Əbədi, daimi, dönməz istiqlal

 

Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır

 

1991-ci ilin sonlarına doğru sovet imperiyasının çökməsi Azərbaycan xalqına yenidən dövlət müstəqilliyini bərpa etmək imkanı yaratdı. Həmin il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il ötür. Son dərəcə sevindiricidir ki, tarix üçün uzun olmayan bu zaman müddətində Azərbaycan çox böyük inkişaf yolu keçib. Lakin 27 ilin heçbütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. Çünki 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük sevinc hissi ilə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün nəinki bir görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşdu.

1993-cü ilin iyununda parlamentin sədri, oktyabrda isə Prezident seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.

Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövr ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. İqtisadiyyatın dinamik inkişafı təmin edildi, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlanıldı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı. Xalqımızın milli birliyi və həmrəyliyi təmin edildi.

Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında nəzərdə tutulan bütün müddəalar məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu. Bu mənada, Azərbaycanın həqiqi müstəqilliyi 1993-cü ildən başlayır. Beləliklə, Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, hakimiyyətsizliyə son qoyuldu, dövlət aparatının iflic olmuş fəaliyyəti bərpa edildi. Ulu öndərin hakimiyyətə gəlişi ilə dövlət quruculuğuna start verildi. Bütün sahələrdə inkişafın əsası qoyuldu, hüquqisosial-iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, cəmiyyətimizdə demokratik dəyərlər bərqərar edildi.

Heydər Əliyev ölkəmizin müstəqilliyi barədə deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Zaman ötən illər ümummilli liderin bu sözlərinin real həyatda öz təsdiqini tapdığını sübut etdi. Ulu öndərin layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin siyasiiqtisadi sütunları daha da möhkəmləndi.

Azərbaycanın bütün sahələrdə yüksək sürətlə inkişaf etməsi, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirməsi, həm siyasi, həm də iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən birinə çevrilməsi inkarolunmaz reallıqdır. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz.

Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil siyasət yürütməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük dövlətlərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə və kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha yüksək rifahına aparır.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının təsdiq etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir. Bunlar göstərir ki, ölkə rəhbəri Azərbaycanın hazırki inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Çünki hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın, ən əsası qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Heydər Əliyevin şah əsəri olan Azərbaycan İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyev tərəfindən müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətin nəticəsidir. Qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi ulu öndər Heydər Əliyevin dediyi kimi, dönməzdir, əbədidir, daimidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 18 oktyabr.- S.1.