Məhkəmə-hüquq sistemi uğurla təkmilləşdirilir
Azərbaycan ədliyyəsinin davamlı inkişafı Prezident İlham
Əliyevin təşəbbüsü ilə aparılan
genişmiqyaslı islahatların real təzahürüdür
Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər.
Məhz bu baxımdan Azərbaycan ədliyyəsinin inkişaf yolu bir neçə tarixi mərhələdən keçmişdir. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmiş, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur.
Ədliyyə tariximizdə unudulmaz hadisələrlə yanaşı, keşməkeşli səhifələr də olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, digər səlahiyyətləri Nazirlər Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Ədliyyə sisteminin sabit funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir. 1972-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdı.
Ədliyyənin inkişafına xüsusi diqqət böyük öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra da davam etdi. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra yenə də, ümummilli lider Heydər Əliyev tərəfindən onun gələcək inkişaf istiqamətləri müəyyən edildi. Ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini uğurla müəyyənləşdirən ulu öndər 1995-ci ildə müstəqil respublikanın əsas qanununun - Konstitusiyanın qəbulunda misilsiz xidmətlər göstərdi. Həmin ildən etibarən Azərbaycan Respublikası demokratik, dünyəvi və hüquqi dövlət olduğunu rəsmən bütün dünyaya elan etdi. Məhz bu tarixi hadisədən sonra ölkədə məhkəmə-hüquq islahatlarına rəvac verildi.
Hüquq sistemində inqilabi demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirildi. Məhz Heydər Əliyevin rəhbərliyi nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərildi, ədliyyə fəaliyyətinin müasir qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparıldı, yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü. Bütün bunların nəticəsində ədliyyə orqanlarının cəmiyyətdəki rolu daha da yüksəldi. Ümummilli liderin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün normativ sənədlər qəbul edildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabrın - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olundu.
Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab
İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir. Həmçinin ölkə Prezidenti tərəfindən 2006-cı ildə "Ədliyyə orqanlarının inkişafı haqqında”, məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə məhkəmə tibb ekspertizasından başqa bütün növ ekspertizaların aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. İşə qəbulun şəffaf üsullarla həyata keçirilməsi məqsədilə 2004-cü ildən nazirliyin müxtəlif qurumlarına işə qəbul açıq müsabiqə əsasında keçirilməyə başlanmış və yaranmış müsbət təcrübə əsas götürülməklə ölkə başçısının 13 dekabr 2007-ci il tarixli fərmanı ilə işə qəbulun yeni qaydaları müəyyən olunmuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ədliyyə orqanlarında işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Hazırlıqlı hüquqşünaslar müsabiqədən keçərək artıq ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər və uğurlu fəaliyyət göstərirlər. Bu sahədə görülən tədbirlər sırasında ölkə Prezidentinin fərmanı ilə ədliyyə sahəsində çalışan çoxminli kollektivin və digər hüquqşünas kadrların tədrisinə xidmət edəcək yüksək statuslu tədris ocağının - Ədliyyə Akademiyasının təsis olunması xüsusi qeyd olunmalıdır. Yeri gəlmişkən, nəzəri bilik və peşə hazırlığının artırılması, peşəkar mütəxəssis kimi püxtələşmələri məqsədilə ədliyyə işçiləri və digər hüquqşünaslar Ədliyyə Akademiyasında silsilə tədris tədbirlərinə, o cümlədən beynəlxalq təşkilatlarla birgə keçirilən layihələr çərçivəsində treninqlərə, ixtisasartırma kurslarına cəlb olunmuşlar.
26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və "Ədliyyə orqanlarının inkişafı haqqında” qanunlar qəbul olunmuşdur. "Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işinin və strukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma tələbatının daha optimal şəkildə təmin olunması üçün tədbirlər görülməsi zərurəti yaratmışdır.
Eyni zamanda, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar nəticəsində mühüm nailiyyətlər qazanılmışdır. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verən dövlət başçısının rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin xeyli genişləndirilməsi, hakimlərin ən şəffaf seçimi, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, "Elektron məhkəmə” informasiya sisteminin və müasir İKT-lərin geniş tətbiqi məhkəmələrin müstəqilliyini, şəffaflığını və əlçatanlığını daha da artırır. Məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunması, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülmüş, birinci instansiya və apelyasiya məhkəmələrinin hakimlərinin fəaliyyəti prinsipial qiymətləndirilmişdir. Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması nəticəsində məhkəmələrin iş yükünün artması nəzərə alınaraq bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılmış, mediasiya institutunun yaradılması məqsədilə bir sıra addımlar atılmışdır. Məhkəmə islahatları, o cümlədən tətbiq olunan yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar təqdir edilir. Belə ki, Avropa Şurası dövri nəşrlərində bu sahədəki işlərimizin işıqlandırılmasına xüsusi yer ayırır, Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə digər dövlətlər üçün örnək kimi dəyərləndirir. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlər möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların real təzahürüdür. Belə ki, regionlarda məhkəmələr üçün yeni binaların istifadəyə verilməsi vətəndaşların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edir. Dövlət başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üçün genişmiqyaslı islahatlar aparılır, müasir məhkəmə infrastrukturu yaradılır. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində 2015-ci ildə yeni, müasir Şəki Məhkəmə Kompleksinin açılışı olmuşdur. Burada yaradılan şərait göstərir ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Regionlarda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşır, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyəti və səmərəsi yüksəlir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.
Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında respublikamızda məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmiş, həmçinin məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizin səylərini yüksək dəyərləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı xalqımızın gələcəyinə yönələn və hərtərəfli inkişafı təmin edən islahatlar, mühüm sosial, iqtisadi infrastruktur layihələr uğurla davam etdiriləcək, bundan sonra da müasir tariximizin daha möhtəşəm, şanlı səhifələri yazılacaq, daha yüksək zirvələr fəth ediləcəkdir. Müasir Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı çevik və uzaqgörən dövlət idarəçiliyinin həyata keçirilməsinin bəhrəsidir. Ölkəmizdə ədliyyə sisteminin səmərəli inkişafı da dövlət başçısının rəhbərliyi ilə cəmiyyətimizin yeni qlobal çağırışlara uyğun inkişaf etdirilməsi, sosial-iqtisadi və mədəni inkişafının təmin olunması ilə üzvü əlaqədə baş verir. Tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında açıq-aşkar hiss edir, qiymətləndirirlər. Bütün bunlar isə builki yubileyimizə əlavə bayram qataraq, ədliyyə işçilərinin ikiqat sevincinə səbəb olmaqla yanaşı, xalqımızda yüksək iftixar hissi doğurur. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır - ədliyyə sistemi həm də 100 illik yubileyini qeyd edir. Bir əsr ömür dəf edən Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir.
Bu gün bütün ədliyyə sistemində bayram ab-havası yaranır, Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur. Ədliyyə işçiləri ulu öndərin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Mahir ƏSƏDLİ,
Şəki Apelyasiya Məhkəməsinin
hakimi
Azərbaycan.- 2018.-24 oktyabr.-
S.4.