Azərbaycanda üzümçülüyün inkişaf strategiyası

 

Alim təklif verir

 

Məlum olduğu kimi, müasir dövrdə Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi, o cümlədən aqrar sektorda üzümçülüyün dinamik inkişafı ölkənin əsas prioritetlərindən hesab edilir. Bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramlarını ölkəmizin üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran dövlət sənədləri kimi qəbul etmək olar.

Respublikamızda üzümçülük zəngin inkişaf yolu keçmişdir. Keçən əsrin 70-80-ci illərində Azərbaycanda iri üzüm plantasiyaları salınmışdı. 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara, üzüm yığımı 2 milyon 126,1 min tona, hektardan məhsuldarlıq ən yüksək həddə çatdırılaraq 99,2 sentnerə yüksəlmişdi. Həmin illər ölkədə 181 şərab zavodu fəaliyyət göstərmiş, 100-110 milyon dekalitr çaxır materialı, 10,4 milyon dekalitr şərab, 1,4 milyon dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. Lakin 1980-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda 130 min hektar məhsuldar üzüm bağları məhv edilmiş, 76 istehsal, 116 ilkin emal müəssisəsi fəaliyyətini dayandırmışdır. Bundan başqa, Ermənistanın 1988-ci ildən başlayan torpaqlarımıza təcavüzü nəticəsində 43 min hektar üzüm bağı işğal altında qalmışdır.

Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 90-cı illərin ikinci yarısından etibarən ölkədə üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaranmış və bu istiqamətdə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında” qanun, eləcə də 2003-cü ildən başlayaraq 3 regional inkişaf proqramı qəbul olunmuşdur ki, bunlar da ölkəmizdə ən gəlirli sahələrdən olan üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün əlverişli hüquqi şərait yaratmışdır.

Azərbaycanda üzümçülük aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Dünya miqyasında da üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, hər bir hektar sahədən əldə edilən məhsula görə ən yüksək göstəriciyə malikdir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə kənd yerlərində yeni yerlərinin açılmasına, həmçinin müxtəlif çeşidli qida məhsullarının istehsalının satışından yüksək iqtisadi gəlir verən texniki bitkilərdəndir. Belə ki, bir hektar üzüm bağından əldə olunan maddi gəlir pambıqdan 2,7, dənli-paxlalı bitkilərindən 3,9, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından 2,6 dəfə yüksəkdir.

Tarixi inkişaf prosesində Azərbaycan ərazisində üzüm bitkisinin zəngin sort müxtəlifliyi formalaşmışdır. Qeyd edək ki, üzüm sortlarının zəngin genofondu təbiətin xalqımıza bəxş etdiyi maddi sərvətlərdəndir. Üzüm genofondunda 300-dən çox yerli, 200-ə yaxın digər respublikalardan gətirilmə üzüm sortları yayılmışdır. Mövcud üzüm genofondu əksər dünya ölkələrindən fərqli olaraq Azərbaycan ərazisində ilin altı-yeddi ayı ərzində bazarlara təzə süfrə üzümü məhsulu çıxarmağa imkan verir. Saxlama kameralarından istifadə etməklə ilin bütün fəsillərində əhalini təzə üzüm məhsulları ilə təmin etmək mümkündür. Üzüm genofondunda təzə halda satışa çıxarılan, açıq şəraitdə uzun müddət saxlanıla bilən, qurudulmuş kişmişmövüc istehsalında istifadə olunan, ayrı-ayrı qida məhsullarının hazırlanmasında istifadə edilən 16 kişmişi, 100-dən çox süfrə sortları, həmçinin müxtəlif şərabların istehsalı üçün "Bayanşirə”, "Mədrəsə”, "Şirvanşahı”, "Xindoqnı”, "Həməşərə”, "Mələyi”, "Xərci”, "Qara aldərə”, "Dəvəgözü” "Naxçıvan qara üzümü, " aldərə” və başqa 150-dən çox yüksək keyfiyyətli yerli texniki üzüm sortları mövcuddur. Mövcud genofonddan səmərəli istifadə olunması, üzüm plantasiyalarının salınmasında və genişləndirilməsində sort seçiminin məqsədyönlü yerinə yetirilməsi əldə olunacaq maddi gəlirin, iqtisadi səmərəliliyin əsasını təşkil edir.

Respublikamızda indiki dövrdə kənd təsərrüfatında taxılçılıq, tərəvəzçilik, meyvəçilik və digər sahələrdə istehsal olunan məhsullara əhalinin artan tələbatını nəzərə alaraq Azərbaycan ərazisində üzüm plantasiyalarının maksimum sahəsinin 150-170 min hektara qədər artırılması, ildə yüksək keyfiyyətli 1-1.2 milyon ton üzüm istehsal olunması optimal hesab edilə bilər. Eyni zamanda Naxçıvan MR-də, Şamaxıda və digər bölgələrdə salınmış yeni müasir üzüm plantasiyalarında olduğu kimi, daha çox əkinə yararsız torpaq sahələrində, təpəliklərdə, dağ yamaclarında salınması düzən ərazilərdəki münbit torpaqlarda vacib olan ərzaq bitkilərinin əkilməsi baxımından olduqca perspektivlidir. Eyni zamanda ayrı-ayrı üzümçülük bölgələrində süfrə üzümü istehsal olunan plantasiya ərazisində saxlama kameralarının, qurudulmuş kişmiş, mövüc, üzüm şirəsi, abqora və digər məhsullar üçün istehsal sahələrinin yaradılması, texniki üzüm sortları əkilən üzümlüklərdə isə müasir tipli müxtəlif şərablar hazırlayan zavodların tikilməsi, məhsul itkisinin qarşısının alınmasına, işçi qüvvəsindən səmərəli istifadə olunmasına, nəticədə yüksək keyfiyyətli rəqabətədavamlı məhsulların istehsal edilməsinə şərait yaradır.

Yeni üzüm plantasiyalarının salınmasında Naxçıvan MR-də süfrə üzümü üzrə, Şamaxıda isə şərabçılıq istiqamətində görülən işlər üzümçülüyün inkişafında müasir dövrün tələbinə tam uyğun formada təşkil edilməsi praktikası geniş yayılmalıdır. Azərbaycanın bütün üzüm becərilən bölgələrində gələcəkdə fəaliyyət göstərən üzümçülük şirkətlərinin ərazisində müasir tipli modul istehsal sahələrinin yaradılması dünya praktikasında sınaqdan keçməklə iqtisadi baxımdan çox əlverişlidir. İndiki dövrdə Azərbaycanda üzüm becərilən bölgələr üzrə kişmişi, süfrə, universaltexniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, ərazinin torpaqiqlim şəraitinə uyğun müasir tipli yeni üzüm plantasiyalarının salınması, tingçilik təsərrüfatlarının yaradılması, müvafiq avadanlıqların istehsalı və texniki təchizatın dolğun ödənilməsi qarşıda duran işlərdəndir.

Respublikamızda üzümçülük üzrə müasir tipli tingçilik təsərrüfatlarının, calaqedilmə sexlərinin olmaması əksər əkin materiallarının xarici ölkələrdən alınmasına zəmin yaradır. Bu da nəticə etibarı ilə xaricdən gətirilən valyuta ilə alınan, xəstəlik və zərərvericilərlə yoluxma ehtimalı yüksək olan üzüm sortlarının plantasiyalarda geniş yayılması, ucuz başa gələn, yerli şəraitə daha yaxşı uyğunlaşan üzüm genofondundan məqsədyönlü istifadə olunması imkanlarını məhdudlaşdırır.

Azərbaycanda üzümçülüyün sənaye miqyasında yenidən genişləndirilməsi 1970-1980-ci illərdə olduğu kimi, əlverişli torpaq-iqlim şəraiti olan Gəncə-Qazax, Şirvan, Qarabağ-Mil, Qarabağın dağlıq hissəsində, Muğan-Salyan, Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan bölgələrində həyata keçirilə bilər. Yeni yaradılan üzümçülük şirkətlərinin, fermer təsərrüfatlarının elmi şəkildə koordinasiya olunması bu sahənin məqsədyönlü şəkildə inkişafını təmin edər. Qeyd edək ki, görülən təşkilati və praktiki işlərin elmi əsaslar üzərində yerinə yetirilməsi ümumi işin xeyrinə olar.

Elmi-tədqiqat institutlarında çalışan alimlərin uzun illər ərzində üzümçülük üzrə apardıqları ampeloqrafik tədqiqatlar əsasında yazılan və 2012-ci ildə nəşr edilmiş "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, 2017-ci ildə I cildi çapdan çıxan, II və III cildləri nəşrə hazırlanan "Azərbaycan ampeloqrafiyası”, həmçinin "Azərbaycan üzümü”, Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası”, "Üzümçülük”, "Şərabçılıq” və başqa kitablarda, çoxlu sayda elmi məqalələrdə bu ərazidə tarixi inkişaf prosesində xalq seleksiyası yolu ilə yaradılaraq dövrümüzə qədər qorunub saxlanılan çox qiymətli, iqtisadi əhəmiyyətli, müxtəlif biomorfoloji xüsusiyyətlərilə müşayiət olunan üzüm sortları, onlardan hazırlanan ayrı-ayrı qida məhsulları, spirtlispirtsiz içkilər haqqında elmi məlumatlar verilmişdir. Bu əsərlər müasir tipli üzüm plantasiyaların salınması, istehsal müəssisələrinin yaradılması üçün mühüm elmi-praktiki əhəmiyyət kəsb edir.

Hazırda dünyada miqyasında əmtəə görünüşlü və keyfiyyətli, uzun müddət qorunub saxlanıla bilən süfrə üzümünə, qurudulmuş kişmişmövüc, həmçinin müxtəlif spirtsiz içkilərin, ayrı-ayrı şərab məhsullarının yüksək keyfiyyətlə sənaye miqyasında istehsalına böyük tələbat var. Ona görə də ildən-ilə üzümlüklərin miqyası genişləndirilir, istehsal artırılır.

Hazırda Azərbaycanda qəbul edilmiş müvafiq dövlət proqramlarına uyğun olaraq əhalinin süfrə üzümü, ondan hazırlanan çoxçeşidli qida məhsulları ilə təmin olunması istiqamətində təşkilatı işlər davam etdirilir. Həmçinin şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyacixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanın üzümçülük sahəsində böyük uğurlar qazanmasına xidmət edir.

 

Varis QULİYEV,

AMEA Naxçıvan bölməsi Bioresurslar

İnstitutunun laboratoriya rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru

 

Azərbaycan.- 2018.-23 oktyabr.- S.11.