"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

 

Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının "Envi_Sat" komandası olub. İkinci yerin qalibi Bakı Ali Neft Məktəbinin "Interstellar", üçüncü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "MS_U_FO" və Bakı Mühəndislik Universitetinin "Rodimus" komandaları bölüşüb.

Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olublar. Mərasimdə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və başqaları iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev "CanSat Azərbaycan 2018” müsabiqəsinin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb və bu tədbirin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini söyləyib. O, həmçinin müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və onların Azərbaycanın ilk "CanSat" müsabiqəsinin tarixinə adlarını böyük hərflərlə yazdıqlarını bildirib.

Akademik Roald Saqdeyev müsabiqənin tələbələrin müvafiq sahədə bacarıqlarını nümayiş etdirmələri baxımından əhəmiyyətini vurğulayıb.

"Bu müsabiqə ölkənin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanmasında xüsusi önəm daşıyır. Növbəti illərdə "CanSat Azərbaycan" müsabiqəsi davamlı olaraq keçiriləcək və regional yarışa çevriləcək", - deyə R.Saqdeyev vurğulayıb.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğı öz müsbət nəticələrini verməkdədir. Uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan az saylı ölkələrin siyahısına daxil edilib. Ölkəmizin üçüncü peykinin orbitə çıxarılması Azərbaycanın dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisədir.

"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib ki, "CanSat Azərbaycan-2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, respublikanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.

Diqqətə çatdırılıb ki, "Azərkosmos” peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiqi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. "CanSat Azərbaycan” müsabiqəsi də məhz bu missiyanın bariz nümunəsidir. Müsabiqədə tələbələr ali məktəbdə aldıqları nəzəri biliklərlə praktik bacarıqların sintezini model peyk hazırlayarkən real şəraitində görüblər. Bu baxımdan tələbələrin müsabiqədə iştirakı onlarda kosmik sahəyə marağın yaradılmasına, bu sahədə tədqiqat işlərinə və gələcəkdə bu kimi praktik layihələrdə iştirak etmələrinə stimul olub.

Sonda qalib komandalar mükafatlandırılıb və tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb.

 

Azərbaycan.- 2018.-17 oktyabr.- S.5.