Siyasi məsləhətləşmələr keçirilib
Oktyabrın 18-də Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfdən isə Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər. Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı prioritetlərinin dövlət başçıları tərəfindən müəyyən edildiyini bildiriblər. Bu xüsusda, Rəşid Meredov ölkəmizə səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə söyləyib.
Elmar Məmmədyarov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib. Məsləhətləşmələr çərçivəsində siyasi-diplomatik əlaqələrin, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Aktau Zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın tarixi əhəmiyyəti bir daha vurğulanıb. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə olunan müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələr tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri barədə müzakirə aparılıb. Mədəni-humanitar, logistika və sənaye sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.
Görüş əsnasında Rəşid Meredov beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT sisteminə daxil olan qurumlarda Türkmənistanın təşəbbüslərinin nəinki sadəcə dəstəklənməsi, bir çox hallarda onlara həmmüəllif olaraq qoşulmasına görə Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirib.
Elmar Məmmədyarov beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə, ən başlıcası isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi, ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə olunub.
Məsləhətləşmələrin
yekunlarına dair nazirlər səviyyəsində
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və Türkmənistanın
Xarici İşlər Nazirliyi
arasında 2019-2020-ci illər üçün
əməkdaşlıq proqramı imzalanıb.
Azərbaycan.-
2018.-19 oktyabr.- S.3.