Şəxsiyyətin mənəvi və intellektual
bütövlüyü
Elm xadimləri
Bu il Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, elmi-təşkilati və ictimai fəaliyyəti ilə milli intellektual düşüncəmizin inkişafında, onun müasir meyar və prinsiplər əsasında təşkilində xüsusi xidmətlər göstərmiş, AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun yetmiş illik yubileyidir. Öz şəxsiyyətində yüksək əxlaqi keyfiyyətləri, əsl ziyalıya məxsus insani dəyərləri birləşdirən akademik Mahmud Kərimov istər fərdi tədqiqatları, istərsə də on ildən artıq bir müddətdə Milli Elmlər Akademiyasının prezidenti kimi elmi-təşkilati fəaliyyəti ilə Azərbaycanda intellektual tərəqqiyə mühüm töhfələr bəxş etmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin sonlarından başlayaraq həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən olan elm siyasətinin reallaşdırılmasında, bu istiqamətdə bir sıra uğur və nailiyyətlərin əldə olunmasında, son nəticədə Azərbaycan elminin ağır böhrandan çıxarılaraq inkişaf yoluna qədəm qoymasında akademik Mahmud Kərimovun xidmətləri olmuşdur.
Elmin ağır və şərəfli yollarında bir sıra uğurlara imza atmış M.Kərimov nümunəvi bir həyat bioqrafiyasına malikdir. O, 1948-ci il oktyabr ayının 18-də ziyalı ailəsində anadan olmuşdur. Atası Azərbaycan incəsənət tarixinin görkəmli tədqiqatçılarından, miniatürlər sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Kərim Kərimov idi. Belə bir ziyalı mühitində tərbiyə almış Mahmud Kərimovda uşaqlıq illərindən təhsilə, elmə, incəsənətə böyük maraq yaranmış və bu maraq onu Bakı Dövlət Universitetinin Fizika fakültəsinə gətirib çıxarmışdır. O, 1971-ci ildə ali təhsilini başa vurmuş, 1973-cü ildə Azərbaycan EA-nın Fizika İnstitutunda mühəndis kimi əmək fəaliyyətinə başlamış, 1974-2001-ci illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, laboratoriya rəhbəri və 1984-cü ildən 2001-ci ilədək Radiasiya Tədqiqatları Sektorunun direktoru vəzifəsində çalışmışdır. Alim 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 2000-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın həqiqi üzvü və AMEA-nın prezidenti seçilmiş, 2013-cü ilədək akademiyaya rəhbərlik etmişdir. Onun rəhbərliyi müddətində Azərbaycan elminin inkişafı baxımından bir sıra mühüm tədbirlər həyata keçirilmiş, uğurlar əldə edilmişdir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, akademik Mahmud Kərimovun AMEA-ya rəhbərlik etdiyi dövrün özü müasir Azərbaycanın tarixində müstəqil dövlət quruculuğu baxımından mühüm əhəmiyyətə malik ayrıca bir mərhələdir. Məhz bu illərdən başlayaraq Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətə uğurla rəhbərlik etməyə başladı. Davamlı sosial-iqtisadi inkişafa nail olunması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun sürətlə artması, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyin ardıcıl olaraq güclənməsi, dünya enerji təhlükəsizliyində ölkəmizin rolunun genişlənməsi, sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaların uğurla həyata keçirilməsi ilə Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə edildi. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində müşahidə olunan inkişaf tempi getdikcə sürətlənməyə və özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymağa başladı. Bu illərdə, akademiyanın cəmiyyətdə nüfuzu getdikcə güclənməyə, dövlət siyasətinin həyata keçirilməsində fəallığı əhəmiyyətli dərəcədə artmağa başladı. Akademik Mahmud Kərimovun AMEA-ya rəhbərliyi illərində elmi fəaliyyət sahəsində çoxsaylı uğurlar əldə edildi. İlk növbədə elmin inkişafı dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrildi; ölkənin sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində insan kapitalı prioritet istiqamətlərdən biri olaraq dövlət siyasəti səviyyəsində təsbit olundu; dövlət və vətəndaş cəmiyyəti quruculuğunda elmin yeri və rolu müəyyənləşdirildi.
Qeyd olunan mühüm istiqamətlərə uyğun olaraq akademik Mahmud Kərimovun rəhbərliyi ilə 2001-2013-cü illərdə akademiyada bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün Azərbaycan elmində həyata keçirilən mühüm islahatların zəmini, əsası funksiyasını yerinə yetirən həmin tədbirləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
- alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi fəaliyyətin stimullaşdırılması və elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi;
- elmi kadr potensialının gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin gerçəkləşdirilməsi;
- humanitar siyasət sahəsində uzunmüddətli layihələrə start verilməsi;
- elmi potensialın dövlət siyasətinin, xüsusən milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində yaxından iştirakı.
Akademik Mahmud Kərimovun AMEA-ya rəhbərliyi illərində elmi fəaliyyət sahəsində həyata keçirilən işlərin mühüm istiqamətlərindən biri, elmin maddi-texniki bazasının yaxşılaşdırılması olmuşdur. Əsrin əvvəllərindən başlayaraq Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması, Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması haqqında dövlət başçısı tərəfindən ardıcıl sərəncamlar imzalandı. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ayrılmış vəsaitlər hesabına AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarında, muzeylərində yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmış, elmi müəssisələr müasir avadanlıqlarla təchiz edilmişdir. AMEA-nın Geologiya, Fizika, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Polimer Materialları, Aşqarlar Kimyası institutları əsaslı olaraq təmir olunmuşdur.
Görkəmli alim M.Kərimovun akademiyaya rəhbərliyi illərində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın və həmin strategiya ilə bağlı dövlət proqramının həyata keçirilməsi olmuşdur. Strategiyanın icrası istiqamətində dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli addımlar atılmışdı. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, elektron elmin formalaşması sahəsində də bir sıra işlər görülmüşdür.
Akademik Mahmud Kərimov elmi-təşkilati fəaliyyətlə yanaşı, daim elmi-tədqiqatla da məşğul olmuşdur. O, öz elmi araşdırmaları ilə fizika və informatika sahəsində mühüm nailiyyətlərə imza atmışdır. İlk elmi məqaləsini tələbə ikən SSRİ EA-nın "Optika i spektrockopiə” jurnalında çap etdirən M.Kərimov tərəfindən ilk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslər tədqiq edilmişdir ki, bu da materialların xassələrinin elektrik sahəsi ilə idarə edilməsinə yollar açmış və polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdırmışdır. Onun yaradıcılığında əhəmiyyətli yerlərdən birini də şüalanma və elektrik sahəsinin təsirləri ilə oksid dielektriklərdə nöqtəvi defektlərin yaranma mexanizmi və kinetikasının tədqiqi təşkil edir. Bu tədqiqatlar suyun radiasiya və plazma katalitik parçalanması proseslərində şüalanma enerjisinin kimyəvi enerjiyə çevrilməsi kimi aktual problemlərlə sıx əlaqədardır. Mahmud Kərimov tərəfindən ilk dəfə aşkar edilmiş elektrik sahəsi ilə stimullaşdırılan termolüminessensiya effekti polimerlərdə molekulyar dinamikanın və müxtəlif halların energetik xüsusiyyətlərinin aşkar edilməsində böyük əhəmiyyət kəsb edir. Onun tərəfindən yaradılmış polimer dielektriklərdə güclü lokal elektrik sahə oblastlarının spin-zond diaqnostika metodu polimer izolyatorların davamlılığının proqnozlaşdırılmasında, onlarda həcmi yüklərin formalaşması və toplanması proseslərinin tədqiqində mühüm əhəmiyyətə malikdir.
Elektron paramaqnit rezonansı sahəsində yüksək hazırlıqlı mütəxəssis olan Mahmud Kərimov bu tədqiqat metodunu fizika, kimya və biologiyanın müxtəlif məsələlərinin həllinə uğurla tətbiq etmişdir. Onun tərəfindən müxtəlif tip bərk maddələrə ionlaşdırıcı şüaların təsiri, bu şüaların təsiri altında yarımkeçirici, polimer, dielektrik maddələrin fiziki və fiziki-kimyəvi xassələrində baş verən dəyişikliklər, onların qanunauyğunluqları kompleks şəkildə tədqiq edilmişdir. Sürətləndirilmiş elektronların yarımkeçirici materiallara və cihazlara (diod, tranzistor və s.) təsiri öyrənilmiş, kosmik fəza faktorlarının təsiri şəraitində işləyən cihazların radiasiyaya davamlılığı problemləri araşdırılmışdır.
Görkəmli alim müntəzəm olaraq elmi konfranslarda, simpoziumlarda və seminarlarda iştirak edirdi. O, 300-dən çox elmi əsərin və bir sıra ixtiraların müəllifi olmuşdur. Onun elmi nəticələrinə elmi ədəbiyyatda çoxsaylı istinadlar vardır.
Akademik Mahmud Kərimovun bir alim, ictimai xadim, yorulmaz elm təşkilatçısı kimi fəaliyyəti çoxşaxəli idi. O, Azərbaycan hökumətinin Birləşmiş Nüvə Tədqiqatları (Dubna şəhəri) İnstitutunda səlahiyyətli nümayəndəsi, Gürcüstan və Qazaxıstan Milli Elmlər Akademiyasının fəxri üzvü, Elmi Əlaqələndirmə və Terminologiya şuralarının sədri, Qaradəniz İqtisadi Əməkdaşlıq ölkələri Akademiyalarının Prezidentlər Şurasının üzvü idi. O, həmçinin Heydər Əliyev adına mükafat, təhsil, heraldika komissiyasının, Heydər Əliyev Fondunun Himayəçilər Şurasının, Dövlət Neft Fondunun Müşahidəçilər Şurasının üzvü idi.
Akademik ölkəmizi AEBA, NATO, UNESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil edirdi. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi ümummilli lider Heydər Əliyevin bu istiqamətdə strateji xəttini uğurla həyata keçirirdi.
Mahmud Kərimovun fəaliyyətinin mühüm istiqamətlərindən birini xüsusi elmi əhəmiyyətə malik meqalayihələrin həyata keçirilməsi təşkil etmişdir. 2001-2005-ci illər ərzində onun rəhbərliyi ilə ABŞ NATO fondunun NR1021 qrant layihəsi icra olunmuşdur. NR1021 layihəsinin məqsədi müasir ətraf mühit fizikası və kimyası tədqiqat mərkəzinin yaradılması idi. Nəticədə AMEA Radiasiya Problemləri İnstitutu nəzdində beynəlxalq səviyyəli ekoloji tədqiqatları icra etməyə hazır olan "Ətraf mühit Fizikası və Kimyası” mərkəzinin metodoloji strukturu işlənib hazırlanmış, daha sonra laboratoriyanın beynəlxalq İSO 17025, İSO 14001 və OHSAS 18001 prosedurları üzrə akkreditasiyası həyata keçirilmişdir.
Alim polimer, polimer-kompozit, modifikasiya olunmuş polimer sistemlərin dielektrik, enerji çeviricisi, enerji və informasiya nəqli və sair unikal xassələri özündə daşıyan unikal obyekt və sistem kimi istər fundamental elmi, istərsə də praktiki nöqteyi-nəzərdən əhəmiyyətliyi və aktuallığının durmadan yüksələcəyini görərək bu sahələrdə tədqiqatların müasir səviyyədə genişləndirilməsini tövsiyə edirdi.
"Ətraf Mühitin Fizikası və Kimyası Mərkəzi”, ABŞ mülki elmi tədqiqatlara dəstək üzrə regional mərkəzlər proqramı (RESC) çərçivəsində, Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun ABŞ Mülki Araşdırmalar və İnkişaf Fondu (CRDF) arasındakı NR2-1021 müqaviləsi əsasında təşkil olunmuşdur. Ümumilikdə CRDF keçmiş sovet ölkələrində 22 belə mərkəz təsis etmişdir ki, bu mərkəz onların arasında ən müvəffəqiyyətlilərindən biri hesab olunur.
NATO SfP 977991 layihəsi və eləcə də UNDP, UNEP və Xəzər Ekoloji Proqramı layihələri zərərli maddələrin Kür və Araz çayları ilə Xəzər dənizinə daşınması proseslərinin öyrənilməsi kimi Azərbaycan üçün çox mühüm olan problemlərin tədqiqinə istiqamətlənib.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun 2002-ci ildə CRDF fondu və NATO Elm fondundan aldığı qrantlar mərkəzə artıq 2003-cü ildə regionda ən müasir laboratoriya səviyyəsinə çatmağa imkan verdi.
Akademik Mahmud Kərimovun rəhbərliyi ilə 2002-2008-ci illər ərzində NATO Elm fondunun SfP 977991 Cənubi Qafqaz çaylarının monitorinqi layihəsi icra olunmuşdur. Bu layihədə NATO Elm Fondu tərəfindən tərəfdaş elmi mərkəzlər kimi New-Mexico University (USA), Antverp University (Belgium) və Trontheim University (Norway) iştirak edirdilər.
Akademik M.Kərimov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əlaqələrin qurulmasında çox mühüm rol oynamış, AEBA-nın illik Baş Konfranslarında Azərbaycanın təmsilçilik missiyasını həyata keçirmişdi. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yaranmış AEBA ilə əlaqələrin təşkili üzrə dövlət komissiyasının daimi üzvü olmuşdu. AEBA-nın Baş Konfranslarında respublikamızın tələblərinə dair çıxışlar edib, yeni layihələrin əsaslandırılmasında iştirak edirdi. Beynəlxalq qurumlarla əlaqələrin dinamikasına baxsaq, bütün sahələrdə respublikamızın durmadan yüksələn siyasi və iqtisadi durumu, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və elmə əsaslanmış siyasətinin təsirinin təzahürünü görərik. Odur ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əlaqələrdə üzv olduğumuz illər ərzində sürətli inkişaf dövrü keçmiş və bu gün regionda ən yüksək səviyyəyə çatmışdır.
M.Kərimovun dəstəyi nəticəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 4 milli və çoxlu sayda regional layihələr icra olunmuşdur. Bu layihələr nəticəsində AMEA-nın RPİ-da Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan bölümü yaradılmış, eyni zamanda respublikada nüvə və radioaktiv materialların monitorinq laboratoriyası təşkil edilmiş, Tədqiqat Nüvə Reaktorunun elmi-iqtisadi əsaslandırılması həyata keçirilmiş, radiasiyalı texnologiyaların imkanları genişləndirilmişdir.
Akademik M.K.Kərimov MDB çərçivəsində elmi əlaqələrin yeni səviyyədə qurulması və təşkilində də fəal iştirak etmişdir. Belə ki, o, MDB-də Akademiyaların Beynəlxalq Assosiasiyasında Azərbaycanı təmsil edərək, onların bütün iclaslarında elmi-təşkilati məruzələri böyük maraqla qarşılanmışdır. Dubna Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzinin üzvü kimi onunla əməkdaşlığın genişləndirilməsində fəal iştirak etmişdir. O, həmçinin Müstəqil Dövlətlər Birliyinin Atom Enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasının təşkili və ilkin illərdə orada respublikamızın təmsiledicisi olmuşdur.
İstər elmi, istərsə də təşkilati və ictimai fəaliyyəti ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr bəxş etmiş Mahmud Kərimovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Akademik Mahmud Kərimov həm də yüksək mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı idi. O, əsl Azərbaycan ziyalısı olaraq təvazökar, səmimi, xeyirxah, mədəni və daxilən azad bir insan idi. Bütün bu keyfiyyətlər onu Azərbaycan ziyalılığının xüsusi hörmət və ehtiram göstərilən şəxsiyyətlərindən birinə çevirmişdir. Heç şübhəsiz ki, onun işıqlı xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, həmçinin xalqımızın qəlbində daim yaşayacaqdır.
Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti, akademik
Azərbaycan.- 2018.- 18 oktyabr.- S.3.