Bəşəriyyət Xocalı dəhşətlərinə biganə qalmamalıdır

 

Dmitri SAVELYEV: "Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır”

 

Tarixi Azərbaycan ərazilərində özlərinə yurd salmış ermənilərin bir əsrdə dəfələrlə azərbaycanlılara qarşı törətdikləri soyqırımı Xocalı faciəsində özünün sanki kulminasiya nöqtəsinə qalxdı. Bu barədə son illər dünya xalqlarının daha çox məlumatlandırılması baş vermiş faciələrin miqyasının genişliyi, bəşəri fəlakət həddinə çatması qədər təhlükəliliyi ilə bağlıdır.

Türkiyə qardaş Azərbaycanın faciələrini daim özününkü hesab edib. Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində mümkün olan bütün variantlardan istifadə edilməsini birmənalı dəstəkləyir. Qardaş Türkiyədə bu gün həmin istiqamətdə təbliğat xarakterli tədbirlər keçirilir. Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz UniversitetininTalas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Müasir dünyada dialoqmövzusunda keçirilən konfrans, eləcə də Xocalı parkı və soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı bu qəbildən olan tədbirlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun iştirak və çıxış etdiyi həmin tədbirlər tarixi əhəmiyyəti ilə yadda qalıb. Ərciyəz Universitetində Azərbaycan, Türkiyə və Rusiya deputatlarının iştirakı ilə keçirilən konfrans müasir dünyada dialoq çağırışı, sülhsabitlik siyasətinin ifadəsi kimi yüksək dəyərləndirilib.

Azərbaycan ilə Türkiyənin sülh, tərəqqi və inkişaf siyasəti yürütdüyünü diqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov vurğulayıb ki, ölkəmiz bütün dövlətlərlə mehriban münasibətdə olmaqda maraqlıdır. Təəssüf ki, təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Bu siyasət zərərli və təhlükəlidir.

Xocalı parkının salınması və şəhidlərin xatirəsinə abidə ucaldılmasında əməyi olan bütün şəxslərə Azərbaycan dövləti adından təşəkkürünü ifadə edən, Xocalı soyqırımının dəhşətləri barədə danışan, Sovet İttifaqı dağılandan sonra əhatə dairəsinə və cinayətin metodologiyasına görə ən dəhşətli faciənin Xocalı soyqırımı olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Əli Həsənov deyib ki, 26 ildir bu qanlı cinayətin acılarını yaşayırıq: "Xocalı soyqırımını törədənlər Ermənistan dövlətinə rəhbərlik ediblər, onlara BMT tribunasında meydan verilib. Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı barədə kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhval-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik.

Bunların törətdikləri əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də tarixdə belə qanlı faciələr təkrarlanmasın. Tarix buna qiymət vermədikcə belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq”.

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasımov mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Dmitri Savelyev çıxışında bildirib ki, 26 il əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib: "Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr öz dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün onlar təbliğat işlərinə qoşulmalıdırlar”.

Xocalı soyqırımını təkcə Azərbaycanın yox, bütün insanlığın faciəsi kimi dəyərləndirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın sözlərinə görə, Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Bu gün Türkiyə xalqı Xocalı soyqırımı acısı ilə yaşayır. Hər kəs bu soyqırımı barədə məlumatlandırılmalıdır. Videolar, fotolar, şahidlər var, amma dünyanın böyük bir hissəsi yenə də susur. Xocalı soyqırımını bütün dövlətlər tanımalıdırlar.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.-23 oktyabr.- S.9.