İlham Əliyev növbəti qlobal təşəbbüsə
- Türkiyənin ən böyük enerji layihəsinə
müəlliflik etdi
Azərbaycanın
6,3 milyard dollarlıq sərmayəsi ilə ərsəyə gələn
“Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Afrika
bölgələrində ən böyük müəssisələrdən
biridir
Oktyabrın 19-da Türkiyənin
İzmir şəhərində "Star” neft emalı zavodunun
açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.
Prezidentlər terrasdan "Star” neft
emalı zavodunun ərazisini seyr etdilər.
Dövlət
başçıları idarəetmə ofisi ilə tanış oldular.
Prezidentlərə "Star”
neft emalı zavodunda görülən işlər barədə
məlumat verildi.
Bildirildi ki, "Star” zavodunun ümumi
neft emalı gücü 10 milyon ton təşkil edəcək
və müəssisənin əsas xammal tədarükçüsü
kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- SOCAR çıxış edir. SOCAR-ın 6,3
milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin
Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində
inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə
xam neft emalına başlanılıb. Zavoda ilk
neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri
Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək
imkanına malikdir və Türkiyənin idxalının 40 faizə
düşməsinə səbəb olacaq.
Həmçinin mayeləşdirilmiş
qazın idxal səviyyəsi də 70 faizə enəcək. "Star” neftin qiymətindən
asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi
formalaşdıracaq. Layihənin həyata
keçirilmə müddətində burada 19 min 500
işçi çalışıb. Zavod istehsala
başladığı zaman 1100 nəfər yeni iş yeri ilə
təmin olunacaq.
"Star” neft emalı zavodunda hər
il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon
ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton
az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu,
420 min ton qarışıq ksilen və 160 min ton kükürd
istehsal olunacaq. Zavod "Petkim” neft-kimya kompleksinin
nafta və qarışıq ksilenə olan tələbatını
tam ödəyəcək.
Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə
Türkiyə tarixində ən böyük xarici sərmayəçidir.
Bundan əlavə, "Star” neft emalı zavodu
Türkiyədə özəl sektorun bir nöqtəyə
qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə
iqtisadiyyatın və sənayenin inkişafına töhfə
verməklə strateji məhsulların istehsalında əhəmiyyətli
rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan
asılılığını azaltmaqla ölkə
iqtisadiyyatına 1,5 milyard dollar əlavə
gəlir qazandıracaq.
Xatırladaq ki, "Star” neft emalı
zavodunun təməli 2011-ci il oktyabrın
25-də Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən
qoyulub.
"Star” neft emalı zavodunun
açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu
gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti
haqqında ətraflı məlumat verdi.
Sonra layihənin əhəmiyyəti
haqqında videoçarx nümayiş olundu.
SOCAR-ın prezidenti Rövnəq
Abdullayev mərasimdə iştirak edən Azərbaycan və
Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb
Tayyib Ərdoğana layihənin həyata keçirilməsinə
verdikləri dəstəyə görə təşəkkürünü
bildirdi. Ulu öndər Heydər Əliyevin
"Azərbaycan-Türkiyə dostluğu əbədi və
sarsılmazdır” sözlərini xatırladan Rövnəq
Abdullayev diqqətə çatdırdı ki, müxtəlif
layihələrə yatırılan sərmayələr nəticəsində
SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.
"Star” neft emalı zavodu
haqqında və burada istehsal ediləcək məhsullar barədə
danışan SOCAR-ın prezidenti yaxın gələcəkdə
"Petkim”də yeni əhəmiyyətli layihənin
reallaşdırılmasına başlanılacağını
qeyd edərək dedi:
- Bu gün
açılışına toplaşdığımız
layihələrin memarları olan və iştirakları ilə
bizi şərəfləndirən prezidentlərimiz cənab
İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana
sonsuz minnətdarlığımı bildirirəm. Zati-alilərinin dəstəyi, himayəsi
olmasaydı, bu layihəni daim diqqət mərkəzində
saxlamasaydılar, dəyərli tövsiyələrlə bizə
doğru yol göstərməsəydilər, bu uğur
qazanılmazdı.
Türkiyənin energetika və
təbii sərvətlər naziri Fatih Dönməz Türkiyə-Azərbaycan
dostluğunun və işbirliyinin rəmzi olan bu hadisənin
önəmindən danışaraq iki ölkə arasında
qardaşlığın möhkəm bağlara əsaslandığını
vurğuladı. Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi
ilə ölkələrimizin enerji sahəsində əhəmiyyətinin
daha da artdığını deyən energetika və təbii
sərvətlər naziri "Star” neft emalı zavodunun verəcəyi
faydanı qeyd etdi. Bu zavodun Avropa, Yaxın Şərq və
Afrika bölgələrində ən böyük müəssisələrdən
biri olduğunu deyən Fatih Dönməz həyata keçirilən
layihələrin Azərbaycanın və Türkiyənin
bölgədəki gücünü daha da
artıracağını vurğulayaraq dedi:
- Böyük və güclü
Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı
yanımızda görmək bizi son dərəcə məmnun
edir. Biz eyni köklər üzərində
böyüyən ulu bir çinarın budaqlarıyıq.
Həmin çinarın kölgəsi həyata
keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək
bir çox ölkəyə qədər uzandı.
"Türkiyə və Azərbaycan
birlikdə XXI əsrin enerji tarixini yazır”, - deyən Fatih
Dönməz Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü
münasibətilə təbriklərini də
çatdırdı.
Türkiyənin xəzinə və
maliyyə naziri Berat Albayrak TANAP layihəsinin
açılışından 4 ay sonra dünyaya örnək
olacaq daha bir önəmli layihənin
açılışına toplaşdıqlarını qeyd
edərək, Türkiyə və Azərbaycan
arasındakı dostluğu və birliyi dünya
üçün nümunə adlandıraraq dedi:
- Bu gün burada yaranan mənzərə
dünyanın içində olduğu bədbinliyə,
qeyri-müəyyənliyə ən gözəl həll
formasını təqdim edir. Dünya Türkiyə
ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək
götürməlidir. Qarşılıqlı
uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə
hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa
necə böyük töhfə verməyin mümkün
olduğu bu mənzərə sayəsində çox aydın
görünür. Bu gün bu mənzərə
dünyaya ölkələrin öz maraqlarını, iqtisadi
sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən
və onu artırmaqdan, ticarət müharibələri
aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik
mühitindən, güclü əməkdaşlıqdan
keçdiyini çox aydın şəkildə ortaya qoyur.
Türkiyə Böyük Millət Məclisinin
sədri Binəli Yıldırım iki ölkənin
ağıl, iradə və güc birliyi ilə reallaşan
layihənin icrası münasibətilə təbriklərini
çatdırdı, Türkiyə-Azərbaycan işbirliyinin əbədi
olacağını vurğulayaraq dedi:
- Türkiyə-Azərbaycan
münasibətlərini əbədiyyətə
daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə
qürur duyuruq. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP,
"Star” neft emalı zavodu və buna bənzər
böyük olduğu qədər də strateji əhəmiyyət
daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə
qardaşlığını inkişaf etdirmir, eyni zamanda,
bütün Qafqazın, Orta Asiyanın və hətta
Avropanın enerji təhlükəsizliyinə də
böyük töhfə verir. Ölkələrimizin
iqtisadiyyatına böyük fayda verəcək neft emalı
zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu
olmasını diləyirəm.
Türkiyə-Azərbaycan dostluğunun
və qardaşlığının ən önəmli tərəfini,
həmçinin qarşılıqlı
yatırımların, dünya səviyyəli enerji və nəqliyyat
sahələrində əməkdaşlığın təşkil
etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin
sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin
və Azərbaycanın dövlət başçıları
Rəcəb Tayyib Ərdoğanın və İlham
Əliyevin imzaladığı sənədlərlə iki
ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini
vurğuladı.
Ölkələrimiz arasında
1991-ci ildən etibarən 200-dən çox müqavilə,
protokol və digər sənədlər
imzalandığını diqqətə çatdıran Binəli
Yıldırım dedi:
-Mərhum Prezident Heydər
Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü
və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi
"Bir millət, iki dövlət” anlayışına bir
addım da yaxınlaşdırıb. Bölgəmiz və
dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət
kəsb edən bu əsərlər məhz iki ölkənin
bu anlayışının nəticəsidir.
Açılış mərasiminin dəyərli
bir ildönümü ilə üst-üstə
düşdüyünü, Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illik yubileyinə təsadüf
etdiyini deyən Binəli Yıldırım bu münasibətlə
bir daha təbriklərini çatdırdı.
Mərasimdə Azərbaycanın
və Türkiyənin imza atdığı mühüm layihələr
barədə videoçarx nümayiş etdirildi.
Azərbaycan Prezidenti
İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Hörmətli Türkiyə
Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb
Tayyib Ərdoğan.
Əziz dostlar.
Bu gün Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələrinin tarixində çox
gözəl və əlamətdar bir gündür. Biz "Star
Rafineri”nin açılışına
toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb
Tayyib Ərdoğanla burada, Əliağada "Star”ın təməlini
qoyduq və bu gün bu nəhəng layihənin
açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz
qarşımıza qoyduğumuz bütün hədəflərə
uğurla çatırıq. Bir daha onu
göstərir ki, belə nəhəng layihələrin icrası
üçün Türkiyə və Azərbaycan liderlərində
güclü siyasi iradə var. Bu layihənin həyata
keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığıdır.
Mən yenidən qardaş
Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə
üçüncü səfərimdir. Əziz qardaşım
Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana
iki dəfə səfər etmişdir. Bu səfərlərin
sayı özlüyündə bir göstəricidir və onu
göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir. Bu
da təbiidir, çünki əsrlər boyu biz birlikdə
yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən
ayırıb, amma bu, müvəqqəti xarakter
daşıyırdı. Biz yüz il
bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə
də birlikdə idik, bu gün də bir yerdəyik.
Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin
100-cü ildönümü münasibətilə əziz
qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda
ötən ay keçirilmiş möhtəşəm hərbi
paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə
və Azərbaycan əsgərləri çiyin-çiyinə
Bakının ən böyük meydanı olan Azadlıq
meydanından şərəflə keçmişlər.
1918-ci ilin 15 sentyabrı tarixi bir gündür.
Məhz o gündə Bakı şəhəri
Nuru Paşanın komandanlığı altında Qafqaz
İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli
Ordusu tərəfindən işğaldan azad edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə
olaraq müsəlman aləmində cümhuriyyət
yaranmışdır. Ancaq Bakı, bizim qədim tarixi
şəhərimiz işğal altında idi. Yeni
yaradılmış hökumət Gəncə şəhərində
fəaliyyət göstərirdi. Nuru Paşanın
komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən
Bakıya möhtəşəm yürüşü və hərbi
zəfəri nəticəsində Bakı
işğalçılardan azad edildi və öz sahibinə,
Azərbaycan xalqına qaytarıldı. O gündən
bir neçə gün sonra Bakı Azərbaycan Xalq
Cümhuriyyətinin paytaxtı elan edilmişdir. Bu, unudulmaz
tarixdir və yüz il o tarixdən sonra
Türkiyə və Azərbaycan prezidentlərinin
iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm
mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi
ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir,
yüz il bundan əvvəl biz bir yerdə
idik, bu gün də bir yerdəyik.
Onu da qeyd etməliyəm ki,
dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının
27-ci ildönümünü qeyd etdik. Azərbaycanın
müstəqilliyini ilk tanıyan ölkə Türkiyə
olmuşdur. Bu tarix çox şərəfli
tarixdir. O gündən bu günə qədər biz daim
bir yerdəyik. Siyasi əlaqələrimiz ən
yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər
görmüşük. Həm Türkiyə, həm Azərbaycan
iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir.
Fürsətdən istifadə edərək,
qardaş türk xalqını əziz qardaşım Rəcəb
Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş
bütün uğurlar münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Türkiyə
Prezident Ərdoğanın liderliyi sayəsində dünya
miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir.
Bölgədə və dünyada Türkiyə
ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir
çox hallarda həlledici rol oynayır. Bu,
bizi çox sevindirir. Çünki
Türkiyənin gücü bizim gücümüzdür.
Türkiyə nə qədər güclü
olarsa, biz də bir o qədər güclü olacağıq.
Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya
miqyasında qardaşlıq, həmrəylik nümunəsi
göstərirlər. Mən dünyada
ikinci ölkələr tanımıram ki, Türkiyə və
Azərbaycan qədər bir-birinə bağlı olsunlar.
Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında
biz nəhəng layihələri gerçəkləşdiririk.
"Star Rafineri”nin yaradılması
üçün Azərbaycan 6,3 milyard
dollar yatırım edib. Növbəti mərhələdə
əlavə 700 milyon dollar yatırım ediləcəkdir.
Bu, bizim xaricə qoyduğumuz ən böyük
yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri
birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin,
"Cənub qaz dəhlizi”nin, Bakı-Tbilisi-Qars dəmir
yolunun yaradılması - bunların hər biri
özlüyündə nəhəng bir layihədir və nəinki
ölkələrimiz, xalqlarımız üçün,
bölgə, dünya, Avrasiya üçün çox
böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə
güclü siyasi iradə nümayiş etdirərək
Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən
cızır. Bunu biz edirik və bu yeni xəritələrin
altında bizim imzamız var. Bütün bunları biz birgə
səylərlə etdik. Bütün bu
layihələr böyük maliyyə yatırımı tələb
edən layihələrdir. Burada artıq
qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına
böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10
milyard dollara yaxındır və gələcəkdə bu rəqəm
daha da artacaq.
Bir sözlə, bu gün
"Star Rafineri”nin açılışı timsalında biz
birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini
görürük. Əminəm ki, bundan sonra da Türkiyə
və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək.
Mən bu fürsətdən
istifadə edərək qardaş Türkiyə xalqına daim
tərəqqi və rifah arzulayıram. Sağ olun.
* * *
Sonra Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan çıxış etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğanın çıxışı
- Əziz qardaşım
Prezident İlham Əliyev.
Hörmətli qonaqlar,
xanımlar və cənablar.
Sizi ən səmimi hisslərlə,
hörmət və məhəbbətlə salamlayıram.
Çıxışımın
əvvəlində Azərbaycanı 18 oktyabr - Dövlət
Müstəqilliyi Günü münasibətilə təbrik
edirəm.
Sovet İttifaqının dağılması ərəfəsində
- 1991-ci il oktyabrın 18-də yenidən
azadlığa qovuşan Azərbaycan dünəndən etibarən
müstəqilliyinin 27-ci ilini geridə qoydu.
Əslində bugünkü
Azərbaycan Türkiyə Respublikasının - bizim son
dövlətimizin yaranması kimi qardaşlarımızın
da ən gənc dövlətidir. Təxminən bir ay
bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən
azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar
azərbaycanlı qardaşlarımızla bir yerdə idik.
Bakıda şanlı Türkiyə və Azərbaycan
ordularının hərbi paradını
qardaşlarımızla birlikdə həyəcan və
qürurla izlədik. Türkiyə hərbi
birlikləri azərbaycanlı qardaşları ilə
keçmişdə necə çiyin-çiyinə
vuruşmuşdularsa, həmin gün də eləcə
çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın,
iki dövlət, bir millət olmağımızın göstəricisi
idi.
Bu gün "Star” neft emalı
zavodunun açılışı ilə dünyaya örnək
olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə
cəsarət, təkcə siyasət miqyasında deyil,
güclü iqtisadi çərçivədə davam
etdiririk. Bu müəssisə enerji sahəsində
həmrəyliyimizi gücləndirmək üçün uzun
müddət gördüyümüz işlərin ən
mühüm və konkret örnəklərindən biridir.
Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri
və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri
layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə
malik bu strateji layihələrə regional və qlobal miqyasda
nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.
İndi
açılışını etdiyimiz "Star” neft emalı
zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin
strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə
həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin
regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir.
Dünyanın ticarət müharibələri və
böhranlarla sarsıldığı bir dövrdə bir-bir
açılışını etdiyimiz bu layihələrin
ölkələrimizi həm ayrılıqda öz qayələrinə,
həm də ortaq hədəflərinə
yaxınlaşdırdığına inanıram. Hər
şeydən əvvəl 6,3 milyard
dollarlıq bir sərmayə - "Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən
isə ilk açılışı ilə
addımını atdığımız neft-kimya müəssisələri
- bütün bunları ümumilikdə hesabladıqda söhbət
təxminən 10 milyard dollarlıq sərmayədən gedir.
Hörmətli qonaqlar, 2008-ci
ildən etibarən enerji sahəsində ölkəmizdə
mühüm layihələr həyata keçirən Azərbaycan
Dövlət Neft Şirkəti - SOCAR "Star” neft emalı
zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə
ölkəmizə qazandırmışdır. Son 30 ildə
həyata keçirilən ən böyük real sektor sərmayəsi
olan "Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və
Şimali Afrika bölgələrində ən böyük
neft müəssisələrindən biri olaraq, inşallah,
uğurla fəaliyyət göstərəcək.
Bu müəssisə ölkəmizin
"Strateji sərmayələrin təşviqi sənədi”nə
sahib ilk layihəsi olmaq xüsusiyyətinə də malikdir. Bundan
başqa, belə bir investisiya olduqda bizim üzərimizə
düşən bir vəzifə var, onlara xüsusi dəstək
də verəcəyik. O dəstək də ondan ibarətdir
ki, bundan sonra nazirlikdə bütün proseslərin həyata
keçirilməsi şərti ilə prosedurlar zamanı bu təşviqdən
də istifadə ediləcək. Çünki mərifət
lütfkarlıqdan asılıdır. Lütfkarlıq
olmasa mənası olmaz.
Eyni zamanda, bu neft emalı
zavodu Türkiyənin ən böyük enerji layihəsidir. Bu baxımdan neft məhsulları
idxalında hər il 1,5 milyard dollar məbləğində
qənaət edilməsi, neft məhsullarında xaricdən
asılılığın azalması hədəflənir.
Gündə 214 min barel, ildə 10 milyon ton xam neft emalı
gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə
malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının
istehsalı həyata keçiriləcək.
Məşğulluq
baxımından da mühüm əhəmiyyət
daşıyan bu müəssisədə 1100 nəfər
çalışacaq. Beləliklə, bu zavod Türkiyə və
Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə
yanaşı, Egey bölgəmizin rifahını yüksəltmiş
olacaq.
Biz iki dövlət, bir millət
olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki
bütün xalqların təhlükəsizliyi, sabitliyi,
rifahı və zənginliyi üçün
çalışırıq. Ürəkdən istərdik
ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti
görə bilsin. Aralıq dənizinin
şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə
bağlı birtərəfli qaydada baş verən
uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən
təəssüf edirik. Bu vəziyyət
bölgəmizdə hələ də qeyri-sabitlikdən və
gərginlikdən istifadə etmək siyasətindən əl
çəkmək istəməyənlərin olduğunu
göstərir. Türkiyə olaraq belə
cəhdlərə qarşı cavabımızı həm bu
yerdən, həm də diplomatik sahədə ən sərt
şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə
almayan heç bir təşəbbüsün uğur qazanmaq
şansı olmadığını bütün tərəflər
görəcəklər. Dostluğa, həmrəyliyə,
birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə
açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm.
Hazırda açılışını
etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın
ən gözəl nümunəsidir. Hamını
belə əməkdaşlığa dəvət edirik.
Hörmətli qonaqlar,
Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin
və sabitliyinin əsas aktorları olduğu artıq hamı
tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin
qoşulmadığı, razı olmadığı və dəstək
vermədiyi heç bir layihə hədəfinə çata
bilməz. Bununla yanaşı, Azərbaycan
torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər
işğal altında qalması qəbul edilə bilməz.
Ölkəmizin və Azərbaycanın bu
münaqişənin həlli istiqamətində göstərdiyi
təşəbbüslərə beynəlxalq ictimaiyyət
daha səssiz qala bilməz. BMT başda
olmaqla regional və qlobal problemlərin həlli
üçün qurulan təşkilatların bu səssizliyi
onların özlərini də məhvə sürükləyir.
Haqq-ədalət duyğusundan uzaq, içi
boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və
şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi
başda olmaqla dünyada ortaya çıxan
haqsızlıqlara "Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin
olunması qaydaları istisnasız bütün dövlətlər
üçün tətbiq edilməzsə, kimsə gələcəyinə
əminliklə baxa bilməz. Türkiyə
və Azərbaycan olaraq biz istənilən vəziyyətdə
və şərtlər altında inandığımız dəyərlər
uğrunda apardığımız birgə mübarizəni
davam etdirəcəyik. Allahın izni ilə
bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət
qazanacağıq.
Bu hisslərlə "Star” neft
emalı zavodunun açılışını hörmətli
qardaşım Əliyev ilə birlikdə etməkdən
böyük qürur və məmnunluq duyduğumu bir daha ifadə
etmək istəyirəm. "Star” neft emalı zavodu ölkələrimizə,
xalqlarımıza və bölgəmizə "Xeyirli olsun!”
deyirəm. Bu layihənin ölkəmizdə həyata
keçirilməsində başda əziz qardaşım
İlham Əliyevə və əməyi olan hər kəsə
xüsusi təşəkkür edirəm, sizlərə sevgi və
ehtiramımı çatdırıram. Sağ olun.
* * *
Dövlət
başçıları zavodun
açılışını etdilər.
Sonra birgə foto çəkdirildi.
Daha sonra prezidentlər
"Əliağa-SOCAR”ın baş ofisinin binası ilə
tanış oldular.
Prezident İlham Əliyevə
və Prezident Rəcəb Tayyib Ərdoğana burada
yaradılan şərait barədə məlumat verildi. Ofis binası ən
müasir avadanlıqla təchiz olunub. Burada
İKT-nin ən son yenilikləri tətbiq edilib.
Ofis binasında xatirə
şəkli çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan baş ofisin muzeyi ilə tanış
oldular.
Burada "Star” neft emalı
zavodunun tikintisi və bu çərçivədə
görülən işlər, müəssisənin Azərbaycan
və Türkiyə iqtisadiyyatına töhfələri barədə
geniş məlumat verilir. Bundan əlavə,
SOCAR-ın fəaliyyəti və bu şirkətin Türkiyədə
icra etdiyi layihələrdən ətraflı bəhs olunur.
Azərbaycan.-
2018.-20 oktyabr.- S.1-3.