İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi
və fransızların “həmyerliləri”
Böyük dövlətlər müstəqil xarici siyasət yeridərlər. Bunu müstəqil olan hər bir ölkə tam dərk edir. Ancaq müstəqil siyasət yeritmək qətiyyən ədalətsiz, haqsız və qeyri-obyektiv olmaq anlamına gəlməz. Üstəlik, bu "müstəqil siyasət" təcavüzkara, haqsıza arxa olmağı nəzərdə tutursa, çox zərərlidir, bütün dünya üçün təhdiddir. Frankofoniya təşkilatının 17-ci sammitinin İrəvanda keçirilməsi özlüyündə qeyri-adi deyil. Ermənistan həmişə qeyri-sabit, bir geosiyasi cəbhədən digərinə qaçmaqla xarakterizə olunan mövqe tutub. Olmasın "rusofoniya", olsun "frankofoniya" – İrəvan üçün elə də fərq etməz. Təki danışanlar ermənipərəst olsunlar. Bu baxımdan Fransa Prezidenti 17-ci sammitdə çox fərqləndi. Onun ifadə etdiyi fikirlərin dünya siyasətinə hansı təsiri göstərəcəyi bir qədər sonra aydın olacaq. Ancaq söylənən fikirlərdə Cənubi Qafqaza aid vacib məqamlar olduğundan onların üzərində indidən geniş dayanmağa ehtiyac görürük.
Azərbaycan-Fransa münasibətləri: Bakının
cəsarətli və konstruktiv addımları
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmiz Fransa ilə ən yüksək səviyyədə münasibətlər qurmaq istiqamətində davamlı addımlar atıb. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə bu proses sistemli, ardıcıl və dərindən düşünülmüş məzmun kəsb edib. Heydər Əliyev Prezident kimi xaricə ilk rəsmi səfərini Parisə edib. Azərbaycan Prezidenti seçildikdən sonra (3 oktyabr 1993-cü il) Ulu öndər Fransa Prezidenti Fransua Mitteranın dəvətini qəbul edərək bu ölkəyə gedib. Orada Ümummilli liderin apardığı danışıqlar müsbət nəticə verib. Fransa Azərbaycanla əlaqələri inkişaf etdirməyin zəruriliyini dərk edib.
Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu inkişaf etdirərək, Fransa ilə əlaqələrə ayrıca önəm verib. Bunu dövlət başçısının Fransaya olan səfərləri və həyata keçirilən birgə proqramlar təsdiq edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də Prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edib (yanvar, 2004).
2016-cı ilə olan məlumata görə, Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Təbii ki, bu, son hədd deyil. Çünki dövlət başçısı İlham Əliyev Fransa ilə əlaqələrin daha da genişlənməsi istiqamətində addımlarını davam etdirir. Təkcə bu ilin yayında Prezident İlham Əliyevin Fransaya səfəri zamanı 11 fransız şirkəti ilə müxtəlif sahələri əhatə edən və 2 milyard dollar həcmində sərmayəni nəzərdə tutan müqavilələr imzalanıb.
Bununla bağlı Azərbaycan Prezidenti deyib: "Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub".
Bəs bütün bunların qarşılığında rəsmi Parisin Azərbaycan siyasəti hansı məzmunda olub? Çox təəssüf ki, məsələnin bu tərəfi ilə bağlı bir sıra mənfi faktları xatırlamalı oluruq. Hər şeydən öncə, deməliyik ki, Azərbaycan müstəqil dövlət kimi heç bir ölkənin daxili işlərinə qarışmır və münasibətlərini hansısa xüsusi məqsədə görə qurmur. O cümlədən rəsmi Bakı Fransanın hansı dövlətlə necə əlaqələr yaratmalı olmasına qətiyyən qarışmaz. Lakin Azərbaycanın dövlət maraqlarına və suverenliyinə zərər verə biləcək davranışları da diqqətdən kənarda saxlaya bilməz. Fransa ilə münasibətlərdə məsələnin bu aspekti həm də ona görə daha həssasdır ki, bu ölkə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa üzərinə belə bir öhdəlik götürüb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllində vasitəçilik edəcək. Əgər bu şərtlərdən kənara çıxılırsa, Azərbaycanın haqlı irad bildirməsinə kimsə mane ola bilməz, çünki söhbət Azərbaycanın müstəqilliyindən, ərazi bütövlüyündən və suveren dövlət kimi gələcəyindən gedir. Bu anlamda Fransa tərəfindən hansı addımlar atılıb?
Öncə qeyd edək ki, Prezident Emmanuel Makron bu ilin yanvarında Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) tərəfindən qondarma "erməni soyqırımı"nın anım mərasiminə dəvət edilərkən, CCAF-ın həmsədrləri Ara Toranyan və Murad Papazyan onu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyib.
Fransız deputatlar və merlər: işğal ərazilərinə
qanunsuz səfərlər
Ancaq bununla yanaşı, Fransa parlamentinin bir sıra üzvləri və şəhər merləri Dağlıq Qarabağa səfərlər edirlər. Məsələn, Fransanın "Xalq hərəkatı uğrunda ittifaq" parlament fraksiyasının deputatı Gi Tesye Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib və orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib. Bundan başqa, "Fransa-Dağlıq Qarabağ" dostluq qrupu yaradılıb. Fransa rəsmiləri Ermənistanın son 25 ildə işğalda saxladığı Dağlıq Qarabağ bölgəsinə səfərlər həyata keçiriblər. Digər heç bir dövlətin rəsmi şəxsləri bu addımı atmayıblar.
Fransanın Alforvil və Valans şəhərlərinin merləri də Dağlıq Qarabağa səfərlər ediblər. Bu, birbaşa Ermənistanın və havadarlarının Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu bağlılıqda Fransada türklərə qarşı terror aktları törədən canilərin milli qəhrəman obrazlarının yaradılması, onların adına küçə və meydanların verilməsi olduqca təəssüfedicidir. Fransa ədaləti, demokratiyanı, insan haqlarını və obyektivliyi tam itirmiş kimi görünür.
Bunlardan başqa, Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla müqavilələr imzalayıblar. Fransız şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyəti barədə informasiyalar mövcuddur. Bu kimi proseslərin fonunda iki məqam maraq doğurur. Birincisi, Fransanın canfəşanlıq etməsinə rəğmən, Ermənistanın faktiki olaraq rəsmi Parisi gözardına almasıdır. İkincisi, Frankofoniyanın məhz Ermənistanda keçirilməsidir.
Birinci məqamla bağlı Fransanın Ermənistandakı keçmiş səfiri Anri Renonun etirafı diqqət çəkir. O deyir ki, Ermənistanda fransız dilini öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağıya düşüb. Ermənistanla Fransa arasında əmtəə dövriyyəsi 100 milyon dollar həddini ötməyib və illik mal dövriyyəsində də heç bir artım yoxdur. Əksinə, azalma müşahidə edilir. "Orange" mobil operatoru Ermənistanın mobil operatorları bazarına daxil olsa da, sonradan səhmlərini Rusiyaya məxsus şirkətə satmağa məcbur oldu. "Karfur" dükanlar şəbəkəsi Ermənistanda reallaşa bilmədi. Bu şirkəti də Rusiya ilə sıx əməkdaşlığı olan erməni biznesmenlərindən biri ələ keçirdi. İndi İrəvanda 1-2 fransız mağazası var və Nikol Paşinyan Fransaya səfəri zamanı onları qoruyacağına söz verib. Bu, əməkdaşlıq və dostluq haqqında tipik erməni mövqeyidir.
Makronun "ermənifoniyası": siyasət və
"həmyerli" axtarışları
Lakin Prezident Emmanuel Makron
Frankofoniya üçün İrəvana gəldi. Orada,
sözün düzü, bir qədər qəribə fikirlər
səsləndirib. O deyib: "Mən Frankofoniyanın
17-ci sammitində iştirak etmək üçün Ermənistanda
olmağıma görə şadam. Ermənistan
bizim üçün çox əzizdir. Ermənilər
Fransa tarixini yaradıblar, bizim, demək olar ki, yarım həmyerlilərimizdir.
Ermənilər bizim tariximizin bir hissəsi və
fəxr predmetidir".
Maraqlıdır, Fransa
tarixini ermənilər yaradıblarsa və fransızlarla ermənilər
həmyerlidirlərsə, niyə Ermənistanı Qafqazda
yaradıblar?
Məlumdur ki, fransızlar qafqazlı deyillər
və ermənilərlə həmyerlidirlərsə, onda ermənilər
də qafqazlı deyillər. O halda belə
çıxır ki, müəyyən dairələr məqsədli
şəkildə ermənilərə Cənubi Qafqazda dövlət
yaradıblar ki, bölgə xalqlarının başına bəla
olsun. Biz cənab E.Makrona demək istərdik: cənab Fransa
Prezidenti, aparın həmyerlilərinizi bu başıbəlalı
regiondan, bununla Siz qafqazlılara böyük
yaxşılıq etmiş olarsınız!
E.Makron daha dərinə gedərək
bəyan edib: "Fransızlar ermənilərə öz
ürəklərinin qapılarını kübarca
açıblar. Bu iki ölkəni sizi çox
sevən Fransa xalqı birləşdirir. Bizim
xoşbəxtliyimiz də, kədərimiz də birdir. Ermənilər fransızların ürəklərindədir".
Daha sonra Fransa Prezidenti Parisin "erməni
soyqırımı"nı heç zaman
unutmayacağını da deyib. Aydın
görünür ki, bununla rəsmi Paris həyata
keçirdiyi xarici siyasətin bir sıra mühüm istiqamətlərini
açıq ifadə edib. Fransa Ermənistana
tam dəstək verdiyini və bütün məsələlərdə
onun yanında olduğunu nümayiş etdirib. Elə isə belə bir tərəfkeş dövlət
hansı haqla ATƏT-in Minsk qrupuna həmsədrlik edir? Eyni məntiqlə ermənilər və
avropalılar hansı üzlə Türkiyəni tərəfkeşlikdə
ittiham edirlər? Türkiyə təcavüzə
məruz qalanın yanındadır, onun etnik-milli kimliyi önəmli
deyil. Ankara ədalət tələb edir,
ayrı-seçkiliyə qarşıdır.
Fransa isə birbaşa bəyan
edir ki, təcavüzkarın yanındadır. Hətta bu
işğalçı fransızların qəlbindədir,
onlar fransızlarla həmyerlidirlər. Minsk
qrupunun həmsədri və BMT Təhlükəsizlik
Şurasının daimi üzvü kimi Fransa bu cür ikili
standartlarla hansı uğurları qazana bilər? Rəsmi Paris azərbaycanlıların dostudurmu,
düşmənidirmi?
Bu suallar indi çox
aktualdır. Həm də ona görə ki, Fransa Avropa
İttifaqındakı rolu və mövqeyinə görə Azərbaycan
üçün əhəmiyyətli tərəfdaşdır.
Fransa Aİ-nin Almaniya və İtaliya ilə
bərabər üç mühüm üzvündən
biridir. Nəhayət, Azərbaycan digər həmsədr
dövlətlərlə yanaşı, Fransadan da
münaqişənin həllində qətiyyətli
addımlar gözləyir. Bunlardan
başqa, Fransa Avropanın iqtisadiyyatında çox
mühüm yer tutur, xarici siyasətdə aparıcı
mövqedədir. Onu da nəzərə
alaq ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən
yarısı Avropa İttifaqı ölkələrinin
payına düşür. Yuxarıda
vurğuladığımız faktlar da göstərir ki,
Fransa bu sahədə də önəmli partnyordur. Azərbaycana
daxil olan xarici investisiyaların 6,7 faizi
Fransanın payına düşür.
Təmkinli,
konstruktiv və səbirli Azərbaycan: hər şeyin bir həddi
vardır
Artıq qeyd etdiyimiz kimi, rəsmi
Bakı bütün bunları diqqətə alır və
Fransa ilə əlaqələrin inkişafı
üçün ardıcıl addımlar atır.
Qarşılığında isə Frankofoniyadakı
çıxış və bir sıra fransız deputatın,
merlərin işğal olunmuş ərazilərə qanunsuz səfərləri...
Müqayisə aydındır. Əslində isə Fransa Ermənistanla olan
münasibətlərindən ədalət naminə istifadə
edə bilər. Çünki əgər
onlar tarixən yaxın əlaqələrə malikdirlərsə,
onda Paris İrəvana anlada bilər ki, başqalarının
torpaqlarını işğal etmək haqsızlıqdır,
cinayətdir, ondan əl çəksin. Fransa
tam olaraq başa sala bilərdi ki, Ermənistan rəhbərlərinin
etdikləri beynəlxalq hüquq normalarına ziddir. Bu kimi işlərin axırı olmur.
Bundan başqa, Fransa Avropa
İttifaqının üzvü kimi həm demokratiyanı
müdafiə etməlidir, həm də Azərbaycanla imzalanan
strateji tərəfdaşlıq sazişlərinin müddəalarına
əməl etməlidir. Paris isə bunu bir neçə məqamda
kobud şəkildə pozur. Birincisi, Fransa
parlamentinin üzvləri Dağlıq Qarabağa səfərlər
edirlər. Fransanın bəzi şəhərlərinin
merləri eyni yanlış hərəkəti edirlər.
Bununla Fransa rəsmi olaraq BMT, Aİ, AŞPA-da qəbul
edilən və altında imzası olan sənədlərdəki
tələbləri pozur. Son olaraq, Aİ ilə
Azərbaycanın birgə hazırladığı və Azərbaycanın
ərazi bütövlüyünü, sərhədlərinin
toxunulmazlığını təsdiqləyən sənədin
müddəalarına zidd hərəkət edir.
İkincisi, Fransa Prezidenti
beynəlxalq tədbirdə çıxış edərək
özünün ermənipərəst olduğunu
açıq etiraf edib. Bu isə bir tərəfdən Azərbaycanla imzalanan
sazişlərin ruhuna ziddir, digər tərəfdən
Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz
ola bilməyəcəyi anlamına gəlir.
Elə isə Fransa özü bəyanat verib Minsk
qrupunun həmsədrliyindən çəkilməlidir. Lakin rəsmi Parisin bunların heç birini etmək
fikrində olmadığı aydın görünür.
Bütün bunlarla
yanaşı, bir geosiyasi məqam maraqlıdır. Ermənistan
Frankofoniyanı İrəvanda keçirməklə Rusiyaya
yeni "əlcək atmış" olur. Paris açıqca Ermənistanda hökmranlıq etmək
niyyətini ortaya qoyur. E.Makron bunu ən
azı iki istiqamətdə təsdiqlədi. Əvvəla, Fransa Prezidenti Ermənistanın ən
yaxın tərəfdaşı olduğunu ifadə etdi. Bəs onda Rusiya kimdir? Axı, Ermənistan
adlı dövləti Rusiya yaradıb. İndi
onun ən yaxını Fransa oldu? Kremlin
buna reaksiyası maraqlı olacaq.
İkincisi, E.Makron fransız
dilinin Ermənistan üçün əhəmiyyətini
dolayısı ilə ifadə etmiş oldu. Özü də
bu, Ermənistanda rus dilinin demək olar ki, tamamilə yox edilməsi
fonunda baş verir. Rusiya Ermənistanın
təhsil sistemində rus dilinin inkar edilməsi ilə
bağlı dəfələrlə fikrini bildirib. Ancaq real dəyişiklik yoxdur. Bunun
əvəzində Ermənistan rəhbərliyi fransız dili
və mədəniyyəti ilə bağlı tədbirə
evsahibliyi edir. O, faktiki olaraq "rus
dünyası"nı "fransız dünyası"na dəyişməyə istiqamət
götürüb.
Azərbaycan isə tamamilə
fərqli mövqedədir. Bakı Fransa ilə də
yaxın əlaqələrini inkişaf etdirir, Rusiya ilə də
bütün sahələrdə münasibətlərini
çox müsbət müstəvidə inkişaf etdirməkdədir.
Azərbaycanda rus dilinin inkişafı
üçün heç bir maneə yoxdur. Hətta ölkənin təhsil sistemində bu dilin
yeri və rolu getdikcə daha da möhkəmlənir. Rus mədəniyyəti Azərbaycanda yayılıb,
yayılır və bu vəziyyətin dəyişəcəyinə
dəlalət edən fakt yoxdur.
Ancaq əsas sual budur ki, Azərbaycan
bu ölkələrlə səmimi və dostca münasibət
qurarkən, ermənilərin isə eqoist, əsassız
iddiaları ilə üz-üzə gələrkən Paris
lazımi dərəcədə konstruktiv mövqe tutmur, təcavüzkara
açıq və ya gizli dəstək göstərir, ona
yeni-yeni silahlar verir. Görünür, Azərbaycan bu təcrübəni
nəzərə alıb hansısa nəticələr
çıxara bilər. Hər halda,
xüsusilə Fransanın ədalətli və obyektiv
mövqe tutmadığı aydındır.
Bütün bunlar beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır və dövlətlərarası münasibətlərin dostluq ruhu ilə ziddiyyət təşkil edir. Azərbaycan özünün xarici siyasətini bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur. Və bütün ölkələrlə, o cümlədən Fransa ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir.
Rəsmi Bakı kifayət qədər düşünülmüş və məntiqli siyasət yürüdür. Bu siyasət milli maraqlara uyğun olaraq beynəlxalq hüquq çərçivəsində reallaşdırılır. Ölkə rəhbərliyi daim ən düzgün mövqeni seçir. Bunu təcrübə dəfələrlə təsdiq edib. Azərbaycan heç də böyük dövlətlərlə münasibətləri pozmaq kimi kurs yeritmir, daim əməkdaşlıq və qarşılıqlı fayda üçün çalışır. Bununla yanaşı, əks tərəfin də hərdən vicdanını qarşısına qoyub düşünməsi lazım deyilmi?
Bir başqa məqam da Cənubi Qafqazın geosiyasi vəziyyəti ilə bağlıdır. Hamı etiraf edir ki, bu bölgədə kifayət qədər mürəkkəb geosiyasi dinamika mövcuddur. Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasət aparması, İranla Qərbin münasibətlərinin daha da gərginləşməsi və terror təhlükəsinin yaxınlaşması kimi amillər son dərəcə həssas durum meydana gətirib. Belə bir vəziyyətdə Cənubi Qafqaza xoş münasibəti olan hər bir dövlət yumşaldıcı, əməkdaşlığa təkan verən, ədalətli, obyektiv siyasət yeritməlidir. Bu məsələdə tərəfkeşlik olmamalıdır. Fransa kimi təcrübəli bir dövlətin atdığı addımlar isə tamamilə bunun tərsidir. Və bu keyfiyyətdə qətiyyən Cənubi Qafqazda sabitliyə, sülhə yardım etmir.
Səbəbi ondan ibarətdir ki, Fransa rəhbərliyi açıqca bəyan edir ki, təcavüzkarın yanındadır, onun ən yaxın dostudur. Bu şərtdə Ermənistan BMT TŞ-nin qətnamələrinə əməl edərmi? Aİ-nin qəbul etdiyi sənədlərin şərtlərini yerinə yetirərmi? Fransa özü imzaladığı sənədləri hüquqi aspektdə gözdən salır, onların adi kağız parçası olduğunu dolayısı ilə nümayiş etdirirsə, təcavüzkar, qeyri-konstruktiv düşüncəyə sahib, psixoloji olaraq xəstə olan Ermənistan rəhbərləri üçün onlar heç kağız parçası da deyil.
Məhz bu baxımdan, hesab
edirik ki, Emmanuel Makronun fransızdilli ölkələrin beynəlxalq
əməkdaşlıq təşkilatının 17-ci sammitindəki
çıxışı siyasi karyerasının ən
uğursuz məqamıdır. Orada yalnız Azərbaycana
deyil, bütövlükdə dünya siyasətinə,
Fransanın dövlət maraqlarına və Aİ-nin gələcəyinə
zərər vura biləcək məqamlar vardır.
Şübhə etmirik ki, əlahəzrət zaman, bunu təsdiq
edəcək. O anda Fransa liderlərinin simasına baxmaq
daha maraqlı olardı!
Azərbaycan.- 2018.-17 oktyabr.- S.6.