Vəzirzadə Nəcəf Bəy
Keçən həftənin postası bizə müəssif bir xəbər gətirdi. Azərbaycan teatrosu mühərrirlərindən Vəzirzadə Nəcəf Bəy mərhum olmuşdur.
Temmuzun (iyulun) 9-da Azərbaycan ədəbiyyatının əski xadimi dünyadan əlaqəsini kəsmiş, türk səhnəsi əməkdar bir xadimindən ayrılmışdır. Nəcəf Bəy rus təhsili alisini görməklə bərabər, milli hars və ürfana hizmət etmiş nadir simalardandır. Bu, keçəndə Azərbaycan mətbuatının 50-ci ildönümü münasibətiylə kəndisindən bəhs etdigimiz Məlikzadə Həsən Bəy mərhumun arqadaşlarından ilk türk dra-maturqu Axundzadə Mirzə Fətəlinin müaqiblərindən (ardıcıllarından) idi.
Nəcəf Bəy 1854 sənəsində Qarabağda Şuşa şəhərində təvəllüd eyləmişdir. Orta təhsilini Bakıda, ali təhsilini də Moskvada görmüşdür. Mərhumun ixtisası ormançılıq idi. Nəcəf Bəy türkcəyi Qarabağda əski üsul mədrəsədə öyrəndiyi "Müsəlmanca oxu-yazı sayəsində edinmiş bir zat idi. O bu bilgisini müasiri Həsən Bəyin "Əkinçi” nam qəzetəsində mühərrirlik etməkdə irəlilətmiş bədə mərhum İsmayıl Mirzə Qasprinskinin "Tərcüman”ını təqiblə təkmil etmişdi. Nəcəf Bəy eyni zamanda, Mirzə Fətəlinin əsərlərindən mülhəm olaraq, ustadın izini tutmuş teatroya ayrıca bir həvəs göstərmişdi. Mərhum Həsən Bəy ilə bərabər, Mirzə Fətəlinin komedilərini ilk dəfə olaraq Bakıda tamaşa səhnəsinə vəz eyləmiş kəndisi "Hacı Qara” piyesində aktyorluq etmişdir. Bundan maəda mərhum Azərbaycan qəzetəçiligi ilə mətbəçiligi daha adam (əqli) təəssüz etmədigi günlərdə teatro əsərləri yazmağa başlamış, Mirzə Fətəlidən sonra Azərbaycanın 2-ci dramaturqluğu şöhrətinə haqlı bir istihqaq (haqq) qazanmışdır.
Mərhumun "Asari-Nəcəf Bəy” namilə məruf əsəri 1903 sənəsində mövqei-intişara konulmuşdur. Burada 5-6 piyes mündəric bulunuyordu. Nəcəf Bəyin əsərlərindən ən mərufu "Müsibəti-Fəxrəddin” ilə "Pəhlivanəni zamanə”dir. Bu iki pyesdə iki münəvvər tipi təsvir olunur. Birinci pyes Avropa təhsili almış idealist bir gənc təsvir ediyor ki, ətrafını tənvir (nurlandırmaq) etmək məqsədilə çalışarkən, mühitinə qarşı münfərid (tənha) bir vəziyyətdə qalıyor və məzlum bir surətdə məhv oluyor. İkinci pyesdə isə, mühərrir, Fəxrəddinə tamamilə müxalif ikinci bir münəvvər tipi təsvir ediyor ki, rus məktəbindən nəşəd edən bu "avoka”nın yeganə məqsədi kəndi həyat və zövqünü təmin etməkdən ibarətdir. Bu "avoka” ətrafındakı cəhl və qəfləti sui-istifadə edərək, kəndisinə sərvət və etibar qazanma surətilə müvəffəq oluyor. Mühərririn bütün təvəccöh və məhəbbəti Fəxrəddindədir. "Zamanə pəhlivan”ı Avokayı isə sevməz, kəndisindən nifrət edər. Xalq üçün çalışmaq yolunda təhsil olunan mağdurluq” Nəcəf Bəy üçün xalqın məzlumiyyət və qəflətini sui-istifadə yolu ilə hasil olan "qəddarlığa” mürəccəhdir (üstün tutulan).
Bu iki klassik əsərindən maəda Nəcəf Bəyin az-çox tanınmış əsərlərindən bunları tədad edə (saya) biliriz: "Əti sənin, sümügü mənim”, "Ev tərbiyəsinin bir şəkli”, "Yağışdan çıxdıq, yağmura düşdük”, "Daldan atılan daş topuğa dəgər”, "İsmi var, cismi yox” və sairə...
Nəcəf Bəyin əsərləri sadə xalq türkcəsilə yazılmışdır. Ədəbi nöqteyi-nəzərdən mühərririn lisanını işlənmiş bir sənət əsəri olaraq qəbul etməsək də əsərlərinin xalq həyatından alınma mövzuları ilə görüşlərinin zamanına görə müvəffəqiyyətli olduğunu təslim və bu nöqteyi-nəzərdən qiyməti haiz olduğunu təsdik etmək məcburiyyətindəyiz. Nəcəf Bəyin Azərbaycan ədəbiyyatında kəndinə məxsus mövqei vardır. Tənqid və ya təqdir etdikləri tiplər həyatdan alınma tiplərdir. O, yalnız həyatda mövcud tipləri almaz, eyni zamanda həyatda tərviç etdigi tipləri də göstərir. Kəndinə məxsus bir idealizm yapar...
Nəcəf Bəy vaxtilə "Əkinçi”də, sonra "Tərcüman”da məqalələr yazmışdır. 1905 sənəsindən etibarən "Həyat”, "İrşad”, "Tərəqqi”, sonra da "Azərbaycan” qəzetələrində "Dərviş” nami-müstəari (alınmış sözlər) ilə imzalı məqalələr nəşr eyləmişdir. Pyeslərində olduğu kibi bu məqalələrində də Nəcəf Bəyin mövzunu xalq həyatından alınma məsələlər təşkil edər, o, əksəriyyətlə "Fəxrəddin”ləri ideaslize "Avoka”ları da istehza edər dururdu.
1913 sənəsində "Səfa” cəmiyyətinin mərifətilə Bakıda Nəcəf Bəyə mütəntən (təntənəli) bir ildönümü mərasimi tərtib edilmiş, qoca ədibə sərf etdiyi əməyin mənəvi mükafatı verilmişdi. İstiqbal dövründə isə Nəcəf Bəy sinninin keçdiginə rəğmən yeni bir şövqlə təkrar qəzetəciligə atılmış nim rəsmi "Azərbaycan” qəzetəsində "Yahu” (Ya Allah) deyə "Dərviş”ligini təcdit eyləmişdi.
Qızıl istiladan sonra bittəbii qələmi qınına qoymuş, yalnız müəllimliklə ömür keçirmiş, bu surətlə olsun, milli vəzifəsini ifa etməyə baxmışdı.
Nəcəf Bəyin səhneyi-həyatdan çəkilməsi ilə şübhəsiz ki, Azəri Türk ədəbiyyatı pək dəyərli və əməkdar bir xadimindən ayrılmış, türk səhnəsi də Mirzə Fətəlidən sonra çox mühüm bir simasını qeyb etmişdir.
Bütün əsərlərində millət eşqini tərənnüm edən mühərrir üçün, qısa bir zaman üçün olsa da istiqlal və hürriyyətini dərk etdigi vətənini təkrar əsarət altında buraxaraq ölmək qədər böyük bir faciə olamaz. Nəcəf Bəyin ölümü kəndi qəhrəmanı Fəxrəddinin ölümünə nə qədər bənzər!..
Azəri (Azərbaycanlı)
"Yeni Qafqasiya”,
1 sentyabr 1926, ¹20
Azərbaycan.-
2018.- 16 oktyabr.- S.15.