VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı
keçirilib
Oktyabrın 25-26-da Azərbaycanın paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar mətbuat konfransı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Humanitar Forumla bağlı təşkilati məsələlərin artıq yekunlaşdığını deyib. Qeyd edib ki, bu Forumda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar.
Mədəniyyət nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilir. Azərbaycanda ənənəvi hal alan bu Forum dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Budəfəki Forumda da həmin ənənə davam etdirilir.
Vasif Eyvazzadə deyib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.
Diqqətə
çatdırılıb ki, VI Bakı
Beynəlxalq Humanitar Forumunda
97 ölkədən 580 nəfər və 24 beynəlxalq təşkilatın
təmsilçiləri iştirak edəcəklər.
BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA,
TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Beynəlxalq Türk Akademiyası,
Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların
rəhbərləri, UNESCO-nun, MDB
İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri
Foruma qatılacaqlar. Həmçinin
tədbirdə iştirak üçün
Sudanın vitse-prezidenti, Rusiya
və Slovakiya baş
nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya
parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro,
Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan,
Tacikistan, Qazaxıstan, Ukrayna,
Əfqanıstan, Filippin və
Bolqarıstandan nazirlər və nazir müavinləri, Qazaxıstan, Türkiyə,
Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin
diplomatik nümayəndəliklərinin rəhbərləri,
çoxsaylı ölkələrdən şirkət rəhbərləri,
elm xadimləri, ekspertlər ölkəmizə
gələcəklər.
Azərbaycan.- 2018.-24 oktyabr.- S.5.