Müasir ölkəni qurmaq bacarığı və niyyəti

 

Prezident İlham Əliyev bu prosesin əsas şərtini məhz innovativ inkişafda görür

 

Mövcud dünya reallığı çox aydın şəkildə nümayiş etdirir ki, bu gün inkişafını innovasiya, yüksək texnologiyaların tətbiqi üzərində qura bilməyən dövlətlərin tərəqqi səviyyəsi zamanın tələblərinə cavab vermir.

Bu mənada inkişaf parametrləri ilə uğurlu bir nümunəni ortaya qoymağı bacaran Azərbaycan innovasiyaların ölkə həyatının ən müxtəlif sahələrində, o cümlədən iqtisadiyyata geniş tətbiqi ilə seçilir. Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət həm də ölkəmizdə innovasiyaların tətbiqi ilə müşayiət olunur.

Bu gün Azərbaycan iqtisadiyyatı elmi əsaslara söykənən proqramyol xəritələri əsasında inkişaf etdirilir. Qeyd edilən səbəbdəndir ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, çox uğurlu, sabitliyə söykənən və dayanıqlı iqtisadi inkişafa imkan yaradan üstünlüyü ilə də seçilir. Eyni zamanda, yüksək texnologiyalardan istifadə göstəriciləri davamlı şəkildə yüksəlir.

Məsələn, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.

Ölkəmizin innovasiyalara açıq olmasının daha bir nümayişi isə Prezident İlham Əliyevin İmişliyə səfəri çərçivəsində "ASAN həyat” kompleksinin açılışında iştirakı və burada Sofiya robotu ilə maraqlı dialoqu oldu. Qeyd edək ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlayafikir mübadiləsi apara bilər.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biriinsana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Robot Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb. Sofia davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir.

BMT-nin İnkişaf Proqramı Azərbaycanı hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir. Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında xəbər proqramları və teledebatlarda iştirak edib. İmişlidə isə robotun dilindən ölkəmiz barədə çox maraqlı məqamlar səsləndirildi: "Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir”.

Hesab edilir ki, bu fikir faktiki olaraq Azərbaycana beynəlxlaq miqyasda verilən qiymətin daha bir təzahürüdür. Burada "ASAN xidmət”in dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunə olmasının qabardılması da təsadüfi xarakter daşımır. Çünki bu gün "ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur.

Sofiya robotu ilə söhbətində Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə innovasiyaların tətbiqinin bundan sonra da geniş xarakter daşıyacağının təsdiqi qismində çıxış edir. Dövlət başçısı Sofiyanın Azərbaycana gəlişindən məmnunluq ifadə edərək bildirib: "Siz bütün dünyanı səyahət edirsinizsevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz Sizinlə birlikdə burada yeni "ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə Sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən, dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir”.

İnnovasiyalardan geniş istifadə Azərbaycanı daha böyük uğurlara doğru aparır. Bu günün özündə isə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində qazanılan yüksək uğurlar dövlət idarəçiliyində innovativ texnologiyaların geniş istifadəsinin nəticəsidir. Azərbaycan bu uğurların miqyasını genişləndirməyi düşünür. Özü də dövlət bu xüsusda bütün təşəbbüslərə əlverişli şərait yaradır, stimullaşdırıcı tədbirlər görür. Elə Sofiya robotunun ölkəmizə səyahəti də bunun daha bir təzahürü sayılır.

Qeyd etmək olar ki, Sofiyanın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Hələ bir neçə gün ölkəmizdə olacaq Sofiya Heydər Əliyev Mərkəzində oktyabrın 26-da keçiriləcək "Global Influencer Day 2018” adlı tədbirə qatılacaq. Qeyd edilənlərdən aydın görünür ki, innovasiyalara açıq Azərbaycana bundan sonra beynəlxalq miqyasda yenə yüksək diqqət göstəriləcək.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.1; 3.