Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 6 medal
Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları başa çatmışdır. Oktyabrın 6-18-də keçirilmiş Olimpiadanın bağlanış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək idman tədbirini fantastik turnir kimi qiymətləndirmiş, iştirakçı idmançılara, Oyunlara evsahibliyi etmiş ölkəyə, könüllülərə və idman bayramını gerçəkləşdirənlərin hamısına təşəkkürünü bildirmişdir. Ənənəvi olaraq Olimpiya bayrağı Oyunların növbəti paytaxtına - Dakara (Seneqal) təqdim edildi.
Olimpiadada 17 idmançıdan ibarət Azərbaycan milli komandası yarışlarda 6 medal (2 qızıl, 1 gümüş, 3 bürünc) qazanmışdır. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) Oyunların çempionu olmuşlar. Ağır atlet Tərmenxan Babayev (85 kq) ölkəmizin aktivinə Olimpiadanın gümüş medalını yazdırmışdır. Milli komandamızın bürünc medallarını isə taekvondoçu Cavad Ağayev (63 kq), güləşçi Şahanə Nəzərova (43 kq) və boksçu Nurlan Səfərov (60 kq) qazanmışlar.
Başqa bir təmsilçimiz - bədii gimnast Yelizaveta Luzan Olimpiadada qarışıq komandanın tərkibində çıxış etmiş və qızıl medalın sahibi olmuşdur. Lakin BOK-un qərarına uyğun olaraq, bu medal milli komandamızın hesabına yazılmamış və qarışıq komandaların aktivinə əlavə edilmişdir.
Olimpiadanın yarışlarında 241 dəst medal uğrunda 206 ölkədən təxminən 4 min idmançı mübarizə aparmışdır. Turnirin medal sıralanmasında Rusiya milli komandası birinci yerə çıxmışdır. Bu ölkənin atletləri 59 medal (29 qızıl, 18 gümüş, 12 bürünc) qazanmışlar. Çin 36 medalla (18 qızıl, 9 gümüş, 9 bürünc) ikinci, Yaponiya 39 medalla (15 qızıl, 12 gümüş,12 bürünc) üçüncü yerləri tutmuşdur.
Azərbaycan milli komandası isə Olimpiadanın medal sıralamasında Norveçlə 34-35-ci yeri bölüşmüşdür. İstər-istəməz sual olunur: idmançılarımızın Buenos-Ayresdə göstərdikləri nəticələri necə qiymətləndirməli? Əvvəlki iki Olimpiadada əldə olunmuş nəticələrlə müqayisədə bu, geriləmə deyilmi?
Xatırladaq ki, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında (Sinqapur, 2010) idmançılarımız 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq medal sıralamasında 11-ci yeri tutmuşdur. Dörd ildən sonra Azərbaycan milli komandası Çinin Nankin şəhərində II Olimpiadada 12 medalla (5 qızıl, 5 gümüş, 1 bürünc) 10-cu yerə çıxmışdır.
Göründüyü kimi, idmançılaımız üç Olimpiadada həm medalların əyarına və sayına görə, həm də medal sıralamasında fərqli nəticələr göstərmişlər. Elə buna görə ilk baxışdan belə bir təəssürat yarana bilər ki, yeniyetmə atletlərimiz III Yay Olimpiya Oyunlarında idmansevərlərin ümidlərini doğrultmamışlar. Lakin bu, yalnız ilk baxışdan belədir. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, azərbaycanlı atletlər Sinqapur və Nankində nə az, nə çox - sensasiyalı nəticələrə imza atıb gözləntiləri xeyli üstələmişdilər. Sensasiya ona görə sensasiyadır ki, sonsuzluğadək davam etmir. Özü də medallların sayı və medal sıralaması heç də həmişə bu və ya digər ölkənin idman potensialını əks etdirmir. Yoxsa III Olimpiadada Rusiya, Çin və Yaponiyanın ardınca Macarıstan kimi kiçik ölkə yox, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Braziliya... gələrdi.
Hər bir Olimpiadada yeni idmançı nəsli təmsil olunur. Hər yeni nəslin əvvəlki nəslin uğurunu təkrarlayacağını gözləmək yersizdir. Onu da nəzərdən qaçırmaq olmaz ki, Argentinanın paytaxtında 206 ölkənin yalnız 93-ü medal qazana bilmişdir və medallı ölkələrdən biri də Azərbaycandır. Odur ki, idmançılarımızın Buenos-Ayres Olimpiadasında əldə etdikləri nəticələri normal qarşılamaq lazımdır. Argentinada ölkəmizi təmsil etmiş yeniyetmə atletləri təbrik edir, onlara qarşıdakı yarışlarda uğurlar arzulayırıq.
Allahverdi MEHDİYEV
Azərbaycan.-
2018.- 20 oktyabr.- S.7.