İlham Əliyevin növbəti qlobal layihəsi
"Star” neft
emalı zavodunun
açılışı ilə Azərbaycan-Türkiyə
qardaşlığının rəmzinə çevrilən
möhtəşəm ünvanların sırasına biri də əlavə olundu
Azərbaycanla Türkiyənin birgə səyləri ilə ərsəyə gətirilən möhtəşəm infrastruktur sahələrinin sırasına dünən biri də əlavə olundu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən və "Cənub qaz dəhlizi”ndən sonra "Star” neft emalı zavodu istifadəyə verildi.
Ərazi Türkiyənin, sərmayə Azərbaycanın
"Star” neft emalı zavodu Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində yaradılıb. Zavodu inşa edən isə Azərbaycanın neft şirkəti - SOCAR-dır. Şirkət zavodun ərsəyə gəlməsinə nə az, nə çox - 6,3 milyard dollar vəsait yatırıb. Beləliklə, zavodun tikildiyi ərazi Türkiyənin, yatırılan sərmayə Azərbaycanındır. Budur iki qardaş ölkə arasında olan dostluğun, qardaşlığın və milli maraqlara söykənən əməkdaşlığın növbəti bariz nümunəsi. "Star”ın istifadəyə verilməsi ilə Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilən möhtəşəm ünvanların sırasına biri də əlavə olundu.
"7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada - Əliağada "Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”, - deyə zavodun açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi.
Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, "Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir.
Cəmi 20 illik müstəqillik tarixi olan dövlət milyardlarla dollar sərmayə
yatırır
2011-ci ilin oktyabr ayı Azərbaycan üçün başqa mühüm hadisələrlə də əlamətdar idi. Həmin ay ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. Oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü tamam olmuşdu. Amma 7 il əvvəl "Star” neft emalı zavodunun təməlinin qoyulmasının başqa bir rəmzi mənası da vardı. Bu da ondan ibarət idi ki, cəmi 20 illik müstəqillik tarixi olan dövlət başqa bir ölkənin ərazisində milyardlarla dollar həcmində ölçülən sərmayə qoymağa hazırlaşırdı.
Bu fakt Azərbaycanda neft gəlirlərindən dövlətin maraqları naminə səmərəli istifadə edilməsini nümayiş etdirməklə yanaşı, həm də qısa müddətdə ölkəmizin qət etdiyi möhtəşəm inkişaf yolunun göstəricisi kimi tarixiləşdi. Bu həm də ondan xəbər verirdi ki, Azərbaycan dövləti perspektivdə dayanıqlı inkişafın təmin olunması üçün aydın və dəqiq proqrama malikdir.
Hazırda Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin təxminən 51 faizini təşkil edir. Türkiyəyə planlaşdırılan sərmayələrimiz ümumilikdə 19,5 milyard dollar civarındadır. Son doqquz ildə bunun 12,6 milyard dollarlıq hissəsi müxtəlif layihələrə yatırılıb.
Türkiyənin enerji
bazarını dəyişən zavod
Türkiyənin ilk və yeganə neft-kimya kompleksi olan "Petkim-Petrokimya Holdinq”in təməli 1965-ci ildə qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub. 2008-ci ildə SOCAR Türkiyənin "TURKAS” şirkəti ilə birlikdə "Petkim”ə məxsus neft-kimya zavodunun 51 faizinə sahib olub. Hazırda holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.
Bununla
belə, Türkiyədə neft-kimya və
neft-emalı müəssisələrinin sayı ölkənin
potensialına cavab vermir.
Neft məhsullarını əsasən ixrac etdiyi üçün
Türkiyənin xarici ticarətində kəsiri
də yüksəkdir. Bu mənada, Azərbaycanın
tikdiyi bu zavod Türkiyə üçün
strateji əhəmiyyətə malikdir. Ona görə də
"Star” neft emalı
zavodunun istifadəyə verilməsi holdinqin fəaliyyətində tamamilə yeni səhifə açır. Belə ki, "Star” hər il 10 milyon ton xam neft emal
edəcək. "Star”ın Türkiyənin təyyarə
yanacağı ehtiyacını
tam təmin edəcəyi
gözlənilir. İstanbulda yeni
hava limanının açılması və
turizm sektorundakı artım səbəbindən
Türkiyənin təyyarə
yanacağı istehlakının
sürətlə artacağı
proqnozlaşdırılır.
"Star” zavodu illik 1,6 mln. tonluq istehsalla Türkiyənin təyyarə
yanacağına olan tələbatını ödəyəcək.
2017-ci ildə
Türkiyədə dizel
yanacağı istehlakının
həcmi 24 mln ton təşkil edib, 2019-cu ildə isə istehlakın 25 mln ton olacağı gözlənilir. "Star zavodu” 5 mln. ton dizel yanacağı
istehsal etməklə Türkiyədə ümumi
istehlakın 20 faizini təmin edəcək. Bununla da qardaş ölkənin dizel yanacağı idxalı 40
faizə enəcək.
Zavodda ildə
1,6 milyon ton nafta istehsal olunacaq. Bu isə əsas payı
SOCAR-a məxsus "Petkim”i xammalla təmin etməyə imkan yaradacaq. Bununla da "Petkim”in
həm idxaldan olan asılılığı,
həm də nəqliyyat xərcləri
aradan qalxacaq və "Petkim” ucuz xammal ilə
təmin olunaraq bazarda rəqabət üstünlüyünü artıracaq.
Hər il 864 milyon dollar gəlir
"Star” zavodunun
istifadəyə verilməsindən
sonra Türkiyəyə
idxal olunan neft məhsulları azalacaq. Bu isə Türkiyəyə xarici ticarət balansındakı
cari kəsirini 1,5 mlrd. dollar
azaltmağa imkan verir. Ona görə bu
zavod son vaxtlarda iqtisadi baxımdan çətin dövrdən
keçən, məzənnəyə
bağlı olaraq inflyasiya artımı yaşanan Türkiyəyə
maddi və eləcə də mənəvi cəhətdən
dəstək olacaq.
Azərbaycana gəldikdə
isə "Star” neft emalı zavodundan ilk 5 ildə hər il respublikamızın iqtisadiyyatına 614 milyon
dollar gəlir gələcək.
Növbəi 10 il ərzində isə "Star”dan hər il 864 milyon dollar əməliyyat
gəliri gələcəyi
gözlənilir. Bu da öz növbəsində,
Azərbaycan iqtisadiyyatına
böyük töhfə
olacaq və ölkəyə xarici valyuta axınını təmin edəcək.
"Star” zavodunun
inşası Türkiyədə
özəl sektorun bir sahəyə yatırdığı ən
böyük sərmayədir.
Azərbaycanın təşəbbüsü ilə inşa edilən zavod qardaş ölkədə
enerji və neft sektorunun inkişafına, həmçinin
Türkiyə və Azərbaycan arasındakı
qardaşlıq və
dostluğun daha da möhkəmlənməsinə
töhfə verəcək.
Eyni zamanda, zavod növbəti illərdə
Azərbaycanın milli
gəlirlərinin artmasında
böyük rol oynayacaq. Ona görə Azərbaycanın
xaricdə tikdiyi ilk neft zavodu olan
"Star” ölkəmizin enerji
siyasətinin növbəti
təntənəsidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.-21 oktyabr.- S.1.