“Arım,
balım, pətəyim...”
Arıçıların
çörək ağacı arı pətəyidir. Onlar
öz uşaqlarından necə sevgiylə
danışırlarsa, arıdan da elə şövqlə
yorulmadan saatlarla danışa bilərlər. Bir arı
uçanda səsini eşitməzsiniz, amma arı pətəyini
açıb qulaq assanız, minlərlə arının
dağ çayının uğultusuna bənzəyən qəribə
nəğməsini eşidəcəksiniz. Arılar həqiqətən
də Tanrının yaratdığı ecazkar məxluqdur. Hətta
Müqəddəs Kitabımızda arıya əmr də
verilir ki, get insanlara yaxın və onlar quran yuvalarda yaşa və
fayda ver. Bəlkə elə buna görə arının
balı kimi, digər məhsulları, o cümlədən
südü də müalicəvidir.
Əgər arılar olmasa,
ciçəklərin tozlanmasını kimsə apara bilməz,
bol mer-meyvə yetişməz. Ona görə də
arıçılığın inkişafı böyük əhəmiyyət
kəsb edir. Ölkəmizdə arı ailələrinin
sayı ildən-ilə artır, istehsal edilən balın
miqdarı çoxalır. Azərbaycanda arı ailələrinin
sayı 272 minə yaxındır. Hava şəraiti imkan verən
halda respublika üzrə ildə 3 min ton bal istehsal etmək
mümkündür. Bu baxımdan
arıçılığın ixrac imkanları da
genişdir. Prezident İlham Əliyev hələ ötən
il qeyd etmişdi ki, "Azərbaycan dünya miqyasında
arıçılıq, bal istehsalı sahəsində önəmli
yer tuta bilər, müvafiq göstərişlər verilib.
Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr
olacaqdır”.
"Global Industry Alalists, Inc”
konsaltinq şirkətinin (GIA) hesabatlarında göstərilir
ki, təbii bal istehlakının 48,1 faizi Asiya-Sakit okean
regionunun payına düşür. Bu regiona 58 ölkə, o
cümlədən Rusiya, Çin, ABŞ, Yaponiya, Kanada
daxildir. 2016-cı ildə dünyada 2 milyard ABŞ dolları dəyərində
bal idxal olunub. Orta idxal qiyməti 3,2 dollar ətrafında olub.
Dünya üzrə bal idxalının 21 faizi, yəni 166 min
tonu ABŞ-ın payına düşüb.
Azərbaycanda bal istehsalı 2005-ci
ildəki 600 tondan 2016-cı 2,7 min tona çatıb.
Arıçılığa artan maraq ixrac statistikasına da təsir
edir. Belə ki, 2015-ci ildə cəmi 3,62 ton bal ixrac
olunmuşdusa, 2016-cı ildə bu göstərici iki dəfəyə
yaxın artıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan
balının qiyməti dünya üzrə orta idxal qiymətindən
2,5 dəfə yüksəkdir. Buna da səbəb odur ki,
dünyanın əksər ölkələrində arılar
balı adətən bir bitkidən, bal istehsalı
üçün salınan meşələrdən və
xüsusi sahələrdən və çöllərdən
yığırlar. Çökə, yonca, akasiya, günəbaxan
və sair bitkilərdən yığılan ballar da keyfiyyətlidir.
Lakin bizdə arılar balı müxtəlif çiçəklərdən,
dağ çəmənlərindən toplayırlar. Bu da
onları digər ballardan qat-qat üstün edir. Yəni
balın özü də mənşəyinə görə
iki böyük qrupa bölünür: birincisi, monoflor -
yalnız bir çiçəkdən yığılan bal;
ikincisi, poliflor - müxtəlif ağaclardan və çəmən
çiçəklərindən toplanan bal. Azərbaycan
arıçılarının əksəriyyətinin balı
müxtəlif çiçəklərdən olduğu
üçün xarici bazarda da yüksək qiymətini qoruyub
saxlayır.
Artıq arıçılıq
ölkəmizdə maraqlı bir sahəyə çevrilmiş,
daha gənc insanları kənd yerlərində özünə
cəlb etməkdədir. Çətinliklərin olmasına
baxmayaraq, böyük sürətlə inkişaf edir. Bu da
onunla bağlıdır ki, arıçılıq o qədər
də böyük vəsait tələb etmir,
ağıllı sahibkar olduqda elə birinci ildə qoyduğu
bütün xərcləri çıxara bilir.
Dövlət də
arıçılığın inkişafını daim diqqət
mərkəzində saxlayır, aqrar sektorun şaxələndirilməsində
ən vacib istiqamətlərdən biri olduğunu qeyd edir,
fermerlərə dəstəyini əsirgəmir, onların
maariflənməsində, yeni biliklərə yiyələnməsində
yaxından iştirak edir.
Bundan başqa, artıq neçə
ildir ki, ölkəmiz də mütəmadi olaraq bal
satışı sərgiləri keçirir,
arıçıların maraqla iştirak etdiyi belə tədbirlər
ölkə KİV-də geniş təbliğ olunur. Belə sərgilərin
keçirilməsi artıq ənənə halını almışdır.
Builki sərginin bir qədər yubanmasına havaların
münasib keçməsi səbəb oldu. Elə ilin əvvəlində
də havaların kifayət qədər qızmaması
arılara yetərincə yaz balını toplamağa imkan vermədi.
Ona görə ki, çiçəklərin şirə
buraxması üçün havanın hərarəti 24 dərəcədən
yuxarı olmalıdır. Havanın hərarəti
aşağı olanda çiçəklər şirə
buraxmır, arıların əziyyəti hədər gedir.
Arıçı arıların acından
qırılmaması və həm də bala qoyması
üçün əlavə xərc çəkir,
arıları şəkərlə həm yayda, həm də
qışa hazırlayarkən yemləməli olur.
Builki bal sərgi-satış
yarmarkası əvvəlki illərdə keçirilən
yarmakalardan onunla fərqləndi ki, satışa
çıxarılan ballar ekspertizadan keçirildi. Qida Təhlükəsizliyi
Agentliyinin baytarlıq nəzarəti şöbəsinin
müdiri Qalib Əbdüləliyevin dediyinə görə, yarmarkaya
çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan
900-ü, yəni təxminən 30 tonu ekspertizanın nəticələrinə
görə yararsız çıxıb. Bu rəqəm bir tərəfdən
narahatedici görünsə də, digər tərəfdən
satışa çıxarılan balın keyfiyyətinə
ciddi nəzarətin olduğunu sübut edən müsbət
fakt kimi qiymətləndirilməlidir. Bal adı altında
alıcıları aldadan möhtəkirlərin
qarşısı alınır. Əvvəlki yarmarkalarda elə
olurdu ki, sadə dədə-baba qaydası ilə yoxlayanda
balın təmiz olmadığını asanlıqla təyin
etmək olurdu. Azərbaycan Arıçılar
Assosiasiyasının sədri Bədrəddin Həsrətov
ölkədə keyfiyyətsiz arıçılıq məhsullarının,
o cümlədən balın daha çox Astara və Daşkəsən
rayonlarında hazırlandığını bildirib.
Arıçılıq inkişaf etdikcə, istehsal olunan
balın həcmi artdıqca şərbətdən bal tutub
barmaqlarını yalayan alverçi möhtəkirlərin də
sayı azalacaq.
Ən vacibi
arıçılığa diqqətin artırılması,
mövcud çətinliklərin qarşısının
vaxtında alınmasıdır. Bütün dünyada
arıçıların əsas problemləri eynidir. İqlim
dəyişiklikləri, ekoloji balansın pozulması, arı
ailələrinə yaxın sahələrdə herbisidlərin
və pestisidlərin qədərindən artıq işlənilməsi,
mobil rabitə operatorlarının sayının sürətlə
artması və planeti hörümçək toru kimi
bürüməsi arıçılığın
inkişafına bütün dünyada zərbə vurur.
Arı ailələrinin sayının bir sıra ölkələrdə
azalması isə ekoloqları həyəcan təbili
çalmağa sövq edir.
Bahadur
İMANQULİYEV
Azərbaycan.-
2018.- 18 oktyabr.- S.6.