Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub

 

Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş ibtidai məktəbin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanovHa Giang əyaləti Xalq Komitəsi Sədrinin müavini Tran Duc Quy, həmçinin əyalət rəsmiləri, məktəbin müəllim-şagird heyəti və qəsəbə icmasının digər nümayəndələri iştirak ediblər.

Səfir A.İmanov çıxışında Azərbaycan ilə Vyetnam arasında tarixən yaxın əlaqələrin mövcudluğunu xüsusi vurğulayaraq sözügedən məktəbin inşasının Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürü olduğunu bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş bu layihənin qəsəbədə yaşayan uşaqların təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə artıracağını bildirən səfir Fond tərəfindən indiyə qədər Azərbaycanda və Azərbaycana yaxın olan bir sıra dost ölkələrdə çoxlu sayda sosialyönümlü layihənin həyata keçirildiyini vurğulayıb. Səfir Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin bundan sonra da möhkəmlənib inkişaf edəcəyinə əminliyini ifadə edərək Heydər Əliyev Fondu haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tran Duc Quy çıxışında Vyetnam üçün son dərəcə çətin müharibə vaxtında və müharibədən sonrakı zamanda ölkəsini güclü dəstəkləyənlər arasında Azərbaycan xalqının da olduğunu məmnunluqla bildirib. O, Ha Giang əyalətinin ucqar dağlıq ərazisindəki qəsəbədə ibtidai məktəbin inşa edilməsinə görə Heydər Əliyev Fondunun timsalında bütün Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. Tran Duc Quy deyib ki, tədris şəraitinin yaxşılaşdırılması ilə məktəbin şagirdləri yeni imkanlardan daha səmərəli şəkildə istifadə edərək Ha Giang əyalətinin layiqli nümayəndələri olacaqlar. Eyni zamanda, o, şagirdlərin yaradılmış bu şəraitdən tam şəkildə bəhrələnərək Azərbaycanın ali təhsil ocaqlarında təhsillərinin davam etdirilməsi imkanının əldə olunması üçün xarici dilləri də öyrənəcəklərini bildirib.

Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

 

Azərbaycan.- 2018.- 20 oktyabr.- S.6.