Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir

 

Oktyabrın 24-də Avstriyanın Bakıdakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Aksel Vex qəbulda çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən diplomat iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Milli Məclis sədrinin müavini Bahar Muradova rəsmi qəbulda çıxış edərək əlamətdar bayram münasibətilə dövlətimizin başçısı İlham Əliyevin adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. O deyib ki, Avstriya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir. Azərbaycanda 60-dan çox Avstriya şirkəti fəaliyyət göstərir və bu da iqtisadi əməkdaşlığın genişlənməsindən xəbər verir. Əlaqələrimizin dərinləşməsində yüksək səviyyəli qarşılıqlı səfərlər önəmli rol oynayır. Münasibətlərimizin yaxşı perspektivləri var.

Bahar Muradova ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafından da danışıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.3.