Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Moskvada “Azərbaycanın payız
sovqatları” adlı şəhərcik açılıb
Heydər Əliyev
Fondu, Azərbaycanın
Rusiyadakı səfirliyi
və Moskva hökumətinin təşkilatçılığı,
Azərbaycanın İqtisadiyyat
Nazirliyinin dəstəyi
ilə oktyabrın
17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız
sovqatları” adlı şəhərcik fəaliyyət
göstərəcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.
Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk açılış mərasimində çıxış edərək bildirib ki, burada Azərbaycanda istehsal olunan ən yaxşı məhsullar təqdim edilir. O deyib: “Bu gün ilk dəfə Moskvada bu formatda Azərbaycan günləri keçirilir. Azərbaycanın ən yaxşı istehsalçıları Moskvada öz məhsullarını nümayiş etdirirlər. Biz bu gün Tver meydanına gələn hər kəsi görməkdən məmnunluq duyuruq. Burada hər şey gözəl təşkil olunub. Şəhərcikdə Azərbaycan məhsulları nümayiş etdirilir, ziyarətçilər ustad dərslərində iştirak edə biləcəklər. Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək. Ümid edirik ki, belə tədbirlər mütəmadi təşkil olunacaq. Moskvaya xoş gəlmisiniz!”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan məhsullarının nümayişi üçün şərait yaradıldığına görə Moskva hökumətinə, Rusiya paytaxtının meri Sergey Sobyaninə təşəkkürünü bildirib. O deyib: “Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Biz şadıq ki, bu münasibətlərdə Rusiya paytaxtının xüsusi yeri var. Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı olduqca məhsuldar danışıqlar aparılıb”.
Səfir sərginin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən şəhərciyin gözəl təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Mən Azərbaycanın Rusiyadakı səfiri kimi çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı tədbirlər keçirilir”, - deyə diplomat bildirib.
Polad Bülbüloğlu sərgidə Azərbaycanın turizm potensialını əks etdirən materialların olduğunu da qeyd edib, moskvalıları Azərbaycana dəvət edib. O, həmçinin belə sərgilərin ənənəvi keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilir, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş etdirilir. Beş gün ərzində Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində konsert və sərgilər təşkil olunacaq, şəhərciyə gələnlərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçiriləcək.
Tədbir çərçivəsində
Azərbaycan mətbəxini təqdim edən restoranlar,
çay evi, Azərbaycanda
istehsal olunan müxtəlif
məhsulların satışı təşkil edilib. Həmçinin “I Love Baku” milli suvenir brendinin
məhsulları təqdim
edilir. Heydər Əliyev Fondunun
müxtəlif nəşrləri
Moskva sakinlərinə
və Rusiya paytaxtının qonaqlarına
ölkəmizin mədəniyyəti,
tarixi, insanları, incəsənəti və
milli mətbəximiz barədə ətraflı
məlumat əldə
etməkdə yardımçı
olacaq.
Şəhərciyin fəaliyyət
göstərdiyi günlərdə
Dövlət Rəqs Ansamblı və Dövlət İnstrumental
Ansamblının, Xalq
artisti Ənvər Sadıqovun rəhbərliyi
ilə “Qaytağı”
ansamblının çıxışları
olacaq, Şəhriyar İmanovun müşayiəti
ilə musiqi proqramı təqdim ediləcək.
Şəhərciyə gələnlər
rəngarəng ərzaq
çeşidləri və
suvenirlər almaq, müxtəlif ustad dərslərində iştirak
etmək, fotosərgi ilə tanış
olmaq, yaradıcı kollektivlərin çıxışlarına
baxmaq və peşəkar aşpazlardan
milli xörəklərin
hazırlanması sənətini
öyrənmək imkanı
əldə edəcəklər.
Tədbirin qonaqları Azərbaycan
mətbəxinin nümunələrinin
dadına da baxa biləcəklər.
Azərbaycan.- 2018.- 19 oktyabr.- S.4.