliyinin
təmin edilməməsi məsələsi hələ də əsas
problemlərdən biri olaraq qalır. Gələcəkdə
böhran hallarında baş verə biləcək ərzaq təhlükəsizliyi
və qida çatışmazlığının aradan
qaldırılması, eyni zamanda, heyvandarlığın qaba
yemə olan təlabatının ödənilməsində
mühüm addımların atılması və tədbirlərin
görülməsi üçün qida təhlükəsizliyinin
təminatında strateji əhəmiyyətə malik olan
taxılçılıq və bitkiçilik sahəsində
yaranan bir sıra problemlərin həll edilməsi vacibdir.
Əhali arasında sağlam və düzgün
qidalanmanın təbliği, həmçinin israf
hallarının aradan qaldırılması, təkrar emal
prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi
və təbliğatının aparılması istiqamətində
maarifləndirici tədbirlərin
davamlılığının təmin olunması
qarşıya qoyulmuş ən vacib məsələlərdəndir.
İnsanların yaşayış imkanlarının daha da
inkişaf etdirilməsi, artan ərzaq
çatışmazlığının həll edilməsinə
nail olmaq məqsədilə FAO 2030-cu ilə qədər Kənd
Təsərrüfatının İnkişafı üzrə
Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və ÜST
ilə birgə çoxsaylı yeni proqramların və tədbirlərin
icrasını həyata keçirməyi
planlaşdırır.
"Fast Food”
qidaların ziyanları
16 oktyabr Ümumdünya Qida
Günü ilə əlaqədar ölkəmizdə də
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti
qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata
keçirilməsi planlaşdırılıb.
Qurumdan verilən məlumata görə,
Vətəndaşların Ümumdünya Qida Günü və
qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması,
bu istiqamətdə maarifləndirici video çarxların
hazırlanması, geniş elmi-maarifləndirici
yazıların elektron informasiya portallarında
yayımlanması, radio və televiziya kanallarında
yayımlanan verilişlərin bəzi
buraxılışlarının Ümumdünya Qida
Gününə həsr olunması, sosial şəbəkələrdə
"Sağlam qida” ilə bağlı müsabiqələrin təşkil
olunması həyata keçiriləcək tədbirlər
planının əsas istiqamətlərini təşkil edir.
Eyni zamanda, məktəblilər arasında qida təhlükəsizliyi
anlayışının təbliğ edilməsi, agentliklə
uşaqlar və gənclər arasında sıx əlaqələrin
qurulması üçün Ümumdünya Qida Günü”
mövzusunun işıqlandırılacağı
"Sağlam məktəbli” adlı layihənin həyata
keçirilməsi nəzərdə tutulub. Layihə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu,
AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil
Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin əməkdaşlarının iştirakı
ilə həyata keçirilir. Məktəblilərlə
görüş çərçivəsində "Məktəblərdə
sanitar-gigiyenik norma və qaydalara əməl olunması”,
"Fast Food qidaların ziyanları” kimi mövzularda
şagirdlərlə fikir mübadiləsi aparılacaq. Layihənin keçirilməsində məqsəd məktəblilər
arasında qida təhlükəsizliyi
anlayışının təbliğ edilməsi və
şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin
aşılanmasıdır. Cari ilin sonunadək
layihənin Bakı şəhərində fəaliyyət
göstərən 9 ümumtəhsil müəssisəsində
həyata keçirilməsi nəzərdə tutulub.
Bəşəriyyəti
qida xaosu bürüyüb
Apardığımız
kiçik araşdırmanın nəticəsi onu deməyə
əsas verir ki, qida məsələsində qızıl
ortanı tapmaq xeyli müşkülə çevrilib. Dünyada
baş verən dəhşətli kataklizmlər, havanın,
suyun, torpağın insan tərəfindən xususi qəddarlıqla
zəhərləndirilməsi dəhşətli sonuclar
yaradıb.
Bəşəriyyəti qida
xaosu bürüyüb, dəlicəsinə hər yerdə
öz əli ilə məhv etdiyi təbii nemət
axtarışındadır, amma tapa bilmir. İnsanlar
ağız ləzzətini itirib, dadsız, duzsuz qidalarla
özlərini doyuzdurmağa çalışırlar ki, bu da
onlarda əlavə psixoloji gərginliyə, getdikcə artan
qarşısıalınmaz xəstəliklərin
yaranmasına birbaşa rəvac verir. Hazır,
genetikası dəyişdirilmiş qidaların, çipsilərin,
şirin, qazlı içkilərin əsirinə
çevrilmişik...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2018.- 16 oktyabr.- S.13.