11 illik müəllimlikdən
sonra peşə təhsilini seçdi
"ASAN peşə”
sənət seçimində ən uğurlu model təklif
edir
Son illərdə ölkəmizdə
peşə təhsili ilə bağlı vəziyyət
köklü şəkildə dəyişib. Bu sahəyə
ayrılan xüsusi diqqət, həyata keçirilən
mühüm layihələr əsaslı irəliləyişin
əldə olunmasına gətirib çıxarıb. Təhsil
Nazirliyi və "ASAN xidmət” Mərkəzinin birgə həyata
keçirdiyi "ASAN peşə” layihəsi də dövlət
peşə təhsili müəssisələrinə qəbulun
rahatlığını və obyektivliyini təmin edir.
Elə Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Mingəçevir "ASAN peşə” təhsil mərkəzinə
təşkil edilən mediaturun da məqsədi peşə təhsilində
görülən bu işlərin bir qismi ilə yaxından
tanış olmaq idi.
3 pilləli
peşə təhsili
"Peşə təhsilinin
inkişafı cəmiyyətdə insan kapitalının
formalaşmasına, ÜDM-in səviyyəsinin yüksəlməsinə,
işsizliyin aradan qaldırılmasına, vətəndaş cəmiyyətinin
inkişafına, sosial gərginliyin və cinayətkarlığın
azaldılmasına xidmət edir”. Bu sözləri Mingəçevir
"ASAN peşə” Təhsil Mərkəzində "Azərbaycan
Respublikasında peşə təhsili: islahatlar və
perspektivlər” mövzusunda keçirilən seminarda
çıxış edən Təhsil Nazirliyi yanında
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
direktor əvəzi Amil Əlili dedi.
Peşə təhsili haqqında qəbul
edilmiş müvafiq qanunla müəyyən olunmuş yenilikləri
sadalayan Amil Əlili bildirdi ki, peşə təhsili pilləsinin
3 səviyyəsi müəyyən edilib: "Bunlara ilk peşə
təhsili, texniki peşə təhsili və yüksək
texniki peşə təhsili səviyyələri daxildir.
Yeniliklərdən irəli gələrək peşə təhsili
sistemində təhsilalanlar tələbə statusu əldə
edib, ümumi təhsil müəssisələrinə ilk
peşə təhsili səviyyəsi üzrə təmayüllü
siniflər yaratmaq hüquqları verilib, yüksək texniki
peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi
verilib, tələbələrə istehsalat təlimi və təcrübəsi
keçdikləri zaman iş yerində təcrübə
müqaviləsi bağlamaq imkanı yaradılıb və
onlara minimum aylıq əməkhaqqıdan az olmamaq şərti
ilə əməkhaqqının ödənilməsi təsbit
edilib”.
Daha 10 peşə
təhsil müəssisəsi yaradılacaq
Hazırda peşə təhsili sahəsində
islahatların aparıldığını deyən Amil
Əlili vurğuladı ki, ilkin rasionallaşdırma tədbirləri
nəticəsində 83 peşə təhsili müəssisəsi
yaradılıb, daha 10 peşə təhsil müəssisəsinin
yaradılması ilə bağlı Tədbirlər Planı
hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. 60 peşə təhsili müəssisəsinin 2 minə
yaxın müəllim və istehsalat təlimi ustasının
diaqnostik qiymətləndirilməsi keçirilib. 2018-ci ilin sonunadək bütün dövlət
peşə təhsili müəssisələrinin müəllim-pedaqoji
heyətinin diaqnostik qiymətləndirilməsi başa
çatdırılacaq. Növbəti
diaqnostik qiymətləndirmə noyabr ayı ərzində
keçiriləcək və təxminən 600-ə qədər
müəllimin iştirakı gözlənilir.
Amil Əlilinin sözlərinə
görə, son 2 ildə turizm üzrə hazırlanan 160 nəfərdən
90 nəfəri 4 və 5 ulduzlu hotellərdə işlə təmin
olunub: "Peşə ixtisası ilə bağlı qəbul
işə götürənlərin sifarişləri əsasında
formalaşır və ona əsasən bilirik ki, hansı
kadrlara ehtiyac var. Əsas 4 prioritet istiqamət üzrə - sənaye,
kənd təsərrüfatı, İT ixtisası, turizm
üzrə kadr hazırlığına üstünlük
verilir. Qəbul planı hazırlanarkən əmək
bazarının sorğuları əsasında hansı kadrlara
ehtiyac olduğu müəyyən edilir və bu istiqamətlər
üzrə kadrlar hazırlanır. Hazırda
peşə təhsilinin 23 minə qədər tələbə
kontingenti var”.
Koreya təhsil
standartları əsasında Peşə Təhsil Mərkəzi
Azərbaycan və Koreya
Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzində nümunəvi təhsil müəssisəsi
yaradılacaq.
Mexanika, elektronika, elektrik
mühəndisliyi, sənayedə quraşdırma işləri,
tikinti, informasiya texnologiyaları, avtomobil və
avtomatlaşdırma istiqamətləri üzrə
(ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza,
Koreyanın tədris planı və mütəxəssislərinin
iştirakı ilə təhsil müəssisəsinin yaradılması
nəzərdə tutulur.
Bu həftədən etibarən həmin
mərkəzdə işləyəcək 24 yerli mütəxəssis
iki ay müddətində Azərbaycanda, növbəti ilin ilk
3 ayında isə Koreyada təlim keçəcəklər. Həmçinin, bu layihə çərçivəsində
oğlan və qızlar üçün ayrı-ayrı
olmaqla iki böyük yataqxananın tikintisi nəzərdə
tutulub.
Amil Əlili qeyd etdi ki, hazırda 10
minə yaxın məcburi köçkün
soydaşımız peşə təhsili müəssisələrində,
o cümlədən pilot peşə təhsili mərkəzlərinin
5-də məskunlaşıb. Məcburi
köçkünlər çıxarıldıqdan sonra həmin
müəssisələrin yenidən qurulması nəzərdə
tutulub.
Peşəyə
maraqlı gənclər...
Daha sonra "ASAN peşə”
təhsil mərkəzinin infrastrukturu və maddi texniki
bazası ilə yaxından tanış olmaq üçün
mərkəzə yollandıq.
Direktor İlham Zahidov bildirdi ki, cari tədris
ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən
ibarətdir və müasir tələblərə cavab verən
bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri,
təlim və tədris vəsaitləri ilə təchiz
olunub. Hazırda təhsil ocağında 5 ixtisas
(elektrik, mexanik, santexnik, tikişçi və kompüter
operatoru) üzrə 100 tələbə təhsil alır.
Tədris planına uyğun
olaraq şagirdlər hələ nəzəri və təlim məşğələləri
keçir. Növbəti ilin aprel ayından etibarən hər
bir şagird öz profilinə uyğun müəssisədə
təcrübə keçəcək. Yekunda
dövlət imtahanı keçirilir və müvəffəqiyyət
əldə edənlərə diplom verilir. Məktəbdə
16 müəllim, 8 usta olmaqla ümumilikdə 24 nəfərlik
pedaqoji heyət var. Müəllimlər Mingəçevir
peşə məktəbinin təcrübəli müəllimləridir.
Ehtiyac yarandığı halda isə başqa
yerlərdən mütəxəssislər cəlb olunur.
Hansısa peşəyə
yiyələnmək boş-boş gəzməkdən daha
yaxşıdır
"Rəqəmli idarə
olunan dəzgahların kompüter operatoru” ixtisasının tədris
edildiyi otağa daxil oluruq. Müəllimə həvəslə
qulaq asan şagirdlər bizi görcək təəccüblənirlər.
Uşaqlarla salamlaşıb əvvəlcə
ixtisas müəllimi Gülüstan Kərimova ilə söhbətləşirik.
Müəllimin sözlərinə
görə, bu ixtisas birinci ildir ki, mərkəzdə tədris
olunur: "Uşaqların öyrənməsi
üçün hər bir şərait var. Elektron dərs vəsaitləri,
kompüter ilə təmin olunublar. Özləri
də öyrənməyə çox həvəslidirlər”.
Fərid Şirinov onun kimi peşəyə
yiyələnmək istəyən həmyaşıdları
adından dövlət başçısına öz təşəkkürünü
çatdırır: "Gələcəyimizi qurmaq
üçün dövlət bizə bütün imkanları
yaradıb. Bu ixtisas üzrə qəbul elan
olunanda çox düşündüm, evdə də valideynlərimlə
məsləhət etdim. Onlar ali təhsil
almağımı istəyirdilər, ancaq mənim bu peşəyə
marağım var idi. Gələcək mənim
olduğu üçün qərarı da özüm verdim və
buranı seçdim. Həm yeni
ixtisasdır, həm də hansısa peşəyə yiyələnmək
boş-boş gəzməkdən daha yaxşıdır.
Burada bizə son yeniliklər öyrədilir.
Elektron dəzgahlarda işləyirik”.
Eyni ixtisas üzrə təhsil alan Aysu Rüstəmli seçimindən
çox razıdır: "11-ci sinfi bitirəndə nə
edim, hansı ixtisası seçim deyə çox
götür-qoy etdim. Nəhayət, "ASAN
peşə” təhsil mərkəzində istədiyim ixtisas
üzrə qəbul keçirildiyi barədə eşitdim və
sənədlərimi "ASAN xidmət” vasitəsilə verdim.
150 nəfər içərisindən 19 nəfər
qəbul olduq. Ali təhsil müəssisələrində
bu ixtisas üzrə gələn ildən qəbul keçirilməsi
planlaşdırılır və keçid balı
da çox yüksək nəzərdə tutulub. İki ildən sonra bu peşəyə çox
yaxşı yiyələnəcəyik. Gələn ildən
eyni ixtisas üzrə təhsil alacaq olan tələbələr
isə hələ ki 4 il oxuyacaqlar. Ümid edirəm, gəlib yanımızda təcrübə
keçərlər”.
Söhbətə qoşulan
Tünzalə müəllimə də deyir ki, hər son zəng
günü peşə mərkəzinin müəllimləri məktəblərə
gedir və şagirdlərə hansı peşələr
üzrə qəbul keçiriləcəyi ilə
bağlı məlumatlar verirlər.
Fizika müəlliminin
yeni seçimi
Daha sonra "Elektrik xətlərinin
quraşdırılması üzrə mütəxəssis”
ixtisası üzrə təhsilalanların istehsalat təlimi məşğələsində
iştirak etdik.
Diqqətimizi ilk çəkən
tələbə Xəyyam Əliyev olur. Xəyyam
danışır ki, Gəncə Dövlət Universitetini
Fizika müəllimliyi ixtisası üzrə bitirib.
2005-ci ildən 11 il ərzində müəllim
kimi fəaliyyət göstərib, ancaq sonra texnologiyanın
inkişaf etdiyi müasir dövrlə ayaqlaşmaq
üçün yeni bir peşəyə yiyələnmək
qərarına gəlib.
Daha sonra
"Tikişçi” və "Santexnik-çilingər”
ixtisasları üzrə təhsilalanların istehsalat təlimi
məşğələlərini müşahidə etdik. Anası dərzi
olan Üzeyir Yusibov da dərziliyi öyrənir. Uşaqlıqdan bu peşəyə marağı var.
Təhsilini bitirəndən sonra tikiş üzrə operator
olmaq istəyir.
Mərkəzlə
tanışlıqdan sonra "Rəqəmli idarə olunan dəzgahların
kompüter operatoru” ixtisası üzrə təhsilalanların
istehsalat təcrübəsi prosesi ilə yaxından
tanış olmaq üçün Akkord-Mingəçevir
Maşınqayırma Zavoduna yollandıq. Tələbələrlə
birgə istehsalat təcrübəsi zamanı iş prosesini
yaxından izlədik.
Dövlət gənclərin
peşə təhsili almasına mühüm töhfə verir
Əlbəttə ki, bir
peşəyə sahib çıxıb yaxşı sənətkar
olmaq ən doğru seçimdir. Son illərdə gənclərin
peşə öyrənməsi üçün dövlət
hər cür şərait yaradıb. Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
ölkəmizdə peşə təhsil müəssisələrinin
yenidən qurulması və yeni "ASAN peşə” mərkəzlərinin
yaranması çox yüksək qiymətləndirilməlidir.
Görülən işlər
həqiqətən də gənclərin peşə təhsili
almasına mühüm töhfə verir. Gənclərin
böyük həvəslə sənəti öyrənmək
istəyi göstərir ki, gələcəkdə onların hər
biri peşəkar sənətkar olacaqlar. Bu
da ölkədə işsizliyin aradan qaldırılmasında
mühüm rol oynayacaq. Əminik ki, tezliklə
əksər bölgələrdə də belə təhsil
müəssisələri yaradılacaq.
Fərizə
ƏHMƏDOVA,
Azərbaycan.- 2018.-24 oktyabr.- S.6.