Dövrün salnaməsi
100 il öncə millət fədailərinin
yaratdıqları "Azərbaycan” qəzetinin fəaliyyətinə
siyasi-tarixi baxış
...Mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır...
Heydər ƏLİYEV
Tarixi hadisələrin düzgün işıqlandırılması və araşdırılması problemi bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. İlk baxışdan sadə görünən bu faktın, yəni, hər bir dövlətin müəyyən zaman kəsiyində mövcudluğu, əslində, onun ümumi tarixinin mühüm qollarından biridir desək, səhv etmərik. Bu mənada Şərqdə ilk demokratik respublika olan Azərbaycanda dövlət quruculuğu prosesindən, aparılan daxili və xarici siyasətdən, tarixi faciələrdən, soyqırımlarından, deportasiyalardan hələ də gənc nəslin, eləcə də ictimaiyyətin lazımi səviyyədə məlumatı yoxdur. Bu günün ziyalıları, alimləri tarixi faciələrimizi yazmaq, təfsilatı ilə gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırmaq üçün öz vətəndaşlıq borclarını yerinə yetirməlidirlər.
Qürur hissi ilə deyə bilərik ki, 1918-1920-ci illərdə bu şərəfli missiyanı "Azərbaycan” qəzeti çox ləyaqətlə yerinə yetirmişdir. Yəni, müxtəlif ideyaların və fikir ayrılıqlarının mövcudluğu, xaos vəziyyətinə gətirilən bir cəmiyyətdə mətbuata təpkilərin göstərildiyi zamanda hadisələrin real şəkildə işıqlandırılması yazarlardan xüsusi cəsarət tələb edirdi. Məhz həmin dövrdə "Azərbaycan” qəzeti heç nədən çəkinmədən dövlət quruculuğu, siyasət, milli özünüdərk, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı prosesi və s. məsələlərin aynasına çevrilmişdi.
Məhz bu mətbuat orqanı Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən müstəqil ölkə kimi tanınmasına çalışan rəsmilərinin xarici əlaqələrin qurulmasını zəruri edən siyasət prioritetlərini dərc etməklə xalqın maarifləndirilməsində fəal rol oynayırdı. Məsələn, "Azərbaycanın Müstəqillik Aktı”nın hüquqi cəhətdən tanınmasına göstərilən cəhdlərdən biri haqqında 1918-ci ilin dekabrında "Azərbaycan” qəzeti yazırdı ki, "...hazırda Avropa və Amerika qədər Azərbaycanın maraqlarını müdafiə edə biləcək elə bir qüvvə yoxdur” ("Azərbaycan” qəzeti, 21 dekabr 1918-ci il.). Bu məqsədlə də həmin dövrdə vaxt itirmədən çoxpartiyalılıq əsasında Parisə gedəcək nümayəndə heyətinin tərkibi müəyyənləşdirildi. Onların əsas məqsədi Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu bütün ölkələrə çatdırmaq idi.
"Azərbaycan” qəzeti, eyni zamanda, Xalq Cümhuriyyətinin digər rəsmi xəbərlərini də dərc edirdi. Onun 26 dekabr 1918-ci il tarixli sayında Azərbaycan hökuməti tərkibinin rəsmi şəkildə təsdiqləndiyi və fəaliyyət müddətinin müəyyənləşdirildiyi üçüncü kabinə haqqında dəqiq məlumat verilir. "Üçüncü kabinə; 26.12.1918-14.03.1919. Nazirlər Şurasının sədri və xarici işlər naziri - F.Xoyski (bitərəf), daxili işlər naziri - X.Xasməmmədov, maliyyə naziri - İ.Protasov (Slavyan-Rus Cəmiyyəti), yollar naziri - X.Məlikaslanov (bitərəf), ədliyyə naziri - T.Makinski, maarif və dini etiqad naziri - N.Yusifbəyli ("Müsavat”), poçt-teleqraf və əmək naziri - Ə.Səfikürdski (sosialist), hərbi nazir - S.Mehmandarov (bitərəf), sosial-təminat naziri - R.Xoyski (bitərəf), xalq səhiyyə naziri - Y.Gindes (Slavyan- Rus Cəmiyyəti), ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf), ərzaq naziri - K.Lizqar (Slavyan-Rus Cəmiyyəti), əkinçilik naziri - X.Sultanov ("Müsavat”)” və s. Təqdim olunan siyahıya diqqət yetirdikdə cümhuriyyətin nə qədər humanist prinsiplər əsasında qurulduğu aydın görünür. Yəni, milli tərkib və partiya mənsubiyyətindəki demokratik yanaşma fikrimizin təsdiqinə heç bir şübhə yaratmır.
Xüsusi vurğulanmalıdır ki, "Azərbaycan” qəzetinin ən böyük xidmətlərindən biri də o dövrdə ordu və daxili işlər orqanlarının formalaşması, onların ölkədəki ictimai-siyasi sabitliyi qoruması və dövlət əleyhinə planlaşdırılan təxribatların, terrorçuluğun qarşısını almağa yönələn dönməz mübarizəsinin səhifələrində işıqlandırılması ilə bağlıdır. Qəzet Azərbaycanın bu günü və gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələləri elə bir oxunaqlı tərzdə təqdim edirdi ki, o, ictimaiyyətin maarifləndirilməsində mühüm vasitələrdən birinə çevrilirdi.
Həqiqətən, qısa müddət ərzində ordunun, xüsusi xidmət və təhlükəsizlik, daxili işlər orqanlarının həmin dövr üçün məqbul inkişaf səviyyəsinə cavab verən formada yaradılması yorulmaz xidmət tələb edən problem idi. Önəmli o idi ki, 23 ay ərzində mövcud olan hökumət dövlətin qorunub saxlanmasında, xarici təcavüzlərin, təxribatların və digər müdaxilələrin qarşısının alınmasında mühüm strateji əhəmiyyət kəsb edən bu qurumları yaratdı.
Dövlət quruculuğunun ən zəruri strategiyasını təşkil edən məsələlərdən biri kimi ordunun yaradılmasının və formalaşdırılmasının təxirəsalınmazlığı həmin dövrün real vəziyyətinin təsvirində daha aydın görünürdü. Bu barədə "Azərbaycan” qəzetinin 1918-ci il 11- 25 sentyabr tarixli sayında yazılırdı ki, Bakı şəhərinin əllərindən çıxması ilə barışa bilməyən erməni-daşnak elementləri evləri yandırır, qarşılarına çıxan azərbaycanlıları öldürür, talanlar törədirdilər. Bu isə həm azərbaycanlı əhalidə, həm də şəhərə girmiş azərbaycanlı döyüşçülərdə əks-reaksiya yaradırdı. Kütləvi anarxiyaya çevrilə biləcək bu hərəkətlərin qarşısının alınması üçün Qafqaz İslam Ordusunun Komandanlığı tərəfindən qalibiyyətli tədbirlər həyata keçirilirdi. Soyğunçuluqda, talanlarda, digər cinayət əməllərində təqsirləndirilən 100-dən çox adam güllələndi və dar ağacından asıldı. Görülən sərt tədbirlər nəticəsində tezliklə şəhərdə sakitlik bərpa olundu ("Azerbaydjan”, 25.09.1918).
Daşnakların fəaliyyət planına uyğun cəhdlərinin əks olunduğu "Azərbaycan”ın 11-21 oktyabr 1918-ci il nömrələrində isə qeyd olunurdu ki, Erməni Milli Şurasının fəallarından təşkil edilən oyuncaq qurumun bütün fəaliyyəti azərbaycanlıların fiziki məhvinə, onların ata-baba məskənlərindən sıxışdırılıb çıxarılmasına istiqamətlənmişdi. Erməni millətçiləri azərbaycanlıları məcbur etmək istəyirdilər ki, Qarabağı Azərbaycandan ayrı qurum kimi tanısınlar. Bu məqsədə nail olmaq üçün onlar silahlı dəstələr yaradıb azərbaycanlıları təcrid etməyə çalışırdılar. Əskərana, Ağdama və Qaryaginə gedən yollar kəsilməklə azərbaycanlıların Aran Qarabağla əlaqələrinin qarşısına çəpər çəkilmişdi. Erməni millətçiləri plan-laşdırmışdılar ki, payızın və qışın gəlməsi və yaşayışın çətinləşməsi, ehtiyacların artması ilə bağlı azərbaycanlılara təzyiqi gücləndirsinlər və onlar Qarabağ erməni qurumunu tanımaq məcburiyyətində qalsınlar.
"Azərbaycan” qəzetinin elə həmin ilin oktyabr ayında nəşr olunan bir neçə sayında ermənilərin Qarabağdakı separatçı hərəkətləri dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılırdı. Bu məqalələrdə vurğulanırdı ki, çətin şəraitdə yaşayan Azərbaycan hökumətinin kömək və yardımından uzaq düşən Qarabağ azərbaycanlıları erməni millətçilərinin təcavüzlərinə, təzyiqlərinə mərdliklə sinə gərir və hətta bu təzyiqlərin qarşısını almaq, özlərinin dinc yaşayışlarını qorumaq üçün qətiyyətli tədbirlərə də əl atırdılar. Şuşada azərbaycanlılardan ibarət könüllü müdafiə dəstəsi yaradılmışdı ("Azerbaydjan” 25.09.1918).
Əsas mənbə kimi seçdiyimiz "Azərbaycan” qəzetinin sonrakı saylarında da hadisələrin necə cərəyan etdiyi canlı şəkildə təsvir olunur.
İstər Azərbaycan, istərsə də rus dillərində nəşr olunan qəzetlərdə Bakı şəhərinin azad olunması ilə bağlı maraqlı məlumatlar öz əksini tapmışdır. Yəni, şəhərin erməni terrorundan azad edilməsində həyata keçirilən bəzi tədbirlərin müsbət nəticə verdiyi belə əsaslandırılırdı ki, "Azərbaycan hökumətinin Bakıya köçməsi və dövlət işlərinin nizamlanmasına başlandığı bir vaxtda ordunun təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün daha müsaid bir zəmin yarandı. 1918-ci il oktyabr ayının 6-da müəyyən dəyişikliklərdən sonra hökumətin tərkibində hərbi işlər üzrə baş müvəkkillik öz fəaliyyətini yenə də davam etdirirdi. Bu orqanın dəftərxanası "Metropol” mehmanxanasında yerləşdirilmişdi...”
Qəzet yazırdı ki, diqqət mərkəzində olan başlıca məsələlərdən biri də çağırış və səfərbərliklə bağlı idi. Bu iş Qafqaz İslam Ordusunun Əxzi-əsgər rəyasətinin nəzarəti altında aparılırdı. Bəzi hallarda xalqın milli xüsusiyyətlərini, dövrün və şəraitin tələblərini, ümumvətəndaşlıq borclarını nəzərə almadan aparılan bu iş müəyyən nöqsan və çatışmazlıqlarla müşayiət olunsa da, qoşun hissələrinin komplektləşdirilməsindən hiss olunacaq addımlar da atılmışdı. Bakının azad edilməsi, Türk-Azərbaycan qoşunlarının müzəffər yürüşləri gənclərin müəyyən qismində vətənpərvərlik hisslərini xeyli coşdurmuşdu və onlar könüllü surətdə xidmətə yazılırdılar. Qafqaz İslam Ordusunun Əxzi-əsgər rəyasəti bununla bağlı hətta qəzetə məlumat vermiş və xidmətə yollanmaq üçün kənd və şəhərlərdə müvafiq orqanlara müraciət edənlərin artmasından məmnun olduğunu bildirmişdi ("Azərbaycan”, 20.10.1918).
Həmin dövrün strateji tələbi kimi qoşun hissələrində xüsusi peşələrə olan ehtiyacı ödəmək üçün 19 yaşından 24 yaşına kimi olan bütün çəkməçilər, nəccarlar, dülgərlər, dəmirçilər, xarratlar, nalbəndlər, bərbərlər, dənizçilər və s. məcburi surətdə xidmətə cəlb olunurdular. Bu və ya digər peşələrə sahib olan 25-30 yaş arasındakı vətəndaşlar isə könüllü surətdə xidmətə yazıla bilərdilər("Azerbaydjan”, 23.10.1918.).
AXC-nin dünyəvi dövlətin təməl prinsipləri üzərində qurulmasının təsdiqini verən daha bir dövlət sənədi yenə də "Azərbaycan” qəzetində öz əksini tapmışdır. Qəzet yazır ki, Azərbaycanda hərbi çağırışın hüquqi əsaslarının müəyyənləşdirilməsi üçün 1918-ci il oktyabr ayının 11-də "Azərbaycan hökumətinin əsgəri mükəlləfiyyətinin müvəqqəti qanunu” qüvvəyə mindi. Bu qanun Azərbaycan hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk böyük sənədlərdən biri idi və şübhəsiz ki, həmin dövrdə əhali arasında bu işin nizamlanmasında müəyyən əhəmiyyət kəsb edirdi ("Azerbaydjan”, 11.10.2018.). Daha sonra vurğulanır ki, Əxzi-əsgər şöbələrinin nəzdində həkim-müayinə komissiyaları da təşkil edilməli idi. Bu komissiya çağırışçıları müayinə etməli, onların xidmətə yararlılığını müəyyənləşdirməli idi. Çağırışçıların hansı qoşun növünə göndərilməsi üçün həkim komissiyasının qərarı nəzərə alınmalı idi. Çağırışçı və ya onun valideynləri həkim komissiyasının qərarı ilə razılaşmadıqda 2 nəfərdən az olmayaraq başqa bir həkim komissiyasının təyin edilməsini müəyyənləşdirmək hüququ da vardı ("Azerbaydjan”, 11.10.2018.).
Həmin dövrün araşdırmaları göstərdi ki, "Azərbaycan” qəzeti dövlət quruculuğunun əsas təməl prinsiplərindən sayılan ordu quruculuğunda "müstəsna əhəmiyyət kəsb edən hərbi təhsil almaq üçün məktəblərin fəaliyyətini işıqlandırmağı da unutmamışdır. Qəzetin bildirdiyinə görə, 1918-ci ilin oktyabrında Gəncədəki Milli hərbiyyə məktəbinin ilk buraxılışı oldu. Bu hadisə Azərbaycanın ordu hissələrinin milli zabit kadrlarla təmin edilməsində tarixi əhəmiyyətə malik idi. İlk milli hərbi məktəbin birinci buraxılışı təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə oktyabr ayının 26-da Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın atası Hacı Əhməd Paşa, Xüsusi Azərbaycan Korpusunun komandiri general-leytenant Ə.Şıxlinski, Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy, təhsil naziri N.Yusifbəyli və başqaları Gəncəyə gəldilər ("Azerbaydjan”, 07.11.1918). Bu məktəbdə nəzərdə tutulan tədris müddəti 4 aydan artıq çəkmişdi. Məktəbi müvəffəqiyyətlə bitirənlər buraxılış imtahanları verəcəyi təqdirdə, hərbi qoşunlara göndərilməli və 6 aydan sonra onlar zabit rütbəsinə yiyələnməliydilər. Hərbi təhsillə bağlı "Azərbaycan” qəzetinin sonrakı açıqlamaları da maraqlıdır. Bu hissənin xüsusilə hərbi təhsillə bağlılığını nəzərə alaraq diqqətə çatdırmağı zəruri hesab edirik. Mənbədə qeyd olunur ki, 6 oktyabrda yunkerlər şəhər kənarındakı təlim meydanında buraxılış imtahanı verməli idilər. Burada imtahanın keçirilməsi üçün xəndəklər, səngərlər qazılmış, süni maneələr yaradılmış, zəruri olan əşya və cisimlər yerli-yerində sahmana salınmışdı. Səhər tezdən Bakıdan gələn qonaqlar təlim meydanına daxil oldular. Məktəbin ilk buraxılışını sevinclə qarşılayan xeyli şəhər əhalisi də bura toplaşmışdı. Azərbaycan Korpusunun komandiri Ə.Şıxlinski nizami sırada düzülmüş yunkerlərlə salamlaşdıqdan sonra buraxılış imtahanı başladı("Azerbaydjan”, 07.11.1918). Daha sonra qeyd olunur ki, səhər saat 8-də başlayan imtahan günorta saat 2-yə kimi davam etdi. Bütün müdavimlər buraxılış imtahanlarını müvəffəqiyyətlə verdilər. Günortadan sonra şəhər rəhbərliyinin bu münasibətlə təşkil etdiyi ziyafətdə Milli hərbiyyə məktəbinin ilk buraxılışında türk zabitlərinin böyük zəhməti minnətdarlıqla qeyd olundu ("Azerbaydjan”, 11.11.1918).
Sadalanan qurumların yaranmasını zəruri edən amillərin bir neçəsinin adını çəkdik və bunlardan ən başlıcası, konkret tarixi şəraitdə Azərbaycanın istiqlaliyyətinə, onun ərazi bütövlüyünə, ictimai-siyasi sabitliyinə istiqamətlənmiş xarici təhlükələrin qarşısını güclü ordu, xüsusi xidmət və təhlükəsizlik, daxili işlər orqanları olmadan almaq olmazdı.
Göründüyü kimi, bu istiqamətdə islahatlar davam etdirilmiş və mənbələrin verdiyi məlumata görə, Azərbaycan polisinin təşkilində növbəti addım atılmış, yəni, 26 dekabr 1918- ci il tarixindən Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini tanınmış ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov davam etdirmişdir. Burada daha bir önəmli cəhəti qeyd etmək lazımdır ki, polis orqanları hərbi və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərmişlər.
Araşdırmalardan bəlli oldu ki, 1919-cu ildə də "Azərbaycan” qəzeti özünün prinsipial mövqeyinə sadiq qalaraq fəaliyyətini davam etdirmişdir.
Qəzet özünün 15 sentyabr 1919-cu il tarixli baş məqaləsində Bakı şəhərinin bir il əvvəl azad edilməsi ilə bağlı belə yazırdı: "Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasını müstəqilliyin həqiqətən əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik.
Bu gün bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyi əleyhinə deyil, həm də Zaqafqaziyanın türk xalqlarının fiziki mövcudluğuna qarşı yönəldilmiş xətərnak təhlükənin ləğv edildiyi gündür” ("Azerbaydjan”, 15.09.1919).
Daha sonra qəzetdə qeyd olunur ki, 1919-cu il sentyabrın 15-də həm Gəncədə, həm də Bakıda daha təntənəli bir parad keçirildi. Bu parad Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 1 illiyinə həsr edlmişdi. Bakıdakı parad bulvarla üzbəüz olan Naberejnıda olmalı və ona praporşiklər məktəbinin komandiri polkovnik R.Şıxlinski komandanlıq etməli idi. "Azerbaydjan” qəzeti qoşun hissələrinin parada gəlməsini belə təsvir edirdi: "Qoşunların qarşısında bir neçə generalın və ordunun yüksək çinlilərinin müşayiətilə at belində igid hərbçi, ordumuzun təşkilatçısı, tam artilleriya generalı Səməd bəy Mehmandarov gedirdi. Onlar şəhərin Şamaxı küçəsinə daxil olanda çoxsaylı publikanın gurultulu alqışları qopdu... Qoşunlar keçən küçələr adamla dolu idi. Hətta evlərin damları da "Yaşasın Azərbaycan”, "Yaşasın bizim əsgərlər” şüarları qışqıran qadın və uşaqlarla tutulmuşdu” ("Azerbaydjan”, 17.09.1919).
Təcavüzkar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları da "Azərbaycan” qəzetinin diqqətindən yayınmamışdır. Bu barədə qəzet 8, 12 fevral 1919-cu il tarixli saylarında yazırdı ki, Andranikin rəhbərliyi altında erməni quldur dəstələri Krasnoselo rayonunun bir sıra müsəlman kəndlərini - Gölkənd, Toxluca, Şorca, Ardanış və s. kəndlərdə misli görünməyən vəhşiliklər törətmişlər. ...Andranikin quldur dəstəsi Şorca kəndinə hücum edərkən qaçmağa imkanı olmayan hamilə qadınları, qocaları, əlilləri, xəstələri yerindəcə güllələmiş, min bir işgəncə ilə öldürmüşdür. Bu vəhşilər uşaqları süngülərə taxıb gəzdirirmişlər.
Mənbələr göstərir ki, eyni vəziyyət Şamaxı kəndlərinin də başına gətirilmişdir. "Azərbaycan” qəzetinin 21 oktyabr 1918-ci il tarixli sayında bu barədə real faktlara əsaslanaraq qeyd olunur ki, bütövlükdə Şamaxı və onun ətraf kəndlərində 8 min nəfərə yaxın azərbaycanlı soyqırımına məruz qalmışdır. Şəhərin 58 kəndi xarabazara çevrilmişdir. Daha sonra "Azərbaycan” qəzeti yazır: "...Biz Şamaxı əks-inqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist Əmirov və Lalayev olmaqla qırmızı sosialist dəstəsi Şamaxıda olan bütün müsəlman əhalisini kəsib doğramış, kəndləri dağıtmışlar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüyümüz bütün dəhşətləri kölgədə qoyur”.
Mətndən aydın görünür ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri guya əks-inqilabçıları cəzalandırmışlar. Halbuki qocaların, qadınların, məsum körpələrin əksinqilabi işlə əlaqəsi ola bilməzdi. Təbii olaraq qəzet bildirmək istəmişdir ki, bu, yalnız gözdən pərdə asmaq, əsl həqiqəti gizlətmək üçün vasitə idi.
Millət fədailərinin, azadlıq mücahidlərinin AXC-nin dövlət quruculuğu, daxili və xarici siyasəti, dövrün və zamanın reallıqlarını olduğu kimi əks etdirməyi müqəddəs amalı hesab edən "Azərbaycan” qəzetində bu səpkili məqalələr çoxdur. Lakin onların hamısı haqqında bir məqalədə geniş məlumat verməyin mümkünsüzlüyü bəllidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Artıq bununla bağlı xeyli iş görülmüşdür. AXC-nin varisi olan "Azərbaycan” qəzetinin müsəlman Şərqində ilk demokratik respublika sayılan ölkəmizdə dövlətçiliyin formalaşması prosesində əvəzsiz rol oynaması da şəksizdir. Odur ki, bu məsələnin problem kimi elmi tədqiqat mövzusu baxımından araşdırılmasının gələcəkdə də zəruri olması qənaətindəyik.
Habil HƏMİDOV,
AMEA Fəlsəfə İnstitutunun
Müasir
siyasətin fəlsəfəsi şöbəsinin
aparıcı
elmi işçisi, fəlsəfə doktoru
Azərbaycan.-
2018.- 16 oktyabr.- S.15.