"Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun ideya müəllifliyi və baş redaktorluğu ilə "Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının (fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova, aparıcı elmi işçi Şahmar Hacıyev, elmi işçilər Elnarə Qəribova, Ayaz RzayevOrxan Bağırov) müəllifliyi ilə nəşr edilən kitabda hazırda dünyada yaşananmilyonlarla insan həyatına təsir edən humanitar faciə - miqrasiya böhranı və onun yaranma səbəbləri ilə bağlı məsələlərə yeni baxış bucağından nəzər salınır. Miqrasiya proseslərinin təhlilində siyasi səbəblər və böhranın geosiyasi əsasları diqqət mərkəzinə gətirilir, miqrasiya böhranının müasir beynəlxalq münasibətlər sisteminin böyük sınağı kimi çıxış etməsi vurğulanır.

Kitabda miqrasiya proseslərinin tarix qədər qədim olması, bundan fərqli olaraq miqrasiya siyasətinin bir Qərb fenomeni kimi yeni dövrdə, Qərb məkanında milli dövlətin yaranması ilə formalaşması, XVII-XIX əsrlərdə müstəmləkəçilik siyasətinin miqrasiya proseslərinin tənzimlənməsinə təsirinin, Qərbin miqrasiya siyasəti modelinin geosiyasi maraqlara xidmət edərək tarixi ənənəyə çevrilməsində müstəmləkəçi irsin yerirolunun elmi şəkildə əsaslandırılmasına cəhd edilir. Nəşrdə, eyni zamanda, XX əsrdə beynəlxalq miqrasiya və qaçqın hüququnun yaradılması, miqrasiyanın tənzimlənməsi üçün vaxtaşırı müxtəlif siyasi-hüquqi modellərin tətbiqinin həqiqi məqsədləri təhlil edilir.

Kitabda XXI yüzilliyin əvvəllərində başlayan miqrasiya böhranının Avropa İttifaqı dövlətləri arasında dərin fikir ayrılığı yaratması məsələsi və qitənin müstəmləkəçi keçmişə malik olan dövlətləri ilə Şərqi Avropa ölkələrinin baş verən proseslərdə heç bir məsuliyyət daşımadıqları ilə bağlı mövqeyi müqayisə edilir.

Miqrasiya mövzusuna həsr edilmiş nəşrdə Cənubi Qafqazdakı tarixi miqrasiya proseslərinin episentri kimi Azərbaycana nəzər salınır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri aspektində tarixən imperiyaların müstəmləkəçi köçürmə siyasəti və onun həlli yolunda maneə kimi qaçqınların hüquqlarının təmin edilməsində geosiyasi maraqların toqquşmasından irəli gələn "ikili standartlar”ın rolu təhlil edilir.

Kitabda belə nəticəyə gəlinir ki, miqrasiya böhranı beynəlxalq münasibətlərin ənənəvi oyun qaydalarına, Qərb dövlətlərinin indiyə qədər yürütdüyü daxilixarici siyasətlərinə dərin təsirini göstərən "geosiyasi cəbhə xətti” kimi çıxış edir.

Miqrasiya böhranı Qərbin siyasi-hüquqi, iqtisadi, ideoloji, sosial-mədəni siyasətinin bütün səviyyələrdə müşahidə edilən böhranına, beynəlxalq ədalətin, liberal insan hüquqları və multikulturalizm dəyərlərinin iflası prosesinə çevrilməkdədir. Dünya birliyi miqrasiya böhranının həllinə yalnız beynəlxalq ədalət və hüquq prinsiplərinə əməl etməklə nail ola bilər. Qeyd edilənlər də öz növbəsində, miqrasiya probleminin siyasi aspektlərinin səbəblərinin tədqiq olunmasını zəruri edir.

Kitab miqrasiya problemləri ilə maraqlanan ekspertlər, alimlər, tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Azərbaycan.- 2018.-24 oktyabr.- S.2.