İlham Əliyevin növbəti təşəbbüsü
53 min hektarlıq əraziyə bərəkət gətirəcək
Araz
çayının yeni qol-kanal vasitəsilə Saatlı,
İmişli və Biləsuvar rayonlarındakı torpaq sahələri
suvarma suyu ilə təmin olunacaq
Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.
Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli mərasim iştirakçıları.
Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.
İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir.
Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz "Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib.
Bu gün biz İmişlidə
"ASAN Həyat” mərkəzinin
açılışını qeyd edəcəyik. Bu, çox
önəmli sosial layihədir. Bildiyiniz kimi, "ASAN”
bizim intellektual məhsulumuzdur. Azərbaycan
bu intellektual məhsulu artıq xarici ölkələrə də
ixrac edir. "ASAN Həyat” mərkəzində yerli vətəndaşlar,
xüsusilə gənclər üçün 180-dən
çox iş yeri yaradılıb. Qırxdan
çox könüllü "ASAN xidmət” mərkəzində
işləyəcək. Bu mərkəzdə
300-dən çox müxtəlif xidmətlər göstəriləcək.
Əminəm ki, İmişli rayonunda sosial,
ictimai xidmət sahələrində böyük irəliləyiş
olacaqdır.
Bu gün
açılışına toplaşdığımız
layihənin icrası təkcə İmişli rayonu
üçün deyil, eyni zamanda, qonşu rayonlar
üçün də böyük əhəmiyyət
daşıyır. Araz çayının yeni qolunun tikintisi
böyük maliyyə vəsaiti tələb edən layihədir.
Bu layihəyə birinci mərhələdə
80 milyon manat sərmayə qoyulubdur və Araz
çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə
təmin edəcək. Biləsuvar,
İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri
bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10
min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və
Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək.
Bu layihənin icrası, ilk
növbədə, bizim güclü iqtisadi
imkanlarımızı göstərir. Çünki bu
gün Azərbaycan istənilən infrastruktur layihəsini
uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə
imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim
niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki,
Azərbaycan vətəndaşları daha da yaxşı
yaşasınlar. Hər bir yerdə, hər
bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar
işlə təmin olunsunlar, onların rifah halı
yaxşılaşsın və dövlət bu istiqamətdə
öz tədbirlərini görür.
İnfrastruktur layihələrinə
gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki,
regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul
olunandan sonra - son 15 il ərzində ölkəmizdə
iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi
95 faizə çatır. Biz bu ilin sonuna qədər
bu rəqəmə çatacağıq. Azərbaycan
elektrik enerjisini ixrac edən ölkəyə çevrilib.
Biz təkcə bu ilin doqquz ayında 50 milyon
dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik.
Gələcəkdə bu, daha da artacaq.
Çünki biz özümüzü tam təmin edirik və
yaxın gələcəkdə istifadəyə veriləcək
400 meqavatlıq "Şimal-2” Elektrik Stansiyası vasitəsilə
ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə
verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə
də çatacağıq.
Meliorasiya ilə bağlı
bir çox önəmli layihələr icra edilib. Mən
onların arasında dörd böyük su anbarını
xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir.
Əlbəttə ki, onların arasında
"Taxtakörpü” və "Şəmkirçay” su
anbarları xüsusi yer tutur. Yeni beton su
kanallarının çəkilişi ölkəmizdə
geniş vüsət alıb və bu gün
açılışına toplaşdığımız
layihə onlardan biridir. Gələcək
planlarımızda da meliorativ tədbirlərin görülməsi
xüsusi yer tutur. Növbəti illərin
Dövlət İnvestisiya proqramlarında da bu layihələr
öz əksini tapacaq. Xüsusilə, gələn
ilin əvvəlində qəbul ediləcək regionların
sosial-iqtisadi inkişafı üzrə dördüncü
Dövlət Proqramında meliorasiya tədbirlərinə
xüsusi yer ayrılacaq.
Əvvəlki illərdə
də bu sahəyə böyük diqqət göstərmişik
və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti
illərdə daha böyük diqqət göstəriləcək.
Çünki bu, ilk növbədə, ölkə
iqtisadiyyatının şaxələndirilməsinə xidmət
edir. Digər tərəfdən, başqa
infrastruktur layihələrinin icrası demək olar ki, başa
çatır. Biz əlbəttə ki,
növbəti illərdə də yolların çəkilişi,
qazlaşdırma, içməli su layihələrinin
icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi,
hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.
Biz son illərdə
görülən işlərin əyani nəticələrini
görürük. Çünki həm keçən il,
həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd
təsərrüfatının inkişafında göstərir.
Keçən il biz 100 min hektar torpağa
su gətirmişik. Mənə verilən məlumata görə,
bu il 101 min hektar torpağa suyun verilməsi
təmin edilir. Bunun 53 min hektarı, bax, Araz
çayının yeni qolunun çəkilişi nəticəsində
mümkün olacaq.
Əlbəttə ki, bu, kənd
təsərrüfatının inkişafına daha da
böyük təkan verəcək. Hesab edirəm ki, builki
göstəricilər də qənaətbəxşdir. Kənd
təsərrüfatı doqquz ayda 4,3 faiz
artıb, görülən və görüləcək tədbirlər
nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin
icrası ilə əkin sahələrimizi genişləndiririk
və bu istiqamətdə əlavə tədbirlər
görüləcək. Eyni zamanda, su olan
yerdə məhsuldarlıq da artır. Biz
bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının
fəaliyyətində görürük. Taxılçılıq
üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq
təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan
çoxdur.
Ona görə, həm meliorativ tədbirlər,
həm kənd təsərrüfatı sahəsində
aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan
düzgün analizin aparılması və fermerlərə
buna uyğun olaraq tövsiyələrin verilməsi,
subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd
təsərrüfatı texnikasının dövlət xətti
ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm
ki, bu il 5 mindən çox, keçən il 9 mindən
artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə
verilmişdir, - gübrələrin, yanacağın güzəştli
şərtlərlə fermerlərə verilməsi, fermerlərin
vergilərdən tamamilə azad olunması, - torpaq vergisi
istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl
sahibkarlığın inkişafına təkan verən tədbirlər,
güzəştli şərtlərlə 2 milyard manatdan
çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər
nəticəsində biz kənd təsərrüfatının
inkişafına nail oluruq.
Mən tam əminliklə deyə
bilərəm ki, növbəti illərdə bu sahədə
daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki
əvvəlki illərdə də bu sahə inkişaf edib,
ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında,
düzgün təhlil və infrastruktur layihələrinin
icrası nəticəsində biz kənd təsərrüfatını
inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi
gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək,
eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi
5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən
çox artır, hər il 100 mindən çox uşaq
doğulur. Bu da bizim böyük sərvətimizdir,
üstünlüyümüzdür. Ancaq bizim iqtisadi
inkişafımız, xüsusilə iş yerlərinin
yaradılması bu inkişafa uyğun şəkildə təmin
edilməlidir. Ona görə, məşğulluğun
artırılması daim gündəlikdə duran məsələdir.
Son illər ərzində kənd
təsərrüfatı ilə bağlı görülən
tədbirlər, bir çox məhsulların alış qiymətinin
artımı nəticəsində kəndlilərdə kənd
təsərrüfatına maraq böyük dərəcədə
artıb. Bu
gün kəndlərdə demək olar ki, məşğulluqla
bağlı ciddi problem yoxdur, işləmək istəyən
iş tapar. Biz sadəcə olaraq yeni
investisiyalarla, yeni layihələrlə fermerlər
üçün, kəndlilər üçün bu
imkanları genişləndirməliyik və genişləndirəcəyik.
Böyük maliyyə vəsaiti tələb edən beton su
kanalının çəkilişi 53 min hektara, - hansılar
ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən
suvarılıb, - yeni həyat gətiririk, imkanlar
yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər,
pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər
tiksinlər və xalqımızın rifahı yüksəlsin.
Budur bizim əsas məqsədimiz
və bu məqsədə çatmaq üçün biz əlimizdən
gələni edirik. Nəticələr də göz
qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla
bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da
böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli
kreditlərin verilməsi özlüyündə böyük
nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə
bağlı çox önəmli addımlar
atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində,
investisiya təşviqi mexanizmi işə düşəndən
sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan
çox sərmayə qoyublar. Yəni,
imkanlar var, həm kreditləşmə yolu ilə, həm
sahibkarların öz vəsaiti hesabına münbit şərait
yaradılıb, investisiya iqlimi çox müsbətdir və
dövlət dəstəyi də göz qabağındadır.
Onu da bildirməliyəm ki, 45 böyük
aqroparkın yaradılması nəzərdə tutulur.
Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə
başlayacaq, bəziləri artıq işləyir, mən
onların açılışlarında olmuşam və 45
aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200
min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi
və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.
Onu da deməliyəm ki,
aqroparkların yaradılması üçün dövlət
öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların
fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində
müxtəlif infrastruktur layihələri icra edilmişdir.
Dövlət hər şeyi edir ki, fermerlər,
kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər
hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq
vergisindən başqa, o da çox cüzi bir rəqəmdir.
Subsidiyalar verilir. Yanacaq,
gübrə, kreditlər güzəştli şərtlərlə,
elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə
kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların,
sənaye zonalarının, yeni infrastrukturun yaradılması,
meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi,
qazlaşdırma, içməli su layihələri
üçün dövlət dəstəyi göstərilir.
Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən
dəstəklənir, bəyənilir və gözəl nəticələrə
gətirib çıxarır.
Bu gün
açılışına toplaşdığımız
Araz çayının beton su kanalının çəkilişi
çox önəmli, əlamətdar hadisədir. Bu layihənin
icrası nəticəsində ölkəmiz daha da inkişaf
edəcək, xalqımız daha da yaxşı
yaşayacaqdır. Bu gözəl hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm,
sizə uğurlar arzulayıram. Sağ olun.
***
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli mərasim
iştirakçıları.
Azərbaycan ta qədimdən suvarma əkinçiliyi
tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində
ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma
meliorasiya, su təsərrüfatı sahəsində
böyük və hərtərəfli inkişaf ulu öndər
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi
dövrə təsadüf edir.
Ulu Öndərimiz həmişə
meliorasiya, su təsərrüfatı obyektlərinin
açılışında iştirak edər və
camaatı təbrik edərdi. Bu ənənəni
davam etdirən cənab Prezidentimizə bu gün belə bir
obyektin açılışına gəldiyinə görə,
melioratorlar adından, su təsərrüfatı
işçiləri adından öz dərin minnətdarlığımızı
bildiririk.
Cənab Prezident, son 15 ildə Azərbaycanda
çox böyük işlər görülüb. Siz
ümumi şəkildə dediniz, həmin illərdə 4 min
kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr
uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib.
Təkcə üç su anbarının - yəni
Taxtakörpü, Şəmkirçay və Tovuzçay su
anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı,
261 min hektar sahənin meliorasiya vəziyyəti
yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən
torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə
daxil olub.
İstifadəyə verilən
gündən Taxtakörpüdə bugünkü günə 2
milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1
milyarda yaxın su yığılaraq respublika əhalisinin
istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi
çox böyük olmasa da, qısa müddətdə 100
milyona yaxın su yığılıb. Yığılan
bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza
və əhalimizə sərf olunub. Qeyri-rəsmi
dünya qiymətləri ilə götürsək, cənab
Prezident, bu suyun dəyəri təxminən 3 milyarda
yaxındır. Sizin
gördüyünüz bu işlər sayəsində əhalimizə
görün nə qədər xeyir dəyir.
On beş iI ərzində
2 min 234 subartezian quyusu qazılıb. Bu, 2 min 234
kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb
olan tədbirlərdir. Ötən il
bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya
olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə
vermək lazımdır. Bu, çox mürəkkəb bir
iş idi, amma biz o tapşırığı icra etməkdə
heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək
oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu
köməklə yanaşı, yüksək tələbkarlıq
göstərdiniz. Biz keçən il
103 min hektara yaxın torpaqda meliorativ tədbirlər
apardıq, suvarma suyu ilə təchizatı
yaxşılaşdırdıq. Onun bu il
yenə də davam etdirilməsini tapşırdınız, həmin
məsələlərin həlli üçün lazım
olan vəsaitin ayrılmasına kömək göstərdiniz.
Biz Sizə məruzə edirik ki, ilin
axırınadək yeni suvarılan sahələri, meliorasiya
olunan torpaqları və su təchizatı
yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan
kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük
işlərin nəticəsidir. Bu müddətdə
yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların
istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə
əkin dövriyyəsinə daxil edilən yeni sahələrin
hesabınadır.
Mən əvvəllər
uzun müddət kənd təsərrüfatı sahəsində
işləmişəm. İndi kənddə işləmək
çox asandır. Siz kəndlinin
torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da
yaradırsınız, yolunu çəkirsiniz, hər şey
edirsiniz, kəndliyə yalnız işləmək qalıb.
Kəndli də işləyir və nəticələr
yüksəlir. Ona görə də Azərbaycanda
kənd təsərrüfatı sahəsində dinamik
inkişaf heç vaxt dayanmayıb. Bu 15 il
ərzində həmişə artım tempi olub.
Bu il Sizin
tapşırığınızla çəkilən
Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur.
Sabirabad rayonunda artıq "H” kanalında yekun işlər
görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun
1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər
yerdə bu sahədə işlər gedir və nəticələri
də göz qabağındadır. Bu
gün açılışına
toplaşdığımız bu kanalın çəkilişi
üçün Sizin tapşırığınızla
2010-cu ildə selə qarşı mübarizə tədbirləri
görməyə, Araz çayının yeni
qol-kanalını tikməyə başladıq. O vaxt biz
yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma
üçün açdıq. Eyni zamanda,
Yuxarı Muğan kanalının üzərində
üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker
və başqa qurğuları tikdik. Siz bu
zonanın su təchizatını yaxşılaşdırmaq
üçün böyük işlər
görürsünüz.
2016-cı ildə Sizin
İran İslam Respublikasında səfərdə olarkən cənab
Ruhani ilə apardığınız
danışıqların nəticəsi olaraq Xudafərin,
Qız qalası hidroqovşaqlarının, Xudafərin su
anbarının tikilməsi məsələsi ilə
bağlı saziş imzalandı. Bunun Azərbaycan
üçün çox böyük əhəmiyyəti var.
Həm suların yığılması və selə qarşı
mübarizə tədbirlərinin görülməsi, həm də
orada yığılan sulardan həmin torpaqların
suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı
müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr
uzunluğundakı kanalın torpaq kanalı şəklində
tikintisi barədə Sizə hesabat verdik. Siz
məsələ qaldırdınız ki, bunu beton kanal etsək
daha yaxşı olar və Siz bunun üçün də vəsait
ayırdınız. Biz kanalı beton etməklə əvvəl
40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini
artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin
pisləşməsinin qarşını almaqla, həmin o ərazini
53 min hektaradək artıra bildik. Bunun 26 min
hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən
torpaqlardır. Təmiz məhsuldar
torpaqlardır, orada işləmək olar, 16 min hektara
yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun
torpaqlarıdır. Yəni, indi
qol-kanalların çəkilməsi üçün vəsait
ayırdınız və hazırda onlar da çəkilir.
Gələcəkdə orada 175,46 kilometr
qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə
etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin
çəkilməsi, xüsusilə Yuxarı Muğan
kollektorunun yenidən qurulması ilə bu torpaqların
meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq
mümkündür. Siz bunlarla kifayətlənmədiniz
və bizə tapşırdınız ki, Ələt-Astara
yolunun sağında, solunda olan torpaqları da
araşdırın. Bu gün Sizə məruzə
edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan
sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində
hazırlayıb, Sizə təqdim edəcəyik.
Cənab Prezident, bugünkü
açılış çox əlamətdar bir dövrdə
keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin
başçısı kimi, Siz Türkiyə Respublikasında
bu vaxtadək olmayan ən böyük müəssisənin,
SOCAR-ın "Star” neft emalı zavodunun
açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun
dünya bazarına çıxarılması
üçün qardaş Türkiyə Respublikasında tikilməsi
mühüm hadisədir və hamımızı çox
sevindirir. Bu layihənin müəllifi də
Sizsiniz, təşkilatçısı da. Bu
uğur və böyük tədbirin keçirilməsi
münasibətilə bütün melioratorlar adından Sizi təbrik
edirik. Söz veririk ki, bundan sonra da bizim
qarşımızda qoyulan vəzifələri layiqincə
yerinə yetirəcəyik. Melioratorlar Sizin
tapşırıqlarınızı həmişə yerinə
yetirməyə hazırdırlar.
Diqqətinizə görə
sağ olun.
***
Mərasimdə çıxış
edən iqtisadiyyat naziri Şahin
MUSTAFAYEV dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli mərasim
iştirakçıları.
Sizin rəhbərliyinizlə
bütün qlobal çağırışları nəzərə
almaqla qətiyyətlə və uğurla davam etdirilən
sosial-iqtisadi siyasət sayəsində Azərbaycan
iqtisadiyyatı davamlı inkişaf edir, dünyada baş verən
mürəkkəb siyasi və iqtisadi proseslərin neqativ təsirlərinə
qarşı dayanıqlılıq nümayiş etdirir.
Sosial-iqtisadi sahədə əldə
edilən uğurların davamlılığının təmin
edilməsində qeyri-neft məhsullarının istehsalı və
ixracının stimullaşdırılması, rəqabət
qabiliyyətinin artırılması, ənənəvi və
yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi
mühüm əhəmiyyət kəsb edir. Ölkə
iqtisadiyyatının, xüsusilə bölgələrin hərtərəfli
inkişafında məqsədyönlü siyasətinizin
davamı olaraq, regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramları müstəsna rol oynayır.
Möhtərəm cənab
Prezident, Sizin rəhbərliyinizlə görülmüş
kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas
hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun
inkişafında ciddi irəliləyişlər əldə
olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi
üstünlük təşkil edib, ixrac potensialı
genişlənib. Belə ki, son 15 ildə ixrac 5,3 dəfə,
o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının
çeşidi isə 2,6 dəfə artıb.
İxrac potensialının
genişləndirilməsində qeyri-neft sektorunun prioritet
istiqamətlərindən olan aqrar sahənin inkişafı
xüsusi önəm kəsb edir. Görülən işlərin nəticəsində
aqrar sektorun davamlı inkişafı təmin olunub, bu ilin 9
ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı
istehsalı və emalı məhsullarının ixracı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb.
Aqrar sektorun
inkişafında, regionlarda iqtisadi potensialın
artırılmasında, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsində yeni metod və
üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan
aqroparkların və iri fermer təsərrüfatlarının
yaradılması mühüm əhəmiyyət kəsb edir.
Möhtərəm cənab Prezident,
xüsusi diqqət və dəstəyiniz sayəsində
respublikada 30 rayon üzrə 192 min hektar ərazidə
investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o
cümlədən 44 min hektar ərazidə 17 müasir cins
heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri
bitkiçilik təsərrüfatının yaradılması
üzrə işlər sürətlə davam etdirilir. Bu
çərçivədə 330 milyon manat dövlət maliyyə
dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı
infrastrukturun yaradılmasına yönəldilən dövlət
investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka
verilmiş güzəştli kreditlərdir. Bununla
yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat
olan 25 layihəyə investisiya təşviqi sənədi
verilib.
Artıq Xaçmaz, Şəmkir, Cəlilabad,
Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə
verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik
və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq
və əkinçilik, 12 min hektarda
taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və
əkinçilik, Hacıqabul və Şamaxı
rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik,
Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27
min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və
əkinçilik, Füzulidə 2500 hektarda
taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik,
Ucarda 2100 hektarda heyvandarlıq və
taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik
və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək
69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə
başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə
başladıqdan sonra il ərzində təqribən
600 milyon manat dəyərində kənd təsərrüfatı
məhsulunun istehsal və emal olunması, ümumilikdə 10
minədək yeni iş yerinin yaradılması
proqnozlaşdırılır.
Möhtərəm cənab
Prezident, məhsuldarlığın artırılmasında,
yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb
edilməsində suvarma suyu ilə təminat vacib faktordur.
Tapşırığınıza uyğun olaraq, aqrar sektorun
inkişafında xüsusi rolu olan meliorativ tədbirlərin
davam etdirilməsi, strateji əhəmiyyətli və iri kapital
tutumlu su anbarlarının tikintisi nəticəsində hər
il minlərlə hektar torpaq sahələri
əkin dövriyyəsinə cəlb olunur. 2018-ci
ildə sərəncamlarınızla ayrılmış
dövlət əsaslı vəsaitlər hesabına əkin
sahələrinə suvarma suyunun çatdırılması
üçün magistral kanalların inşası və
meliorativ tədbirlərin həyata keçirilməsi davam
etdirilir.
Sizin rəhbərliyinizlə
reallaşdırılan növbəti uğurlu və tarixi
layihə - Araz çayının yeni qol-kanalı vasitəsilə
Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min
hektara yaxın torpaq sahəsinə suvarma suyunun
çatdırılması təmin ediləcək. Bu məqsədlə
müvafiq sərəncamlarınızla dövlət əsaslı
vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait
ayrılıb. Kənd təsərrüfatının
potensialının reallaşdırılmasına göstərdiyiniz
daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən
bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının
yaradılmasına 450 milyon manat investisiya qoyuluşu
proqnozlaşdırılır. Bu layihələr
çərçivəsində yeni torpaqların istifadəyə
verilməsi nəticəsində yaradılacaq aqroparklarda
heyvandarlıq komplekslərinin, emal müəssisələrinin
yaradılması, buğda, qarğıdalı, soya, pambıq,
şəkər çuğundurunun və digər bitkilərin
əkilməsi həyata keçiriləcək. Bundan
başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan
logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl
anbarı komplekslərinin də tikintisi nəzərdə
tutulur. Bu işlərin görülməsi 5000-dək yeni
iş yerlərinin açılmasına şərait yaradacaq.
Müasir aqrotexniki və intensiv üsulların tətbiq
olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı
gözlənilir. Bu da kənd təsərrüfatı
məhsullarının istehsalı sahəsində həm kəmiyyət,
həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə,
eləcə də ixrac qabiliyyətinin artırılmasına
töhfə verəcək. Hazırda bu ərazilərdə
4 aqroparkın yaradılmasına başlanıb. Ümumi
dəyəri 65 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə
dövlət 10 milyon manat güzəştli kredit
ayırıb və iki aqroparkın ümumi dəyəri 16
milyon manat olan layihələrinə İqtisadiyyat Nazirliyi tərəfindən
investisiya təşviqi sənədi verilib.
Möhtərəm cənab
Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən
kompleks tədbirlər ölkənin dayanıqlı
inkişafına, qeyri-neft sektoruna, onun ixrac qabiliyyətinin daha
da artırılmasına, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsinə və əhalinin həyat
səviyyəsinin yüksəlməsinə mühüm
töhfələrini verir. Sizi əmin edirik ki, bu
tədbirlərin uğurla davam etdirilməsi üçün
bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
"MKT” İstehsalat Kommersiya MMC-nin
İmişli filialının direktoru Oqtay GÜLMALIYEV çıxış edərək
dedi:
-Möhtərəm cənab Prezident.
Mən də öz növbəmdə
imişlililər, eyni zamanda, "MKT” İstehsalat Kommersiya təşkilatının
kollektivi adından Sizi salamlayıram, İmişliyə
xoş gəlmisiniz.
Fürsətdən istifadə edərək,
Sizin bilavasitə göstərişiniz əsasında
Araz çayının İmişli və qonşu
rayonların ərazisindən keçən tarixi
qol-kanalının bərpası münasibətilə tədbir
iştirakçılarını təbrik edir və Sizə
minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab
Prezident, "MKT” İstehsalat Kommersiya kollektivi adından
bildirmək istəyirəm ki, şirkətimiz İmişli
rayonu ərazisində kənd təsərrüfatı sahəsində,
xüsusilə də pambıqçılıq və
taxılçılıq sahəsində geniş fəaliyyət
göstərir. Müəssisəmizə dövlət
qayğısı sayəsində 3800 hektar sahədə iri
taxılçılıq təsərrüfatının
yaradılmasına 5 milyon manat güzəştli kredit
ayrılıb. Ümumilikdə 8,8 milyon manat olmaqla,
fermerlərlə bağlanmış müqavilə əsasında
5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və
buğda əkilib. Taxıl sahələrində
hər hektardan orta hesabla təxminən 45-55 sentner məhsul əldə
edilib. Ona görə də şirkətimiz
taxıl əkini sahələrinin genişləndirilməsini
nəzərdə tutur. Bundan əlavə,
indiyədək 10 min ton pambıq yığılıb. Sahələrdə məhsulumuz boldur və hər
hektardan 24 sentnerdən çox pambıq gözləyirik.
Möhtərəm cənab
Prezident.
İmişli əhalisinə
göstərdiyiniz diqqət və qayğıya görə
Sizə minnətdarlığımızı bildiririk. Şirkətimizin
kollektivi adından Sizi əmin etmək istəyirik ki, bundan
sonra daha əzmlə çalışacaq və rayon
iqtisadiyyatına, kənd təsərrüfatının
inkişafına öz töhfəmizi verəcəyik.
Diqqətinizə görə
təşəkkürümü bildirirəm.
Sağ olun.
***
"İD – Aqropark” MMC-nin təsərrüfat
rəhbəri Sədafər
HÜSEYNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Ölkəmizdə uğurla
aparılan sosialyönümlü iqtisadi islahatların daha da dərinləşməsi,
xalqımızın maddi‐rifah halının yaxşılaşdırılması,
cənab Prezident, məhz
Sizin həyata keçirdiyiniz məqsədyönlü
siyasətin məntiqi nəticəsidir.
Biz sahibkarlar fəaliyyət
sahələrimizi genişləndirərkən təkcə
dövlətin maddi dəstəyini deyil, həm də cənab
Prezident, Sizin böyük mənəvi dəstəyinizi də
hiss edirik. Sahibkarlığın inkişafı ilə
bağlı qəbul etdiyiniz qərarlar və sahibkarlara
verdiyiniz tövsiyələr bizim üçün
böyük stimul yaradır.
Möhtərəm cənab
Prezident, təmsil etdiyim "İD-Aqropark” MMC şirkəti
2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin
yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində
7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan
təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi
çərçivəsində 10 milyon manat güzəştli
kredit verilib. Aqroparkın birinci mərhələsinin
2019-cu ildə istifadəyə verilməsi
planlaşdırılır.
Şirkət tərəfindən 5000
hektar sahədə arpa, buğda, qarğıdalı, soya,
günəbaxan və digər kənd təsərrüfatı
məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə
nar və 500 hektar sahədə badam bağlarının
salınması nəzərdə tutulur. Ötən il ərazinin bir hissəsində günəbaxan,
soya və qarğıdalı, bu il isə qarğıdalı
və günəbaxan əkilib. 2018-ci ilin yaz
mövsümündə 120 hektar sahədə intensiv nar
bağı salınıb, damla üsulu ilə müasir suvarma
sistemi quraşdırılıb. Nar
bağının suvarılması üçün 2 hektar sahədə
süni göl yaradılıb və su nasos stansiyası
tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib
və 2 transformator quraşdırılıb.
2019-cu ilin əvvəlində
əlavə 240 hektar sahədə nar bağının
salınması üzrə işlər aparılır. Bununla
yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin
yetişdirilməsi üçün hazırlanıb,
açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib.
Bütünlükdə isə 7000 hektar sahə
üçün 58 kilometr uzunluğunda açıq tipli
drenaj xətləri çəkilir. 20
hektar sahədə yonca əkilib. Hazırda
arpa və buğda əkini aparılır. Əkin sahələrinə tələb olunan
gübrələr verilib.
2019-cu ilin yazında 1156
hektar sahədə dənli bitkilər və pambıq əkilməsi
üçün şumlama işləri aparılır. 1000 hektar sahə
üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi
hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi
planlaşdırılır. Yaxın gələcəkdə
bu sistem üçün 5 nasos stansiyasının tikilməsi
nəzərdə tutulur.
Möhtərəm cənab
Prezident, Saatlı aqroparkında dənli bitkilərin
yetişdirilməsi, nar və badam bağlarının
salınması, müvafiq texniki tədbirlərin həyata
keçirilməsi ilə əlaqədar infrastruktur, yaxın gələcəkdə
quşçuluq fabriki və heyvandarlıq fermaları
yaradılacaq.
Aqrotexniki tədbirlərin həyata keçirilməsi
üçün "Aqrolizinq” ASC-nin köməyi ilə
müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd
təsərrüfatı texnikası alınıb. Hazırda təsərrüfatımızda 41 daimi
işçi çalışır. Nar
bağının salınması dövründə 200-dən
çox mövsümi işçilər də cəlb olunub.
Ümumilikdə, aqroparkda 400-dək daimi iş yerinin
açılması nəzərdə tutulur.
Möhtərəm cənab
Prezident, çıxışımın sonunda bütün
sahibkarların himayədarı və dayağı olduğunuz
üçün Sizə sahibkarlar və kollektivimiz adından
dərin minnətdarlığımı bildirirəm. Sizi əmin
etmək istəyirik ki, yaratdığınız şəraitdən
istifadə edərək ölkədə aqrar sahənin
inkişafına öz töhfəmizi verəcəyik.
Diqqətinizə görə çox
sağ olun.
***
"Aqropark Yaşıl Ada” MMC-nin
icraçı direktoru Fərhad
BAĞIROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
İcazə verin, Biləsuvar
əhalisinin, bütün kənd təsərrüfatı
işçilərinin səmimi minnətdarlıq hissini və
salamlarını Sizə çatdırım.
Biləsuvarlılar rayonumuza
hər gəlişinizi, rayon əhalisi ilə
görüşlərinizi böyük sevinc hissi ilə
qarşılayır, aqrar sahənin inkişafı ilə
bağlı müdrik və uzaqgörən
çağırışlarınıza səs verərək,
yaratdığınız yüksək şəraitdən və
qayğıdan bəhrələnməklə əzmlə
çalışır, ilbəil yüksək nəticələr
əldə edirlər.
Möhtərəm cənab Prezident,
Sizin tapşırığınızla təyinatı dəyişdirilərək
əkin dövriyyəsinə cəlb edilmiş 3000 hektar ərazidə
Arazın yeni qol-kanalından istifadə edəcək
"Yaşıl Ada” aqroparkını yaratdıq. Həmin ərazi əvvəllər qış otlaq
sahəsi kimi istifadə edilib, yüksək keyfiyyətli bu
torpaqlar baxımsız vəziyyətdə olub, orada meliorasiya
və irriqasiya qurğuları olmayıb. Bu
gün isə həmin ərazilərdə Sizin göstərişinizlə
geniş meliorasiya işləri görülür, infrastruktur
yaradılır.
Bu gün
açılışına toplaşdığımız
Araz çayının yeni qol-kanalının istifadəyə
verilməsi müəllifi olduğunuz mühüm layihələrdən
biridir. Bu layihənin reallaşdırılması tarixi hadisədir,
kənd təsərrüfatı işçilərinə,
aqrar sahəyə investisiya yatıran sahibkarlara çox dəyərli
töhfədir. Bu layihə ilə Siz, cənab
Prezident, Muğan torpaqlarına yeni nəfəs, yeni həyat
verdiniz. İcazə verin, bizə bu tarixi
günü yaşatdığınıza görə biləsuvarlılar
adından, kənd təsərrüfatı işçiləri,
eləcə də "Yaşıl Ada” aqroparkının
kollektivi adından Sizə sonsuz təşəkkürümüzü
və minnətdarlığımızı
çatdırım.
Möhtərəm cənab
Prezident, bu layihə Biləsuvar rayonunun 10356 hektar əkin sahəsini
əhatə edəcək. Bunun 3000 hektarı
"Yaşıl Ada” aqroparkının istifadəsinə
verilmiş torpaq sahələridir. Məruzə
edirəm ki, aqroparkın ərazisində zəruri
infrastrukturun yaradılması, torpaqların əkinə,
yüksək məhsuldarlığa hazırlanması ilə
bağlı bir çox işlər görülüb və
hazırda da bu işlər davam etdirilir. Belə ki, 10 min
tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin
etmək üçün 6 tarla düşərgəsi tikilib,
8 kilometr elektrik xətti çəkilib, 100 kvt-lıq
transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı
təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub,
60 kilometr sahələrarası yollar təmir olunaraq yararlı
vəziyyətə gətirilib.
Aqroparka İqtisadiyyat
Nazirliyi tərəfindən 7 milyon manat dəyərində
investisiya təşviqi sənədi verilib. 2019-cu ildə
aqroparkın birinci mərhələsinin istifadəyə verilməsi
nəzərdə tutulur. İlkin mərhələdə
1000 hektar ərazidə müasir suvarma - pivot sistemləri
quraşdırılacaq. Aqroparkın ərazisinə 6,5 kilometr beton su kanalının, 21 kilometrlik
elektrik xəttinin çəkilişi
planlaşdırılır. Aqropark gələcəkdə
böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət
göstərəcək.
Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, Sizin tapşırıq və
tövsiyələrinizə uyğun olaraq aqroparkın ölkəmizin
aqrar sektoruna əhəmiyyətli töhfə verə biləcək
iri təsərrüfata çevrilməsi üçün var
qüvvəmizlə çalışacaq, kənd təsərrüfatının
inkişafı ilə bağlı həyata keçirdiyiniz
tarixi işlərin fəal iştirakçıları olacaq,
etimadınızı doğruldacağıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Daha sonra Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri Əhməd Əhmədzadə və
iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin
başçısına layihə üzrə görülən
işlər barədə məlumat verdilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.
Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.
Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.
Onu da deyək ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illərdə regionlarda mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə aqroparklar, iri fermer təsərrüfatları və müasir heyvandarlıq kompleksləri yaradılıb. Bu da qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb. Bu işlərin davamı olaraq Saatlı, Biləsuvar və İmişli rayonlarında pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafı məqsədilə aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqroparkların yaradılması regionlarda iqtisadi potensialın, kənd təsərrüfatında istehsalın artmasına, məhsulların keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına, özünütəminetmə səviyyəsinin və regionlarda əhalinin məşğulluğunun yüksəlməsinə, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Araz çayının yeni qol-kanalı da regionda kənd təsərrüfatının inkişafına, xüsusilə aqroparkların yaradılmasına geniş imkanlar açır. Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi sahibkarlar tərəfindən 454 milyon manat investisiya qoyuluşuna və 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu layihələr çərçivəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin təşkili, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun əkilməsi, nar və xurma bağlarının salınması həyata keçiriləcək. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı təsərrüfatlarda ildə 176 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı gözlənilir. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur.
Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65,2 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb və iki aqroparkın ümumi dəyəri 15,9 milyon manat olan layihələrinə investisiya təşviqi sənədi verilib. Hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə görülən işlərə dövlət tərəfindən 329,7 milyon manat maliyyə dəstəyi göstərilib. Bundan başqa, 15 aqropark üzrə 25 layihəyə investisiya təşviqi sənədi verilib. Görüləcək işlər nəticəsində, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlin sonunadək daha 13 aqropark fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində dəyəri 600 milyon manatdan çox olan məhsul istehsalı gözlənilir.
Sonda xatirə şəkilləri
çəkdirildi.
Azərbaycan.- 2018.-23 oktyabr.- S.1-3.