Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
Bu barədə
düşünək
"Bir kitab oxudum, həyatım tamamilə dəyişdi...” Vaxtilə çox adamdan eşidirdik bu cür fikirləri. Amma zamanın axınına qoşularaq bir çox mənəvi zövqlərdən uzaq düşdük...
Elə uzaqlaşdıq ki, aradan az müddət keçməsinə baxmayaraq, o hislər artıq bizim üçün nostaljiyə çevrildi. Elə kitab oxumaq mədəniyyəti kimi... Vaxtilə evlərimizin ən qiymətli zinəti hesab olunan kitabların saralmış səhifələri gözlərimiz önündən, özünəməxsus qoxusu da burnumuzdan getmir ki, getmir...
Bir başqaydı, bir nağıldı o kitablı
dünyamız...
Nə baş verdi?
Biz niyə kitab oxumaq mədəniyyətindən bu qədər uzaq düşdük və onun haqqında artıq keçmiş zamanda danışmağa başladıq? Məgər indi ölkədə kitab nəşr edən nəşriyyatlar, yaxud satılan mağazalar yoxdur? Bəlkə daha yazıçılar, şairlər kitab yazıb çap etdirmir? Bəlkə daha kitab oxumaq istəməyən oxucular yetişdirib yeni zaman?!
Hazırda ölkədə kitab nəşri ilə bağlı mövcud vəziyyəti araşdırmağa çalışdıq. Gənc yazar Ayxan Ayvazın fikrincə, bu sahədə problem kitabların tirajının az olması və reklamının yoxluğudur. Belə olduqda çap edilən kitablar da oxucuya çatmır və əksər vaxt kitablar müəllifin özündə qalır.
Yazıçı
Şərif Ağayar mövzu ilə əlaqədar söylədi
ki, indiki şərtlər altında o özünü oxunan
müəlliflərdən hesab edir, amma buna baxmayaraq,
kitabların oxucuya çatması məsələsində
müəyyən problemlər var, xüsusilə də
bölgələrdə: "Böyük şəhərlərimiz,
rayonlarımız var ki, orada kitab mağazaları yoxdur. Bizdə
kitab bazarı əsasən Bakı şəhərindədir,
bölgələrdə azdır. Kitab
bazarının qurulması üçün çoxlu sayda nəşriyyatlarımızın,
kitab dükanlarının digər şəhər və
rayonlarımızda da olması, kitabların reklam
imkanlarının yaxşılaşdırılması və
kitab çapına bir az güzəştin tətbiq edilməsi
yaxşı olar”.
Ciddi ədəbiyyatın
Azərbaycanda bestseller olmaq şansı azdır
Yazıçı deyir ki, Azərbaycanda
bestseller olacaq səviyyədə kitabların olması
üçün müəyyən məsələlər
öz həllini tapmalıdır: "Bizdə bu səviyyədə
satılan kitablar ancaq detektiv əsərlərdir və əslində,
bu, dünyanın hər yerində belədir. Amma
bədii zövqə malik əksəriyyət onları ciddi ədəbiyyat
saymır. Ciddi ədəbiyyatın Azərbaycanda
bestseller olmaq şansı isə yoxdur. Məşhur
yazıçılar, imzalar var, amma onların belə
kitabları bestseller səviyyəsində satılmır.
Deyim ki, Ramiz Rövşənin kitab sərgisində
imza günü oldu və haradasa 5-6 saat növbə
yarandı. Bunun özü çox
sevindiricidir. Amma bu, istisna hallardır, küll halında
kitabın oxucuya yetişməsi böyük bir proses tələb
edir. Nəşrindən tutmuş reklamına və
ünvanlara çatdırılmasına qədər”.
Şərif Ağayarın
fikrincə, dünyada musiqi anlayışımız olduğu
kimi, ədəbiyyat anlayışımız da
olmalıdır. Həmçinin yazılan əsərlər oxucu
zövqü ilə üst-üstə düşməlidir:
"Alim Qasımov milli, ənənəvi musiqimizi kütləyə
çatdıra bildi. Yoxsa modernistlər oturub yazırlar və
deyirlər ki, mən belə yazıram, kim
oxuyur, başa düşürsə, düşsün... Yazıçı eyni zamanda əsəri elə yazmalıdır
ki, həm də çoxluq üçün maraqlı olsun.
Müasir postmodern ədəbiyyat bunu tələb
edir. Azərbaycanda həmişə, ən
ağır, hətta repressiya dövründə belə
gözəl əsərlər yazılıb və bu gün də
yazılır”.
Tərcümə
əsər orijinalı ilə çox zaman üst-üstə
düşmür, çünki...
Azərbaycan oxucusu xarici ədəbiyyata
daha çox meyillidir və sovet dövründə də bu
cür əsərlər mükəmməl sayılacaq formada
tərcümə olunaraq oxucuya çatdırılıb. Hazırda isə xarici əsərlər,
klassik ədəbiyyat nümunələri tərcümə
olunaraq latın qrafikası ilə nəşr
edilir. Amma bir çox hallarda tərcümənin
orijinalı ilə üst-üstə düşmədiyi,
fikirlərin təhrif olunduğu, yanlış ifadələrin,
sözlərin mətnlərdə yer aldığı
haqqında irad bildirilir.
Bununla bağlı tərcüməçi
Xalid Kazımlı qeyd edir ki, əvvəlki illərə nisbətən
hazırda Azərbaycanda tərcümə işi ilə
bağlı vəziyyət çox yaxşıdır. Sosial şəbəkələrdə
tərcümədəki bir sözdən, bir hərfdən
yapışıb tənqid edirlər, amma bir az
ifrata varırlar. Hazırda dünya səviyyəsində nəfis
tərtibatlı tərcümə əsərləri ortaya qoyan
nəşriyyatlar var: "Burada əsas məsələ odur
ki, həmin kitabları oxuyasan. O kitabları oxumadan haqqında
rəy bildirənlər çoxdur. Bəzən
də deyirlər ki, tərcüməçi əsəri
götürüb kompüterdə dilmanc proqramı vasitəsilə
çevirir. Bu, mümkün deyil, hətta
bu vasitə ilə ingilis dilindən Azərbaycan dilinə bir sətir
belə söz tərcümə etmək olmaz. Məsələn,
dilmanc "dumanlı” sözünü "tüstülü”
kimi tərcümə edir və s. Təbii ki, müasir
elmi-texniki tərəqqinin imkanlarından tərcümə
işində də yararlanmaq olar, amma insan beyni, zəkası tərcümə
işində də öndədir”.
Tərcüməçinin sözlərinə
əsasən, əsəri birəbir də tərcümə
etmək olmur, məsələn, "bəxtin gətirdi,
yaxşı qurtardın” kimi ifadələrin əvəzinə
"anan namaz üstündə idi” deyə bir ingilis
yazısını tərcümə edə bilməzsən,
çünki onun anası namaz qılmır və s. Detektiv əsərlərin
daha asan tərcümə olunduğunu deyən Xalid
Kazımlı hesab edir ki, bestsellerlərin oxucusu daha çox
olduğundan onun tərcüməsi daha məsuliyyətli olur:
"Bestselleri əksəriyyət müxtəlif dillərdə
oxuyur və orada səhv tapa biləcək adamlar çoxdur. Məsələn,
Den Braunun "Başlanğıc”ını çevirirsən,
onu rusca, türkcə, ingiliscə oxuyanlar var. Həmin oxucular
onu Azərbaycan dilində də oxuyanda səhv tapa bilirlər”.
Dünyaca məşhur
əsərlər elə həmin il Azərbaycanda
da nəşr olunur
Kitabların nəşri ilə
bağlı məlumat verən "Qanun” nəşriyyat evinin
direktoru Şahbaz Xuduoğlu bildirir ki, son zamanlar kitabların nəşrində
artım var və hər il daha çox, daha keyfiyyətli
kitablar nəşr olunur: "Dünyada tanınan bir
yazarın əsəri elə həmin il Azərbaycanda
da nəşr olunur. Tiraj da əvvəlki illərə
nisbətən artıb. Düzdür, əhalinin
sayı və oxuma dərəcəsinə görə yenə
də səviyyə aşağıdır, amma 5 il əvvəllə
müqayisədə bu il yenə də artım var. Bu sahədə
olan inkişaf dayanmadan davam edir”.
Şahbaz Xuduoğlunun fikrincə,
ölkəmizdə mətbəələr hələ bir o qədər
də inkişaf etməyib, onların ilk növbədə
böyük, keyfiyyətli avadanlıqları yoxdur, həmçinin
bu sektor hələ Avropadakı, Türkiyədəki kimi
deyil: "Amma nəşriyyat işində inkişaf var. Yeni nəşriyyatlar
yaranır, kitab dükanları açılır ki, bu da
sevindirici haldır. Bizim hədəfimiz günə
bir kitab nəşr etməkdir. Yəni hər
gün yeni bir kitab nəşr edirik. Bəzi
hallarda həcm balaca olanda iki və ya üç kitab nəşr
olunur. Amma hər halda orta hesabla
götürəndə ildə 300-400 kitab nəşr edirik”.
Elektron
kitabxanaların işləmə sistemi yanlışdır
Azərbaycanda fəaliyyət göstərən
elektron kitabxanaların işləmə sistemlərinin
ümumiyyətlə düzgün olmadığını deyən
naşir bildirir ki, onlar kitabı skayn edib kitabxanalarına
qoyurlar və deyirlər ki, bu, elektron kitabxanadır: "Amma
bu, düzgün deyil, oğurluqdur. Gərək
kitabxanalar nəşriyyatlardan icazə alsınlar ki, o
kitabın elektron variantını oxucuya verə bilər, ya
yox? Təəssüf ki, bu qayda hələ
formalaşmayıb və biz də tez-tez bu hallarla
qarşılaşırıq”.
Alıcıların
sayı aşağı olduğu üçün nəşriyyatların
gəlir səviyyəsi də az olur
"Əli və Nino” nəşriyyat
evinin rəhbəri Nigar Köçərli
düşünür ki, ölkədə çap olunan
kitabların tirajı çox aşağıdır və bu,
belə olmamalıdır: "Tutaq ki, dünya bestsellerləri,
yaxud klassik ədəbiyyat 20-30 min tirajla çap olunur. Bizdə bu göstərici 500-1000 ədəddir.
Alıcıların sayı aşağı olduğu
üçün nəşriyyatların gəlir səviyyəsi
də az olur. Avropada, Türkiyədə,
Rusiyada, Gürcüstanda kitaba dəstək fondu var, hansısa
qrantlar verilir. Bizdə də belə olsa,
kiçik nəşriyyatlara böyük dəstək olar”.
Oxucular xarici ədəbiyyat
oxumağa üstünlük verirlər
Nigar Köçərli deyir ki,
oxucuların kitaba marağının azalması oxumaq mədəniyyətinin
az olması ilə bağlıdır və
bunu bərpa etmək lazımdır, ilk növbədə ailələrdə.
Uşaqlara yaşlarına uyğun kitablar oxutmaq
lazımdır və bu vərdiş onlara daim
aşılanmalıdır. Nəşriyyatlarda
çox gözəl illüstrasiyalarla uşaqlar
üçün həm dünya ədəbiyyatının, həm
də yerli ədəbiyyatın nümunələri çap
olunur. Demək olar ki, nəşriyyatda hər
həftə uşaqlar üçün yeni bir ədəbiyyat
işıq üzü görür.
Nigar Köçərli
vurğuladı ki, dünyanın hər yerində yerli
yazıçıların kitabları oxucular üçün
daha maraqlı olur, amma bizdə belə deyil, buna görə də
hələlik xarici ədəbiyyatın nəşrinə daha
çox üstünlük verirlər.
Kitab nəşrində
həddindən çox sərbəstlik var
Milli Məclisin deputatı, akademik
Nizami Cəfərov söylədi ki, hazırda kitab nəşrində
həddindən çox sərbəstlik var. Bu kitablar redaktədən
keçmir, onun hansısa bir funksiyası, nəyə xidmət
etməsi və sair müəyyənləşdirilmir. Maddi
imkanı olan hər kəs kitab nəşr etdirir: "Bu da nəticə
etibarilə kitab bazarında müəllifin özündən
başqa heç kimə lazım olmayan kitabların
mövcudluğuna gətirib çıxarır. Bizim, artıq deyərdim ki, klassik sayılan
yazıçılarımız, alimlərimiz var. Nəzərdə
tutmaq lazımdır ki, həm dövlət, həm universitetlər
tərəfindən onların kitablarının nəşri
üçün diqqət yetirilməsi çox vacibdir.
İlk növbədə alimlər üçün universitetlərin
nəşriyyatı işləməlidir, çünki
onların işində çətinliklər, problemlər, vəsait
azlığı var. Eləcə də Təhsil Nazirliyi bu sahəyə
diqqət yetirməlidir ki, elmi ədəbiyyatın nəşri
lazımi dərəcədə olsun. Məsələn, Mədəniyyət
Nazirliyinin çox yaxşı təcrübəsi var. Hər il yubileyləri olan bizim görkəmli şairlərin,
nasirlərin, dramaturqların əsərləri nəşr
edilir. Azərbaycan ədəbiyyatı Türkiyə
türkcəsinə çevrilərək orada nəşr
olunur və o nəşrlər geniş yayılır. Eyni zamanda universitetlərimiz
çalışmalıdırlar ki, öz elmi ədəbiyyatlarını,
mükəmməl əsərlərini müxtəlif ölkələrdə
nəşr etdirə bilsinlər”.
Mütaliə etmək
istəyən üçün bu gün Azərbaycanda kitab
tapmaq çətin deyil
"Azərbaycanda artıq
oturuşmuş bir nəşriyyat sistemi var və xeyli sayda nəşriyyatlar
mövcuddur” deyən Nizami Cəfərov bildirir ki, burada əsas
kitabların məzmun və keyfiyyətinə diqqət etməkdir. Çünki
bəzi nəşriyyatlar çox sürətlə xarici ədəbiyyat
tərcümə etdirirlər, bu da keyfiyyət
baxımından yaxşı olmur, tərcümələrdə
bir çox nöqsanlar nəzərə çarpır, ən
çox da başqa dilin qrammatikası, üslubu, dili həzm
olunmadan Azərbaycan dilinə köçürülür.
Buna baxmayaraq, yaxşı tərcümələr də
mövcuddur: "Müstəqilliyimizin ilk dövrlərində
bazar iqtisadiyyatına keçid kitab mədəniyyətinə
müəyyən ziyan vurdu. Sovet dövründə Azərbaycan
xalqı həm kitab yazan, həm də oxuyan xalq idi, amma maddi
sıxıntılar oldu və fərqli əhvali-ruhiyyə
yarandı. Amma yavaş-yavaş bu, aradan qalxır. Azərbaycan
Prezidentinin sərəncamı ilə həyata keçirilən
kütləvi nəşrlər bütün rayonların
kitabxanalarında var. Yəni kitablar gedib oxucusuna
çatır. Amma ümumən cəmiyyətdə əhvali-ruhiyyə
var, dəyişən dünya, virtual məkan var. İnsanlar
var ki, kitabları ayrı yollarla mənimsəyirlər. Yeni
kitab mağazaları, mərkəzləri var, yəni kitab
oxumaq istəyən üçün bu gün Azərbaycanda
kitab tapmaq çətin deyil. Nəinki Azərbaycan ədəbiyyatı,
o cümlədən bütün dünyada nəşr olunan
kitablar var. Rayonlarda
müəyyən qədər problemlər ola
bilər, amma hər halda proses gedir”.
Kitab şəxsiyyətin
formalaşmasında mühüm rola malikdir. Kitabların
bizə verdiyi, aşıladığı dəyər onun
satış qiymətindən ölçüyəgəlməyəcək
dərəcədə qat-qat üstündür.
Və ən əsası, kitab oxumaq mədəniyyətdir,
mənəvi zövqdür...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2018.-21 oktyabr.- S.1; 7.