Safari Parkına ekskursiya təşkil olunub

 

Oktyabrın 20-də respublika və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olundu.

Ekskursiyada 30 şagird, Təhsil Nazirliyinin rəsmi şəxsləri, eləcə də media nümayəndələri iştirak edirdi. Bildirildi ki, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov jurnalistlərə bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr, aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub. Ekskursiyalar ekoloji turizm sahəsində xüsusi təcrübəsi olan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd olundu ki, İDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə bir çox ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrdən "Ceyranları qoruyaq”, "Bəbirləri mühafizə edək”, "Zubrları təbiətimizə qaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi, onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdə olan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvan cinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktik biliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir.

Qoruğun direktoru Tofiq Həsənov məlumat verərək bildirdi ki, Safari Parkına Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lanmuflon adlı genetik qiymətli heyvanlar gətirilib. İndi qoruqdakı heyvanların sayı artırılaraq 1012-ə çatdırılıb. Heyvanların hər biri dişi və erkək olaraq ümumilikdə 21 bölmədə ayrı-ayrılıqda yerləşdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində qoruqdakı heyvanların sayının artırılması istiqamətində işlər davam etdirilir.

Tofiq Həsənovun sözlərinə görə, əsas məqsəd bu heyvanların sayının artırılaraq populyasiya halına salıb vəhşi təbiətə ötürməkdir: "Bildiyimə görə, indi muflon təkcə Naxçıvan Muxtar Respublikasında 350 ədəd qalıb. Azərbaycanda ümumilikdə 500 nəcib maralın olduğu deyilir. Hər il 150-200 heyvan bəslənərək vəhşi təbiətə ötürülməyə hazırlanacaqdır. Yazyay aylarında heyvanların qidalanması üçün təbii otlaqdan istifadə olunur. Burda qış oktyabr ayından başlayır, may ayına kimi davam edir. Bizim Qəbələdə 500 hektar torpaq sahəsi var ki, orada heyvanın yemini, otunu yetişdirib qış aylarında bura gətiririk”.

Xatırladaq ki, növbəti dəfə Bakı respublika üzrə digər bölgələrdə oxuyan məktəblilərin Safari Parkına ekskursiyası nəzərdə tutulub.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 21 oktyabr.- S.8.