Məktəb direktorları üçün
ixtisasartırma proqramları hazırlanır
Bu il 6 mindən çox
müəllim yekun qiymətləndirmə
imtahanlarında iştirak edib
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.
Qeyd edilən bu məsələlər oktyabrın 18-də media nümayəndələri üçün keçirilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda seminarda vurğulandı.
Müəllim işləmək arzusunda
olanların sayı 3 dəfə artıb
"2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub”.
Bu sözləri seminarda iştirak edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusundakı təqdimat zamanı söylədi.
İnstitut direktorunun sözlərinə görə, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilməsi təsadüfi deyil. Ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.
Bəzi pedaqoqlar yeniliklərin səmərəli
tətbiqi yollarını bilmirlər
Daha sonra çıxış edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində ortaya çıxan bəzi problemləri sadaladı. O qeyd etdi ki, müəllimlərin müəyyən dövr ərzində tədris etdiyi fənnə aid yeniliklərlə tanış olmaması, elmin sürətli inkişafı, informasiya bolluğu, dərsliklərin yenilənməsi ilə əlaqədar müəllimlərin sistemli peşəkar inkişaf ehtiyacları aşkara çıxmış oldu.
Qeyd edildi ki, dərsdinləmələr, məktəbdaxili və kənar monitorinqlərin nəticələrinin təhlili müəllimlərin yeniliklərə qarşı çıxmadığını, sadəcə onların səmərəli tətbiqi yollarını bilmədiklərindən onu müvafiq şəkildə həyata keçirmədiklərini göstərir. Nəticədə müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır. Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır.
Şagird təfəkkür bacarıqları tələb edən
tapşırıqlarda çətinlik çəkir
Nəzakət Mehdiyeva qeyd etdi ki, son illərdə buraxılış imtahanları nəticələrinin davamlı təhlili göstərdi ki, ana dili və riyaziyyat fənlərindən şagirdlərin əsas çətinlikləri məntiqi, tənqidi və yaradıcı təfəkkür bacarıqlarını tələb edən tapşırıqlarda olur.
Belə ki, riyazi situasiyaların həllini, fikrin əsaslandırılmasını tələb edən tapşırıqları yerinə yetirmək üçün şagird bu fəaliyyətləri illər ərzində dərs prosesində təkrar-təkrar etməlidir. Bu isə yalnız səriştəli müəllimin planlı fəaliyyətinin nəticəsi ola bilər. Beynəlxalq qiymətləndirmə tədqiqatları nəticələrinin təhlili göstərdi ki, şagirdlər nəzəri bilikləri yoxlayan sualları rahat cavablandırdıqları halda, oxuduğunu təhlil etməkdə, həyati situasiyalar üzərində riyazi və təbiət fənn bacarıqlarını nümayiş etdirməkdə çətinlik çəkirlər. Səbəb məktəblərdə biliklərin verilməməsi deyil, biliklərdən müvafiq şəkildə istifadə etmək bacarıqları üzrə aparılan işin səmərəliliyinin aşağı olmasındadır.
İlin sonunadək daha 25,182 nəfərin
qiymətləndirilməsi planlaşdırılır
Direktor müavini bildirdi ki, hazırda məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlanır və sınaqdan keçirilir.
Təhsildə idarəetmə və təşkilatçılıq, sənədlərlə iş mövzuları üzrə təlim proqramları keçirilməsi nəzərdə tutulub. Proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev isə bu il 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12050 müəllimə ixtisasartırma təlimi keçirildiyini söylədi. Ümumilikdə isə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Cari ildə bu günədək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının 5 illiyi münasibətilə media nümayəndələri üçün seminarlar davam edəcək. Növbəti seminar Mingəçevirdəki "ASAN Peşə” Təhsil Mərkəzində olacaq.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2018.- 19 oktyabr.-
S.6.