Azərbaycanın
ilk ornitoloq qadını
Respublikamızda dağ-meşə
qoruqları arasında Zaqatala qoruğu xüsusilə
seçilir. Böyük Qafqazın cənub yamacında, Balakən
və Zaqatala rayonlarının ərazisində yerləşən
bu qoruq 89 il əvvəl yaradılıb və 28 min 312 hektar
sahəni əhatə edir. 2008-ci ildə Nazirlər Kabinetinin sərəncamına
əsasən, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi
artırılaraq 47 min 349 hektara çatdırılıb.
Qoruq hazırda beynəlxalq səviyyədə xüsusi
mühafizə olunan təbiət ərazilərinin əsas
hissəsindən biri hesab edilir. Mühafizənin etibarlı
şəkildə təşkili üçün onun ərazisi
şərti olaraq 7 sahəyə bölünüb. Bunlar Car,
Katex, Axkimal, Çayqarışan, Gərəkli, Qaraçay
və Mazımqara sahələridir.
Qoruqda elmi və mühafizə
şöbələri fəaliyyət göstərir.
Aparılan elmi-tədqiqat işlərinin nəticələri
beynəlxalq konfransların materiallarında, Azərbaycan Milli
Elmlər Akademiyasının elmi məcmuələri və əsərlərində,
broşürlərdə, qəzet və jurnallarda dərc
olunur.
Burada ixtisasını ürəkdən
sevən, təcrübəli və işinə məsuliyyətlə
yanaşan alimlər arasında Raya Mustafayeva da var. O, 1938-ci ildə
Şahdağın ətəklərində yerləşən
Qusar rayonunun Xuluq kəndində anadan olub. Məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə
(indi BDU) daxil olub. Biologiya fakültəsində təhsil
alıb və bu elm ocağını fərqlənmə
diplomu ilə bitirib. Universitetin son kursunda tale onu tələbəlik
illərində istehsalat təcrübəsində olduğu
Zaqatala rayonunun füsunkar təbiəti və zəngin tarixi
olan Car kəndinə aparıb.
Raya Mustafayeva ali təhsilini müvəffəqiyyətlə
başa vurduqdan sonra AMEA-nın Zoologiya İnstitutunun
aspiranturasına daxil olur, "Şərqi Zaqafqaziya (Azərbaycan)
şəraitində qaratoyuqların ekologiyası” mövzusunun
təsdiqi üçün Türkmənistan
Respublikasının Aşqabad şəhərinə gedir,
mövzu bəyənilir və həmin ölkənin Elmlər
Akademiyasının həqiqi üzvü Ə.G.Rüstəmov
gənc tədqiqatçının elmi rəhbəri təyin
edilir.
Qadın üçün olduqca
çətin və nadir ixtisaslardan olan ornitologiya elmi yüksək
həssaslıq və işgüzarlıq tələb edir. Səhər
tezdən təbiət yuxudan oyanmamış müşahidələrə
başlamaq, at cığırları ilə gəzərək
quşları müşahidə etmək, təbiəti duymaq
gərəkdir. Gənc tədqiqatçının təbiətə
olan sevgisi hər bir çətinliyə üstün gəlir.
O, 1967-ci ildə elmi işini başa çatdıraraq
dissertasiya müdafiə edib biologiya elmləri namizədi dərəcəsinə
layiq görülüb.
Raya Mustafayeva 1959-cu ilin avqustunda
Zaqatala Dövlət Təbiət Qoruğuna işə qəbul
edilib və ornitoloq alim bundan sonrakı yaradıcı fəaliyyətini
qoruğun inkişafına həsr edib. Burada böyük elmi
işçi, aparıcı elmi işçi vəzifələrində
çalışıb. Son 19 ildir ki, direktorun elmi işlər
üzrə müavini vəzifəsində işləyir.
Tədqiqatçı-alim Raya
Mustafayevanın əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. O, 1979-cu ildə Zaqatala
Dövlət Təbiət Qoruğunun 50 illiyi ilə əlaqədar
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Təbiəti
mühafizə işində xidmətlərinə görə”
fəxri fərmanı ilə təltif olunub.
23 may 2008-ci ildə Ekologiya
İşçilərinin Peşə Bayramı Günü Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, 2009-cu ildə isə Zaqatala qoruğunun 80 illiyi
şərəfinə rayon icra hakimiyyəti
başçısının fəxri fərmanları ilə
təltif edilib.
Respublikamızın ilk ornitoloq
qadını əmək fəaliyyətinin 30 ilini yüksək
dağ ekosistemində az öyrənilmiş nadir quş
növlərinin ekologiyasının izlənilməsinə sərf
edib.
Raya Mustafayeva Moskvada nəşr
edilmiş "Zaqatala qoruğu” kitabının müəlliflərindən
biridir. Məqalələri AMEA-nın Zoologiya İnstitutunun
"Elmi əsərləri” və "Azərbaycan
qoruqlarının əsərləri” məcmuələrində
dəfələrlə dərc edilib. Son illər nəşr
olunan "Zaqatala qoruğunda sərçə kimi
quşların qidasına dair materiallar”, Rusiya
Federasiyasının Nalçik şəhərində "Nəcib
Qafqaz maralının qorunması” adlı məqalələri,
"Zaqatala qoruğunun maralları”, "Zaqatala qoruğunun
cütdırnaqlı heyvanlarının sistematikası və
sayğı metodikası”, üç dildə tərtib
edilmiş "Zaqatala Dövlət Təbiət qoruğu”
(2009), "Zaqatala qoruğunun Köpkəri” (2011), "Zaqatala
qoruğunun ayıları” (2018) kitablarının və Azərbaycanın
faunasına dair 30-a qədər elmi əsərin müəllifidir.
Tədqiqatçı-alim
2001-2008-ci ildə AMEA Zoologiya İnstitutunun Dissertasiya
Şurasının üzvü olub. 1986-cı ildən Azərbaycan
Ornitoloji Cəmiyyətinin üzvüdür. Dəfələrlə
Moskva, Sankt-Peterburq və Aşqabad şəhərlərində
keçirilən ornitoloji konfranslarda iştirak və
çıxışlar edib.
Azərbaycanın ilk ornitoloq
qadını həm də gözəl ailə sahibidir,
dörd övlad anasıdır. İki qızının fəlsəfə
doktoru olması ilə də fəxr edir. Ömrünün bu
çağında Raya Mustafayeva cavan kadrlara örnək olacaq
qədər məsuliyyətli, intizamlı, işgüzar, dəqiq
və tükənməz elmi həvəsə malikdir.
Zaqatalalılar onu rayonun fəxri hesab edirlər.
Əli
SƏLİMOV
Azərbaycan.-
2018.- 20 oktyabr.- S.7.