Aqrar sahənin imkanları müzakirə olunub
24 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində Bulvar hoteldə Türkiyənin İqtisadi Araştırmalar Vakfının təşkilatçılığı və Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumu giriş sözü ilə açan Türkiyə İqtisadi Tədqiqatlar Fondunun prezidenti Ahmet İncekara Azərbaycan-Türkiyə əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab İlham Əliyevin inkişaf etdirdiyini qonaqların nəzərinə çatdırdı.
Ahmet İncekara 1996-cı ildə Türkiyənin İqtisadi Araşdırmalar Fondu tərəfindən Bakıda Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunan konfransı xatırlatdı.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək qardaş Türkiyəni Azərbaycanın ən yaxın müttəfiqi hesab edərək iki dövlət arasında siyasi, mədəni, sosial-iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı.
O bildirdi ki, bu ilin 19 oktyabrında Türkiyədə dünya miqyasında çox önəmli layihələrdən olan "Star” neft emalı zavodunun açılışı böyük tarixi hadisədir. 6.3 milyard ABŞ dolları dəyərində olan bu layihə çox böyük önəm daşıyır. Bu layihə Azərbaycan ilə Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğundan və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir. Bu layihənin icrası Türkiyənin bir çox məhsullarının idxalından aslılığını aradan qaldıracaq, iki ölkə üçün çox böyük mənfəətlər verəcəkdir. N.Səfərov dedi ki, Azərbaycanla Türkiyə arasında olan ticarət dövriyyəsi inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12 faiz artaraq 2.6 milyard ABŞ dollarını ötüb. Həm ixracda, həm də idxalda artım müşahidə edilir. 2018-ci ilin iqtisadi göstəriciləri iki ölkə arasında çox müsbətdir - dövriyyə 22 faiz, ixrac 18 faiz, idxal 25 faiz artıb. Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrini səciyyələndirən əsas xüsusiyyət bunun davamlı olaraq inkişaf etdirilməsi və genişləndirilməsidir. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki, ticarət əməkdaşlığımızın potensialı böyükdür və bu, ildən-ilə yeni sahələri əhatə edir. İki ölkə arasında prefensial ticarət sazişinin bağlanması ilə əlaqədar çox böyük işlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq gücləndirilir. Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal həcmi 100 milyon ABŞ dolları dəyərində olan məhsullar üçün rüsumsuz idxal barədə qərar qəbul edib. Qarşılıqlı investisiyalar iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir.
Simpoziumda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əməkdaşlığın perspektivlərindən danışdı. O bildirdi ki, işlədiyi iki il müddətində üç böyük hadisənin şahidi olmuşdur. Bunlardan birincisi Bakı-Tbilisi-Qars dəmir yolunun, ikincisi STAR neft emalı zavodunun açılışı, üçüncüsü isə "Cənub qaz dəhlizi”nin açılışı kimi əhəmiyyətli layihələrdir.
Səfir qeyd etdi ki, dünyada maliyyə və iqtisadi böhranın nəticələrinin hələ də aradan qalxmadığı indiki dövrdə Azərbaycan və Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, hər iki ölkə ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevrilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə bildirdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanla Türkiyə arasında yeni iqtisadi imkanların araşdırılmasından, sahibkarlıq sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarətdir.
Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
2014-2018-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, əsasən də regionlarda kiçik və orta sahibkarlığın inkişafı, dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, xüsusilə də aqrar sahədə ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənib, qüdrətlənib. Sosial-iqtisadi yüksəliş isə ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə verir. Ötən illər ərzində Azərbaycanda, Türkiyədə biznes forumların keçirilməsi iqtisadi əməkdaşlığın, iş adamları arasında münasibətlərin daha da genişlənməsinə şərait yaratmışdır. Hesab edirəm ki, bugünkü konfransın yekunları qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yeni iş birliklərinin yaradılması baxımından hər iki ölkənin iş adamları ücün faydalı olacaqdır.
Beynəlxalq simpoziumda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İstanbul Fond Birjasının sədri Mehmet Gönen, Bakı Fond Birjası İdarə Heyətinin sədri Vüqar Namazov, İstanbul Ticarət Universitetinin professoru Yunus Tuna və digər rəsmi şəxslər çıxış etdilər.
Simpozium başa çatdıqdan sonra Azərbaycan-Türkiyə Biznes Forumu öz işinə başladı. Sonra tədbir ayrı-ayrı panellərdə davam etdi. Qonaqlar öz cıxışlarında təcrübə mübadiləsi məqsədilə iş adamlarını Türkiyədə qəbul etməyə hazır olduqlarını bildirdilər.
Bununla
yanaşı, hər iki ölkənin
iqtisadiyyatına investisiya
yatırılması məsələləri də müzakirə
olundu. Konfrans
iştirakçıları bildirdilər ki,
bu cür müzakirələrin
aparılması gələcəkdə prioritetlərin müəyyənləşdirilməsinə
şərait yaradır.
Azərbaycan.-
2018.-25 oktyabr.- S.3.