Azərbaycan öz milli-mənəvi,
dini dəyərlərinə sadıqdir
Oktyabrın 23-də Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında
iştirak edib.
Cəmiyyətin, ölkənin dayanıqlı
inkişafı üçün
dövlət-din münasibətlərinin
çox böyük əhəmiyyəti var. Azərbaycanda
bu münasibətlər
yüksək səviyyədə
tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin,
eyni zamanda, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların
tikilməsi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin
göstəricisidir. Bu
sahədə Heydər
Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər
verir ki, məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verdi.
Bildirildi ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən
dindarların istifadəsinə
verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.
Azərbaycanın qədim məscidlərindən
biri olan İmam Hüseyn məscidində 2017-ci ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə
başlanılıb. Yüksək keyfiyyətlə aparılan
təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi
abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir.
Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik
mərasim zalı da inşa olunub.
Azərbaycanda dini-mənəvi dəyərlərin
qorunmasına hər zaman yüksək diqqət göstərilib. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə
verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi
ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi
də milli-mənəvi
dəyərlərin qorunması
istiqamətində həyata
keçirilən tədbirlərdəndir.
Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs
Qurani-Kərim hədiyyə
etdi.
Dövlət-din münasibətlərinin Azərbaycan
modeli bu gün dünyanın müxtəlif ölkələrində
öyrənilir. Azərbaycanın bu istiqamətdəki
siyasəti artıq özünü həm ölkəmizdə, həm
bölgədə və
həm də dünyada təsdiq edib. Azərbaycan öz milli-mənəvi,
dini dəyərlərinə
sadiq, onları qoruyan, eyni zamanda,
müsəlman aləmində
həmrəyliyin möhkəmləndirilməsi
üçün səylərini
əsirgəməyən bir
ölkə kimi tanınır.
Azərbaycan. - 2018.-20 oktyabr.- S.1-2.