Arxiv quruculuğu yeni mərhələdə

 

Azərbaycanda arxiv quruculuğunun başlanğıcı ötən əsrin 20-ci illərinə təsadüf edir. Xalqımızın mənəvi sərvətini nəsillərə çatdırmaq, onları qədərincə qorumaq üçün belə bir təşkilatın yaranmasına ciddi ehtiyac vardı. Bütün bunları nəzərə alaraq 1920-ci ilin dekabr ayında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış dekretlə Vahid Dövlət Arxiv Fondu yaradılır. Onu da qeyd edək ki, Azərbaycanda yaradılan bu idarə Qafqazda ilk dövlət arxivi hesab olunur. O illərdən bəri az qala bir əsr ötür. Və arxiv dövlət idarəçiliyinin əsas atributlarından birinə çevrilməyə başlayır. Artıq bu təşkilat xeyli şaxələnir, əyalətlərdə filialı yaranır, mühüm funksiyalar yerinə yetirir.

Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir. Respublikamızda Milli Arxiv Fondu haqqında qanun layihəsinin hazırlanması 1998-ci ildən başlandı. 1999-cu ildə bu qanun layihəsi qəbul olundu. Elə həmin vaxtdan respublika Nazirlər Kabineti və digər icra hakimiyyəti strukturları qarşısında konkret vəzifələr qoyuldu ki, arxiv işinin təkmilləşməsinə hərtərəfli kömək etsinlər. Yeni qanuna əsasən, Milli Arxiv Fondu sənədlərinin dövlətə məxsus hissəsi dövlət mülkiyyəti kimi mühafizə olunur. Dövlət mülkiyyətində olan mühüm sənədlər alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz. Bu sənədlərdən yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə edilə bilər.

Son illər Milli Arxiv Fondunun yeni əsaslarla təkmilləşməsi üçün xeyli görülüb. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun dediyi kimi, arxiv haqqında yeni qanun bizim imkanlarımızı birə-beş artırır. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən idarə öz funksiyasını dəqiq və operativ yerinə yetirmək üçün nəzərdə tutulan bütün tələblərə əməl edir. Milli Arxiv Fonduna daxil olan sənədlər daim ciddi mühafizə olunur. Sənədlərin növündən və formasından asılı olaraq onların mühafizə müddəti də müxtəlifdir. Məsələn, yeni qanuna görə, respublika dövlət hakimiyyət və icra orqanlarının sənədlərinin idarə arxivlərində saxlanması üçün 15 il, şəhər, rayon hakimiyyət orqanlarının sənədləri üçün isə 5 il müddət müəyyən olunub. Elmi-texniki sənədlər üçün 15 ildən artıq olmayaraq vaxt nəzərdə tutulub. Kino işləri və şəxsi heyətə aid sənədlər üçün isə 75 il vaxt hesablanıb. Ləğv olunmuş dövlət, idarə, təşkilat və müəssisələrin varisi olmadıqda onları müəyyən edilmiş qaydada dövlət arxivlərinə təhvil vermək olar.

Əsgər Rəsulov qeyd etdi ki, Azərbaycanda arxiv quruculuğu sovetlər birliyinin süqutundan sonra daha uğurlu inkişaf yoluna qədəm qoydu. Belə ki, yeni mərhələdə arxivlərin müasir avadanlıqlarla təchizi və sənədlərin mühafizəsi işlərində ciddi dəyişikliklər yarandı. Maddi bazanın nisbətən zənginləşməsi imkanları xeyli artırdı. Ulu öndər Heydər Əliyevin 2002-ci il dekabr ayının 1-də imzaladığı "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərman bu sahənin inkişafı üçün müstəsna əhəmiyyət kəsb etdi. Həmin fərmanda göstərilir ki, xalqımızın əvəzsiz sərvəti olan arxiv sənədlərinin mühafizəsinə xüsusi əhəmiyyət verilməlidir. Dövlət hakimiyyət orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbatının ödənilməsi üçün arxiv materiallarından və qorunan sənədlərdən geniş istifadə olunur. Arxivlər tərəfindən sənədlər külliyyatları müntəzəm nəşr olunur. Həmin sənədlər dövri mətbuatda ardıcıl nəşr edilir. Həmin fərmanda qeyd edilir ki, arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının imkanlarından qədərincə istifadə olunmaması bəzi problemlər yaradır. Bu gün ona cəhd edilir ki, belə problemlər tezliklə aradan qaldırılsın, hər cür pərakəndəliyin qarşısı alınsın. Bunun üçün hər cür imkan və şərait var.

Xalqımızın tarixinin ilk mənbələr əsasında öyrənilməsində Milli Arxiv Fondunun böyük əhəmiyyəti var. Dövlət arxivlərindən saxlanılan sənədlərdən daha səmərəli və hərtərəfli istifadə etmək məqsədilə onlar üçün axtarış-məlumat sistemi yaradılıb. Arxivlərdə saxlanılan sənədlərin tərkib və məzmunu haqqında yaradılan axtarış-məlumat sisteminə əsasən arxivlərin yaddaş kitabları, xülasələr, kartotekalar və digər məlumat sənədləri daxildir.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov daha sonra qeyd etdi ki, "Milli Arxiv Fondu haqqında” yeni qanun bizim imkanlarımızı məhdud çərçivədən çıxardı. Dövlət arxivlərində qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsi onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə etməyə əlverişli şərait yaratdı. Bu gün tam cəsarətlə deyə bilərik ki, dövlət hakimiyyət orqanlarının, idarə və müəssisələrin arxivə uyğun informasiya tələbləri dolğunluğu ilə ödənilir. Respublikamızın, eləcə də xarici ölkələrin alimləri, elm adamları öz tədqiqatlarında monoqrafiya və dərsliklərin yazılmasında arxiv sənədlərindən qədərincə faydalana bilirlər. Buna tam şərait yaratmaq üçün əlmizdən gələni əsirgəmirik. Çalışırıq ki, arxivlərimizə müraciət edənlər vaxtında operativ məlumat ala bilsinlər. Bu gün arxiv xidmətinin statusustrukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işlərinin tələblərinə uyğunlaşdırılır. Əsasən elektron informasiya bazasının təkmilləşməsinə üstünlük veririk. Biz şəhər və rayon dövlət arxivləri ilə də müntəzəm əlaqə saxlayır, onlara praktiki köməyimizi əsirgəmirik. Arxiv quruculuğunun yeni mərhələsində arxiv işçilərinin sosial müdafiəsinə də xüsusi diqqət yetiririk. Bu gün arxiv işçisi bilikli, müstəqil mühakiməli və hərtərəfli hazırlıqlı mütəxəssis olmalıdır. Belə olanda yeni mühitin tələblərinə və şərtlərinə cavab vermək o qədər də çətin olmur. Ona görə də arxiv işinə cəlb etdiyimiz mütəxəssislərin daim öz üzərlərində işləməsinə də şərait yaradırıq.

"Milli Arxiv Fondu haqqında” yeni qanun dövlət arxiv işçiləri qarşısında uyğun tələblər irəli sürür. Bu qanuna əsasən hüquqifiziki şəxslər dövlət arxivlərində saxlanılan sənədlərdən qədərincə istifadə etmək hüququna malikdirlər. Amma belə bir tələb də irəli sürülür ki, vətəndaşlar Milli Arxiv Fondu sənədlərindən istifadə edərkən müəlliflik hüququ barədə qanunvericiliyin şərtlərinə qeyd-şərtsiz əməl etməlidirlər. Fizikihüquqi şəxslər arxiv sənədlərindən və sənəd kolleksiyalarından istifadə qaydalarına əməl etmədikdə qanunvericiliyin müəyyən etdiyi qaydalar əsasında məsuliyyət daşıyırlar.

Yeni qanuna əsasən, mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən idarə və müəssisələrin sənəd fondları həmin təşkilatların mülkiyyətidir. Fiziki şəxslərin sənəd fondları isə onların şəxsi mülkiyyəti sayılır. Bu yeni qanuna əsasən, mülkiyyət formasından asılı olmayaraq, arxiv sənədlərinin mülkiyyətçilərinin hüquqlarına dövlət təminat verir. Ona görə də dövlət orqanları tərəfindən arxiv sənədlərinin götürülməsi və ya müsadirə olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

Bu gün Milli Arxiv İdarəsi arxiv xidmətini yeni tələblər əsasında qurmaq üçün ən mütərəqqi formalaraüsullara istinad edir. Bunun üçün arxivçiliyin milli ənənələrindən də qədərincə istifadə olunur. Az qala bir əsr yaşı olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yeniləşmə dövründə də faydalı işlərini davam etdirir...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2018.- 19 oktyabr.- S.7.