Con Bolton: “ABŞ-ın
Azərbaycan ilə münasibətləri strateji
əhəmiyyət kəsb edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də, nazir Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Müşavir Con Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.
Söhbət
zamanı Azərbaycanın təşəbbüsü ilə
həyata keçirilən enerji, nəqliyyat
və tranzit layihələri, xüsusilə
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və
Cənub Qaz dəhlizi ilə bağlı,
həmçinin qarşılıqlı maraq
doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2018.-25 oktyabr.- S.2.