Azəri mətbuatının şanlı xatirəsi
"Azərbaycan"
- 100 istiqlalımızın yadigarı, həmyaşıdı
və tərənnümçüsü
Yarım əsrlik bir xatirə. Azərbaycan mətbuatının, çox müşküllər və maneələrə rəğmən keçdigi çətin bir yol!
Bundan 50 il əvvəl təsis etdigi "Əkinçi” qəzetəsinin milli tariximizdəki ənfisi (böyük) qiymətini təqdir edə bilmək üçün mətbuatın xalq həyatındakı afaqi (vacib) rolunu təsbit edəlim.
Qullandığımız 2 kəlmə vardır: milliyyət və millət. Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə hüsula gələn etnik bir mühiti ifadə etdigi halda, digəri bu mühitdə hüsula gələn məşəri (xəlqi) bir iradəyi ifadə edər.
Mazzininin məruf tərifinə görə, "ərazinin, mənşəin, əxlaq və adətin və lisanın birligindən dolayı həyatında və ictimai vicdanında müvafiqət (uyğunluq) və iştirak hüsulə gəlmiş bir cəmiyyəti bəşəriyyədir”.
Durkheim nəzəriyyəsi isə "etnik saiqlər (səbəblər) və yaxud sadə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və vahid bir dövlət təşkil etmək istəyən insan qrupuna millət deyilir”.
Durkheim, bu tərifini vaqeələrlə təyid edərkən "israrla təyid olunursa, bu məşəri iradənin, tətmin olunmaq haqqına malik olduğu və bunun dövlət qurmağa yeganə bir zəmin təşkil etdigi, şimdiki mədəni millətlər əndində artıq bir ümdə (prinsip) halına gəlmişdir” diyor.
Bu iki tərif arasındakı ifadə fərqinə diqqət etmək lazım: Birincisində millət ünsürü və tarixi bir vaqeədir. İkincisində isə millət ictimai və iradi bir hadisədir. Ötəkində millətin təşəkkül seyri tərif olunuyor, bərikində millət bir "ümdə” şəklində ifadə edilmişdir. O rüşeymdir, bu çocuqdur. O ağacdır, bu meyvədir. O, müvəlliddir (mamaça), bu vələddir. O, milliyyətdir, bu, millətdir.
Lisani, adəti, tarixi, dini, vətəni və sairəsi bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət bir milliyyətin millət halına keçməsi ümumi şüur və məşəri iradəsinin təsisinə bağlıdır. Bu isə yalnız "ictimai hafizə” vəzifəsini görən orqanın (üzvün) təşəkkülü ilə vücud bulur. Bu orqan müxtəlif zamanlara görə dəgişir. Orta əsrlərdə bu vəzifəyi feodal zümrə görüyor, millətin ictimai həyat və ənənələrini qeyd və zəbt edən "hafizə” Xan sarayları ilə Şövalye qalalarından ibarət olub qalıyordu. Zaman dəyişdikcə bittəbii bu orqan da dəyişdi.
Burjuazinin zühuru ilə feodal sistem dağıldı. Mənəviyyat mərkəzi "qala”lardan şəhərlərə keçdi. Şəhərlərdə yetişən münəvvər zümrə millətin şüurunu ərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi. Bu sinfin ən böyük aləti mətbuatdır.
Qonuşduğu lisanda, ilk qəzetəyə malik olan cəmiyyət, bir milliyyət ikən, millət olmağa başlamış deməkdir. Həyatında mətbuat ənənəsinə malik bulunan bir xalq isə artıq təəssüs etmiş bir millətdir.
Türkcə qəzetənin 50-ci təsis sənəsini qeyd edən Azərbaycan türkü, milli şüurunun doğmasında ən böyük rol oynamış bir amili qeyd ediyor!
Milli şüur, bir milliyyət içərisindən çıxan rəhbər zümrənin digər zümrə və fərdlər ilə daimi və üzvü bir münasibət və ixtilat təmin etməsilə doğar. Qəzetələrin bu xüsusdakı rolu aşikardır. Kəndi tərcümeyi-halına aid yazdığı sətirlərdə "Əkinçi” qəzetəsi təsisinin səbəblərini izah edərkən, qoca Həsən bəy hiss və idrakı ilə işə girişdigini isbat ediyor. İbtida cəmiyyəti-xeyriyyə təsisinə təşəbbüs edərək ədəmi-müvəffəqiyyətə uğrayan, sonra "teatro otağı” boş qaldığını görən fədakar müəssis "bu dünyada elmsiz dolanmağın mümkün olmadığını” nəzərə almış, "nə qayırmalı?” deyə düşünmüş, "çağırıyoram, gəlmiyor, göstəriyoram, görmüyor, diyoram, eşitmiyorlar” deyə kədər etmiş. Nəhayət, "onları haraylayıb çağırmaqdan” başqa bir çarə olmadığına qənaət gətirmiş bu çarəyi dəxi "qəzetə çıxarmaqda” görmüşdür. "Olmaz ki, onun sözünü eşidən və qanan (anlayan) olmasın!”... Çünki "kağızın üstünə yazılmış doğru sözlər qapı, pəncərələrdən keçər, o iman mənzillərinə çatar (yetişər)”. Çünki "doğru söz yerdə qalmaz, oxuyanlardan əllidəbirisi oxuduğunu qansa (anlasa), onların qədəri (sayı) ilbəil artar....”
Bu məqsədlə girişdigi böyük işdən nələr bəklədigini, Azərilərin ilk qəzetəçisi, münəvvər təbəqəyə xitabən nəşr etdigi bir məqalədə "Əkinçi”də böylə anlatıyordu:
"İstiyorsunuzmu türk milləti yaşasın? Qabağa getsin? Elmi və mərifəti olsun?” Mədəniyyəti olsun? Ona dil verin. Türklər öz dillərini itiribdir. Sizin sözünüzü onlar anlamıyorlar. Onların dilini tapın verin onlar yaşasın, qabağa getsin”.
"Ədəbi lisanın xalq dilinə yaxınlaşması əsri millət məfkurəsinin ən böyük ünsürünü təşkil edər. Azərbaycanın xanlıqlar dövründən qalma klassik şeir və ədəbiyyat mühitinin inhitata (tənəzzülə) uğramış bir dövründə gələn "Əkinçi”nin, türk dili davası ilə meydana atılması bu təşəbbüsün nə dərəcədə milli olduğunu parlaq surətdə göstərir.
"Əkinçi”nin zühuru yalnız milli degil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kibi o, saraylara və saray ətrafında toplanan mümtaz zövq ərbabına degil, bütün xalqa xitab ediyordu, məhəlli bir qərəz degil, milli bir məqsəd güdüyordu. Xalqı işıqlandırmaq onun ən böyük məqsədi idi.
Xalqı işıqlandırmaq! Bundan 50 sənə əvvəl ortaya atılan bu şüarın nə kibi işıq keçirməz qaranlıq bir mühit içərisində parlamış bir nur olduğunu təsəvvür etmək mümkündür. Bu zülmətin kəsafəti haqqında bir fikir vermək üçün tariximizə təəllüq edən vəsiqələrdən uzaq bulunmaq kibi əlim bir zərurət içərisində bulunmasaydıq, bu nura qarşı, gözləri qaranlığa alışqan bulunan o məhut(qorxudulmuş) şairin tarixi həcvini buraya nəql edər. "Əkinçi”yi təqdir edən məşhur Azəri şairi Seyyid Əzim Şirvaninin bu zülmət məfkurəçisinə verdigi parlaq cavabı dəxi dərc edərdik.
Fəqət buna ehtiyac varmıdır? Qutenberqin ecazkar makinəsindən bixəbər bulunan bir mühitdə ilk qəzetə zühurunun nə demək olduğunu zatən təqdir edə biləriz. Mətbəəsizlik, mürəttibsizlik kibi maddi müşkülləri və mühitdəki təəssüb kibi mənəvi maneələri məfkurəvi eşq və əzimlə yenmək istəyən Həsən Bəy kəndisi kibi əsri elm və fənn cihazı ilə silahlanan, sayları məhdud, gənç münəvvərləri işə dəvət ediyor, diyordu ki:
"Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşmüyor... Sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər. Amma insaf degil ki, 5 gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız”.
Böylə yüksək bir məqsəd və ülvi bir dəvət ilə nəşriyata başlayan "Əkinçi” yolu üzərindəki ən böyük müşkülü rəf edəmədi, müstövlu rus idarəsi Həsən bəyin milli şüur toxumlarını saçan bir əkinçi olduğunu, çox keçmədən fərq etdi. "Əkinçi”qapatıldı.
Üç sənə davam edən "Əkinçi”yi mütəaqib bir qaç sənə sonra çıxan və qapanan "Ziya” (Ziyayi-Qafqas) ilə "Kəşkül” qəzetələri müstəsna, Azərbaycan 1903 sənəsinə qədər mətbuatsız (qəzetə mənasına) bir dövr yaşamışdır. 13 sənə davam edən bu dövr Azərbaycan intibahının ən müzlim dövrüdür.
Mətbuatın 2-ci dövrü 1903-də Tiflisdə çıxan "Şərqi-Rus” qəzetəsini mütəaqib 1905-dən etibarən Bakıda təsis və davam edən qəzetələrlə başlamışdır.
Bundan etibarən Azərbaycan müxtəlif nam və ünvanlarla satışı minlərə baliğ və bəzən də 10 mini keçən qəzetələrə malik olmuş, 21 sənə əsnasında Azəri türk mətbuatı pək böyük bir tərəqqiyə məzhər olmuşdur.
Həsən bəy saçdığı toxumların 26 sənə qədər uzun sürən bir qışdan sonra gələn feyzli baharda gögərib səmərələr verdigini bizzat gördü. Son çağlarında olsa da, Bakıda intişar edən türkcə qəzetələrdə bizzat iştirak etmək səadətinə nail oldu.
Həsən bəy öldü. Fəqət saçtığı toxumun səmərə verdigini görən müvəffəq bir əkinçi kibi faxir (parlaq) və məsrur (şən) olaraq bu dünyadan köçdü. O gün mətbuat siyaha büründü, şairlər mərsiyələr yazdı, teatrolar pərdələrini endirdi, bazar və dükan qapandı. Bir kəlmə ilə millət matəm tutdu.
Çar dövründəki 13 sənəlik infisal (məcburi tənəffüs) Azərbaycanı mətbuatsız buraxmışdı. Kommunizm dövründəki 6 sənəlik işğal isə Azərbaycanı istiqlalından, mətbuatını da "milli şüura” hizmətdən məhrum buraxmışdır.
Fəqət Rusiya çarizmi "milliyyəti” "millət” olmaqdan nasıl mən edəmədi isə, bolşevizm dəxi "milləti” "milliyyətə” icra etmək (çevirmək) imkanında degildir.
Münəvvər azəri gənçligi Azərbaycanın milli bir hökumət şəklində yaşamaq haqqındakı şiddətli arzusunu nəfsini fəda dərəcəsinə tərvic və bu məqsəd üzərində israr etməkdədir.
Əvət, milli mətbuatının şanlı xatirəsini təqdis edən azəri xalqı əziz istiqlalının iadəsini də çox çəkməz bayram edər!
"Yeni Qafqasiya”,
1 mart 1926, ¹9
Afaqi - perspektivli
P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov
təqdim edib
Azərbaycan.-
2018.- 18 oktyabr.- S.8.