Dünya İqtisadi Forumu
Azərbaycanın liderliyini növbəti
dəfə elan etdi
Qlobal Rəqabətlilik Hesabatına görə,
respublikamız dünyada sosial
bərabərliyin ən yüksək səviyyədə təmin
olunduğu ölkədir
Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən müstəqil Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini daim möhkəmləndirir. Son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Bu yeni inkişaf modeli strateji hədəflərinə, əhatə dairəsinə, məzmununa və konkret reallaşma mexanizminə görə bitkindir. Bütün bu uğurları şərtləndirən isə əlbəttə ki, iqtisadi müstəqillikdir. Bu iqtisadi müstəqillik 15 ildə Azərbaycana həqiqətən böyük dividendlər qazandırıb.
Əminliklə söyləyə bilərik ki, Azərbaycanda mövcud olan iqtisadi müstəqillik, iqtisadi təhlükəsizlik siyasi müstəqilliyin və genişmiqyaslı inkişafın təminatçısıdır.
İqtisadi cəhətdən heç kimdən asılı olmayan
dövlət
Nazirlər Kabinetinin son iclasında İlham Əliyev 9 ayın sosial-iqtisadi göstəricilərinə toxunaraq əldə olunan uğurları dəyərləndirdi. Dövlət başçısının söylədiyi kimi, bu il iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb.
İqtisadi göstəricilərə nəzər yetirək: ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektorunda 1 faiz, sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində 10,8 faiz, kənd təsərrüfatı üzrə isə 4,3 faiz artım var. İnflyasiya cəmi 2,6 faiz təşkil edib.
Göründüyü kimi, qeyri-neft sənayesində iki rəqəmli artım qeydə alınıb ki, bu da sənayedə aparılan islahatların nəticəsi kimi dəyərləndirilə bilər.
Bu göstəricilər əlbəttə ki, İlham Əliyevin yeni iqtisadi strategiyasının uğurlu nəticəsidir. Bunlar bir daha təsdiq edir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil bir ölkəyə çevrilib. Dövlət başçısı bu uğuru belə dəyərləndirib: "Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.
Az zaman kəsiyində əldə edilən bu uğurlar və həyata keçirilən davamlı iqtisadi islahatların beynəlxalq reytinq agentliklərinin illik hesabatlarında da öz əksini tapması onu göstərir ki, Azərbaycan daha qüdrətli dövlətə çevrilmək üçün inamla irəliləyir.
Azərbaycanın yüksək nəticələri Dünya İqtisadi Forumunun yeni hesabatında
Ötən il dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərdilər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər.
Bu günlərdə isə Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan müxtəlif indikatorlar üzrə yüksək nəticələr əldə edib.
Öncə onu vurğulayaq ki, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, hesabatda institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması qeydə alınıb.
Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə
görə dünyada ilk
pillədədir
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.
Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.
Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatı ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, burada sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.
Biznesin dinamikliyi reytinqi
üzrə 140 ölkə arasında 31-ci yerdəyik
Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.
Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı göstəricilər əldə etməsi üçün yeni imkanlar açır.
Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan "İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdı. Dünya İqtisadi Forumunun 2017-2018 Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan 35-ci yerədək yüksələrək MDB məkanında lider olmuşdu.
Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3
ölkədən biri
Onu da əlavə edək ki, digər mötəbər reytinq agentliklərinin hesabatlarında da Azərbaycanın uğurları öz əksini tapır. Məsələn, "Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb. Sənədə əsasən, 10 indikatordan 6-sı üzrə öz mövqeyini yaxşılaşdıran Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri olub.
Nüfuzlu "Standard & Poor's” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar verilib. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.
Beynəlxalq "Moody's” agentliyinin son hesabatında isə göstərilir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə isə 3 faiz yüksələcək. İndiki mürəkkəb geosiyasi və iqtisadi vəziyyət şəraitində həqiqətən də bu cür artım yüksək göstəricidir.
Bundan əlavə, gələn il üçün Azərbaycanda iqtisadi yüksəlişin bu ilkindən 2 dəfə çox olmasının proqnozlaşdırılması birbaşa dövlətin həyata keçirdiyi inkişaf kursunun perspektivinə beynəlxalq mütəxəssislərin də böyük inamının olmasının ifadəsidir.
Sosial inkişaf
və siyasi sabitlik davam edəcək
Beynəlxalq "Fitch
Ratings” reytinq agentliyinin
ölkəmizdəki sosial
və siyasi sabitliklə bağlı açıqladığı proqnozda
deyilir ki, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək.
Agentlik proqnozlaşdırır
ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz
artacaq. Bu, neftin
yüksək qiyməti,
qaz hasilatı, eləcə də kənd təsərrüfatı
və turizmin inkişafı hesabına olacaq. Agentlik analitiklərinin məlumatına
görə, Azərbaycanda
makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi
fonunda yüksəlir.
Bunun səbəblərindən biri
kimi, agentlik manatın sabit məzənnəsini qeyd edib.
Daha sonra hesabatda qeyd edilir ki, neftin
yüksək qiymətləri,
"Cənub qaz dəhlizi” layihəsinin reallaşması və
"Şahdəniz” qaz-kondensat
yatağının hazırlanmasının
ikinci mərhələsi
çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının
ixracatının artmasına
təkan verəcək.
Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə
desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü
iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır.
Düzgün iqtisadi islahatların uğurları
Azərbaycanda mövcud olan makroiqtisadi və maliyyə sabitliyi, əhalinin sosial rifah halının gündən-günə yüksəldilməsi,
o cümlədən, ölkəmizin
beynəlxalq reytinqlərdə
mövqeyinin daha da yaxşılaşdırılması
aparılan düzgün
və ardıcıl iqtisadi islahatlar nəticəsində mümkünləşib.
Prezident İlham Əliyevin apardığı sürətli iqtisadi islahatlar ölkəmizin makroiqtisadi sabitliyinin qorunmasına, strateji valyuta ehtiyatlarının artımına və biznes mühitinin əlverişliliyinə səbəb olub. Həyata keçirilən yeni iqtisadi islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına 250 milyard sərmayə yatırılıb, son 9 ayda isə iqtisadiyyata 9 milyard investisiya qoyulub. Ölkənin valyuta ehtiyatları 3 milyard artaraq 45 milyard dollara yüksəlib.
Əksər beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da Azərbaycanda aparılan hüquqi qanunvericilik, habelə biznes mühitinin əlverişliyinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar məxsusi olaraq qeyd edilir. Bu da beynəlxalq reytinq agentliklərinin ölkəmizdəki islahatlara xüsusi diqqət yetirdiklərini və izlədiklərini göstərir.
Azərbaycan iqtisadiyyatı hər zaman
dayanıqlığını təmin edib
Faktiki olaraq dünyanın bir neçə nüfuzlu iqtisadi yönümlü təşkilatlarının hesabatlarında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Təbii ki, reytinqin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerlərinin açılması deməkdir.
Nazirlər Kabinetinin son iclasında dövlət başçısının söylədiyi kimi Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlığını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi həm genişmiqyaslı inkişafın, həm də tam müstəqil siyasətin təminatçısıdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 18 oktyabr.-
S.1; 5.